Qəbir əzabı

 

(Hekayə)

 

"Salam, ana, çoxdandır görüşünə gələ bilmədiyimə görə məni bağışla. Yaman darıxmışam sənin üçün..."

"Xoş gördük, oğlum, bilirsən, mən sağlığımda da heç birinizdən inciməmişəm. İndi ata-anamın, bacımın yanındayam, sənin yaşın var, bax gör hələ sənin darıxan vaxtındır? Sən heç balalarını yerbəyer etməmisən, tələsmə, ağrın mənə. Mənim valideynlərim - sənin baban nənən mənim bura köçməyimə az çox, düz otuz il razılıq vermədilər..."

"Vay, Allah, sən heç yaşamamısan ki..."

"Elə demə, bizə ayrılan vaxtı biz müzakirə etmirik. Həmişə demişəm, yenə təkrar edirəm, sən mənim həyatımı bu sarıdan təkrarlama, ağın mənə, sən istedadlısan, çox şey edə bilərsən, mən sənə inanıram, amma uğursuzluqlar səni müşayiət edir edəcək, neyləməli, dözməlisən..."

"Asanlıqla heç əmələ gəlmir, indi sənə yaman ehtiyacım var, bekaram. Xarakterimi bilirsən , suyu da qorxa-qorxa içirəm, özümü dəyişə bilmirəm."

"Başın ağrımaz, belə yaxşıdır. Heç kəsə qarnına görə əyilmə. Yadındadır, bundan əvvəl səni səhvinə görə işdən çıxaranda hamıdan çox mən sarsılmışdım, amma ondan da betəri sən qayıtmaqdan ötrü lüzumsuz cəhdlər edirdin, mənsə xəcalətimdən ölürdüm. oldu, bir müddət sonra hər şey qaydasma düşdü, başın qarışdı."

"Bu axmaq bədii məşğuliyyət məni zaman-zaman çıxılmaz vəziyyətlərə salır. Sən yeganə adamdın ki, məni başa düşürdün, o səbəbdən mən bütün sirlərimi ancaq sənə açırdım. Mən bədii eskizlər qurmağa başım qarışanda özümə elə məətəlqalası sürprizlər hazırlayırdılar... İndi özümə yer tapa bilmirəm, yenə yazıram, amma yazdıqlarımı heç kəsə göstərmirəm, qorxuram ciddi saymayalar. ömürdən elə bir şey qalmayıb, sağlamlığıma da etibarım azalır... Susursan..."

"Sən danışanda susmaq yaxşıdır. Sən sadədən sadəsən, heç bicliyin-zadın yoxdur, uşaq kimisən... O tünbətün oğlu tünbətünə yenə qulaq asırsan..."

"Tomazo Albinonini deyirsən (gülür). "Adadjio"... indi belə şeylərlə heç kəsi təəccübləndirə bilməzsən... İndi bahalı maşınlar, başgicəlləndirən villalar dəbdədir. Yaman naqolay zamandır."

"Sənin kimilər az deyil, çox da dünyanla baş-başa qalma... Uşaqlara bir gün ağlamasan səni söyəcəklər, yasin oxudan da olmayacaq..."

"Yasin demişkən, bu yaramazlar sənə heç baş çəkirlər?.. Amma sənə bəribaşdan deyim, sənin ölümündən sonra mən o həyətə, o evə ayaq basa bilmirəm..."

"Kim edir, ancaq özü üçün edir, durub kimi nəyəsə məcbur etmək olmaz. Elə şeylər var onları heç ilə əsaslandırmaq olmur. Deyim ki, sənin iki il bundan əvvəlki hərəkətin məni indiyə kimi rahat qoymur."

"(Susur.)"

"Sən uşaq deyilsən, amma bunu uşaq da etrnəzdi. Elə bilirsən burda mənə asandır (Doluxsunur.)? Sən mənim qürur yerimdin. Hətta bir müddət işsiz qalanda sən mal- qara dalınca düşdün, bu, mənə zərrəcə toxunmadı, bilirdim bu müvəqqətidir, sən layiq olacağın yeri tapacaqdın. Bu belə oldu, çünki o vaxta qədər sənin o ana qədərki həyatına kölgə salacaq əməlin yox idi. İndi deməyə söz tapmıram. Mənə hələ qaranlıqdır ki, bu necə niyə baş verdi, kimlər səni bu yola təhrik elədi. Bilirsən ki, o vaxt mən səni sorğu-sual etmədim, amma ana kimi mənə bu dərdi çəkmək olduqca çətin idi. Ətrafda səni tanıyanlar da bu hərəkətini gözləmirdilər. Bilirəm, bu söhbət sənin xoşuna gəlmir, amma indi oturub cızmaqara etmək sənə verəcək?.. Görürəm, çox narahatsan, yükün ağırdır, hətta düşündüklərini gerçəkləşdirə bilsən belə, o qaranı üstündən götürə biləcəksənmi... (Ah çəkir, bir müddət susur). Sən ağıllısan, amma ağıllı olduğun qədər tərssən..."

