Bu dünyada İsi vardı...
Yazıçı-dramaturq
İşi Məlikzadənin vəfatının 15-ci il
dönümünə
"O, nəslin düzü, nəsrin duzu idi..."
"İsi nəslimizin və nəsrimizin duzu idi".
Görkəmli şair, tanınmış alim-müəllim
Famil Mehdinin İsi Məlikzadəyə həsr edilmiş
"Oğuz Eli" qəzetinin mart, 2010-cu il tarixli
"Yazıçı" məcmuəsində İsi
haqqındakı xatirəsindəndir. "Nəslin duzu, nəsrin
duzu" deyərək ürəyində olanların bir qismini
kağıza tökən oxşar taleli, eyni dərdli-nisgilli
şairin, görəsən, daha nələr qaldı qəlbində.
İsiyə həsr etdiyi "İtirdim" adlı şeri də
vardı.
Onu oxuculara təqdim etməyi lazım bilirəm. Qoy,
İsi və Famil sevərlər onların əlaqələrindən
məlumatlı olsunlar.
Mən İsini itirəndə
Dərəni, düzü itidim.
Sanki eldə etibarı,
Dildə düz sözü itirdim.
Üz tutdum dağa, arana,
çətin o bir də yarana,
Niyə and içim Qurana,
Ürəkdə közü itirdim.
Yaradanda xislətini,
Allah verər qismətini,
Mən şeirin bərəkətini,
Nəsrin duzunu itirdim.
Məcmuədə İsi Məlikzadənin iş, qələm
və məfkurə dostlarının bir çoxunun xatirələrindən
nümunələr vardı. Deyildiyi kimi, vaxtsız həyatdan
getsə də, sənətkarın söz dünyası
yaşayır. Heyiflər olsun ki, o illərin canlı
şahidlərinin bir çoxu da artıq öz
dünyasını dəyişmiş, haqqa qovuşmuşdur. Bununla belə,
şifahi da olsa, hələ ürəklərdə,
yaddaşlarda xatirələr var ki, onları üzə
çıxarmaqla İsinin söz dünyasını
özü həyatda olmasa belə zənginləşdirmək
mümkündür. Sıraya hörmətli şairimiz Sabir
Rüstəmxanlının ara-bir xatırlatdığı məlum
"Əzrayıl Yazıçılar
İttifaqında"
novellasını da daxil etmək olar. Mənim də əzbərdən
bildiyim həmin novellada xətrə dəyəsi, qəbahət,
əskiklik, təhqir yoxdur, bunların heç biri İsinin
ağlına belə gələ bilməzdi. Təki
yaradıcı, istedadlı gənclərin irəli çəkilməsi
Süleyman Rəhimov, Süleyman Rüstəm, Mirzə
İbrahimov, Əli Vəliyev, Rəsul Rza və daha xeyli dahilərimizin
əlindən keçəydi həmişə. öz
xalqına xidmət edən, gələcəyini
düşünən, elm adamlarının, alimlərin, qəhrəmanların,
yazıçı və şairlərin, dahilərin yolunda
canından keçməyə hazır olanlar İsi
yaradıcılığında görünən səviyyədədir.
Gənc yazarlar da o sırada olsalar, daha qiymətli olar.
Eşitdiyimə görə, bu novellanın maqnitofon
yazısı sevimli sənətkarımız Ramiz Əzizbəyli
və İsinin birgə səsi ilə onun arxivində
saxlanılır. Əzizimiz Ramiz Əzizbəylinin əzizlədiyi
əzizi hamımızın əzizinə dönsə, bəlkə
dada əziz olar.
İsi ilə əlaqədar deyilməmiş,
yazılmamış, xatirəm vardır. Onları
yazıçı-şair dostları, incəsənət
ustaları deyəcəyi səviyyədə ifadə edə
bilməyəcəyimi hiss etdiyimdən bəzən
susmuşam, fasilələr vermişəm. İllər
keçdikcə İsi tay-tuşlarının, əqidə, məfkurə
dostlarının sırasının azaldığından, bəzilərinin
isə uzun müddətli sükutlarından,
dinib-danışmamalarından narahatlıq keçirirəm.
özümün də bu dünyanı tutub-dura bilməyəcəyimdən
əmin olduğumdan bir neçə anları, olub-keçənləri
xatırladacağam, bəlkə nələri isə məqbul
saymaq olar.
İsi hər gün bizə gəlib-gedərdi. Saatlarla
balacalarla söhbətləşər, zarafatlaşar, bəzən
ciddiləşər və höcətləşərdi.
