Ruhani tərəqqi axtaranların aşığı

Yaxud, aşıq Əli niyə pəsdən oxuyur? 

 

Aşıq necə olmalıdır? Aşıq Ələsgər Alməmmədoğlunun "Gərəkdir" rədifli qoşması da daxil olmaqla bu suala hərə bir cür cavab verir. Hətta bir-biri ilə kəskin ziddiyyət təşkil edən cavablar... Məndən soruşsalar ki, Əli Quliyevi necə tanıyırsan? Deyərdim ki, aşıq Əli sinəsindəki sazı sazın mənasına uyğun yaşadan usdad sənətkardır. Saz aşıq Əlinin sinəsində ruhani ehtiyaca çevrilir, sənət hadisəsindən üstün durur.

Sanki saz Əli Quliyevi tapıb, Əli Quliyev saza qovuşub. Aşıq Əlinin sazının səsi müqəddəsdir. Bu həqiqəti dərk əhli gözəl bilir. Əli Quliyevin aşıqlığı hobbi deyil, həyat tərzidir. Təəssüflər olsun ki, saz çalmaq indi hobbiyə çevrilib. Demirəm ki, saz çalanların sayı azalsın. İstəyirəm ki, saz çalanların içindən aşıqlar yetişsin. Sazı bir vaxtlar barmaq sayda kişilər yaşadıb. özü uca səviyyədə yaşadıb. Daha indiki kimi hər yerindən duran saz çalmayıb, hər yerindən durub saz çalana da belə asanlıqla yox yerdən aşıq deyib, yalançı elmi dərəcə verib, vaxtsız başa çəkməyiblər. Hərənin "iç"inə görə bir dəyəri olub. İndi isə "hayıf başa layiq baş başa düşməz" (M.İlqar). Onda da olur? Onda da Ələsgərin goru çatlayır, Hüseyn Bozalqanlının ahı bizi tutur, Əmrah kişinin, Xan Kamandarın, Saraclı Söyünün, Əkbər Cəfərovun... ruhu rahatlıq tapmır. Bax onda vururuq baltanı daşa. Bax onda deyirlər ki, "Şaqqulu dədə görməyib, elə bilir dədəsi bir kişidi".

Əli Quliyevin sinəsindəki saz isə türkün insanlıq mahiyyətinin ifadəçisidir. Bizə şərəfli türkün sifətini göstərir. Əli Quliyevin sazı bu gün ekran-efiri yağır eyləyib ruhumuzu kapitalizimə, Avropaya doğru yönəldənlərdən fərqli olaraq  ruhumuzu özümüzə qaytarır, bizi dağımıza qaldırır, dərəmizə endirir, düzümüzə çıxardır, ölümüzü-dirimizi yadımıza salır, bəşəriliyimizi bildirir. Bu gün o da faktdır ki, sazı Əli Quliyev, Murad Kövrək, Tərmeyxan Qasımlı, Cahangir Gədəbəyli, İlham Astanbəyli... kimi eşqli, əhli-ürfan kişilərin sinəsində bizə təqdim etməyə ekran-efir qoruq-qaytaq qoyur. Deyən lazımdır ki, ay həpənd oğlu, həpənd Əli Quliyevə qadağa?! Yüz əlləş-vuruş, xeyri yoxdur. Belə kişiləri xalqın qəlbindən, yaddaşından silmək olmaz. Od olsan, özünü yandırarsan. Bir ki, əslində elə bu qadağalar bir növ Əli Quliyevin qələbəsi deyilmi?!

Əli Quliyevin sazı həm onun özünün ruhani mərtəbəsinin güzgüsüdür. Bu güzgüdə olduqca cılız görünən çox "mənəm-mənəm" deyən professorlar, folklorşünaslar, tele-radio aparıcıları var ki, aşıq Əli azmanlığının, möhtəşəmliyinin, məlumatlılığının yanında çox çılız olduqlarını gizlətmək üçün onu görməzlikdən gəlirlər. Usdadın onsuz da heç vaxt meyllənmədiyi ekrana-efirə yolunu bağlamaq üçün dəridən-qabıqdan çıxırlar ki, nədi-nədi, Əli Quliyevin insanları abıra salan, ruhaniyyata səsləyən, Nizaminin, Füzulinin, Nəsiminin... fəlsəfi dünyagörüşlərinin naməlum tərəfləri üzərinə idrak işığı salan söhbətlərinin qarşısını alsınlar. Ancaq bacarmayacaqlar. çünki yalnız Əli kimi kamil duyğuları yaşayan insan sazın layiqli tərcümanı ola bilər ruhani kamilliyi dinləyiciyə ötürə bilər. Ruhani tərəqqi axtaran fərd üçün faydalı təkandır aşıq Əlinin sazı. Sufilər əsirlər boyu belə çalğıdan bəhrələnə biliblər.

