Zirvəyə zirvədən baxasan  gərək

 

5 il əvvəl Azərbaycan radiosunda efirə getmiş, müəllifi tanınmış jurnalist Telman Qarayev olan verilişin mətni elə müəllif tərəfindən redaksiyamıza təqdim edilib. Güman edirik görkəmli alim Xudu Məmmədovun doğum günü (14 dekabr) ərəfəsində lap yerinə düşər.

Bu yaxınlarda, kitab çapı bolluğunda çox dəyərli bir əsərlə tanış olduq və hədsiz sevindik. Kitab şöhrətli alim, Azərbaycan  Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiya-minerologiya  elmləri  doktoru, professor Xudu Məmmədovun həyat və elmi  fəaliyyətinə həsr  olunmuşdur.

Müəllif isə bu günkü verilişimizin qonağı, AMEA-nın Kimya Problemləri İnstitutunun laboratoriya  rəhbəri,  kimya  elmləri doktoru, professor  İxtiyar  Bəxtiyarlıdır.  Məqsədimiz  verilişin  imkanı  daxilində  bütövlükdə Xudu Məmmədov şəxsiyyətinin  müəyyən çalarlarını dinləyicilərə çatdırmaqdan ibarətdir. 

- İxtiyar müəllim, ilk sualım belədir: dünya elmində Xudu Məmmədov kimdir?

- öncə, məni verilişə dəvət etdiyinizə görə Telman müəllim, sizə təşəkkürümü bildirirəm. Mən kitaba ön söz  əvəzi yazdığım yazıya Avraam Linkolndan "özlərini Napoleon  hesab  edənlərin arasında  bir  nəfər  də olsun Bonapart  yoxdur" epiqrafını vermişəm. Mənə elə  gəlir  ki, bu epiqrafla  Xudu müəllimin kimliyi haqqında müəyyən  ştrixləri oxuculara çatdırmışam. Sualla əlaqədar onu əlavə  edə  bilərəm ki, Xudu müəllim sementin  bərkiməsinin  nəzəri əsaslarını  verərək dünya tədqiqatçılarını maraqlandıran fundamental  texnoloji  məsələləri həll  etməklə yanaşı, mineralların quruluşunda  böyük kationların aparıcı  rolu haqqında akademik  N.V. Belov tərəfindən irəli  sürülən konsepsiyaya   əyanilik gətirmişdir. Sonra kalsium    silikatlarının   kristallokimyəvi    təsnifatını nizama   salan X.Məmmədov  bağlayıcılığın   kristallokimyəvi  nəzəriyyəsinin  əsasını  qoymuşdur  ki, bu  da minerallar kimyasında  yeni  fəslin-ikinci fəslin yaranması  deməkdir.

X.Məmmədov  kristallokimyəvi məsələlərin həllində informasiya  nəzəriyyəsinin  və Şennon düsturunun  tətbiq  olunması  barədə yeni  ideya  irəli sürmüşdür. O, bu ideyanı  apardığı  tədqiqat  işlərinə tətbiq  edərək  nəzəri  kristallokimyanın gələcəyi  üçün  geniş  imkanlar açmışdır.  

Bundan  başqa X. Məmmədov  enerji  və quruluş anlayışlarının bir  nəzəriyyədə - kəmiyyət  nəzəriyyəsində uzlaşdığını sübut etmişdir. Bu, çox çətin məsələdir. Hətta onu  atomun nüvə  nəzəriyyəsi ilə  müqayisə  edənlər də var.

X.Məmmədov  kristalların quruluşu ilə onların  termokimyəvi  xassələri arasındakı əlaqəni müəyyənləşdirib kimyəvi  birləşmələrin təsviri  üçün yeni  parametr  "Mürəkkəblik dərəcəsi"  təklif etmişdir. "Mürəkkəblik dərəcəsi"  quruluşla  termokimyəvi  xassələr    simmetriya  ilə konfuqurasion  entrapiya  arasındakı əlaqəni  əks  etdirir.

