Üfüqdən Qüruba
Xudu Məmmədov fenomeni
Azərbaycanın
ictimai həyatında Asif Ata həmişə bir nəfərin
adını hörmətlə çəkir, bütöv
şəxsiyyət kimi onu təqdir edirdi. Bu barədə
vaxtaşırı bir sıra yazılarımda mövqe
bildirmişəm. Elə vaxtilə
"Axtarış" qəzetində gedən "Ziyalı
bolluğunda şəxsiyyət qıtlığı"
yazım da Asif Atanın bu rəyindən sonra yazıldı.
Bu, Xudu Məmmədov idi... Xudu müəllimlə şəxsi
tanışlığımın dəqiq tarixi (günü,
ayı, ili) yadımda deyil. Ağdama
qısamüddətli ezamiyyəyə getmişdim. O
vaxtlar Ağdam rayon mədəniyyət şöbəsinin
müdiri işləyən çimnaz Əliyeva məni
mehribanlıqla qarşılayıb, sanki müjdə
verirmiş kimi dedi: - Sabah Xındırıstan mədəniyyət
evində gənc istedadlara baxış - müsabiqə
keçiriləcək. Baxış - müsabiqə
barədə "Mədəni-maarif" jurnalında da
yazı versəniz yaxşı olardı. Xudu
müəllimi də dəvət etmişik.
Məmnuniyyətlə
razılığımı bildirdim. Və deyilən vaxtda
şöbədə oldum. Elə burada Xudu
müəllimlə və onun yaxın dostu, təbii
Füzulişunas Zeynal Məmmədovla da
görüşdüm. Birlikdə
Xındırıstana yollandıq. Həmin
gün, demək olar ki, münsiflər heyətinin mülahizələrinə
Xudu Məmmədovun dolğun fikirləri aydınlıq gətirirdi.
(Əlbəttə ki, hər kəsin fikirinə
hörmətlə yanaşaraq).
Tədbir səhər
saat 11-00-dan axşamacan çəkdi. Həmin vaxt futbol
üzrə dünya çempionatı keçirilirdi. Münsiflər heyətinin üzvlərindən bir
çoxu yarışlara baxmaq üçün çox tələsirdi.
O cümlədən mən də. Amma Zeynal müəllim təkidlə
dedi ki, bugunku bu görüşü "Ozan"da davam etdirməliyik.
Xudu müəllimlə bir süfrə
arxasında oturmaq yeniyetmə bir gənc üçün həm
də böyük bir şərəf idi. Odur
ki, təklifdən imtina edə bilmədim. Xudu müəllim, Zeynal müəllim, Respublika Həmkarlar
İttifaqından olan bir yoldaş və mən dəstədən
ayrılıb "Ozan" restoranına yollandıq. O
vaxta qədər Xudu müəllim barədə çox
eşitmiş, "Qoşa qanad" kitabını, "London
dumanlı görünür" və digər
yazılarını böyük könül xoşluğu ilə
oxumuşdum. Masa arxasında oturan insan sanki
dünyaşöhrətli alim deyildi. Sadədən-sadə,
adidən-adi, olduqca təvazökar və mülayim, son dərəcə
səmimi bir insan tikə kəsirdi bizimlə birgə. Zeynal müəllimlə mən əvvəllər də
görüşmüş, Ağdamda redaksiya yerləşən
bağda çay da içmişdik. çox
yaxından olmasa da, aramızda tanışlıq vardı. Demə, Xudu müəllim də mətbuatda gedən
yazılarımdan və şeirlərimdən məni qiyabi
tanıyırmış. Odur ki, Zeynal
müəllimin təklifinə Xudu müəllim də tərəfdar
çıxıb, şeir oxumağımı təkid etdi.
Düzü, onların hər ikisinin yanında
şeir oxumaq mənim üçün çətin idi.
Amma sözlərindən çıxa bilmədim.
çəkinə-çəkinə
bir-iki şeir oxudum. Məclisimiz xeyli çəkdi.
Oradan Zeynal müəllim bizi öz evinə gətirib
təzədən çay dəsgahına, sonra isə kofeyə
qonaq etdi. Axşam qaranlığı
çökəndə Novruzluya getdik. Zeynal müəllim
dedi ki, dostun Cahangirə ata-baba ocağımızda ev tikdirmişəm. Gedək onu
gör, sonra səni Pirzatlıya, Xudu müəllimi isə Mərziliyə
apararıq. Dediyi kimi də oldu. Amma
Novruzlu - Mərzili daş yolunda nə illah elədimsə Xudu
müəllimlə Zeynal müəllim razı olmadılar. Mən istəyirdim ki, əvvəlcə Xudu müəllimi
aparaq Mərziliyə, qayıdanbaş mən düşərəm.
Dedilər: - Olmaz!
