Çoxölçülü Bəxtiyar zirvəsi...

 

Hər bir millət özünü dünyaya tanıtmağa borcludur. Milləti ura-patriotlar yox, seçilmişlər tanıdır. Onlar həm milli dəyərləri, həm də ümumibəşəri dəyərləri yaşadır. Millətimizin belə seçilmişlərindən biri böyük mütəfəkkir Bəxtiyar Vahabzadədir.

Hər bir insan dünyaya gələn andan qismətinə düşən bir ömür payı yaşayır. Yaşanan ömür payının yaddaşlarda necə iz qoyması isə insanın özündən asılıdır. Elə adamlar var ki, onun həyatda qoyduğu iz, açdığı cığır, keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün bir örnək olur. Adətən, belə adamlar ümumi məqsəd üçün çalışan, özləri isə getdikcə daha alicənab olan adamlardı. öz alicənablığı və təvazökarlığı ilə seçilən, şəxsi həyatını ictimai həyata qatmağı bacaran insan kimi Bəxtiyar Vahabzadə də məhz bu cür hörmətə layiq olan insan idi.

 

Bənzərsiz insan, gözəl şair, filologiya elmləri doktoru, professor, akademik Bəxtiyar Vahabzadə demək olar ki, mənalı ömrünün təxminən 65 ilini xalqına və elmin, sənətin inkişafına sərf etmişdir. Onun səsi auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, dövrün nəbzi döyünən, xalqın taleyi həll olunan tribunalardan gəlirdi. Bəxtiyar müəllimin keçdiyi mənalı həyat yolu, onu əsl ziyalı, poeziya və elm fədaisi, zəhmətkeş alim, yüksək siyasi və ictimai təfəkkür sahibi, səmimi insan, gözəl şəxsiyyət kimi xarakterizə edir.

 

***

 

Bu bənzərsiz ömür yolu Bəxtiyar Vahabzadənin çoxölçülü bir Bəxtiyar zirvəsinə qaldırdı. Bu zirvənin ölçüləri (meyarları) poeziya, sənət, elm, məktəb və müəllimlik, gözəl ailə, dostluq, cəsarət və ən nəhayət, insanlıq ölçüləridir. İnternetdə mənim Facebook sosial şəbəkə saytımda belə bir ifadəm var: "Allah insanı Pareto-optimal yaradır: kimə, nəyi, nə qədər". Allah birinə dövlət verər (maddiyyat), ağıldan əsirgəyər; qamət verər, səhhət kəm olar. Ancaq Tanrı nadir hallarda onun sevgisinə tuş gələn insanlardan çox şeyi əsirgəmir. Bəxtiyar Vahabzadə Tanrının bu sevgisinə tuş gələn insandır.

Yaxşı yadımdadır, o, 1989-cu ilin dekabrında Azərbaycan Respublikası Milli Məclisinin iclasında Bəxtiyar müəllim millətin, xalqın dərdlərini əks etdirən kəskin bir çıxış etdi. Biz yan-yana oturmuşduq. çıxışını qurtaranda özünü çox pis hiss etdi. Mən onu ikinci mərtəbədəki həkim məntəqəsinə apardım. Qan təzyiqi 240/130 idi. O, millətin taleyi həll olunan yerdə özü haqqında düşünməzdi, canını belə əsirgəməzdi.

Bəxtiyar müəllimin 84 illik məsafəsi olan ömür yolunun tən yarısına bələd olan bir dost kimi deyə bilərəm ki, bu yol hamar olmadı, qızıl güllər içərisindən keçən prospekt olmadı, daşlı-kəsəkli cığır oldu, amma Bəxtiyar zirvəsinə apardı. O, bu yolda nələrlə, kimlərlə üzləşmədi. O zirvəyə onu heç kim qaldırmadı. özü qalxdı. O, əsl ziyalı ömrü yaşadı. O, heç vaxt gücün yanında olmadı, haqqın yanında oldu.

Bu dünya Tanrının yaratdığı möcüzəsidir. Bu dünyadakı seçilmişlər isə bəşəriyyətin az bir qismi olaraq cəmiyyətin yolunu işıqlandırır. Millətlər onları tütyə sayır, dünya onlarla fəxr edir, Tanrının onlara böyük sayğısı olur. Bəxtiyar Vahabzadə bu meyyarlarla səciyyələnənən ünlü dünya vətəndaşıdır.

Bəxtiyar Vahabzadə üçün millətin problemləri onun şəxsi problemləri idi. Belə olan halda, mərhum professor Xudu Məmmədov demişkən, fərd millətlə eyniləşir və o vaxtdan o, dünya vətəndaşı olur.