Yadımdadır, bir dəfə "Jiquli"nin
qabağında oturmaq üstündə 6-7 yaşlı
bacısı oğlu ilə Ağcabədidən Bakıya qədər
"dalaşdılar" və İsi qalib gəldi. Onu belə
uşaq-muşaq söhbətlərindən ayıraraq sual
verdim:
- Ay İsi, hekayələrində hərdən bir
"Yovşanlı" adı çəkirsən, "Dədəm
vay, dədəm vay" da deyirsən. Haradan gəlib girib bu
söz sənin yaradıcılığına? Belə adda kənd
yoxdur axı sizin rayonunuzda.
- Düz deyirsən. Bu yovşan, "Yovşanlı"
məndə dərin kök salıb, getdikcə biliyimi
artırıram. Heç demə, bizim yovşandan Amerikada da
var imiş, deyirlər, onlar ondan içki düzəldirlər.
Bizim heyvandarlar da iddia edirlər ki, yovşan yeyən
heyvanın ciyəri tər-təmiz olur. Amma mənim təsəvvürümdə
onun tarixçəsi ayrı cürədir. Minilliklər ərzində
Qarabağın başı hədsiz bəlalar çəkib. Ən
çox ayaq altında, at tapdağında qalan yerlərdən
biri də Ağcabədidir. Uzun sürən qanlı müharibələr,
dağıntı-talanlar, yanğınlar nəticəsində
Tunc dövrü nişanələrinin çoxu yerlə-yeksan
edilmiş, torpağın altı üstünə çevrilərək
Mil-Qarabağ düzünü səhraya, şoranlığa
salmışdır.
Ağlım kəsəndən kəndlərdən
qohumlarımız bizə gəlib-gedərdilər. Kimisi 5-ci
Paraqdan, 7-ci Paraqdan kimisi də 3-dən, 13-dən və s.
Sonralar bu yerlərə Şaumyan, Mikoyan, özbək, Kaqanovic
də deyirdilər. O yerlərə məni də
aparardılar. Ağappaq yovşanlıq səhranın
kol-kosla, alaqla dolu cığır və at-araba yolları ilə
gedərdik. Sonralar bildim ki, bu adlar kolxozların adıdır,
kəndlərin özlərinin adları yox imiş. Mat-məəttəl
qalırdım. Boyatı, Kəhrizlisi, Hindarxı,
Sarıcalısı və s. tarixi, dürrü olan bu camaat
öz yaşadıqları yerlərə niyə ad qoymurlar. Mənim
hekayə qəhrəmanlarımın çoxu həmin yerlərin
insanlarına bənzəyir, xasiyyətləri, xislətləri,
taleləri uyğun gəlir. Onların kəndlərinin
adı olmalıdır. "Yovşanlı" olsun də,
"5-ci Yovşanlı", "7-ci", "3-cü" və
s. Yovşanlıq da ki, ucsuz-bucaqsız. Deyirlər, o yerlərə
indi də "Şaumyankənd", "Mikoyankənd"
adı qoyublar. Allah bizi qorusun fitnə-fəsadlardan.
"Şükürlər olsun bütün olaylar
olub-keçmiş, indi o yerlərə orada məşkunlaşdırılan
tayfaların tarixi "Qaradolaq", "Mehrablı",
"Kəbirli", "Avşar" və s. adları
verilmişdir. Müəmmalı qalan budur ki, kim, nə
üçün, niyə və nə vaxt bu elli-obalı,
tanınmış, əməksevər türk
tayfalarını susuz, ağacsız ilan mələməz səhralara
sürgün eləmiş və baraqlar (paraq) tikərək
zorla məskunlaşdırmışdır. Dövlət,
hökumət də öz təbəəsini belə günə
salarmı? Burada sözsüz cin, şeytan cildinə girmiş
düşmənlərin əli olmuşdur. Deyirlər,
39-40-cı illərdə yerli əhalinin Əritinov (yəqin
ki, Arutyunov) adlı hökmlü milis (enkevedi)
başçısı varmış. O, əhaliyə
olmazın əzabların verərmiş. Əsasən
baraqlarda yaşayan adlı-sanlı
ağsaqqalları bir-bir yanına gətirdib hədə-qorxu
gələrək "varlısınız, dövlətlisiniz,
bəy-xan nəslisiniz - Şura hökumətinin düşmənlərisiniz.
Sizi sürgün edəcəm, kylaksınız.
Qızıllarınızı alaçıq keçələrinin
arasında saxlayırsınız, atın, dəvənin
çulunda gizlədirsiniz. Əgər gətirib təhvil verməsəniz,
hamınızı türməyə soxacam!"
