DAŞ

(poema)

 

 

 

Proloq

Bu təpələr - çal təpələr,

o vaxtlardan lal təpələr,

iki şir qəltən qanına,

başında çaqqal təpələr.

 

 

 

Bu təpələr - lal təpələr,

dərə-təpə, yal təpələr,

cığır-uzun quyruğudur,

görkəmi sual təpələr!

 

 

 

Cığır - uzun quyruğudu,

uyruq - kosa uyruğudu,

oyun - Şeytan buyruğudu -

indi, ölüb - qal, təpələr!

 

 

 

İki şir-qəltən qanına,

fitfalar - Qərbdən - qanana!

Səndə hər şəhid olana,

barı "laylay" çal, təpələr.

 

 

 

Şah Xətaim qəhərləndi,

səmada bayquş hərləndi,

atlar qanla yəhərləndi-

Vətənə halal, təpələr!

 

 

 

Başında çaqqal təpələr,

ayağı qanqal təpələr;

yenilənin - Şah oğlu Şah,

qalibin - cığal, təpələr!

 

 

 

Böyük bir el yaralandı,

param-parça paralandı,

Azərbaycan bazarlandı;

kim oldu baqqal, təpələr?!

 

 

 

Ola bilsin - sən bilmədin,

bilirdi - çaqqal, təpələr...

 

 

"A". SULTAN

 

Sənə Azərbaycan qanı gərəkdi,

yoxsa, Xətainin qılıncı, Sultan?

Axı, kəsdiyimiz halal çörəkdi -

oldu başımızın qaxıncı, Sultan!

 

 

 

Bir, deyən olmadı: "Hara cumursan,

Vanda su qurtarıb, qan somurursan,

Niyə Türk əliylə Türk qırdırırsan"?!

Az idi başının bir tacı, Sultan?

 

 

 

İngilis "namə"də söyləmişdi?

Sənə vəd edib, istəmişdi?

Axı, "Etmə bunu!" sənə demişdi,

qoca bir cingənə baxıcı, Sultan!

 

 

 

Nəfsin - baiskarı çox fəlakətin,

çat verdi Sarayı ulu Dövlətin,

bir ucu bizdədir ağır dəhşətin,

bir ucu sizlərə sancıldı, Sultan!

 

 

"E". Bədnam olunmalı imza

 

Sultan, qonaq gəldi hansı "yarasa",

nələrdən danışdı, nələr oxudu?

"Türkün-Türkdən başqa dostu yoxdusa"-

Ona Türkdən başqa düşmən yoxdu?!

 

Geyinə bildinmi Şah libasını?

Türkü götürməyən Türk gözü oldu,

Dünyanın yarısı -Türk dünyasını,

"hərraca" çıxaran Türk özü oldu!

 

 

 

İndi dediklərim keçmiş "haraydı",

topların məhv etdi birliyimizi,

bəlkə, Xudafərin dağılmasaydı,

"Türkmənçay kəməndi" boğmazdı bizi!

 

 

O, Türk dünyasının başına qaxınc,

bax, hələ kimlərin qanını tökdü?!

Xətai çırpanda - top kəsən qılınc,

Sultan həmləsinə qəh-qəhə çəkdi.

 

 

Sultan yolçusuymuş xain bir yolun,

bu yol - "Türkmənçayda" hökümlü "İmza",

"Gülüstan" adlanan "boyunduruğu",

Türkiyə, "qazandıq" Sultanınızla!

 

 

 

"İ". BEŞ YüZ il...

 

 

Beş yüz il... Bu Vətən indi dirçəlir,

cəhd edir, qaytarsın Türklüyümüzü,

Beş yüz il... bədnam bir savaş iylənir,

qurd kimi gəmirir tariximizi!

 

 

 

Beş yüz il bir millət nələr görərmiş!-

ağlansa - Dünyanın gözün kor edər,

haqqı ucaltmaqçün Cahana gəlmiş,

iki Peyğəmbərin arası qədər!

 

 

 

çürümüş olsan da - məzərdan oyan;

cavab ver - Bəyazid, Teymur, Toxtamış,

cavab ver, Azəri düşməni Sultan,

Türklərin qanını içən Türk, danış!

 

 

 

O vaxt Kərbalada Azəri dili,

Sultan, qanmırdın ki, sənin dilindi?!

İndi Vətəninə "PKK" əli,

uzana bilirsə, günah sənindi!!!

 

 

"I" Daş!

 

...Qəbirdə fırlanma, böhtan atmıram,

savaşa qalxmadım Türklüyə qarşı!

Yox, Səlim, uduzub - yumruq atmıram,

cəhdim, qaldırmaqdır ağır bir Daşı!

 

 

Tarix anlamır: savaşdı ki,

"Qələbə" qüruru öz xalqında yox!

Sultan, bəhs etdiyim - elə Daşdı ki,

altında olanlar - "Topxanada" yox!

 

 

Orda olanlardan - "Xətayi Taxtı",

o "Taxtda" əyləşmək - sənlik deyildi!

