Göyçə aşıq sənətində musiqi ifaçılığı

 

Azərbaycan aşıq sənətindən danışarkən həmişə bütün bölgələr arasında ilk növbədə Göyçə yada düşür. Bəlkə də bu, Ələsgər böyüklüyü, Ələsgər ucalığı ilə bağlıdır, daha dəqiq desək, bütöv aşıq sənətinin zirvəsi ilə. Amma bir həqiqət də var ki, Göyçə aşıq bölgəsi tarix boyu həmişə bütün regionlar arasında öz dəst-xətti və bir növ, aşıqlıqda avanqard rolu ilə seçilən bir bölgə olub. Bir qədər də dəqiq desək, aşıq sənətinin sənət statusu qazandığı bütün tarixi dövrlərdə. Təbii ki, hər zamanın və cəmiyyətdə mövcud olan ictimai-siyasi, elmi-dini və mədəni durumunun tələblərinə uyğun olan bir formada. Ona görədir ki, biz hər zaman Göyçə aşıqlarının yaradıcılıqlarında məhz bu sosial amillərin inikasını görürük. Belə ki, sufi-təsəvvüf dünyagörüşünün təbliğindən tutmuş dünyanın ən qaranlıq və möcüzəli sirlərinin şərhinə və nəhayət, haqq-ədalət uğrunda çırpınan sənətkar ürəyinin istəyinə qədər. Bunlar hamısı Göyçə aşıqlarının yaradıcılıqlarında tarix boyu həmişə təcəssüm etmişdir.

Təbii ki, həmin dövrlərdə Göyçə aşıq bölgəsi ilə yanaşı, digər aşıq bölgələri də mövcud idi və inkişaf edirdi. O cümlədən Gəncəbasar, Borçalı, Naxcıvan, Dərələyəz və digər bölgələr. Onu da etiraf etmək lazımdır ki, Göyçə aşıq sənəti Şirvan bölgəsi istisna olmaqla tarix boyu Quzey Azərbaycanın bu bölgələrinin hər birinə öz müsbət təsirini göstərmişdir. Bəzi bölgələrdə bu təsirin əlamətləri bu gün də özünü göstərməkdədir. Məsələn, Kəlbəcər, Gədəbəy və bir çox bölgə aşıqlarında hər an görünən, hiss olunan əlamətlər məhz Göyçə məktəbinə bağlılığın nəticəsidir.

Ona görə də Göyçə aşıq məktəbinin tənəzzülü ilə ətraf aşıq bölgələrində də aşıq sənətinin tədricən zəifləməsi müşahidə olundu. Xüsusilə, Göyçə aşıq bölgəsi ilə bilavasitə əlaqəli olan bölgələrdə. O cümlədən Kəlbəcər, Dərələyəz, Gəncəbasar və digər bölgələrdə. Təbii ki, Şirvan və Borçalı aşıq bölgələri istisna olmaqla. Bu proseslərdə Şirvan bölgəsinin uzaqlığından əlavə, digər səbəblər də var idi ki, o da hamımıza məlumdur. Belə ki, Göyçə və Şirvan aşıq bölgələri arasında elə əvvəllər də heç bir sənət əlaqəsi olmamışdı. Elə bu gün də yoxdur. Yalınz aşıq ədəbiyyatına, dastan, şeir yaradıcılığına bağlılıqdan savayı. Lakin bir çox mütəxəssislər, o cümlədən mənim əziz dostum Məcnun Göyçəlı Quzey Azərbaycanda iki aşıq məktəbinin olduğunu iddia edir. Onun təbirincə, bunlardan biri Göyçə, digəri isə Şirvan aşıq məktəbidir. Mən əziz dostumun sözünə təəccüb etməyə bilmirəm. çünki bu bölgələr haradan məktəb ola bilərlər ki, bu gün Azərbaycanda mövcud əlverişli şəraitin olmasına baxmayaraq, aşıq sənəti vahid proqramlı bir məktəbin yoxluğu ucbatından iflasa uğrayır. Daha dəqiq mənada dağılır. Bu gün aşıq sənətindən başqa hər bir sənət növünün dövlət səviyyəli, vahid proqramlı bir məktəbi var. Digər tərəfdən, görəsən, dostum necə düşünür? Yəni əsl məktəb nəyə deyir? Misal üçün, Lomonosovun adını daşıyan universitetə, yoxsa böyük alimin doğulduğu el-obaya, kəndə, ya da balıqçı daxmasına? O ki qaldı Şirvan bölgəsinə, mən başa düşə bilmirəm, məgər Şirvan aşıq bölgəsidir ki, bir aşıq məktəbi də olsun?! Deməli, bu gün kimsə əlinə saz əvəzinə, yeni bir Avropa aləti, misal üçün, bir saksafon alıb aşıqlıq edəcəksə, belə çıxır ki, bu yeni bir məktəb sayılacaq?! Deməli, Göyçə aşıq məktəbində aşıq sənəti haqqında elmi elitanın təsəvvürü bu səviyyədədir? Ən başlıcası isə, nə az, nə çox, düz on iki il AAB-yə rəhbərlik etmiş təcrübəli ziyalı bir mütəxəssisin.

