İsrafil
İsrafilov: "Akademik Milli Dram Teatrında akademik
səviyyə itib"
"Əgər
bu teatr respublikanın bir nömrəli səhnəsidirsə,
deməli, respublikanın ən yaxşı yaradıcı
qüvvələri buraya toplaşmalıdır"
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının
direktoru, sənətşünaslıq doktoru, professor
İsrafil İsrafilovun APA-ya müsahibəsi
- Son bir ayda Akademik Milli Dram Teatrının bir neçə aktyorunun səhhətinin pisləşməsi Sizi bir teatr rəhbəri kimi narahat etmir ki? Sizcə bu halın Akademik Milli Dram Teatrında aparılan islahatlar, ən əsası teatr heyətinin yenidən müsabiqə yolu ilə işə qəbul olunması ilə əlaqəsi varmı?
- Mən bunu belə düşünmürəm. Haqqında söhbət gedən aktyorlar Azərbaycan teatrının çox qüdrətli sənətkarlarıdır. Axı, onlar nədən ehtiyat edə bilərlər? Onların heç biri təsadüfi insanlar deyil. Uzun illər teatr sahəsində çalışmış, səhnədə böyük xidmətləri olan insanlardır. Məsələnin necə baş verdiyini heç kim bilə bilməz və bunun nə ilə bağlı olduğunu da bilmək mümkün deyil. Sadəcə onların hər biri səhhətində problemlər yaranıb. Elə bilirsiniz mənim üçün asandır? Bütün bu hallar məni çox narahat edir. Siyavuş Aslanın, Yaşar Nurinin, İlham Əsgərovun səhhəti ilə hər gün maraqlanıram. Siyavuş Aslanın səhhətində problem yarananda beş saat başının üzərində dayanmışam, Yaşar Nurinin yanına Türkiyəyə getmişəm, İlham Əsgərova baş çəkmişəm. Mən çox qayğıkeş insanam.
- Akademik Milli Dram Teatrının aktyorlarından bir neçəsi keçirilməsi nəzərdə tutulan müsabiqədə iştirak etməyəcəyini bildirib. Siz həmin aktyorları müsabiqədə iştiraka vadar edəcəksinizmi?
- Bu, hər kəsin öz haqqıdır. Müsabiqə kiminsə arzusu və istəyi ilə deyil, Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə keçiriləcək. Bu göstəriş isə dövlət başçısının təsdiq etdiyi "Azərbaycan teatrının 2009-2019-cu illərdə İnkişaf Proqramı"na əsasən verilib. Bu müsabiqə kiminsə arzusu, hikkəsi və yaxud da istəyi ilə keçirilmir. Bu, Azərbaycan teatrında aparılan islahatlardır və bütün teatrlar islahatlara məruz qalacaq. Bu, Azərbaycan teatrının sağlamlaşdırılması istiqamətində görülən bir işdir.
- Bilirik ki, məhz bu yeniliklərlə əlaqədar teatrın kollektivi ilə görüşünüz Görüş zamanı ümumi heyətdən son proseslərlə bağlı Sizə irad bildirənlər olubmu?
- Heç kimin iradı olmayıb və irada da yer yoxdur. Bilirsiniz, dərsi bilməyən uşaq imtahandan
qorxur. Ancaq bir qədər
çalışqan, istedadlı tələbə imtahana normal
yanaşır. Bu, biliyin, istedadın,
xidmətlərin sınağıdır. Burada
söhbət kollektivin yeni məqsədlər
üçün səfərbər olunmasından, yeni
vəzifələri həyata keçirə biləcək,
çox çalışqan, istedadlı insanlardan ibarət
bir kollektiv formalaşdırmaqdan gedir. Texniki
heyətdə çalışan heç kəsi
tanımırlar. Halbuki onlar olmasa bir
tamaşa da hazırlana bilməz. Bu
sahədə də bizə istedadlı, görülən
işlər səviyyəsində çalışan
mütəxəssislər lazımdır. Bəs
biz nə etməliyik? Mövcud
vəziyyətə dözək və hər şey necə
varsa qalsın deyib, heç nəyə toxunmayaq, ancaq
böyük əsərlər, rollar arzusunda olaq? Bu
necə ola bilər? Cəmiyyətin
teatra münasibəti dəyişib və cəmiyyət teatr
qarşısında daha böyük tələblər qoyur.