Portretini cızmaq istədiyim Bəxtiyar Vahabzadə zirvəsinin ən yüksək sıldırımı bu zirvənin poeziya ölçüsüdür. Lakin Bəxtiyar Vahabzadə öz poetik fəaliyyətini, fəlsəfi düşüncələrini heç vaxt xalqın taleyindən, ideallarından ayırmamışdır. Bu haqda o özü belə deyir: "Mən poeziyanın gücünü xalqın ideal və mübarizələrinə xidməti ilə ölçərdim. Tarixən də belə olub. Qılıncımız korlaşanda sözümüz itiləşib. Sərhədlərimiz balacalaşanda düşüncələrimizin, idrakımızın, arzularımızın üfüqləri genişlənib. özümüz səngəri tərk edəndə sözümüz səngərdən çıxmayıb. Bəlkə klassiklərimizin yaradıcılığındakı böyük umumiləşdirmələr, ensiklopedik genişlik buradan gəlir. Onlar xalqın, vətənin taleyini dünya miqyasında, insanlığın taleyi ilə birgə götürürlər. Biz klassik şerimizin səviyyəsinə yalnız xalqın mənəvi aləmi ilə daha sıx bağlı olan yüksək ideallar barədə gözəl sənət dilində söhbət açan əsərlər yaratmaq yolu ilə yaxınlaşa bilərik. Buna görə də mənim sənət idealım böyük məqsədlərə bağlı olan narahatlıq və yanğıdır. Xırda, intim duyğulardan yaranmış şerin mənzili uzaq olmaz."

 

***

 

Bəxtiyar Vahabzadəni bir şair kimi səciyyələndirən əsas cəhət onun yaradıcılığının geniş spektrli olmasıdır. Onun poeziyasında səmimi, kövrək, lirik hisslərlə ictimai-siyasi kəskinlik bir vəhdətdədir. Deyərdim ki, onun poeziyası döyüşlər poeziyasıdır. Millətin idealları uğrundakı döyüş, həm də özü-özü ilə döyüş, öz içərisindəki döyüş. Bəxtiyar Vahabzadə bir şair kimi, bir ədib kimi həmişə ikinci səsi ilə interaktiv münasibətdə olub. özü demişkən: "İndi mən öz içimdəki döyüşü verməliyəm. Mənim mübarizəm özümlə öz aramda gedəcək. Söhbətim daxilimdəki ikinci səslə olacaq".

Bəxtiyar Vahabzadənin yaradıcılığında milli poetik fikir dominantlıq təşkil edir. Şəxsi və ictimai dünyagörüşünü tarazlıya bilən, yüksək kamilliyə, fitri istedada, fəlsəfi və mənəvi müdrükliyə malik olan, millətinin, xalqının önündə məsuliyyətini, güclülərin qabagında ləyaqətini gözləyən cəsarətli bir sənətkar tariximizi vərəqləyərək, ona düzgün qiymət verərək "Gülüstan"ı yaza bilərdi:

 

Cənablar, bir damcı mürəkkəblə siz

Düşünün, nələrə qol çəkmisiniz?

Bir damcı mürəkkəb bir vətəndaşı

Qanına bulayıb ikiyə böldü.

Bir damcı mürəkkəb olub göz yaşı

İllərlə gözlərdən axdı, töküldü.

Min ləkə vurdular şərəfimizə

Verdik, sahibimiz yenə "ver" dedi.

Lap yaxşı eləyib doğrudan, bizə

Biri "baran" dedi, biri "xər" dedi.

Bizi həm yedilər, həm də mindilər,

Amma arxamızca gileyləndilər.

Hökmü gör nə qədər böyükmüş anın.

Möhür də basdılar varağa təkrar.

Yox, varağın deyil, Azərbaycanın

Köksünə dağ boyda dağ basdı onlar.

 

Bu sözləri Bəxtiyar zirvəsinin cəsarət olçüsünə malik olan Bəxtiyar deyə bilərdi. ümumiyyətlə, Bəxtiyar təbiətinə qorxu hissi həmişə yad olmuşdur. Onun poeziyasında fəal həyat mövqeyi, əsl vətəndaşlıq məqamı həmişə öndə olub. O, biganəliyi, ədalətsizliyə dözümü, cinayət və zamanın eybəcərliyini görməməzliyə vurmağı ən böyük rəzalət sayırdı. O, "Qorxu" şeirində yazırdı:

 

Mən qorxuram, sən qorxursan,

O da qorxur, bu da qorxur,

Biz qorxuruq.