O ki qaldı Borçalı aşıq sənətinə, bu haqda əvvəlki yazılarımızda ətraflı şərh vermişik. Bu haqda əlavə izaha ehtiyac yoxdur. Ona görə də Borçalı aşıq sənəti haqqında yalınz onu demək istərdim ki, bu, Azərbaycan aşıq bölgələri arasında aşıq musiqisinin peşəkar qaydada ilk və ən yüksək səviyyədə inkişaf etdiyi yeganə bölgədir.

Göyçə Qafqazın digər aşıq bölgələri kimi, təkkə kökənli bir sənət ocağıdır. İlkin olaraq sufi-dərviş, daha doğrusu, Miskin Abdal ocağından bəhrələnmişdir. Lakin bir sənət yolu kimi Göyçə aşıq sənəti Ağ Aşığın fəaliyyəti ilə daha çox bağlıdır. Biz bu mühitdə neçə-neçə haqq aşığının adlarını çəkə bilərik. Lakin biz hadisələrə sırf elmi aspektdən yanaşdığımızdan mifik nüanslara toxunmayacağıq.

Bir qədər dəqiq və konkret desək, Göyçə aşıq mühitində peşəkar musiqi ifaçılığı o qədər də inkişaf edə bilməmişdi. Göyçə aşıq mühiti bəstəçilik baxımından inkişaf etmiş bir mühitdir. Daha doğrusu, üzü Miskin Abdaldan bəri ən azı sadə zümzümələr yolu ilə. Bəzi tədqiqatçılar Miskin Abdalın gözəl saz çaldığını və sazda müxtəlif havalar yaratdığını iddia edirlər. Mən bir mütəxəssis kimi heç kimin sözünə konkret irad tutmaq istəmirəm. Amma XVI əsrdə aşıq musiqisinin hələ inkişaf etmədiyi, intibah dövrünü keçmədiyi və sazın texniki cəhətcə yüksək peşəkar ifaçılıq imkanlarına malik olmadığı bir dövrdə bu fikrə necə haqq qazandırmaq olar. Axı XVI əsrdə hər hansı bir aşıq mahnısının peşəkar qaydada, yüksək səviyyədə ifa edilməsi mümkün deyildi. Bu, olsa-olsa sadə zümzümələr, deyimlər və müəyyən melodik variasiyalardan ibarət sadə mahnı nümunələri ola bilərdilər. çox güman ki, elə-belə də var idi. Sadəcə, Göyçə aşıq mühitində aşıq musiqisi aşağı bir səviyyədə inkişaf edirdi və o dövr üçün bu, böyük nailiyyət idi. Daha doğrusu, qənaətbəxş idi. Xüsusilə, Miskin Abdaldan tutmuş böyük sənətkar aşıq Alıya qədər sənətkarlar gözəl havalar bəstələyirdilər. Lakin Göyçənin peşəkar musiqinin pərvəriş etdiyi şəhər mühitindən, o cümlədən o dövrlər üçün böyük bir mədəniyyət mərkəzi olan Tiflis musiqi mühitindən uzaqlığı burada musiqi ifaçılığını inkişafdan xeyli dərəcədə ləngidirdi. Digər tərəfdən, Göyçə mühitində aşıq ədəbiyyatı çox yüksək səviyyədə inkişaf etmişdi. Yəni bölgədə ədəbi mühit çox böyük nüfuza və təbii ki, təsir gücünə malik idi. Bir qədər bayağı səslənsə də, hamının fikri şeirin, dastanın yanında idi. Bütün bunlar musiqi ifaçılığını bir qədər arxa plana keçirirdi. Yalnız bəzi səsli aşıqlar bu sahədə bir qədər fərqlənirdilər. Onlar da melodik tərzdə oxumaqla deyil, süni hayqırtılı, qışqırtılı səslərlə. Göyçə bölgəsində bu cür keyfiyyətlərinə görə seçilən aşıqlar çox olub. Kimi öz güclü səsi ilə divardakı otuzluq lampanı söndürüb, kimi də taxcadakı çillə qarpızını salıb və s. çox təəssüflər olsun ki, bu sənətkarların heç biri melodik və xoş avazla oxumaqla yadda qalmamışdır. Yalnız faciəli ölümü bu gün də qəlbimizi göynədən daşkəndli aşıq Nəcəfdən başqa. Ustadların dediyinə görə, aşıq Nəcəfin çox məlahətli səsi var imiş. Nəcəf oxuyanda ona qaniçən kafir övladları da qulaq asarmışlar.

