ŞƏRƏFLİ VƏ İŞIQLI ÖMRÜN 75 İLİ

 

Oxucuya təqdim etdiyimiz yazıda iqtisadçı alim, kamil pedaqoq və tanınmış şair Əjdər Qiyaslının (Əsgərovun) "Dünyanı yaşadan günəş" kitabı haqqında qeydlərimizlə yanaşı, şairin özü barəsində də fikirlərimiz yer alıb. Pedaqoq şairin həyatda necə tanıdığımızı onun şəxsində müşahidə etdiyimiz və görüb - duya bildiyimiz bəşəri məziyyətlərini oxucularla bölüşmək istəyirik.

Əjdər Qiyaslı 1935-ci il dekabrın 13-də Ağdamın axar-baxarlı gözəl guşələrindən birində - bağlı-bağatlı Qiyaslı kəndində anadan olub. O, orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1955-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Orada təhsilini başa çatdırdıqdan sonra ömrünün müəllimlik və elmi fəaliyyətini bu qocaman ali təhsil ocağı ilə bağlamışdır.

Tanınmış iqtisadçı alim, bəşəri duyğulu, istedadlı şair Əjdər Qiyaslı ömrünün 46 ilini elmə, təhsilə və ədəbi yaradıcılığa həsr etmişdir. O, iqtisadiyyatın aktual problemlərinə dair 150 elmi əsərin, o cümlədən 7 kitabın, çoxsaylı publisist məqalələrin və bir sıra populyar mahnı mətnlərinin müəllifidir.

Əjdər Qiyaslı hazırda Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə-2" kafedrasında dosent vəzifəsində işləyir. O, ömür payının qiymətli 46 ilini gənclərimizin mənəvi və elmi kamilləşməsinə, onlarda iqtisadi təfəkkür aşılanmasına sərf etmiş və indi də etməkdədir. İqtisadçı alim, gözəl şair, kamil pedaqoq Əjdər müəllim poeziya ilə fikrini, duyğularını ifadə etdiyi kimi, müəllimliklə də elmini tələbələrinə aşılayır, ziyasını onlardan əsirgəmir. Onun özünün dediyi kimi    "Mənim ən ali məqsədim odur ki, müasir Azərbaycan gəncliyi, xüsusən də ali məktəblərimizdə təhsil alan bütün gənclərimiz vətənimiz üçün layiqli, gərəkli vətəndaş olsunlar. Əjdadlarımızın bizə əmanət qoyub getdikləri Vətən torpaqlarımızın qeyrətini, millətimizin namusunu hifz etsinlər".

Bu yerdə görkəmli Şərq mütəfəkkiri Əbu Nəsrinin sözlərini xatırlamaq yerinə düşər. Əbu Nəsr belə deyib: "Əgər sənin planın bir illikdirsə buğda ək, on illikdirsə ağac böyüt, yüz illikdirsə İnsan tərbiyə et". Kəlamdan göründüyü kimi müəllimlik sənətinin bütün ağırlığını, yükünü məsuliyyətini daşıyan Əjdər müəllim sevib-seçdiyi şərəfli müəllimlik sənətinə daim sədaqətlə xidmət göstərmişdir. Şərəfli və çətin əməyini, məhsuldar elmini, dərin biliyini gənclərimiz və tələbələrimizdən əsirgəməyən dəyərli şəxsiyyətdir.

Əjdər Qiyaslı daim yaradıcılıq axtarışında olan, yeni bəşəri ideyalar tərənnüm edən əsl sənətkardır. Onun "Dünyanı yaşadan Günəş" kitabında hörmətli akademiklərimiz Kamal Talıbzadə, Adilə Namazova, Cəmil Quliyev, Asəf Nadirov, proffesor Qabil Manafov, dosent şair-tərcüməçi Vahid Ərəbov şairin yaradığılına yaxından bələd olduqlarını bildirmiş, poeziyasına  xüsusən də adıçəkilən kitabında işıq üzü görmüş "Dünyanın Himni" şerinə yüksək qiymət vermişlər. Sözün qədrini, qiymətini, sehrini çox gözəl bilən elm xadimlərimiz "Dünyanın himni" şerini poeziyanın nadir tapıntısı, bəşəriyyətə xeyir-dua bəxş edən sənət əsəri, onun müəllifini həmin Himni yazan ilk şair kimi dəyərləndirmişlər.

Əjdər Qiyaslı yüksək mənəvi keyfiyyətləri, sözü ilə işinin düz olması, Vətənə Və Torpağa Fədəkarlığı, duz-çörəyə, dostluğa sədaqəti ilə tanınan əsl şəxsiyyətdir.