Təzə fikir beynimizə gələn kimi

tez qorxuruq.

Başqasından qorxduğumuz bəs deyilmiş,

özümüzdən biz qorxuruq!

Qorxu, qorxu!

Bir qurd olub yeyir bizi içimizdən,

Nə gözləyir Vətən bizdən?

İradə yox,

kişilik yox.

Biz qorxuruq,

biz susuruq.

Fikir ölür,

can sustalır,

ürək donub,

ruh boğulur.

 

Bəxtiyar Vahabzadə yaradıcılığının önəmli meyarlarından biri, bəlkə də başlıcası "azadlıq" ideyası olmuşdur: vətənin azadlığı, millətin azadlığı, fərdin azadlığı. Bəxtiyar Vahabzadə yaxşı bilirdi ki, millətin bir fərdi belə azad olmasa, o millət azad deyil

 

Azadlıq əldən getdimi,

Dünya da xəyala darısqal gələr.

İnsan azadlığı itirən kimi,

Bütün fəlakətlər dalbadal gələr.

Gedər ağızlardan dad da, ləzzət də,

Ağıl da, ürək də gülər arzuya.

Azadlıq olmayan bir məmləkətdə

Həqiqət riyadır, ədalət boya!

İnsan ürəyində kin də, nifrət də

Əbədi köz bağlar, bir anlıq olmaz.

Azadlıq olmayan bir məmləkətdə

Adamlar yaşayar, insanlıq olmaz.

Düşünən beyinlər sönər zülmətdə-

Yalanla həqiqət üzbəüz olar.

Azadlıq olmayan bir məmləkətdə

Düz əyri adlanar, əyri düz olar.

İdrak da boğular, söz də, sənət də,

Ağıl kilidlənər dildə, dodaqda.

Azadlıq olmayan bir məmləkətdə

Nadan başda gəzər, aqil ayaqda.

("Azadlıq")

 

Bəxtiyar Vahabzadə yaradıcılığında böyük bir prospekt var. Bəxtiyar zirvəsinə aparan əqidə prospekti. Bu prospekt hamar olmadı, gül-çiçək səpələnmiş bir prospekt olmadı, amma o düz zirvəyə apardı:

 

Mənə biganədir soyuqqanlılıq,

Hər şeyə öz ölçüm, öz tərəzim var.

Sənin qərəzinin mənə dəxli yox,

Mənim öz görüşüm, öz qərəzim var.

De, necə od tutub alışmayım mən-

Fikirsiz, məsləksiz ölü canlara?

Bəli, əsəbiyəm,

heç çəkinmədən

Mənim əqidəmə toxunanlara.

("Bəli, əsəbiyəm")

 

və ya

 

Min-min illər bu dünya beləcə fırlansa da,

Bir yuvanın bülbülü min budağa qonsa da,

Aylar, illər, fəsillər bir-birini dansa da,

Dəyişməzdir əqidəm, çox da dünya fırlanlır.

("Axı dünya fırlanır")

 

Biz yer adlı bir gəminin içindəyik. Bəxtiyar Vahabzadə də kitablarının birinin adını "Biz gəmidə yol gedirik" qoymusdu. Mən həmin gəmidən danışmaq istəyirəm. Gəminin içində bir huzursuzluq, nizamsızlıq var. Təbiətin ilahi düzəninə uyarlılıq itmişdir. Adəmdən bu yana cinayət, fitnə, şər, yalan üzərində olan qarşıdurmalarda İblisin dəst-xətti görünməkdədir. Dünyanı mənəvi entropiyası yüksəlməkdədir, heç vaxt bəşəriyyət Apokalipsisə bu qədər yaxın olmamışdır. Bir dünya vətəndaşı kimi, bir böyük mütəfəkkir kimi Bəxtiyar Vahabzadəni həmişə belə qlobal problemlər, ümumbəşər problemlər düşündürürdü.

 

Böyük bir millətin taleyi bəzən

Tum kimi çırtdanıb tüpürülərkən,

Məəttəl qalırsan şərin hökmünə.

Baxırsan arxaya, baxırsan önə.

Nələr törəyərmiş qərəzdən, kindən,

Deyirsən, insanın hafizəsindən

Həqiqət silinib unudularmış.

Xeyir də bu qədər məhkum olarmış?

("Xeyir-şər")

 

"Bu dünya belədir" şerində isə belə deyir:

 

Dünyanın əvvəli, sonu müəmma,

Cövhəri müamma, donu müamma,

Dünyanı anlayan qəmini çəkdi.

Anlaya bilməyin dəmini çəkdi.