Bundan başqa, o, oxşar kristalların quruluşunu ortaq  motiv axtarışı baxımından analiz  edərək kristallokimya  elminə  "quruluş vahidi" anlayışını daxil  etmişdir. Onun əsas mahiyyəti aydınlaşdırılaraq anlayışa  yeni tərif verilmiş və qeyri-üzvi maddələrin  məqsədli sintezi  məsələsində bu anlayışın aparıcı  ideya olacağı qeyd edilmişdir.

çox maraqlı məsələlərdən biri də X.Məmmədovun  aşkar etdiyi sement -silikatları ilə bir  sıra qeyri-üzvi maddələr - boratlar, karbonatlar, oksiberillatlar, fosfatlar, sulfidlər  və s. arasında quruluş analogiyasıdır. Bəzi  hallarda bu   analogiya identik  quruluş  motivinə qədər gəlib  çıxır. X. Məmmədov  bu araşdırmalar  nəticəsində sement  silikatlarının və onların silikat, qeyri - silikat  analoqlarının yeni  təsnifatını  vermişdir. O, kalsium  silikatlarının  kristallokimyası  sahəsində Qoldşmidtdən, Zaxaryasendən başlanmış  Bernal, N.V. Belov və H.Teylora qədər əldə  edilən nailiyyətləri  öz  ideyaları ilə daha da zəginləşdirərək  sement  minerallarının bağlayıcılıq xassəsi  ilə quruluş xüsusiyyətləri arasında korrelyasiya   müəyyən  etmişdir.

Bu sadalanan samballı elmi nəticələrlə X. Məmmədov, C.Bernaldan  və N.V.Belovdan sonra kristallokimyanın ümumi nəzəri  problemlərinin həlli sahəsində dünya  lideri  səviyyəsində qalxmışdır.

Beləliklə, X. Məmmədov  şəxsində elm bir  tərəfdən silikat quruluşlarını dərindən  bilən istedadlı quruluşçu-eksperimentator, digər  tərəfdən isə kristallokimya  sahəsində nəzəri  məsələlərdə  və kristal  quruluşları haqqında  fiziki nəzəriyyənin yaradılmasında xüsusi zövqü, qeyri- adi fəza  təsəvvürü  və güclü erudissiyası olan  bir  alim qazanmışdır.

- Keçən əsrin 60-70-ci  illərində dünya  elmində  görkəmli  kristalloqraf kimi  tanınan Xudu Məmmədovun digər bir istedadı üzrə çıxdı. Dəqiq elmlərlə  xalq  sənətinin, poeziyanın, musiqinin qoşa  qanad  kimi ayrılmazlığından bəhs  edən  publisist  yazılar, böyük heyrətə  səbəb oldu. O  vaxt mən "Ədəbiyyat və incəsənət" qəzetində işləyirdim. Onun bu  qəzetdə  çap olunan "Qoşa qanad" adlı silsilə yazılarına gələn çoxsaylı oxucu  rəylərinin,oxucu zənglərinin  şahidi  olmuşam. Sonralar bu yazılar əsasında  hazırlanan   "Qoşa qanad"  stolüstü  kitaba çevrildi.

Xudu müəllim hələ 70-ci  illərdə quruluş  təhlilində ekspert  sistemlərindən, kompyüter texnologiyasından istifadə  etməklə dünya  elmində professorlar Lütfi Zadənin, Rafiq Əliyevin adı ilə bağlı qeyri-səlis məntiqi  fəhmlə hiss etmişdir. Ona  görə  də o, dünyamızın dərk olunmasına daha  geniş  spektrdən yanaşırdı.

Elmlə  sənətin əlaqəsi, onların idrak prosesində rolu  haqqında ta qədimdən üzü  bəri, müxtəlif cəmiyyətlərdə  müəyyən baxışlar söylənilmişdir. Xudu müəllim deyilən  fikirlərin köhnəlməsinə  görə  yox, məhz sualın yeniləşməsi baxımından məsələyə təkrar  yanaşmış, öz fikir "laboratoriyasında"kı düşüncələrini "Qoşa qanad"   əsərində ümumiləşdirmişdir. Əsəri Xudu müəllim "sənət pərəstişkarı bir  təbiətçinin  baxışı" adlandırsa da mənə elə  gəlir  ki, o, elmi araşdırılmasını gözləyən maraqlı bir tədqiqat  obyektidir.

