Təsəlli ver mənə, Gülarə Munis!

 

Şair - elə təsəllidir, el şairə. Nəinki özünün, özgələrin, dünyanın dərdini ürəyində yaşadan, ağrını-acını içərisinə çəkən, sanki o ağrılardan ruhlanaraq xalqına nicat yolu axtaran, sabaha xoş arzu ümidlə baxan, hamını işıqlı bir gələcəyə səsləyən zülmət gecələrin işıqlı sabahıdır şair ürəyi.

Həmişə, hər kəsə təsəlli verən mədəniyyət mücəssəməsi, əxlaq sərvəti olan şairə Gülarə Munis, görəsən, kimdən təsəlli istəyir? Qınamıram onu!

Qarabağ dərdini çiyinlərində daşıyan şəhid ana-bacıların, ata oğulların ruhu qarşısında ulu Tanrıdan istəyir təsəllini. "Təsəlli ver mənə" - deyə-deyə ancaq göz yaşlarınamı gücü çatır şairənin?!

Yox, ağlamaqda, sızlamaqda çıxış yolu görmədiyi üçün qələmə sarılıb bir təsəlli axtarır.  Heç olmasa, ağrılarını qələmin dili ilə vərəqlərə köçürsün, yüngülləşsin, qismən olsa rahatlaşsın.

Şairənin öz dərd-səri, qayğıları arxa plandadır. Ona görə "özüm haqda sözüm" yoxdur deyir. El üçün yaşayır şairə, elə bağlılıqdı onu özündən uzaqlaşdıran. El yükü ağır olduğu üçün "Təsəlli ver mənə..." deyir.

O, gah dərd-qəmdən uzaq olmaq üçün dönüb nazı çəkiləcək bir uşaq olmaq istəyir. Gah doğma məktəbi, müəllimi üçün darıxır. İlk dəfə əlindən tutub ona yazmağı öyrədən Məmməd Bağır Əsgərlini xatırlayır. Sanki haray çəkib "Darıxmışam, müəllim" - deyə özünə təsəlli yeri axtarır.

Elə bu arada Müşfiqin 100 illiyi keçirilən məqamda şairə ağır addımlarla daş heykəlin qarşısına gəlir oyan, Müşfiq "Görüşünə gəldim" - deyib daş heykəli qucaqlayır. Bu mənsur şeirdə şairənin Müşfiqə olan sevgisi vətənə, elə, obaya, insanlığa olan məhəbbətin təzahürüdür. Belə olmasaydı, göz yaşları axıb daş heykəli islatmazdı. Bu göz yaşları Müşfiqin nakam ürəyinə axmazdı.

Şairənin Müşfiqə deməyə sözü çoxdur. Bu gidi dünyanın cılızlaşması, insanlığın bayağılaşması, insanı keyfiyyətlərin iflası daha nələr, nələr bir qəlb göynərtisi kimi yapışır insanın simasından. Bu acıları çəkən şairə çılpaqlaşmanı, ucuzlaşmanı, qansızlaşmanı, soyudlaşmanı görərək haray çəkir. "Gəlmə, Müşfiq, gəlmə!" - deyir. Onsuz da gəlib görsən gəldiyinə təsəlli yox, təəssüf edəcəksən.

Gülarə Munisin "Təsəlli ver mənə..." kitabında Azərbaycanın dəyərli oğullarından biri olan C.Cabbarlı barədə yazılan mənsur şeiri oxudum. Xəyal məni "28 May" metrostansiyasının qarşısına apardı. Doğrudan da C.Cabbarlının orada olan heykəlinin üstünə həmişə göyərçinlər qonur. Bu şairənin tapıntısıdır.

"C.Cabbarlının övladları" adlı mənsur şeirində G.Munis qeyd edir ki, göyərçinlər onun ruhunu oxşamaq üçün, heykəli kimsəsiz, tənha, nəzarətsiz qoymamaq üçün onun ağuşuna sığınıblar. Kaş torpağa bağlılığımız quşların heykələ sevgisi qədər olaydı. Kaş...

Kitabda "ütü" adlı mənşur şeir çox təqdirəlayiqdir, deyərdim heç kimin toxunmadığı bir mövzudur. Adi ütünü danışdıran şairə ona müraciət edərək deyir: "Kaş elə bir ütü olaydı ki, bəzi insanların ürəyində, vicdanlarında olan əyri-üyrü qırışları hamarlaya biləydi. çox təəssüf ki, ütü şairəyə cavab verə bilmir. ütünün belə bir qohumu yoxdur...

"Təsəlli ver mənə..." kitabında ən adi məişət əşyaları ilə bağlı qələmə alınan mənsur şeirlər həqiqətən insanı düşünməyə, bir ətrafa diqqətlə baxmağa vadar edir. Onun  "Qıfıl", " Meynə", "çınqıl", "İlbiz", "Zəncir", hətta "Süpürgə", "Külqabı" adlı mənsur şeirləri çon dərəcə maraqlı şəkildə qələmə alınıb.

Kitabda ən çox diqqəti çəkən şeirlərdən biri "İnşa yazısı" adlı mənsur şeirdir. Burada şairə cəmiyyətin ən ağrılı bir məqamına toxunur. Bu məsələ ağrılı olduğu qədər aktualdır. Axı atılan uşaqlar, uşaq evlərində böyüyın atalı-analı uşaqlar, problemi hələ öz həllini tapmayıb. Zamanın tələbinə uyğun olaraq qələmə alınan bu şeirdə müəllim yuxarı sinif şagirdlərinə "Mənim arzum" mövzusunda inşa yazısı  yazdırır. Hərə öz arzusunu yazır, amma uşaq evində böyüyən mavi gözlü bir qız yazır ki, ana olmaq istəyirəm! Ovladını atmayan bir ana!

Bu mənsur şeirdə G.Munis "mavi gözlü qız" ifadəsini yazmaqla çox incə bir məqama da toxunur ki, bu da onda milli təəssübkeşlik hisslərinin qədər güclü olduğundan xəbər verir.

Kitabda "Cavid qayıtdı", "öldürülən ölülər", "Körpə" adlı çox maraqlı şeirlərlə yanaşı, şairənin vətənpərvərlik mövzusunda yazdığı  "Hanı ayağın, əsgər?", "Güllə", "Şəhid məzarında iydə ağacı" "Sil gözünü" adlı mənsur şeirıəri oxucunu düşünməyə vadar edir. Bu kiçik həcmli, dərin mənalı şeirləri ilə şairə zamanın nəbzini tuta bilib desək, heç səhv etmərik.

"Təsəlli ver mənə" kitabında qeyd olunan bir nüansı da oxucuların diqqətinə çatdırmaq istərdim. Kitabın ilk səhifəsində qeyd olunan "Kitabı ilk müəllimim Məmməd Bağır Əsgərlinin əziz xatirəsinə ithaf edirəm" sözləri kitabın təqdimatının məhz Buzovna qəsəbəsindəki 206 saylı məktəbdə keçirilməsi, şübhəsiz,  böyüməkdə olan nəslin məktəbə, müəllimlərinə olan hörmət ehtiramın daha da dərinləşməsinə kömək edəcək.

Şairəyə yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Ötərxan Eltac,

şair-publisist

 

Təzadlar.- 2010.- 23 fevral.- S.15.