Onun əməli işləri məlum olmayan, məslək və əqidəsini dəyişənlərdən tam fərqli olan mənalı və şərəfəli ömrü bizlər üçün örnək ola bilər. Qeyd etməyim yerinə düşər ki, vaxtilə Əjdər müəllim gənclik illərində "Azərbaycan Gəncləri" qəzetində "İqtisadi bilik bolluğun açarıdır" başlığı altında silsilə məqalələri çap etdirmişdi. Alim ictimai fəaliyyətini üstün tutaraq onu təsərrüfatçılıqla bağlı problemlər düşündürür və ciddi narahat edirdi. çünki, alim torpağına olan məhəbbətini quru sözlərlə, boş vədlərlə demirdi, əməli işi ilə göstərirdi. O, bu məqsədlə 1987-ci ildə Bərdə rayonunda "İqtisadçılar məktəbi" yaratmış, orada təsərrüfaçılığın fəaliyyətini dərindən araşdırmış, onların rentabelli işləməsinə kömək edən praktiki əhəmiyyətli təklifləri lazımi səmərə vermişdir. İqtisadçı alimin qarşısına qoyduğu məqsəd o idi ki, sevdiyi torpağın barı-bərəkəti bol olsun, çəkilən zəhmətlər hədər yerə getməsin, sadə zəhmət adamları çəkdikləri zəhmətinin barını-bəhrəsini görə bilsinlər. Göründüyü kimi alim şəxsi mənafeyinin əsiri olmamış, doğma torpağının, ölkəsinin qayğıları ilə yaşıyb-yaratmışdır. Elə bunun nəticəsidir ki, Əjdər müəllim elmi-tədqiqat işlərini durmadan davam etdirərək iri həcmli "İqtisadi nəzəriyyə", "İqtisadi təlimlər tarixi"  dərsliklərinin müəlliflərindən biridir.

İqtisadçı alimin yetişdirdiyi kamil iqtisadçı kadrlar arasında tanınmış mütəxəssislər müxtəlif sahələrdə uğurla çalışırlar. Onların arasında neçə-neçə elmlər namizədi və elmlər doktorları da vardır.

Pedaqoq alimin zəngin və mənalı həyat yolunun öyrənilməsi göstərir ki, onun elmi, pedaqoji və ədəbi yaradıcılığına verilən yüksək qiymətlər, habelə dəyərli sözlər ürəkdən gəlir, xüsusi bir könül xoşluğu yaradır. çünki onun yaradıcılığının zəngin bioqrafiyasının "mayası", "xəmiri" halal zəhmətlə, elm və bədii axtarış tərilə "yoğrulmuşdur".

Əjdər müəllimin yaşının 70-ə çatmağına baxmayaraq, o bir kəsə əziyyət verməyərək, başqasının köməyinə qıymadan təkbaşına seçkiöncəsi eli-obası ilə bütün görüşlərə piyada gedib-gələrdi. Gəlin öz-özümüzə sual edək, kim ömrünün ahıl çağında  belə edərdi? Elini, obasını öz canıtək sevən bir alim-şair.

Sadəliyi, səmimiliyi, mehribançılığı ilə hər zaman seçilən Əjdər müəllim həyatına beləcə zinət verdi, şərəfli müəllimlik sənətinə, Xalqının əsl övladı olmaq adına daim sadiq qaldı. O, saflıq, xeyirxahlıq rəmzi, zəngin mənəviyyat sahibi kimi ad-san qazanıb.

Açıq etiraf etməliyəm ki, Ulu Tanrı insan üçün gərəkli olan nə varsa onu Əjdər müəllimdən əsirgəməyib. Bənzərsiz Qarabağdan süzülüb gələn şirin ləhcəsini, gülər üzlü, xoş rəftarını, şux və alicənab yerişi, duruşu, oturuşu, ürəkdən gələn duzlu söhbətləri adama ruh və təravət verən nurlu siması, işıqlı sifəti, boğazdan yuxarı olmayan qonaqpərvərliyi Ulu Tanrı ona bəxş edib. Ona görə də şair Əjdər Qiyaslı "Sənin kimi gözəl bir Allahım var" şerində heç də əbəs yerə "çarə eləyirsən min cürə dərdə", "Yaratdığın qədər şükür edirəm ki", "Dünyada Ən yuksək ucadan - uca sənin kimi gözəl bir Allahım var" - deyərək şeirini də, canını da dünyadan hər şeydən yüksəkdə və uca dayanan Allaha qurban deyərək Uca Rəbbin qarşısında halal və əsl şükürlü İnsan olmağını, mənəvi dünyasını oxucularına göstərməkdədir. Şair iki dəfə müqəddəs Məşhədi ziyarət etmişdir. 

Şairin sözlərinə tanınmış bəstəkarlarımızın bəslədiyi bir çox mahnılar var ki, bu gün də dinləyicilərin ruhunu oxşayır. Onun sözlərinə yazılmış mahnılar içərisində "Vətən üçün" mahnısı Radio və Televiziya verilişləri komitəsinin mükafatına layiq görülmüşdür.

İqtisadçı - alim, şair, pedaqoq, müəllim Əjdər Qiyaslının haqqını Tanrı verdiyi halda, yerdəki ixtiyar sahiblərinin verməsi Allaha da xoş gedər.

Şair qəlbində ümidlə gəzdirdiyi ulu bir arzusu var: Eşq ilə, ilhamla yazıb - yaratdığı "Dünyanın Himni" şeirinə bəstələmiş şərqisi BMT- nın iqamətgahında səslənəydi. Prezidentlərin görüşündə, beynəlxalq məclislərdə həmin himn daim əbədi dostluğu, qardaşlığı, firavan həyatı şairin özünün dediyi kimi əmin - amanlığı Bütün Dünyaya bəxş edəydi.

Savablı və işıqlı ömrünü  cavanlıq eşqi ilə yaşayıb-yaradan Əjdər müəllim, 75 yaşınız mübarək!  

 

 

Təzadlar.- 2010.- 14 dekabr.- S.15.