Xudu müəllim kitabda "Elm nədir?",  "Sənət  nədir?", " Sənətlə elm bir-birini necə  tamamlayır?" suallarına orijinal  cavablar axtarmaqla, alınacaq cavabların, onların  hər  ikisinin inkişaf yoluna işıq  salmasına çalışmışdır.

Xudu müəllim  bu əsərdə göstərir  ki, elm, bilik sənətkara ağlın  gözü  ilə  görünən aləmin  üfüqlərini  açır, sənətin  inkişafı  isə dünya elminin tərəqqisini  insanlığın xeyrinə  yönəltmək  üçündür. Ağıl və hiss əsasında  formalaşan " elm və  sənət insan mədəniyyətini  yüksəklərə qaldıran  qoşa  qanaddır". "Elm - duyğu  çalarlı fikir, sənət-fikir  çalarlı duyğudur" Uçuş, yüksəliş  hər iki  qanad eyni  qüvvədə  olduğu  zaman  mümkündür.

Elmlə  sənət arasındakı bağlılığın əyani  izlənməsi  kimi kristalloqrafik naxışların yaranmasının xarakterik cəhətlərini araşdıran Xudu müəllim ,  "Naxışların  yaddaşı" kitabında  sübut edir  ki, kristalloqrafik  naxış  yaradıcılığı  eramızdan öncə ən çox türk xalqlarında geniş yayılıb. Sibir, Altay, Orta Asiya,  Türkiyə, İran, və Azərbaycanda  aparılan arxeoloji araşdırmalar bunu sübut edir. Naxış  ustalarının yaradıcılıq  prinsipləri mahiyyətcə təbiətin yaradıcılığı  prinsipləri  ilə eynidir.Yəni, qədim ustalar  təbiətin  yaradıcılığında forma - məzmun  birliyinin qanunauyğunluqlarını  ümumi  şəkildə duyub  naxış  yaradıcılğında buna  əsaslanıblar. Ona  görə  də kristalloqrafik naxışlarla kristalların daxili  quruluşu arasında bir  oxşarlıq  vardır.

Uzun  illər  öyrəndiyi kristalların  quruluşu ilə  xalq sənəti arasında  aşkar  etdiyi bu  uyarlıq Xudu müəllimi hədsiz  təəccübləndirmiş, bu  təəccüb hissi  ilə  o, xalq  sənətimizin qramatikasının  yazılması ideyasını irəli  sürmüşdür. Bunun  üçün  o, xalq  sənətımizin  quruluşunu öyrənmiş, onun  vizual   və qeyri - vizual növləri  arasında  ortaq  cəhətləri: dəyişməz xüsusiyyətləri müəyyənləşdirməyə  çalışmışdır.

O, bu  tədqiqatları davam etdirərək yeddi  notu yeddi rənglə əvəz  edib, muğamlarımızda, xalq musiqimizdə  musiqi  ilə rəngin  ahəngini  yaratmış və bu ahənglə  qədim  palaz, kilimlərimizin çeşniləri  arasında bir  oxşarlıq olduğunu  göstərmişdir.

Xudu müəllim bu sahədə   apardığı tədqiqatları ümumiləşdirərək müəyyən  etmişdir  ki, xalq sənətimizin  bütöv növləri -naxış yaradıcılığı, memarlıq, rəssamlıq, musiqi  eyni  kökdən yaranmışdır  və bu  kök  təbiətin  özüdür. Xalq  sənətimizin  dəyişməz  xüsusiyyətini  həndəsilik,  simmetriya qanunlarından mürəkkəb  şəkildə istifadə, mücərrəd  fiqurlar  və rəng  kompoziyası  təşkil edir.