Qılıncı istəyib, neynirdin axı?-

Gördüyün - İsmayıl qüdrəti idi!

 

 

 

Döyüşə ordunun önündə gələn,

Şahım - namərdliyə qəzəb doluydu,

topu - pendir kimi ikiyə bölən,

mənim Sultanımın vuran qoluydu!

 

 

 

Sultan, bəhs etdiyim elə Daşdı ki,

Dərbəndi itirtdi, Şuşanı yıxdı,

Araz da qanlardan elə daşdı ki,

hələ İrəvan boğulmaqdadı!

 

 

 

Gəl, düşmən olsan da,verib əl-ələ,

tapaq: "Soy qırımı" kimlərə məxsus!?

hansı od döndərib Ağdamı-külə,

hardadı "Xocalı" adlı bir ulduz?!

 

 

 

Söykən -"Topxanada" yatan Qılınca,

ayıltsın başını Xəzər havası,

Daşın altındakı oxunmayınca,

Türk mutlu olar, Türk dünyası!

 

 

 

 

 

"O". BABƏKİN DOĞRANMIŞ QOLLARI KİMİ

 

 

 

İgidlər torpaqda, səssiz-səmirsiz,

qanlı "çaldıranın" yalları kimi,

sınıq Xudəfərin qəlbimə əzlz,

Babəkin vurulmuş qolları kimi.

 

Tarix-bir zirvədir, suallar-duman,

baxdıqca, cavabsız gözüm qovrulur,

misralar ruhumu çağladan zaman,

ürəyim - soyulan Nəsimi olur.

 

 

Təpiyin bizlərə yamanca dəyib!

hələ , qanayan yaram közərir,

Sultan, gör kimlərim İmdad diləyib,

səndən çox sevdiyim Yurdunda gəzir!

 

 

 

Bir Türk olduğumdan, "qanı" unudub,

düşmənlə bu sayaq danışmaram mən!

Elə düşünmə ki, yaxandan tutub,

təkcə Xətaini soruşuram mən!

 

 

 

Sənə, suallarım çoxdur, elə çox-

şaşırma, cavablar o Daşın altda!

Məni inandırma: "özgə əli yox,

Türklüklə saldığın savşın altda".

 

 

 

Nədən hücum çəkdin Azərbaycana,

sən ki, şahlar-Şahı olan deyildin!

Niyə bənzəmədin Fateh Sultana,

məgər, sən həmin qandan deyildin?!

 

 

 

Məgər, görmürdün ki, Xətai-Şahdı,

sənin dar günündə dayaq deyildi?!

Dünyanı fəth edən məğrur Bayrağı,

Türklük rəmzi olan Bayraq deyildi!?

 

 

 

Qaldıraq o Daşı, onun yükündən

kor gəlib, kor gedən nəsillərim var,

qışa, yaza bənzəyə bilən,

meyvəsi qan sızan fəsillərim var!

 

 

 

O Daş məhv eləyib Hüseyn Cavidi,

Gəncə Qapıları o Daşın altda,

Müşfiq yaşasaydı, mən kimidim ki-

bu yaşda əllərim yaxandan tuta!?

 

 

 

Səlim,Türkün çoxu tanımır səni,

inan, tanıyan da baxar iradla,

amma, Qara dəniz indiyə kimi,

oxuyub, çırpınar Əhməd Cavadla!

 

 

Daha, olan - olub, umu-küsü?

yaxşı ki, Bir Millət - İki Vətən var!!!

Arazı coşdurdu "ümid körpüsü"-

öndərim Heydərlə - Böyük Atatürk,

Körpünün üstündə qolboyundular!

 

 

 

 

 

EPİLOQ

 

Azadlıq elə bir möcüzədir ki,

bülbül, kaş bircə yol onu duyasan!

Nəin ki, qızılgül sevən qəlbini,

hətta, özünü unudar insan!

 

 

Mən onun canımla duydum dadını,

duydum Xəzərimin dalğalarında,

duydum görən zaman gözəl xalqımı,

qədim Bakımızın Baş meydanında!

 

 

 

Duydum, çevirdikcə xatirələri,

gözümnən həsrətli sellər axanda,

Vətən Sərhəddində Vətən Əsgəri,

yaşıl Pasportumu açıb-baxanda!

 

 

 

Duydum Azadlığı - elə şirin ki,

ən şirin yuxu da - yanında "vızdı"!

Qövsü-quzeh kimi uca göyləri

bəzəyən üçrəngli Bayrağımızdı!

 

 

 

çaldıran qırğını ağır xətadı;

hələ faciə, hələ qorxunc!

Amma Şah Xətaim öz Taxındadı,

Bakıda - yanında "topkəsən" Qılınc.

 

 

 

Amma, ürəyimdə bir istək var;

Nuri Paşaya da heykəl qurulsun,

Bakının ən uca təpələrində,

bürüncdən, altundan, qranitdən olan

Heydərlə - Atatürk yanaşı dursun!..

 

 

 

 

Vahid ƏZİZ

Təzadlar.- 2010.- 16 dekabr.- S.10.