Doğma diyar, bir az da döz...

 

Qubadlının işğalından 17 il keçir

 

"Hər dəfə torpaqlarımızın işğala məruz qalması xəbərini eşidəndə ürəyim göynəyərdi. O torpaqlar əməksevər insanların, təbiətin bərəkət ünvanı idi... Qubadlılar Qarabağa, Laçına, Kəlbəcərə Ermənistandan gələn yolun üstündə möhtəşəm qala kimi dayanmışdılar. Oranın da işğala məruz qalmasından daha çox məyus olub, sarsıldım".

 

Heydər ƏLİYEV

 

 

Tarixin qanlı olaylarını xatırlamaq - ağır olsun, ya yüngül - çox çətindir. Qubadlı rayonunun ərazisinin işğala məruz qalması, əhalisinin min bir zillətə qatlaşması 17 il əvvəl yox, elə bil dünən olub. Bu faktdır: insanların çəkdikləri əzablar, zülmlər, doğma el-obalarından ayrı düşmək dərdi cəhənnəm əzabından betərdir. Qubadlılar da yanırlar, yaxılırlar, gecə-gündüz məcburiyyət qarşısında baş götürüb qaçdıqları səmtə fağır-fağır, hətta günahkar kimi baxır, boylanırlar. Belə intizarın, gərginliyin səbəbləri də çoxdur. Əsası isə yurd həsrəti, el-obadan ayrılıq dərdidir. Bütün məcburi köçkünlər kimi, onlar da dövlətimiz tərəfindən daim qayğı görürlər. Ancaq yurd həsrətləri yadlarından çıxmır. Ərazilərindəki göz güldürən, könül açan təbiətə, bərəkətli düzlərə, əlçatmaz, ünyetməz dağlara, yaşayış məntəqələrinə, müxtəlif obyektlərə düşmənlər qənim kəsiliblər. Uçurdurlar, dağıdırlar, od vurub yandırırlar. Yeraltı, yerüstü sərvətləri talan, tar-mar edirlər. Qanlı-qadalı, dəhşətli gün - işğalın növbəti ildönümü ərəfəsində rayon sakinlərindən mövzulara aid Rayon İcra Hakimiyyəti toplantı keçirmişdi. Tədbir zamanı eşitdiklərimizdən həm sarsıldıq, həm də gələcəyə inamımız, ümidimiz artdı.

 

 

Malik İsaqov, RİH başçısı:

 

- Rayonumuzun 32 min nəfərdən artıq əhalisi respublikanın 42 rayonunun ərazisində məskunlaşıb. Hazırda onların 21 min nəfəri Sumqayıt şəhərində yaşadıqları üçün rayonun icra strukturları da burada fəaliyyət göstərir. Bakı şəhərində, Abşeron və başqa rayonlarda 12 minə yaxın məcburi köçkünümüz yaşayır. 8 mindən çox ailənin sosial, kommunal-məişət, təhsil, səhiyyə və digər məsələləri ilə məşğul olmağı, onların gündəlik ehtiyaclarını aradan qaldırmağı ən başlıca vəzifəmiz, xidməti borcumuz hesab edirik.

 

***

 

Hazırda məcburi köçkünlərin həyat tərzi 7-8 il öncə yaşadıqları şəraitlə müqayisəedilməzdir. Daim dövlət qayğısı görən köçkünlərimizin əksəriyyəti özlərinə gün-güzəran yaratmağa nail olmuşlar. Bu həlledici amil, sözsüz ki, respublikamızın son illər əldə etdiyi iqtisadi yüksəlişin nəticəsində mümkün olmuşdu. Məlumdur ki, ölkəmiz başdan-başa quruculuq meydanına çevrilib. İşsizliyin aradan qaldırılması istiqamətində respublikada görülən tədbirlər öz nəticəsini verib. Təbii ki, bu və digər nailiyyətlərdən məcburi köçkünlərimizə də pay düşür. İndi sənaye sahələrində, tikintidə, neft sektorunda çalışan xeyli həmyerlimiz var. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı da ilbəil artır. Bunlar məcburi köçkün həyatına müsbət mənada təsir edən amillərdir. ümumi inkişaf, həyat səviyyəsinin yüksəlişi el-obalarından didərgin düşmüş adamların həyatında da aşkar hiss edilir.