El ağsaqqallarından biri, hazırda ömür sürən
115-118 yaşlı İslam dayı Əritinovun işlərindən
xəbərdar imiş. Onu da dəfələrlə
sorğu-suala çəkibmiş. Əritinov insanların əlində-ovcunda
olanları alandan sonra qara parçaya bükdüyü
kitabı onlara göstərərək "indi "Quran"a
əl bas ki, daha qızılın qalmayıb". İnsanlar
Qurandan qorxub and içməyəndə onları yenidən
günlərlə türmənin həyətində
saxlarmış. Bu işdə köməkçisi Samson
adlı birisi olub. Deyirlər, həmin Samson 1987-ci ildə
haradansa peyda olub, 2-3 gün Ağcabədidə görünəndən
sonra yenə qəfil gözdən itib. Bəlkə də
haradasa gizlətdiyi, torpağa basdırdığı
qızılların dalınca gəlmişimiş o qan
içən.
İsi həmişə öz səliqə-sahmanı ilə
seçilirdi. Bəzən onun həssaslığı, səliqəsi
məni hövsələdən çıxardardı. VEF
radiosunda hansısa bir dalğanı tapmaq üçün
saatlarla əlləşirdi, ayaqqabısını geyinəndən
sonra əyilib onun bağını elə bağlayardı ki,
bilmirdin nə edəsən. Ayrı-ayrı vaxtlarda
"Moskvic" "Jiquli", "Volqa"
maşınları vardı. Avtomobilləri birdəfəlik
rayonda qoyub gəldiyi ata-anasının "Həsrətin
sonu" olmayan "İki günün qonağı" olmaq
üçün alırdı.
İsi ata-anasının tək oğlu ("bircəbala"),
yeddi bacısının bircə qardaşı olaraq institutu
qurtardıqdan sonra Bakıda qalmağını özünə
bağışlamırdı. O, əsərlərində təkrar-təkrar
bu mövzuya qayıdardı. Biz Ağcabədidə olan
vaxtlarda qəbiristanlıqdakı əzizlərimizin ziyarəti
zamanı "mənim yerim atamla anamın arasında
olmalıdır, ha" deyə xəbərdarlıq edərdi.
Sonra "arzusuna" çatdı.
Yazıçılar İttifaqı ona bir "Qaz-24"
"Volqa" avtomobili ayırmışdı. Bu avtomobildən
xoşu gəlsə də, hiss olunurdu ki, çətin idarə
edir. Bir gün eşitdik ki, "Volqa"nı satıb.
Yığışıb onlara getdik. Oğlu, qızları,
kürəkənləri cəmləşmişdi.
Bikefçilik idi. üzünə baxdım. "Nə
olub?" "15 minə aldım, 5 il sürdüz 15 minə də
satdım. Bunlar deyirlər "ucuz satmısan". Mən
ölüm düzün de ucuzdur?" "Dedim, əvvəlki
"Mokviç"ə, "Jiquli"yə nisbətən
lap yaxşı satmısan".
Pulu da ailənin sayına görə beş yerə
bölmüşdü. Ər-arvadın paylarını aparıb
əmanət kassasına qoymuşdu. Gecə keçənə
qədər danışıb gülüşdük. Hər
şey yaddan çıxdı.
İsinin ürəyindən olan, onu Qarabağa,
el-obasına yaxınlaşdıran yaxşı bir hadisə
olmuşdu. Azərbaycan Yazıçılar İttifaqı
özünün Qarabağ filialını yaratmış,
İsini də ona rəhbər təyin etmişdi. Mərkəz
də Ağdam səhəri təsdiqlənmişdi. İsi
çox sevinirdi.
Qarabağın yerlərdə yaşayan şair və
yazıçıları can-başla fəaliyyətə
qoşulmuşdular. Qısa müddətdə hər cür
şərait yaradılmışdır. İsi deyirdi ki, o qədər
rahatlaşıb, elə bil öz evlərindədir. Dəfələrlə
Ağdamın necə gözəlləşdiyindən, Abdal
Gülablının istirahət guşəsinə çevrilməsindən,
parkların, bağların salınmasından, bulaqların
çəkilməsindən, sanatoriya- sağlamlıq
zonalarının salınmasından söhbətlər
salır, məni də maraqlandırırdı. 1987-ci ilin bir
bazar günü gərək ki, avqust ayının
axırları idi. Ailəlikcə Gülablıya gəldik.
Xeyli gəzdik, tanış olduq. çox bəyəndik.
İsi elə bil ev sahibliyi edirdi. Mən buradan da Şuşaya
qalxmağı təklif etdim. Bu, sanki İsinin ürəyindən
oldu. Yığışıb Şuşaya, Cıdır
düzünə getdik. Qarşı dağların, meşələrin
göz oxşayan mənzərəsi, sıldırımlı
qayaların döşü ilə uzanan əyri-üyrü
cığırlar, İbrahim xanın gizlin
"sığınacaq" yeri, Daşaltı
aydınlığı ilə görünürdü.
