50 qrivnalıq narlar, yaxud 26 fevral

 

(Hekayə)

 

Biz dekabrın 5-i Kiyevə gəldik. Mən və anam təyyarənin pilləkənlərindən düşən kimi Bakının küləkli havasına tamam zidd - quru, soyuq şaxta ilə qarşılaşdıq. Əynimizə qalın şubalar geyinməyimizə baxmayaraq, dişimiz-dişimizə dəyirdi. Bir anlığa ruhumla Bakıya uçub, sonra təzədən Kiyevə qayıtdım. Bakıda qış olmasına baxmayaraq, hava mülayim idi... Mən gödəkçədə gəzirdim. Bu görüntülər Bakı həyatımdan axırıncı yadımda qalan məqamlar idi. Sonra iki saat yarımlıq bir uçuş... və mən gözlərimi Kiyevdə açdım. Deməli, Bakı-Kiyev reysi mənim üçün bir saniyə çəkmişdi. çünki təyyarəyə minən kimi dərin bir yuxuya dalmışdım. Yuxuda nə gördüyümü xatırlaya bilmirəm. Ancaq xatırlaya bilmədiyim bu yuxunun ağırlığı çiyinlərimə qonub məni aşağıya doğru çəkirdi. özümü çox yorğun hiss edirdim. Tezliklə evə gedib yatmaq istəyirdim. Daha doğrusu, bəlkə də xatırlaya bilmədiyim yuxunu təzədən görmək istəyirdim.

Borispol hava limanının qarşısında bizi Azərbaycanın Ukraynadakı səfirliyində qardaşımla birlikdə işləyən dostu gözləyirdi. Deyə bilərsiniz ki, niyə qardaşın yox, dostu sizi qarşılayırdı? O, konsulluqda çalışırdı və səlahiyyəti qardaşımkından çox idi. Bu barədə uzun-uzadı danışmaq istəmirəm. O, bizimlə birgə Borispol hava limanına girib, biz qeydiyyatdan keçib yoxlanıldıqdan sonra yükləri götürməyimizə kömək etdi. Qardaşım bizi burada gözləyirdi. Altı aylıq ayrılıqdan sonra bu, bizim ilk görüşümüz, daha doğrusu, qovuşmamız idi. Məndən daha həssas olan qardaşım bu altı ayda bizim üçün çox darıxmışdı. Məni də, anamı da möhkəm-möhkəm qucaqlayıb bağrına basdı. Anama və qardaşıma baxdım. Hər ikisinin gözləri dolmuşdu. Mənsə yuxulu-yuxulu onlara baxıb gülümsəyirdim.

Qardaşımla dostu yüklərimizi götürüb, yaxınlıqda dayanan "Jeep" maşınının baqajına doldurdular. "Jeep" qardaşımın dostunun idi. Mən ürəyimdə "axı niyə qardaşımın belə maşını yoxdu?" - deyib ona məyusluqla baxdım. Qardaşım mənim baxışlarımdan hər şeyi anlayıb başımı sığalladı. Onun bu hərəkəti onsuz da yuxulu olan vücuduma bir yorğunluq gətirdi. Sanki soba başında yatan püşiklər kimi xumarlandım. Qardaşım yuxulu gözlərimə baxıb, uşaq vaxtlarımızda etdiyimiz kimi, gözlərimin kənarlarından tutub çəkdi... Bu hərəkətlə dəyişilən göz formamıza biz "çingöz" deyirdik. Yuxum bir az qaçdı.

"Jeep"ə minib oturduq. Yumşaq oturacaq məni qucağına alıb yırğalayan nənəm kimi kənd ətri saçırdı. Kiyevdə, özü də xarici maşına bu kənd iyi hardan dolmuşdu? Ətrafıma baxdım. Oturacağın aşağısında, ayağımın düz böyründə yəqin ki, kəndən sovqat kimi göndərilən narlarla dolu bir yeşik vardı. "Yəqin ki, maşının baqajında yer yoxdu" - deyə öz-özümə düşündüm. Ona görə də Kiyevdə bir kilosu Ukrayna pulu ilə əlli qrivnalıq bu gözəl narları ayaqaltına qoymuşdular.

