"Sənsiz bu
dünyada yaşamaq olmur"
"Ölsəm, o dünyada gəlləm yanına,
Sənin yanındadır xəyalım mənim..."
(Ə.Hacızadə)
Yaşasaydı, avqust
ayında onun ad gününü qeyd etməyə
hazırlaşacağdıq - 75 illik yubileyini. Amma ürəyinə
dammışdı sanki bizlərin gözlərini yolda
qoyacağını. Həmişə deyirdi: "Bilmirəm,
75 yaşı qeyd edə biləcəyəm, ya yox" ötən
ili əsərləri ilə əbədi ölməzlik
qazanmış sənətkarımız Əlibala Hacızadənin
ad gününü bütün telekanallar və Azərbaycan
xalqı birgə qeyd etdi. Hamının sevimlisi idi Əlibala
Hacızadə. Uşaqdan böyüyə - hamı onun əsərlərini
sevə-sevə oxuyurdu. Bu əsərlərdə
zaman, vaxt sərhədi
yox idi. Bu əsərlər uşaqlıq illərindən
əllərimizdən tutub bizləri illərdən-illərə
adlatmışdı. "Dünyanı
tanı"mışdıq, "Vəfalım mənim"
- deyərək bizə vəfalı olmağı öyrətmişdi.
Anlamışıq ki, sədaqət olmaz "Məhəbbət olmayan
evdə". "Zəmanənin qiyməti"ni
də "Ağlayan torpağın fəryadı"nı
da, "Saatın
çıqqıltıları nə deyir"i də, "Borc"u da Əlibada Hacızadə
əsərləri bizə öyrətmişdir. "Ölüm yoxdur" deyərək
ruhların bizlərin yanında olduğunu
bildiyimiz üçün
bəlkə də Əlibala Hacızadənin
ölümünə inana bilmirik.
Bəlkə də bir "Möcüzə"
gözləyirik ki, ustadımızı ad günündə yanımızda görə
bilək.
"Dünyanı
dünya tək görmək istəsən, mənim gözlərimə
bax" - deyərdi Əlibala Hacızadə. Dəniz kimi mavi,
lakin kədər ümmanına qərq olmuş gözlər
bəzən dil açaraq ustadımızın ömür
yolunu vərəqləməyə bizə yol göstərirdi.
48 illik
ömür-gün yoldaşını itirmək Əlibala
müəllimi sanki yenidən boynubükük yetim uşağa
çevirmişdi. "Ölüm yoxdur" romanında
yazmışdı:
Sənsizlik
yamanmış, yandı ürəyim,
Sənsizlik
yükünü daşımaq olmur.
Çörəksiz,
havasız, susuz yaşaram,
Sənsiz bu dünyada
yaşamaq olmur.
Yaşaya bilmədi
Xanımsız Əlibala Hacızadə. Sığdıra bilmədi
dolub-boşalan gözlərinə qəm yükünü. 48
illik ömür-gün yoldaşının yanına tələsdi,
onu tək qoymaq istəmədi. ölümündən 15
gün əvvəl Akademiyanın bağında
görüşmüşdük onunla. Həmişə həmsöhbətlərinin
əhatəsində olan Əlibala müəllim sükut
içində skamyada oturaraq tənhalığına
qapılmışdı. Uzaqdan seyr edirdim. Gözləri
dolub-boşalan bulud kimi idi. Yaxınlaşaraq sakitcə onunla
görüşdüm. Qorxurdum qol-boyun olduğu Xanımlı
xəyallarından ayırım onu. Məni görüb
kövrəldi: "Xanımın ölümü mənə
ağır itkidir. İndi evdə dəli oluram. Hər tərəfdə
onun səsini eşidirəm. Saata baxıram ki, evə getmək
vaxtıdır, evə gedim. Görürəm ki, gözləyənim
yoxdur".
***
İtirdik Əlibala
müəllimi - ustadımızı. İtkimiz böyük,
yükü çəkilməz, ağırlığı
çiyinlərimizi əydi. Bizim
valideynlərimizin nəslinin nümayəndəsini, şərəflə
yaşamış bir insanı, titulsuz xalq
yazıçısını, ədəbiyyatın ögey balasını itirdik.
Yadımdadır, uşaq olanda
atamla onun dostluğuna həsədlə baxar,
tez böyümək istər, onun atama
bağışladığı kitablarının ilk nüsxəsini o biri otağa çəkilərək
fizika kitabının arasında
acgözlüklə oxuyardım. O zaman ağlıma belə gəlməzdi ki, vaxt gələcək
qızların ata ocağından ər
evinə "Vağzalı" sədaları altında cehiz gedən kitabların müəllifi,
ustadımız Əlibala Hacızadənin 70 illik
yubileyi münasibətilə ona həsr olunmuş
"Təpədən dırnağa məhəbbətəm
mən" adlı kitabın müəllifi olacağam.