Heyiflər ki,
həmin axşam bizimkilərdən heç kəs evdə
olmadı. Bu,
ürəyimdə bir nisgil olaraq həmişəlik qaldı:
Xudu müəllimi mənim ata ocağımda bir stəkan
çaya qonaq edə bilmədim. Nə bilim, bəlkə də
qismətdən deyilmiş...
Xudu müəllim ürəyimdən
keçənləri oxuyurmuş kimi: - Eybi yox, gələn dəfəyə
qalsın, - dedi. Və ara yolla Mərziliyə
yön aldılar. Maşın Tutduxlu bağı keçənədək
arxalarınca təəssüflə baxdım: Elə bu vaxt
açıq darvazamızdan qardaşımgil deyə-gülə
həyətə girdilər. Uşaqlar
maşından tökülüb üstümə cumdular.
Qardaşım bikef, fikirli olduğumun səbəbini
soruşdu. Xuduyla Zeynalın beş dəqiqə
əvvəl burda olduqlarını bildirdim. Dedi ki, otur
maşına bu dəqiqə gedib yoldan qaytaraq. Dedim, artıq
gecdir, qayıtmazlar...
Safruh dostumun məsləhəti
ilə "İşıq" nəşriyyatından
sifariş almışdım. (Safruh orada şöbə
müdiri idi). 25 nəfərdən ibarət
siyahıda Azərbaycanın tanınmış elm, ədəbiyyat
və incəsənət xadimlərinin, qabaqcıl əmək
adamlarından bir neçəsinin uşaqlıq xatirələrini
hazırlamalıydım. Xudu müəllimin
də adı ön sıralarda idi.
Nədənsə,
elə ilk olaraq Xudu müəllimin
çalışdığı laboratoriyaya getdim. Bilmirəm o
baxış-müsabiqədən sonra yadında
qalmışdım, ya yox. Axı aradan
çox illər ötmüşdü. Amma
yenə məni çox mülayimliklə, səmimiyyətlə
qarşıladı. İşimlə-gücümlə,
ailə vəziyyətimlə maraqlandı. Söhbət
zamanı yeri gəldikcə dəyərli məsləhətlər
verdi. Kirayədə
yaşadığımı biləndə halı dəyişdi,
dözümlü, əzmkar olmağı tövsiyə etdi.
Nəşriyyatın rəsmi məktubunu nəzərdən
keçirib, "çox maraqlıdır", dedi. Suallara mütləq cavab hazırlayacağını
yəqin ki, maraqlı bir şey alınacağını
bildirdi. Vədələşib,
ayrıldıq. Arada-bir zəng edib,
yazının hazır olub-olmadığı ilə
maraqlanırdım. çox zaman
yerində olmurdu. Mən də digər müəlliflərlə
məşğul olduğumdan iş yerinə baş çəkməyə
macal tapmırdım. Məndə çox
böyük inam vardı ki, suallar ətrafında nə isə
yaxşı bir material hazırlayır. Heyflər
ki, qəfil ölüm xəbəri bütün istəklərimi
alt-üst etdi. İş yerində də,
evində də nə verdiyim məktub tapıldı, nə də
suallara münasibətini bildirən cavabı. Naəlac
qalıb həyat yoldaşı Raya xanımdan
yarımçıq qalmış "Baharın
ardınca" kitabından bir hissəni "Biz də uşaq
olmuşuq" kitabına daxil etdik. İstəmirdim
ki, əqidə dostları Bəxtiyar Vahabzadədən və
Nurəddin Rzayevdən bu kitabda da ayrı düşsün.
"Yarımçıq kitab"dan
götürülən hissələr o qədər rəvan,
səmimi idi ki, digər yazılardan seçilmir, ümumi ahəngi
pozmurdu. Əksinə, kitabı daha
oxunaqlı, daha diqqətçəkən edirdi. Bir
sözlə, Xudu dünyasını tam dolğunluğu ilə
göstərirdi...
Uzaqlarda qalan sevinc...
Dediyim kimi, hələ
5-6-cı siniflərdə oxuyarkən ədəbiyyata meyilli
olmuşam. Kəbirlidə
oxuyarkən məktəbin divar qəzetində gedən bir
cızmaqaramın, 1960-cı ildə "Mingəçevir
işıqları" qəzetində çap olunan "Deyə
bilmədim" adlı şeirimin sevincini ömrüm boyu
başqa uğurlarımda yaşamamışam,
qalın-qalın kitablarım çıxsa belə. Bundan sonra cild-cild kitablarım çıxsa da (əlbəttə
ki, bu, mümkün deyil) yenə o sevinci yaşamaq
qeyri-mümkündür. Doğrudan da ilk məhəbbət
kimi, ilk böyük sevinc də insan həyatında bir dəfə
olur. Bənzərsiz olur. Əvəzedilməz olur. Böyük sevincimə
səbəb olan şeirim (əlbəttə ki, yeniyetməlik
çağlarında) belədir
Deyə bilmədim
Həsrətiylə bir
qızın daima - səhər-axşam,
Şölə
çəkib yanırdı, yanırdı qəlbimdə
şam.