Əslində Borçalı aşıq bölgəsi istisna olmaqla, tək Göyçə deyil, ətraf bütün bölgələrdə də aşıq sənəti eyni qayda ilə inkişaf edirdi. Daha doğrusu, peşəkar musiqi ifaçılığı baxımından. özü də çox zəif. Yəni yuxarıda da dediyimiz kimi, o zaman dinləyicinin estetik tələbi bu səviyyədə idi. Dinləyici aşıqdan daha çox maraqlı dastan və ya bədahətən deyilmiş şeir istəyirdi. Havacatın yüksək melodik ifa tərzinə o qədər də fikir verən yox idi. Ona görə də Göyçə aşıq mühitində aşıq musiqisinin yüksək peşəkar normalarla ifasından söhbət belə gedə bilməzdi. Digər tərəfdən, balabanın Göyçə aşıq sənətinə ayaq açması bu istiqamətdəki azlı-çoxlu inkişafı daha da zəiflətdi. Daha doğrusu, aşıqların üzərindən saz çalmaq məsuliyyətini tamamilə götürdü. Aşıqlar balabana ümid olub bir qədər də arxayınlaşdılar. Eyni qaydada da Borçalı bölgəsi istisna olmaqla, bütün aşıq bölgələrində məhz bu cür proseslər gedirdi. Bir qədər qəribə səslənsə də, böyük ustad aşıq Ələsgərin bu bölgədən olması bir tərəfdən burada aşıqlığa kütləvi bir maraq yaradırdı. Yəni uşaqdan böyüyə qədər hamı aşıq sənətinə maraq göstərirdi. Lakin bununla yanaşı, Göyçə aşıqları aşıq Ələsgərin varlığından və böyüklüyündən, daha dəqiq desək, adına görə bir arxayınlıq hissi keçirirdilər. Bir müəllif olaraq mənim səmimiyyətimə inanın ki, tarixdə belə hallar çox olub. Bir vaxtlar Borçalıda da bəzən aşıq Ağacana bu gözlə baxıblar. Həqiqət naminə deyirəm, bəzən quru təkəbbür bir çox Göyçə aşıqlarını yollarından daha çox azdırırdı. Yəqin ki, bir fakt kimi bu oxucular üçün də maraqlı olar. Bəzən qarabağlı olub muğamatdan xəbəri olmayanlar da özlərini muğam bilicisi hesab edirlər. Guya qarabağlı olmaq muğamatı əzbər bilmək deməkdir. Yəni belə bir yanlış təsəvvür bütün bölgələrdə var idi. O cümlədən də Göyçə əhalisi arasında. Kimsə göyçəlidirsə, deməli, o, aşıq sənətini əzbər bilir. O cümlədən də aşıq Ələsəgərin bütün həyat və fəaliyyətindən tutmuş "Koroğlunun Bağdad səfəri"nə qədər.

Göyçədə Ələsgəri bilmək ən ali bir məktəbi qalib bitirmək kimi hesab olunurdu. Ona görə də bütün fikirlər yalnız ədəbi yaradıcılıq üzərində cəmləşirdi. Musiqi ifaçılığının inkişafına isə fikir verən yox idi. Ən zəngin aşıq o aşıq hesab olunurdu ki, çoxlu dastan, şeir və dini rəvayətlər bilsin. Maraqlıdır ki, XIX əsrin axırları aşıq musiqisi ifaçılığının intibah dövrü belə, Göyçədə bu tendensiya davam edirdi və musiqi ifaçılığı hələ də inkişafdan kənarda qalırdı. Hətta Gəncəbasar aşıqlarının bəziləri, o cümlədən aşıq Mirzə Baramovun Tiflis mühitində meydan suladığı bir dövrdə Göyçə aşıqları tamamilə peşəkar ifaçılıqdan xəbərsiz qalmışdılar.