 

Bəşəriyyətin yaşaması üçün, Bəxtiyar gəmisinin dayanıqlığı üçün insanlara tövbə və anlaşmadan başqa bir alternativ qalmayıb. Ona görə də Bəxtiyar Vahabzadə insanlara müraciət edir:

 

İnsana od bağışladı

Prometey!

Ehey!

Ehey!

Dayan, insan!

- Prometeydən pay aldığın o od ilə, axı bir gün

Cordanonu yandıran da sən özündün.

Qorxum budur, o od ilə

özünü də yandırasan

Aman, insan, dayan, insan!

("Dayan, insan!")

 

Bəxtiyar Vahabzadə zirvəsində elm ilə peziya sıldırımları həmişə yan-yana durmuşdur. Bəxtiyar müəllim yazırdı: "Elm və incəsənət ümumbəşər müdrikliyinin ayrılmaz hissəsi olmalı, biri digərini tamamlamalıdır".

O, elmi nailiyyətləri həmişə yüksək qiymətləndirirdi və həmişə düşünürdü ki, bu nailiyyətlər Adəm övladını xoşbəxt edə bilər və həmişə təəssüflənirdi ki, bunlar daha cox hərbə və təbiətin məhvinə yönəlib. O, görürdü ki, elmin yüksək sürətli inkşafı ilə ümumibəşəri əxlaqın tısbağa sürəti ilə irəliləməsi arasında böyük bir ziddiyət var. "Elm-əxlaq" şeirində yazır:

 

Təbiət həmişə təzədir, təzə,

Biz üz çevirməyək bu təzəlikdən.

Elm əxlaq ilə durub üz-üzə,

İndi biz hansına haqq verək, görən?

 

Bəxtiyar Vahabzadəni bir şair kimi fərqləndirən başlıca cəhət onun fəlsəfi və mənəvi müdrikliyidir. Bəxtiyar Vahabzadənin poetik təfəkkür mədəniyyəti, intihasız fəlsəfi düşüncə dərinliyi onun bütün şeirlərinin, poemalarının, pyeslərinin və publisistik yazılarının mayasına hopmuşdur. Bu fəlsəfi təfəkkür tərzi, onun məntiqi postulatları və çıxarışları Aristotel məntiqinə sığmayan, dünyanı bütün çalarları ilə əks etdirən bir fəlsəfi təfəkkür tərzidir. Mən özümü çox xoşbəxt sayıram ki, mənim iki dahi dostum Bəxtiyar Vahabzadə və Lütfi Zadə eyni şərq qan yaddaşına söykənərək dünyanın kəsilməzlik fəlsəfəsinə, məntiqinə imza atmışlar. Biri poetik fəlsəfi təfəkkür tərzindən, o birisi elmin dərinliklərinə cəsarətlə təmas edərək analitik təhlil tərzindən bəhrələnərək.

Şəxsiyyətinə və təkrarolunmazlığına böyük sayğı bəslədiyim şairimiz Bəxtiyar Vahabzadə bir gün mənə evə telefon açdı. Oqtay Babazadənin və Möhbəddin Səmədin "Yaxın və uzaq Zadə" filmi haqqında, L.Zadənin özü haqqında yüksək fikirlər söylədi. Həm də əlavə etdi ki, sənə bir şeir göndərirəm, gör qeyri-səlis məntiqlə bu şeirin qayəsi arasında bir uyarlıq varmı? Bəxtiyar müəllimin seçilmiş əsərlərində çap olunmuş bu şeirin adı belə idi: "Xeyirlə şər arasında".

 

Vaxt gəmirir hər binanı,

Tavanla tir arasında.

Bir rəqəm də, demə, varmış

İkiylə bir arasında.

Ucaldıqca biz ucaldıq,

özümüzdən qisas aldıq.

O gündən ki, körpü saldıq -

Göy ilə Yer arasında.

Qardaş olub sıçan-pişik,

Biz gül əkib, vay dərmişik,

Sərhədləri itirmişik

Xeyirlə şər arasında.

 

Zadənin elmi məntiqi ilə Bəxtiyarın poeziya fəlsəfəsinin ahəngdarlığına çox sevindim. Düşünmürəm ki, Bəxtiyar Vahabzadə kimi nəhəng bir şair qafiyə və ya uyarlıq xatirinə deyir ki, "Bir rəqəm də, demə, varmış, ikiylə bir arasında..."