Kökü min illərə gedib çıxan bu ulu sənətin sırf incəsənət hadisəsi kimi inkişafı olduqca perspektivsizdir. Kökündən ayrılmış bitkinin inkişafı kimi. Bu sənətin inkişafı yalnız ürfan ruhun, ürəyin inkişafı ilə bağlıdır. Aşıq Əlinin sazı bu yolda son şansdır. Biz bu sazla sufi ruhumuzu, mənəvi zənginliyimizi qaytarmasaq, gələcəkdə saz mahiyyət etibarı ilə muzey eksponatı olmaq aqibətini yaşaya bilər. Bu baxımdan, Əli Quliyevin təcrübəsi ibrətamizdir. Aşıq sənətində unudulan vacib bir məqam da sözün havaya uyğun seçilməsidir. Bəzi dırnaqarası aşıqlar var ki, sözü hidrometeoroloji havaya uyğun seçir. Aşıq Əlidə isə saz havası ilə söz vəhdəti sac fətiri kimi üst-üstə düşür. Aşığın ki, sözü söz olmadı, çaldığı da danqıltıya bənzəyir. Aşıq Əlinin sazı kimi sözü ürfan ruhundadı. İnsanı Tanrıya qovuşdurur.

Ən kədərli anlarımda belə, aşıq Əli yadıma düşəndə özümdə bir yüngüllük hiss edirəm. Sözüylə-gapıyla, məzələriylə Əli əmim gəlib durur gözümün qabağında. öz-özümə deyirəm, yaxşı ki, Əli Quliyev kimi əmim, dostum, dağım var. ürəklənirəm, özümdə pələng qüvvəsi hiss edirəm. Aşıq Əlinin varlığı təkcə Azərbaycanın, türk dünyasının deyil, bütünlükdə insanlığın  xeyrinədir. Ancaq o da faktdır ki, bəzən Əli Quliyevi doğma kəndində , rayonunda da anlamayan, yaxud anlamaq istəməyən bədxahlar tapılır. Bax onda Əli yeni bir hava başlayır başlayır pəsdən oxumağa...

P.S. Aşıq Əlinin çalğısına söz yoxdu. Arif məclisinə, aqil yığnağına yaraşan şirin pəs səsi var. Sanki min illərdən üzü bəri yol gəlmiş bişib-yoğrulmuş, sirli-sehrli qos-qoca oxu səsi. Bir gün usdadla olan şirin mükalimələrimin birində soruşdum ki, ay ustad, sənin səsin şəxsən mənim lap məcazımcadır. Bəs sən özün istərdinmi ki, filankəslərdə olan zilxan səsdən səndə olsun? Ustad əl barmaqlarını köndələninə alnına vurub, başını dala atıb qəşş eləyib xeyli güldü. Elə güldü ki, yalnız o, belə gülə bilərdi. üz-gözündəki gülüşdə sanki dahiliklə divanəlik bir-birinə qarışdı. Qayıtdı ki, "yox, əmi (bu, ustadın özündən böyüyə , kiçiyə 50 illik müraciət formasıdır), əziz başınçün istəməzdim. Daha demirəm, bəəm tutun divinə çayım gej gələndə-zadda büvünü çağırmağıma istifadə eyləyərdim. Yoxsa canın üçü, zil oxumaq mənilik deyil, əmi. Ətim tökülər zil oxusam. Allah-taala hərəyə içinə yaran səs verir. Zil səs mənə yaraşmaz, əmi. Həmi el-oba məni ürfan Əli kimi tanıyır..."

 

 

 

Həmid ORMANLI,

Təzadlar.- 2010.- 21 dekabr.- S.15.