"Sən Allah, bu qədər üzülmə, canlı həyatda bu olayı unutduracaq, o qədər təsəlli gətirəcək şeylər var ki... Onların qazandıqları halal pullar deyil olmayıb. Bu pullar ən azından orada işləyənlərin qanı bahasına ərsəyə gəlir."

"Başqasının hesabını aparma, oğlum, bu sənin özün üçün yaxşıdır. çox təfərrüata vardığıma görə məni bağışla..."

"Sənə çox ehtiyacım var, özümə yer tapa bilmirəm, dərdimi bölməyə heç kimim yoxdur. Yeganə pənahım uğursuz məşğuliyyətimdir, onu da sən qəbul etmirsən."

"Sən düz danışmırsan, bəlkə bilə-bilə qarışdırırsan, amma bütün hallarda sənə çətin olsa da dözməlisən yaşamalısan. Biz sənin bura gəlməyinə qərar verməmişik, odur ki, qalan ömrünü səmərəli keçirməlisən, bunu sən edə bilərsən, bunu sən etməlisən. Hər şeyi yarımçıq qoyaraq gəlməklə sonradan elə burda da sənə rahatlıq gətirməyəcək. Qəbir əzabı hər əzabdan ağırdır. Yaxşısı budur sən mənə əslində baş verdiyini anlat."

"Mən qurulan tələyə çox rahatca düşdüm, hətta onların gözlədiklərindən artıq yaxşı düşdüm, məni tanıyanlar əməlli-başlı çaşmışdılar. İndi bu hazır materialı ancaq qələmə almaq qalır. Amma sən bilirsən ki, həyatda bu adamlar əslində hansı yuvanın quşudurlar."

"Onu heç kəs deməyəcək, çünki bu gün ətrafdakı insanların dolanışıqları onlardan keçir. Hər kəs sizin dünyada çörəyinin quludur, bu psixologiyanı sən dəyişmək gücündə ola bilməzsən. Ona görə barışmaqdan başqa çarə görmürəm. Sən susma, danış."

"Başçının atasına da sağlığında eynən buna oxşar tələ qurmuşdular. Bu işdə iki əsas iştirakçı ölməsə , işləyə bilmədilər. Düşünürsən ki, mən bununla təsəlli tapıram, sən mənim səmimiyyətmə inanmırsan, mən baş verənlərə görə əziyyət çəkirəm, amma artıq gecdir, onlar bir tikə çörəklərinin quludur, sən haqlısan. Mən çox yaxşı aparırdım, ürəklə çalışırdım, bu, məndə Allah vergisidir. Məndən sonra orada nələr baş verdi, yerim hələ görsənir..."

"Alovlanma, indi bunun əhəmiyyəti yoxdur, başçıya sənin başın sağlam canın lazımdır, bunların ikisindən biri olmasa, dalından dəyəcək, bu şübhəsizdir. Onlar boş yerə pul vermirlər."

"Sənin sözlərin öz təsdiqini tapır, ancaq qalanlar da bunu görə-görə çaşmaqda davam edirlər. İnsan bir tikə çörəyinin quludur."

"Elədir..."

"Mən başçıya hər şeyi etiraf etdim, amma hər zaman, elə indinin özündə min cür fırıldaqdan çıxan ətrafı bu cür etməzdi. Mən sınmadım, ondan hansı qərarı qəbul etsə, razılaşacağımı dedim. Sən inanmazsan, mən onunla necə ötkəm danışdım."

"Sən axmaq tutanda ailəni, uşaqlarını düşünmürdün?.. Sən elə bilirsən həyat eynən sənin yazdıqların kimidir. İndi bunun əziyyətini daha çox onlar çəkir. Sənə bir sirr açım, mən bura düşəndən sənin arvadın kiçik oğlun hər cümə axşamı mənə baş çəkirlər. Sən buna inanardın?.. Onların günahı nədir, niyə əziyyət çəkməlidirlər, amma əzablarını həmişə səndən gizlədiblər, sən qəribə adamsan... özünü axmaq situasiyalara salırsan ki, sonra cızmaqara ilə bir müddət başını qatasan. Mənə düzünü etiraf et: sən bilərəkdən bu tələyə düşdün, gerisini danışma, gerisindən məlumatlıyam..."

"Təxminən elədir..."

"Sən gedə bilərsən. Mən bir az rahatlandım..."

 

 

Aliq Nağıoğlu

 

Təzadlar.- 2010.- 25 fevral.- S.15.