Yox, bu, Bəxtiyar Vahabzadənin və Lütfi Zadənin söykəndikləri dünyanın kəsilməzlik fəlsəfəsinin poeziya dilində təcəssümüdür. Bəxtiyar Vahabzadə poeziya dilində dünya reallığını qeyri-səlis məntiqə həmahəng olaraq görün necə əks etdirir. O, hamımızın dərin hörmət bəslədiyimiz görkəmli ziyalımız Sadıq Murtuzayevə həsr etdiyi "Sevincin zirvəsi, dərdin zirvəsi" şeirində deyir:

 

Qarışıb dünyanın yaxşı-yamanı,

Əzabı, ləzzəti, sevinci, qəmi.

Göründüyü kimi gördüm dünyanı,

çox vaxt görəmmədim olduğu kimi.

 

Böyük düha sahibi Bəxtiyar Vahabzadə bu min "sifəti", "rəngi" olan dünyanı dərk etməyin lazımlığı, vacibliyi haqqında təbil vurur. O, "Hara gedir" şeirində yazır:

 

İnsan oğlu qazananda uduzar,

Qədərinə yazılanı kim pozar?

Bu dünyanın min sifəti, rəngi var,

Qismətimiz - ağından çox, qarası!

 

Məgər dünyanın bu min sifətini, min rəngini klassik Aristotel məntiqi güzgüsündə görmək mümkündürmü? Yox (axı o məntiq dünyanı iki rəngdə görür: ağ, qara).

Mənə tez-tez belə bir sual verirlər. Xoşbəxtlik nədir? Mən bu suallarla həm efirdə, həm də qəzet səhifələrində tez-tez rastlaşıram. Bu fəlsəfənin əbədi əzəli sualıdır. çox qəribədir ki, bu həm də bu gün dünyanın sürükləndiyi iqtisadi böhran vaxtı iqtisadi təfəkkürü maraqlandıran ən vacib sualdır. Böyük bir mütəfəkkir kimi bu sual həmişə Bəxtiyar Vahabzadəni də maraqlandırmışdır. Onun cavabı belədir: mütləq xoşbəştlik yoxdur. Xoşbəxtlik onun baxımından, çox atributlu bir anlayışdır. Bir atribut üzrə tapıntım olanda, o birisi üzrə itkim olmalıdır. O, "Tapmaq-itirmək" şeirində yazır:

 

Dolaşırıq dünyanı

Əldə dəmir bir əsa,

Ayaqda dəmir çarıq.

Biz tapdıqca itirir,

İtirdikcə tapırıq.

Həvəsimiz, meylimiz

Gah suyadır, gah oda.

Tapdığmız qədər də

İtiririk dünyada.

 

Biz həmişə klassikləri tarixdə axtarırıq, tarixin özünü yaradan klassikləri yanımızda olarkən çox zaman sezmirik. Bəxtiyar müəllim "Bəsdir" şeirində yazır:

 

Köhnə hava içində

ürək susur, boğulur.

Kölgədə yatanların

öz kölgəsi yox olur...

 

Mübaliğəsiz deyə bilərəm ki, Bəxtiyar Vahabzadə həm cismani sağ ikən, həm də haqq dünyasına qovuşmasından elə də böyük olmayan bir tarix keçməsinə baxmayaraq, poeziya klassikləri içərisində o, qürurla, ləyaqətlə durur. İnsanlar var ki, diri ikən ölüdürlər, insanlar var ki, öləndə də diridirlər. Bu ölməzliyə qovuşmuş insanlardan biri Bəxtiyar Vahabzadə zirvəsinə ucalmış Bəxtiyardır.

Əziz dostumuz, ustadımız Bəxtiyar müəllim! Siz böyük üzeyir bəyə həsr etdiyiniz ürəkləri fəth etmiş "Muğam" poemanızda deyirsiniz:

 

Daş ürəklərdə yanıb daşları sındırdı muğam.

Haqqa düşmən olanı haqqa tapındırdı muğam.

Nə güman eyləmisən ondakı tilsimləri sən,

"Kürü ahıyla qurutdu", "Salı yandırdı" muğam.

Dəfn edin siz məni Zabul segahın mayəsinə,

Deyirəm, bəlkə məni bir gün oyandırdı muğam.

çox kitablar oxudum, zənn elədim bəxtiyaram,

Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

 

Siz daim oyaqsınız bu dünyada, o dünyada və Bəxtiyarsınız. Milyonlarla oxucuların, Bəxtiyarsevərlərin, Azərbaycan və dünya təəssübkeşlərinin qəlbində əbədi yaşayırsınız. Sizi oxuyanlar dünyanı oxuyurlar.

 

 

Rafiq Əliyev,

Professor

 

Təzadlar.-2010.- 13 fevral.- S.4.