"Ölənlə
ölüb, sevənlə sevib, ac qalanla ac qalıb,
ağlayanla ağlamışdı Əlibala Hacızadə. Bəlkə
də bu səbəbdən əsərlərindəki
yanğı qəlbimizə keçərək, ən məlhəm
hisslərlə tufana dönürdü. "İlk sevgini
unutmaq olmur" - deyirdi Əlibala müəllim. Bəlkə
elə bu səbəbdən 48 illik ömür-gün
yoldaşının ölümündən 40 gün keçməmiş
onun yanına əbədi yolçuluğa çıxdı
O. Müsahibələrin birində ondan soruşdum ki, nədən
sizi hamı sevir? O gülüb demişdi: "çünki
mən hamını çox sevirəm".
Sonuncu kitabının
adı "Mənim yazıq ürəyim"
adlanırdı. O, tək özünün dərdini çəkmirdi.
ölənlə ölür, sevənlə sevirdi.
"İtkin gəlin"in müəllifi 74 yaşında
öz gəlinini itirdi. Ustadın yazıq ürəyi dözmədi
həyat yoldaşının yoxluğuna. Nə Asiyası, nə
Təranəsi, nə Qüdrəti, nə də nəvələri
ovuda bilmədilər yazıçının kövrək qəlbini,
silinən göz yaşı yağış leysanına
döndü, bir qəlbdə kükrəyib-daşan
ayrılıq "Ayrılığın sonu yoxdur" - deyə
fəryad qopartdı.
***
Xalqın
yazıçısı olsa da, xalq yazıçısı
ola bilmədi. Həmişə bu mövzuda ona sual verəndə deyirdi: "Mirzə Ələkbər Sabir xalqın şari olsa da, xalq
şairi titulunu
almamışdı. Məgər tarixdə əsərləri
ilə xalqın yaddaşına, tarixinə hopub
əbədiyyət qazanmadımı?" Bir vaxtlar
Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinin fars filologiyası
kafedrasında fars ədəbiyyatından
dərs deyirdi. Ən dəcəl və oxumağa həvəsi olmayan
tələbə belə Əlibala müəllimin mühazirələrində
həvəslə iştirak edirdi. Sanki sehrli bir adam
idi Əlibala müəllimin mühazirələri.
Mənim dərsim olmayan vaxt
qapı arxasında durub onun
mühazirələrini dinləməkdən doymazdım. Akademiyada elmi işçi idi. Son günlər əlləri əsdiyi üçün yazı yaza
bilmirdi. Ona bir diktofon
bağışlamışdılar. Diktofonu
qurub fikirlərini ora
danışırdı, sonra fikirlərini
kağıza köçürtdürüb
çap etdirirdi.
"Son hekayələr" adlı
kitabını nəşrə hazırlayırdı. Lakin əcəl imkan vermədi.
Ondan kitabın adının mənasını
soruşanda deyirdi:
"Artıq mənə ayrılan yaşamaq
limitinin qurtardığını hiss eləyirəm. Ona
görə də kitabımın adı belə olacaq. İstəyirəm ki,
bu hekayələri ürəyimdə
aparmayım. Sənətkar öləndə onun
ölümündən çox, beynində
apardığı əsərlərinə ağlayıram. Yaza bilsəm, beynimdə ən azı on cild material
var".
Qəlbi uşaq qəlbi kimi kövrək və yumşaq idi. Deyirlər ki, yaradıcı adamlar yaşlananda doğulduğu torpağa qayıdırlar. Əlibala müəllim də doğulub böyüdüyü Biləsuvara getmişdi. Lakin evlərindən əsər-əlamət görməmişdi. Qonşuları onun qapısında ev tikmişdi. 30 sot həyətyanı sahəsi ilə birlikdə həmin qonşuya bağışlamışdı. Biləsuvarın icra başçısı bundan xəbərdar olan kimi Əlibala müəllimə ayrıca torpaq sahəsi bağışlamışdı. Öz doğma obasında torpağı olsa da, ev tikdirə bilməmişdi ustadımız.
***
"Əfsanəsiz
illər"i yazaraq əfsanələşdi
Əlibala müəllim. O, öz
əsərləri ilə elə əfsanələşdi ki, ölməzlik qazandı, əfsanələrə
bizləri inandırdı. Yazar ailəsində
doğuldum, onun əsərləri
ilə böyüdüm və bəlkə
də bu əsərlərin təsirindən
özüm də bilmədən yazar oldum. Sakitcə
gəldi bu dünyaya,
sakitcə də getdi. Amansız
ağrılardan, həyatın zərbələrindən, ömür-gün yoldaşının
acısını içində çəkdi, səsini,
harayını heç kimə eşitdirmədi.
Necə sakitcə gəlmişdisə, elə sakitcə də
getdi, bizlərin qəlbində yoxluğunun acısını qoyaraq.
Allah sənə
rəhmət eləsin,
ustad! Qəbrin nurla dolsun!
Çinarə Vüqar
Təzadlar.- 2010.- 26-28 avqust.- S.10.