Artıq tamaşaçı daha yüksək
səviyyəli, daha biçimli, daha estetik əsərlər
və tamaşalar istəyir. Bunu həyata
keçirəcək insanlar təbii ki, özlərinə
dönüb baxmalı, öz yaradıcılıq yolunu
nəzərdən keçirməlidir. Əvvəlki
ifadə vasitələri indi qəbul edilmir, işə
yaramır, yetərli deyil. Hər şey
dəyişir, təkmilləşir, insanlar əvvəl
geydiklərini indi geyinmirlər və yenisini geyinmək
istəyirlər. Və ya üç il
bundan əvvəl aldıqları mobil telefonu
dəyişmək istəyirlər. çünki
cəmiyyət hər şeyin mükəmməlini, yenisini
istəyir. Bir dünya var - Azərbaycan artıq öz
içərisində Xaçmazla Lənkəran arasında
yaşamır axı... Dünyaya
çıxır, MDB ölkələrinə, Avropaya gedir.
Biz hər şeyi ən yüksək formada
dünyaya tanıtmalıyıq. Onlar
bacarlıqlı, istedadlı, bioqrafiyalarında böyük
rollar oynamış, böyük adamlardır, onlar
nədən ehtiyat etməlidirlər?! Mən
əslində bu problemi başa düşmürəm. Əgər hər hansı bir sahənin
mütəxəssisiyəmsə, doğrudan da bu
sahədən baş çıxara bilirəmsə, nə
fərqi var ki, mən Peterburq alimləri içərisində
olum, yoxsa İtaliya, Fransa alimləri içərisində.
Yox əgər mən indiyə qədər
birtəhər başımı girləmişəmsə,
əlbəttə ki, o səviyyəyə çıxanda
bundan ehtiyat edəcəyəm. Axı,
hər bir insan nəyə qadir olduğunu bilir və hər
biri nəyə layiq olduğunu gözəl başa
düşür. Artıq
küncdə-bucaqda dolanmaq vaxtı keçib. İndi yeni üfüqlərə doğru getmək
lazımdır. Yeni vəzifələr,
yeni məqsədlər var və o səviyyəyə malik
insan heç bir şeydən ehtiyat edə bilməz. Əgər ehtiyat edirsə, deməli ki, onun
yaradıcılığında problemi var. öz problemini qoy
özü də həll etsin.
- İsrafil müəllim,
nəzərdə tutulan müsabiqə hansı
şərtlər əsasında həyata
keçiriləcək?
- Şərtlərdə qeyri-adi bir şey yoxdur. Yəni aktyorun yaradıcılıq yolu, ifadə etdiyi əsərlər, tamaşalar, rollar nəzərdən keçiriləcək. Komissiyanın hər bir üzvü sözsüz ki, hər bir aktyorun uğur və uğursuzluğunu obyektiv baxışla dəyərləndirəcəklər. Yəni burada bir nəfərin istəyi, obyektiv, ya subyektiv fikri, münasibəti əsas götürülməyəcək. Burada əsas məsələ bütövlükdə komissiyanın rəyidir. Bu proses səsvermə ilə həyata keçiriləcək. Tutaq ki, mən aktyoramsa, özümə, yaradıcılığıma güvənirəmsə, nədən çəkinməli və ehtiyat etməliyəm? Peşəkar hər yerdə peşəkardır...
- Müsabiqəyə sənədlərin verilməsi nə zaman yekunlaşacaq və bu günə kimi Akademik Milli Dram Teatrının heyəti sənəd qəbulunda fəal iştirak edirmi?
- Demək olar ki, teatrımızın kollektivinin əksəriyyəti sənədləri təqdim ediblər. Kadrlar şöbəsinin əməkdaşları ilə söhbət etmişəm. çox aktyorlar artıq sənədlərini verib. Elələri var ki, xasiyyətnaməni hələ də təqdim etməyib, digər lazım olan başqa bir sənədi verməyib. Müsabiqəyə sənəd qəbulu dekabrın 25-də yekunlaşacaq.
- Akademik Milli Dram Teatrında keçiriləcək müsabiqədə respublikanın digər dövlət teatrlarının aktyorlarının iştirakına da imkan yaradılıb. Digər teatrlardan sənəd verən aktyorlar varmı?
-
Azərbaycan Respublikasında fəaliyyət
göstərən hər bir dövlət teatrının
aktyoru bu müsabiqədə iştirak edə bilər.