Qaçqın və məcburi köçkünlərin həyatının müxtəlif sahələrinə aid Dövlət Proqramının qəbul edilməsi müstəsna əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları məcburi köçkünlərin hüquqlarının müdafiə olunması, onların kommunal-məişət şəraitinin yaxşılaşdırılması, sosial vəziyyətinin yüngülləşdirilməsi istiqamətində hüquqi əsaslar yaradıb.

Respublika Prezidentinin "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqram"ı uğurla həyata keçirilmiş, bütün çadır şəhərcikləri ləğv edilmiş, orada məskunlaşan ailələr yeni inşa olunmuş abad qəsəbələrə köçürülmüşdür. çadır şəhərciklərində yaşayan rayonumuzun köçkün ailələri də mənzillər almışlar. Lakin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan iş bu tədbirlərlə məhdudlaşmır. Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin xətti ilə Sumqayıt şəhərində yataqxanalarda, mehmanxanalarda, pansionatlarda, istifadəyə verilməmiş, yarımçıq binalarda məskunlaşmış məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün geniş miqyasda tədbirlər həyata keçirmişik.

Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi ilə Rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi tədbirlər nəticəsində Sumqayıt şəhərində 48-ci məhəllədəki binada qəza vəziyyəti aradan qaldırılmış, burada məskunlaşan 6 ailənin kommunal-məişət şəraiti yaxşılaşdırılmışdır. Binanın həyətinə açfalt döşənmiş, digər abadlıq işləri aparılmışdır. Dəmir yol vağzalının mehmanxanasında məskunlaşan 49 ailəni neçə vaxt idi ki, dam örtüyünün yararsız vəziyyətdə olması narahatçılıq doğururdu. Həmin problem artıq həll edilmiş, dam örtüyü əsaslı təmir olunmuşdur. İnşaatçılar qəsəbəsində 69 ailənin məskunlaşdığı 8 saylı yataqxananın 3 binasının da dam örtüyü əsaslı təmir edilmişdir. 40-cı məhəllədə 200 ailənin məskunlaşdığı 1 və 2 saylı binalarda əsaslı təmir işləri aparılmışdı.

 

 

R.Quliyev, Ulaşlı kənd nümayəndəsi:

 

- Ermənistan havadarlarının köməyi ilə 1993-cü ilin avqustun 31-də Qubadlını işğal etdikdən sonra əhalimiz müxtəlif regionlarda məskunlaşmaq məcburiyyətində qaldı. ümummilli lider Heydər Əliyevin qayğısı, diqqəti sayəsində köçkünlərimizdə ruh yüksəkliyi, yaşamaq həvəsi çoxaldı. Məcburi köçkünlərimizin Suraxanı, Nizami, Əzizbəyov, Yasamal və Sumqayıtda, bir sözlə, əhalinin kompakt yaşayan yerlərində dəfələrlə olur, onların həyat şəraiti, cari problemlərini operativ qaydada həll edirik.

 

 

F.Nərimanov, rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru:

 

- 1993-cü ildən etibarən həyata keçirilən hərtərəfli inkişaf strategiyası bu gün də uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkənin dövlət müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi tərəqqinin sürətlənməsinə, xalqın həyat səviyyəsinin yüksəldilməsinə, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən mühüm nailiyyətlər qazanılıb. Sosial Müdafiəsi Mərkəzi rayon əhalisinin aztəminatlı ailələrinə ünvanlı dövlət sosial yardım, şəhid ailələrinə təqaüdlərin verilməsini, uşaq müavinətlərinin, sosial təqaüdlərin, eyni zamanda nəqliyyat və digər güzəştlərə görə verilən müavinətlərin ödənilməsini təmin edir, tənha-ahıl qocalara sosial xidmət göstərir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2008-ci il tarixli Sərəncamına əsasən, ünvanlı sosial yardımının təyin edilməsi həddi 1 iyul 2008-ci il tarixdən 55 manat təsdiq edilmişdir.