 

Ümumiyyətlə, bütün aşıq bölgələrinə bir örnək olan Göyçə aşıq mühitində tarix boyu inkişaf etməyən, yalınz peşəkar aşıq musiqisi ifaçılığı olmuşdur. Göyçə aşıqlarının bəstələdiyi aşıq havalarını isə bir çox digər bölgə aşıqları tərəfindən daha mükəmməl və daha peşəkar formada oxunurdu. O cümlədən də XX əsrin ikinci yarısında böyük sənətkar Gəncəbasar aşıq mühitinin yetirməsi aşıq Əkbər Cəfərov tərəfindən. Məsələn, "Göyçəgülü", "Göyçə gözəlləməsi", "Cəlili", "Şahsevəni", "Nəcəfi" və digər havaları. Bu da bir faktdır ki, bir çox Göyçə aşıqları bu gün də öz səslərini, avazlarını məhz aşıq Əkbərin səsinə, avazına bənzətməyə, daha doğrusu, onun yolu ilə oxumağa çalışırlar.

Bir sözlə, mən bir mütəxəssis olaraq Göyçə aşıq musiqisinin inkişafdan qalmasını bu bölgədə aşıq sənətinə dəyən ilk böyük zərbə hesab edirəm. Təbii ki, Göyçə aşıq sənətinin tənəzzülünün hamamıza məlum olan çox səbəbləri var. Bunlar hamısı məlum tarixi faktlardır. Lakin mən Göyçə mühitində musiqi ifaçılığının primitiv qaydada, daha doğrusu, zəif improvizasiyalarla, yersiz hayqırtılarla, qışqırtılarla, pərakəndə şəkildə inkişaf etməsini, o cümlədən balabanın bu bölgəyə ayaq açmasını bu səbəblərdən ən başlıcası və ən ilkinləri hesab edirəm. Mən bəzən müəyyən yazılarda aşıq sənətinin, o cümlədən Göyçə aşıq sənətinin ünvanına "saz-söz sənəti" deyildiyinin şahidi olmuşam. Ona görə bunu da deməyi özümə borc bilirəm. Qoy bütün alimlər də bunu bilsinlər, "saz-söz sənəti" yoxdur. Bütöv və müqəddəs aşıq sənəti var. Saz-söz sənəti əsasən Qərb bölgəsində sazın müşayiəti ilə toylarda şeir deyən tamada sənətinə deyilir.

Yuxarıda dediymiz kimi, aşıq musiqisindəki bu cür zəif inkişaf tendensiyası tək Göyçə bölgəsində deyil, digər bölgələrdə də mövcud idi. çox maraqlıdır ki, o dövrün ən böyük azman sənətkarları da saz çalıb oxumaqda o qədər imkanlı deyildilər. O cümlədən böyük Ələsgərdən tutmuş aşıq şəmkirli Hüseyn, aşıq Hüseyn Bozalqanlı və aşıq Ağacana qədər. Hətta yarızarafat-yarıgerçək, deyilənlərə görə, bir gün böyük ustad aşıq H.Bozalqanlıdan soruşublar ki, ay ustad, niyə elə bir pərdədə dayanırsan, bir qədər gəzişmirsən? Ustad cavab verib ki, pərdədə gəzişənlər hələ axtarırlar, axtardıqlarını isə tapa bilmirlər, mən isə tapmışam.

Göyçə aşıq musiqisi ifaçılığı haqqında söhbətimi şahidi olduğum maraqlı bir əhvalatla yekunlaşdırmaq istəyirəm. Bu yaxınlarda bir cavan Göyçəli aşığa qulaq asdım. Doğrusu, çox gözəl oxuyurdu. Eyni ilə ustad aşıq Hacının yolu ilə gedirdi. Axırda hamı ondan çox razılıq etdi. Nəhayət, mənim fikrimi soruşdular. Mən isə dedim:

- Çox gözəl oxuyursan, səndən çox yaxşı ifaçı aşıq olar. Amma bir şərtlə ki, aşıq Əmraha, aşıq Kamandara, aşıq Əkbərə çox qulaq asıb öyrənəsən, zənginləşəsən. Amma oxuyanda heç kimə bənzəmiyəsən. Elə öz zövqüncə  oxuyasan. Bax, buna deyirlər sənət.

 

 

Lətif HƏSƏNOV

Təzadlar.- 2010.- 16 dekabr.- S.14.