Cıdır düzünə dərədən qalxan sərin
meh elə bil insanın qoynuna dolurdu. İsi gah yuxarıdan, gah
da bir qədər aşağı enərək qaya
parçalarını bir-bir nəzərdən keçirirdi.
Bəzən dizlərini torpağa qoyub əllərini daşa
sürtür, nəyi isə axtarırdı.
Nəhayət, bizi çağırıb qayadakı bir
qədər pozulmuş yazını göstərdi. Yuxarıdan da, aşağıdan da
baxanda "İCİ" 1947 oxunurdu. "Baxın dörd tərəfdən
eyni oxunan 2 hərfdən, 3 səsdən ibarət adı olan
adam mənəm. Amma bunu elə baməzəliklə, həm də
elə bir sevinc və fərəh hissi ilə dedi ki, bizi də
keçən günlərə qaytardı. Bu ad dilimizdə, tələffüzümüzdə
o qədər şirin, o dərəcədə incə, əziz
səslənir ki, görkəmli yazıçı, dramaturq səviyyəsinə
qalxsa da, Dağ Vüqarlı şairimiz Fikrət Sadıq
demiş, "Adamların Qarabağı İsi" oldu.
İsinin kitabları nəşr olduqca bir neçəsini
satışdan alardım, yeri gəldikcə,
dost-tanışlara verərdim. O isə kitablarının 9-nu
da hər dəfə özü gətirər,
üstünü yazıb verərdi. Bu yazılar sadəcə
müəllifin xoş sözləri, arzuları kimi
qurtarmırdı. "Həsrətin sonu"
kitabındakı yazısı belə idi: "Əzizlərim...
əl boyda kitabca deyil, yumruq boyda ürəyimi
bağışlayıram".
1974-cü ildə "Kövrək qanadlar"
kitabına isə belə yazmışdı:
Əzizim, Nizami qardaşım!
Kədərinin hamısı mənim,
Sevincimin hamısı sənin,
Ömrümün də yarısı sənin!
Həmin gün özümə gələ bilmədim.
Gah kövrəldim, gah acıdım, hətta hirsləndim. Zəng
elədim, nə dediyimi xatırlaya bilmirəm. Ay Allah, belə
də arzu olarmı?! Mən özüm heç vaxt belə
bir arzunu edə bilməzdim, ağlıma da gəlməzdi. Bu
sevgi, bu zəriflik, bu səmimilik ancaq İsiyə xas olan cəhətlər
idi.
Biz, İsi tay-tuşları, müasirləri nə qədər
azalsa da, onun əsərləri ilə tanış olacaq, yeni nəsil
dəyərli nəticə çıxarmaqda çətinlik
çəkməyəcəklər. Təki onun əsərləri
gələcəkdə layiqincə nəşr olunsun.
Kitabları yaralanmasın, qılınclanmasın, öz
adları saxlanılmaqla çap edilsin. Onlar artıq
xalqların malına çevrilmişdir. İntiqam almağa dəyməz.
Yaralanan, doğranan kitablar isə bunlardır:
"Gümüşgöl əfsanəsi", "Dədə
Palıd", "Küçələrə su səpmişəm"
və "Şehli çəmənlərin
işığı". Əlbəttə, hər
görülən işdə hansısa
çatışmazlıq, nöqsanlar ola bilər. Ən əsası
onların tezliklə aradan qaldırılmasıdır. Təəssüflər
olsun ki, giley, arzu, istək formasında sözarası deyilənlər
nəticəsiz qalır. Bəzi laqeydlər isə belə
hallardan istifadə edərək, İsi
yaradıcılığını kimlərdənsə
açıq çıxmaq silahına çevirməyə cəhd
edir. Son anda ziyan kitablara dəyir, günahsız kitablara.
Bir məqamı da qeyd etməyi lazım bilirəm.
İsi Məlikzadəni "unudulmuş
yazıçı" kimi oxucuya təqdim etmək ən
azı onun ruhunu incitmək kimi bir hərəkətdir
(xoşməramlı deyilsə belə). Doğrusu, bu tip
yazılar daha çox ziyan verə bilər ümumi işimizə.
İsi məktəbini davam etdirmək isə ən
böyük hədiyyə olar.
İsi dedi-qodudan uzaq, insanları sevən, əliqabarlı,
ayağıçarıqlı adamlarla özünə fərq
qoymayan, nəcib bir varlıq, Tanrının şah əsəri,
insanın şah əsəri səviyyəsinə ucalananlar
arasındadır.
Nizami
Hacı Aslanoğlu
Təzadlar.-
2010.- 4 dekabr.- S.15.