ümumiyyətlə, məqsəd Azərbaycan
teatrının gələcəyini sağlamlaşdırmaq,
həm də teatr sahəsini tamamilə yeni
vəzifələrə səfərbər etməkdir.
Digər teatrların aktyorlarından da müsabiqəyə
sənəd verənlər olub. ümumilikdə 12-yə
yaxın digər teatrın aktyoru müsabiqəyə
sənəd verib. Amma
hələlik 10 gün vaxt var. Bu proses hələ davam edir. Bura Akademik Milli Dram Teatrdır. Akademik
adı sadəcə ad deyil, bu həm də səviyyə,
peşəkarlıq, uğur deməkdir. Akademik adına layiq olan adamlar bu kollektivdə, bu
səviyyədə çalışa bilmək iqtidarında
olan sənətkarlar, səhnə ustaları bu
səhnədə çalışmalıdırlar. Söhbət bundan gedir. Ola bilər ki, digər
teatrlardan yüz nəfər sənəd versin. Bu
o demək deyil ki, onların hamısı Akademik Milli Dram
Teatrda işlə təmin olunacaq. Bəzilərinə
Akademik Milli Dram Teatrının səviyyəsini xatırlatmaq
lazımdır. çünki bu
teatrın kollektivində ola bilər elə bir insan var ki, o,
bəlkə neçə illərdir işləyir, amma bu
səviyyəyə cavab vermir. Bunu
tamaşaçılar deyir, qəzetlər yazır,
istənilən toplantıda mütəxəssislər
tərəfindən vurğulanır. Bəli,
problemlərdən biri odur ki, Akademik Milli Dram Teatrında
akademik səviyyə itirilib.
Bu səbəbdən də
zəif tamaşalar, zəif ifadə, aktyor məharətinin
cılızlaşması, ifaçılığın
sönük olması tamaşaçıları bu teatrdan
küsdürüb, uzaqlaşdırıb. Bütün bu
işlər tamaşaçını bu teatra qaytarmağa
görədir. Cəmiyyətdə
teatrın nüfuzunu, fəaliyyətini artırmaq
üçündür. Axı bu
sənətdir. Təəssüf ki, biz
bəzən əlifba həqiqətlərini xatırlatmalı
oluruq. Əgər bura respublikanın bir
nömrəli səhnəsidirsə, deməli, respublikanın
ən yaxşı yaradıcı qüvvələri bu teatra
toplaşmalıdır. Mən heç
kəsin xətrinə dəymək istəmirəm. Amma açıq danışaq. Bura Füzuli,
Ağdam, Mingəçevir teatrı deyil. Bu,
milli statusu olan teatrdır. Əgər bu
teatrın səviyyəsi digər teatrlarla eyni
səviyyəyə düşübsə, bu, zamanın, on
illərin məsələsidir. Ya teatr
elə bu səviyyədə qalmalıdır, ya da çox
operativ, kardinal tədbirlər görülməlidir. Bizim xalqımız böyük teatrlara, uğurlu
tamaşalara layiqdir. Bunun üçün
çox böyük səylər, istedad və məharət
tələb olunur.
Təəssüf ki,
bəzən bunun əksini görürük. Bəslənən
ümidlərə adekvat cavab verilmir, nəticə etibarı
ilə cəmiyyət müəyyən mənada teatrdan incik
qalır. Yəni söhbət 3-5
nəfərdən yox, kollektiv sənətdən gedir. Teatr elə bir vəziyyətə çatıb ki,
bundan sonra bu şəkildə yaşaya, cəmiyyətə
təqdim oluna bilməz. Azərbaycan
dövləti teatra çox böyük diqqət yetirir.
Heç bir ölkədə teatr xadiminə,
aktyora təqaüdlər, fəxri adlar, mənzillər
verilmir. Mən bu barədə
danışanda onlar təəccüb qalırlar. Gürcüstan teatrı bütün beynəlxalq
teatr festivallarında iştirak edib. Ancaq
görün, orada aktyorlara belə münasibət varmı?
Bəs, bütün bunların
əvəzində bizim teatr dövlətə və
cəmiyyətə nə verir? Hansı
səviyyədə tamaşalar təqdim edir? Bu gün hər bir kəs onu arzulayır ki,
teatrımızı fərəhləndirici
səviyyəyə çatdıraq. Bunun
üçün imkanlarımız tükənməyib.
İşi elə qurmağa çalışırıq ki,
teatr daim tamaşaçı ilə dolu olsun...
Təzadlar.- 2010.- 18 dekabr,- S.15.