Türk xalqlarının  sənətə münasibəti başqa xalqlardan fərqlənir. Hər cür naturaçılıqdan qaçmaq, fikri müxtəlif simvollarla, həndəsi fiqurlarla ifadə etməklə sonsuz sənət əsəri yaratmaq meylləri onlara xasdır. Bu məsələ ilə əlaqədar Xudu müəllim "Fonsuz təsvir formalarının  təşkili"   prinsipini  vermişdir. Müstəvini, həndəsi fiqurlarla doldurarkən fon olmur. Daha doğrusu, fon özü də fiqur  rolunu oynayır.Beləliklə, çoxmərtəbəlik, çoxqatlıq əmələ gəlir ki, bu da sonsuzluq deməkdir - təbiətə işarədir.

- Sizi bu kitabı yazmağa sövq edən hiss, həvəs haradan başladı?

- Bilirsiniz, çox elmlər  doktorları,  professorlar, akademiklər  ola bilər. Ancaq mən deyərdim  ki,  Xudu müəllim  türk  dünyasında bir  fenomendir. O, görkəmli  kristalloqraf  olmaqla yanaşı həm də görkəmli vətəndaş - ziyalı  idi. Onun  vətəndaşlıq, ziyalılıq haqqında xüsusi  konsepsiyası  vardır. Demək  istəyirəm  ki, o, tək  elmi nəticələrinə  görə xalq  məhəbbətini  qazanmamışdır. Hər  il  anım  günü  Xudu müəllimin  qəbri ziyarət  olunur. Bu  ziyarətlərin birində xalqımızın istəkli  şairi Bəxtiyar Vahabzadədən  eşitdiyim  bir  fikri nəzərinizə  çatdırmaq istəyirəm. O, dedi: " Sirillahı işdir ki, heç bir mötəbər  vəzifə sahibi olmayan bir şəxs bu qədər  ümumxalq məhəbbəti qazansın".

Xudu  müəllimin iti  ağlı və güclü  təfəkkürü vardı. O, elmin çox sahələrində tədqiqat problemlərinin  istiqamətini müəyyən  edən tezislər  vermişdir. Mən  Xudu  müəllimlə  üzbəüz  1973 - cü ildə  tanış  olmuşam. Lakin  ona  qədər onu televiziya verilişlərindən, "Elm və həyat" jurnalından və  qəzet  məqalələrdən izləyirdim  və bu  işıqlı  şəxsiyyəti  özümə  ideal  hesab  edirdim.

Yaddaşlara  hopub  yaşayan Xudu müəllimin  tam  portretini həyatı  faktlarla sadalamaqla  yaratmaq  çox  çətindir. Lakin onun anlaşıla bilən şəkildə gələcək  nəsillərə çatdırılması üçün haqqında yazılar yazmaq, söz  demək,  fikir söyləmək nəinki lazımdır,  hətta çox  gərəklidir.

Bu  məqsədlə də mən Xudu müəllimlə  bağlı  bildiklərimi, eşitdiklərimi  və aktiv müşahidələrimlə  öyrəndiklərimi  janrı haqqında  heç  fikirləşmədiyim  bir  kitab  şəklinə  salmaq istədim.Bunu özü də  bilirdi. Mən  necə  məsuliyyətli bir  işə  girişdiyimi  bilirdim. Lakin  qəlbimdə  Xudu  müəllimə  olan  sevgiyə, səmimiyyətə  güvənib, bu  məsuliyyətdən qorxmadım.

- Çiyninizdə  hansı  mənəvi  borcu  hiss  edirsiniz?

Mənim  fikrimcə  borc  çox məsuliyyətli  sözdür.  Verilişə də seçdiyimiz  "Borc" adı çox uğurlu səslənir.