İstəyirdim o qıza
ürəyimi açam mən,
Onun
arxasınca hey, bir quş olub uçam mən.
Deyəm könül
sözümü,
Gözlərindən çəkməyəm
Bircə
anlıq gözümü.
Gözəl yaz
axşamıydı, coşğun Kürə baxırdım,
Sanki axar sulara
mən qarışıb axırdım.
Gəlib sahilə
çıxdı qəflətən sevdiyim qız,
Sevincdən, həyəcandan
qəlbim vurdu aramsız.
Bu an
vücudum əsdi, soyuq tər basdı məni,
Unutdum hər
bir şeyi, dilim tutuldu birdən.
Bayaq elə bu yerdə ürəyimdən
keçəni
O sevdiyim gözələ ah,
deyə bilmədim mən.
Heykəl kimi dayanıb bir səmtə
baxdım ancaq,
İlk sevənlər nə
qədər olurlarmış utancaq
Mart, 1960,
Mingəçevir
Orta məktəbi
bitirəndən sonra əmioğlum Qarayev Eldarla
görüşdüm. O, artıq Mingəçevirdə
yaşıllaşdırma idarəsində işə düzəlmişdi.
Onun məsləhəti ilə mən də Mingəçevirə
gəlib 6 aylıq rəngsazlıq kursuna qəbul olundum.
Eldarla birlikdə fəhlə yataqxanasında
(Kürün körpüsünün lap
yaxınlığında) qalır, o vaxtlar çox məşhur
olan "Tekstilni kombinat"da işləyirdik.
Haşiyə -
3. Eldarla əmioğluluqdan
daha çox dost idik. Bir-birimizin xətrini
çox istəyirdik (indi Safruhla olduğu kimi). Amma tez-tez də bu və ya digər mövzu ətrafında
mübahisələr edirdik. Yataqxanadan Mingəçevir
avtovağzalına qədər xeyli yol vardı (köhnə
Avtovağzal Lenin meydanının yaxınlığında
idi). Oradan kombinata bir yük
maşını gedirdi hər səhər. Kim o maşına çatıb, onunla gedirdisə,
işə vaxtında çatırdı,
çatmırdısa gecikirdi. Alik adlı
zırpı (bəlkə də bədheybət daha uyğun gəlir)
briqadirimiz vardı. İşə gecikənlərə tərs-tərs
baxıb ikinci barmağını qolundakı iri saatına
göyəcləyərdi... Burada sözə
ehtiyac qalmırdı. Suyu süzülə-süzülə
geri qayıdası olurduq - "proqul". Bir
dəfə də yatıb qalmışdıq. çaysız-çörəksiz durub
maşına tərəf qaçırdıq. Bu
dəfə nədənsə Allahın
varlığından-yoxluğundan mübahisəmiz
düşmüşdü. Mən inada düşüb
deyirdim yoxdu! O, da eyni inadkarlıqla deyirdi var! Maşına
çatmağa 50-60 metr qalanda maşın tərpəndi.
Eldar idmançıydı. Məndən
bərk qaçırdı. Qaçmağın
faydasız olduğunu duyub, mən daha qaçmadım. Eldar isə qaçıb maşına
çatdı. Və birtəhər əlini
maşının arxa bortuna ilişdirə bildi. Amma nə illah elədisə maşına minə bilmədi.
Çünki maşın artıq yüksək
sürət götürmüşdü. Bir
xeyli bu vəziyyət davam etdi. Sürücü əhəmiyyət
verməyib qazı bir az da artırdı. Və yazıq Eldarın ayaqları yerdən, əlləri
isə bortdan üzüldü. üzüüstə
asfalta çırpıldı. Mən ona çatanda
üz-gözü qan içində, hərəkətsiz halda
asfalta döşənmiş olsa da, halımı pozmadan dedim:
"Var, yoxdu?"
***
Və bir azdan
birtəhər ayağa qaldırıb, bir neçə nəfərlə
aparıb Avtovazğaldakı su krantında
üz-gözünün qanını təmizlədik. Həmin
günümüzü isə "proqulla" yola verdik. Eldar bir neçə gün mənimlə kinli-kinli gəzib-dolandı.
Onun o halında "Var, yoxdu?" sualım
yandırıb-yaxırdı əmioğlumu.
İndinin
özündə bacımgildə də bu barədə bəzən
yersiz mübahisə düşür. Dünyada ən
çox istədiyim - namaz qılıb, oruc tutan bacımla da
eyni ciddiliklə bu söhbət düşür və
aramızda soyuqluq yaranır. Mənə
acıq verərək deyir ki, heç mən də sənin
yazdıqlarını oxumuram, heç maraqlanmıram da. Amma bilirəm ki, məni çox istəyir, hirsindən
belə deyir. Bunları dili desə də, ürəyi
demir.
(Davamı var)
QƏŞƏM İLQAR RUHDAŞ
Təzadlar.- 2010.- 31 avqust-2 sentyabr.- S.15.