 

 

 

N.Əhmədov,

 

səhiyyə şöbəsinin müdiri:

 

- Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində 17 həkim, 15 orta tibb işçisi olmaqla 52 nəfər fəaliyyət göstərir. Əhalimizə terapevtik, pediatrik, nevroloji, ginekoloji, oftalmoloji, otolorinqoloji, stomatoloji, cərrahiyyə, endoskopiya, ultrasəs müayinəsi, kardioloji, ixtisaslar üzrə tibb xidməti göstərilir. Kabinetlər həkim və orta tibb işçiləri ilə təmin olunmuşdur. Mərkəzi Xəstəxanada 125 nəfər şəkərli diabeti olan xəstə dispanser qeydiyyatındadır. Həmin xəstələr vaxtlı-vaxtında dərman preparatları ilə təmin olunurlar. 115 nəfər xəstəyə qanda şəkəri təyin etmək üçün Səhiyyə Nazirliyi tərəfindən qlukometr aparatı verilmiş və həmin aparatlar xəstələrə paylanmışdır. Rayon Mərkəzi Xəstəxanasının həkimləri Bakı, Abşeron və Sumqayıt şəhərlərində məcburi köçkünlərin kütləvi məskunlaşdıqları yerlərdə daim səyyar tibb xidməti göstərmişlər.

 

 

 

S.Məmmədova,

 

müəllimə:

 

- Q.İlyasov adına 1 saylı şəhər orta məktəbinin riyaziyyat müəlliməsiyəm, şagirdlərə fənnin sirlərini öyrədirəm. Məktəbimizin tarixi keçmişi var, məzunlar arasında həkim, mühəndis, jurnalist, şair, yazıçı, elmlər doktoru, professorlar, hətta respublikamızdan çox-çox uzaqlarda tanınan məşhur şəxsiyyətlər bu gün də nümunə göstərilir. Belə bir elm ocağının uzun müddət vaqon-siniflərdə fəaliyyət göstərməsi bizi narahat edirdi. Axır ki, dövlətimizin qayğısı sayəsində hər cür şəraiti olan yeni məktəb binasına köçdük. ümumiyyətlə, rayonumuzun bir çox məktəbləri ya əsaslı təmir olunmuş, ya da təzə tikilmiş binalarda fəaliyyətlərini davam etdirirlər. Məktəblərimiz müasir tipli avadanlıqlarla təchiz edilib. Əlbəttə, bunları təhsilə, təhsil işçilərinə dövlətimizin qayğısı kimi qiymətləndiririk.

 

 

 

N.Abbasov, rayon Gənclər və İdman İdarəsinin rəisi:

 

- Qarşımızda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsi olaraq gənclərin milli ideologiya ruhunda tərbiyəsi, onların fəal həyat mövqeyinin formalaşması, sağlamlığı və məşğulluğunun təmin olunmasına şərait yaradılması kimi vacib məsələlər durur. Hazırda respublikamızda digər sahələrdə olduğu kimi, gənclər siyasəti sahəsində də işlər cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər və yeniyetmələr arasında hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, istedadlı gənclərin üzə çıxarılması kimi tədbirlər rayon Təhsil Şöbəsi ilə birgə həyata keçirilir.

 

Rayonun orta məktəbləri arasında şahmat və voleybol üzrə, Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə Respublika çempionatı keçirilmişdir. ümumilikdə idmanın müxtəlif növləri üzrə 9 rayon birinciliyi və turnirləri təşkil olunmuşdur. Məlumdur ki, gənclik hər bir cəmiyyətdə çox böyük potensialı olan qüvvədir və onun dövlətçiliyin müdafiəsi, milli maraqların qorunması naminə səfərbərliyi hökumətin və cəmiyyətin çox böyük uğurudur. Sevindirici haldır ki, Qubadlı rayonunun gənclərinin əksəriyyəti bu gün ölkədə aparılan siyasətin fəal iştirakçılarıdırlar.

 

***

 

...İllər ötüb keçir, amma nə yaxşılıq, nə də yamanlıq yaddan çıxmır. Daha unutqan olmayacağıq. Ermənilərin ötən əsrin sonlarında törətdikləri qəddarlıq, amansızlıq heç vaxt, heç vədə yadımızdan çıxmayacaq. Gələcək nəsillərə ərməğan edəcəyik ki, milli düşmənlərimiz təkcə soydaşlarımıza qənim kəsilməyiblər, həm də təbii sərvətlərimizi məhv, talan ediblər. Sağlıq olsun, inşaallah, qisas qiyamətə qalmayacaq!.. Bunun üçün də bütün məcburi köçkünlərimizin, xüsusən qubadlıların adından deyirik: darıxma, doğma diyar, bir az da döz...

 

 

Telman Mehdixanlı

 

Təzadlar.- 2010.- 31 avqust-2 sentyabr.- S. 12.