Mənim  hələ orta məktəbdən  müəllim  sarıdan  bəxtim  gətirib. Onlar  arasında  işıqlı  təfəkkür sahibləri həmişə  olub.  Madam  ki,  söz  borcdan  düşdü  mən orta  məktəbdə  kimya  müəllimim Hüseyn Şirinovun, namizədlik  dissertasiyamın  rəhbərləri AMEA-nın müxbir üzvləri,  mərhum professorlar Paşa Rüstəmovun, Telman Qurbanovun  adlarını  çəkməyə  bilmərəm. Bilirsiniz, bu ifadə bilmirəm    dərəcədə düzdür. ürəkdən gəldiyi üçün ehtiyat  etmirəm. Səmimiliyinə inandığım üçün deyirəm. Elə bilin  o, müəllimlər  elmə  gözümü  açıb, Xudu  müəllim  isə  ona işıq verib.

Mən bu şəxsiyyətlər qarşısında  həmişə özümü  mənəvi cəhətdən  borclu hesab edirəm və elmə nə vermişəmsə, onların zəhməti nəticəsində vermişəm.

Ola bilsin ki, bu mövzuya gələcəkdə bir də qayıdım.  özünüz  bilirsiniz  ki,  mən  yazıçı  deyiləm.  Bu kitab  elmi - publisistik  bir əsər  hesab olunur.  İndiki  təfəkkür  tərzimə  uyğun  nəyi  bacarmışamsa,  onu da  eləmişəm  və bu  kitabı  ərsəyə gətirib,  oxuculara  təqdim  olunmasını  da  həmin  mənəvi borclardan  biri  hesb  edirəm.

- İxtiyar müəllim, söhbətimizin sonunda yaxşı olardı  ki, öz elmi fəaliyyətiniz haqqında qısa da olsa  məlumat verəsiniz.

- Mən  bu  sualdan  çox  vaxt  qaçıram. Bir dəfə  demişəm  indi    deyirəm. Bizdə  nədənsə elmi  işçilərin  elmə  verdiyi töhfələrdən çox  az danışılır. Bəlkə  yanaşma  düz  deyil. Xaricdə, elə Rusiyada  bu sahəyə  çox fikir  verilir, müxtəlif  silsilə  verilişlər  həsr olunur, konfranslar  keçirilir və s. Bizdə isə belə  deyil. Məsələn,  məndən də çox elmə töhfə verən adamların  çoxu  heç  yada  düşmür. Ona görə adamın öz  işi  haqqında  özünün  danışmağı bir qədər çətin olur. Madam  təkid edirsiniz  bir-iki  kəlmə deyərəm.

Mən  namizədlik dissertasiyamda  oksisulfid sistemlərində faza  tarazlığının  tədqiq  olunması, hal  diaqramlarının qurulması,  yeni  fazalarının xassələrinin  öyrənilməsi  ilə məşğul  olmuşam.  Doktorluq  dissertasiyamda  isə bu  hal  diaqramlarında  baş  verən çevrilmələrə quruluş  kimyası  baxımından  yanaşmışam. Bu  da elmdə  yeni  bir  istiqamətdir. Hazırda doktorluq  dissertasiyamda  aşkar  edilən  elmi  suallar  əsasında  tədqiqat  işini planlaşdırmışam.

Nəzərinizə çatdırım  ki, qeyri- üzvi materialşünaslıqda  məqsədli  sintezin, sintez  texnologiyasının təşkilində  faza  tarazlığının  öyrənilməsi, likvidus  səthinin proyeksiyasının qurulması ilkin şərtlərdəndir. Lakin bu tədqiqatlardan alınan  nəticələr  prosesin necə getdiyini göstərsə  də, niyə sualına  cavab verə bilmir. Başqa sözlə, prosesi doğuran səbəbləri bilmədən onu idarə etmək, istiqamətləndirmək  qeyri  mümkündür. Bunun üçün  tərkib - quruluş- xassə asılılığı öyrənilməlidir. Hazırda bu sahədə tədqiqatlarımızı  davam etdiririk. Rəhbərlik etdiyim laboratoriyada 22  elmi  işçi çalışır. Onlardan dördü aspirantdır. Bu qədər

- Maraqlı  müsahibə  üçün təşəkkür  edirəm.

 

 

 

Dinlədi: Telman QARAYEV

Təzadlar.- 2010.- 9 dekabr.- S.7