Maşın hərəkətə gəlib sürətlə bizi hava limanından uzaqlaşdırdı. Yolboyu Kiyevin qara torpağının üzünü ağardacaq bir topa qara da rast gəlmədik. Mən Kiyevə tamam başqa düşüncəylə gəlmişdim. Bəyaz qar yorğanının altında ağappaq bir ətalətə bürünüb yorğun-yorğun dincələn, səbirsizliklə yazın gəlişini gözləyən bir torpaq görəcəyimi gözləyirdim. Ancaq yarpaqları tökülmüş qara gövdəli qapqara ağaclardan, qara palçıqdan başqa bir şey görmədim. Saat iki olmasına baxmayaraq, havaya da elə bil torpağın qaralığı hopmuşdu. Kiyev buludların arasından görünməyən günəşini bizdən gizlədib, öz tutqun havasıyla elə bil bizim gəlişimizə heç də şad olmadığını göstərirdi. "Buralar yazda gözəl olar" - deyə ürəyimdə düşündüm.

Mən bu darıxdırıcı mənzərələrdən bezib, daha maraqlı bir şey görmək arzusuyla gözlərimi yumub yatmaq istədim. Xatırlamağa çalışıb xatırlaya bilmədiyim o yuxu içimdə ağır bir hissiyyat buraxsa da, yəqin ki, bu sıxıcı mənzərələrin qaralığından daha qara olmayacaqdı. Ancaq Kiyevə ayaq basandan gözümdən tökülən yuxum elə tökülə-tökülə qaldığı üçün yəqin ki, qurtarmışdı. Yuxudan da bir şey çıxmayacağını görüb, başımı qatmaq üçün ayağımın böyründəki yeşikdən bir qırmızı yekə nar götürüb, o tərəf-bu tərəfinə baxdım və kəndimizdəki rəhmətlik babamın əkdiyi nar ağaclarını xatırladım. Əlimdəki narı qardaşımın dostuna göstərib:

- Bu narları kənddən göndəriblər? - deyə soruşdum.

Qardaşımın dostu gözlərini yoldan ayırmayaraq:

- Hə, kənddən göndəriblər? Burda yaxşı nar tapmaq müşkül məsələdi, - deyib, sonra da əlavə elədi: - özü də keçən il başıma gələn bir hadisədən sonra burdan nar almağa tövbə elədim.

Üçümüz də maraqla ona baxıb sözünün davamını gətirməsini gözlədik. Görünür, o da bayaqdan bəri araya çökmüş sükutu pozmaq üçün bir bəhanə axtarırdı. üzündə nəyəsə təəəssüflənən insanların simasına çökmüş ironik bir təbəssümlə sözünə başladı:

- Keçən il qış vaxtı burdakı Lukyanivsk bazarına getmişdim. Həyat yoldaşıma nar almaq üçün... Bağışlayın, yoldaşım hamilə idi, ürəyi nar istəyirdi. çox yaxşı yadımdadı, 26-sı fevral, Xocalı faciəsinin ildönümü idi. Nə isə, bazara girən kimi tələsik piştaxtaların arasından keçib Azərbaycan narı axtarmağa başladım. Ona görə ukraynalı satıcılara yaxınlaşıb heç narın qiymətini də soruşmadım. Qulağıma Azərbaycan ləhcəsində rusca danışan bir adam səsi dəydi. öz narlarını tərifləyirdi. O səsə doğru getdim. Doğrudan da azərbaycanlı idi. İri gövdəsini daha yekəpər göstərən kürk geyinmişdi. Kepkasının altından pırpız saçları görünürdü. Kobud, tüklü sifəti elə satdığı narlar kimi qıpqırmızı idi. Xırda tum kimi gözləri civə kimi parıldayırdı. Şaxtadan donmuş əllərini bi-birinə sürtə-sürtə nəfəsiylə isidirdi. Mən onunla azərbaycanca danışıb soruşdum:

- Qardaş, deyəsən, sən də azərbaycanlısan? - Onun üzü sərt bir ifadə aldı. Elə bil narlarını əlindən alıb qaçacaqdım. Narazı-narazı başını yelləyib azərbaycanlı olduğunu təsdiq elədi. Mən onun danışmağa o qədər də meylli olmadığını görüb birbaşa əsl söhbətə keçdim. Narın qiymətini soruşdum.

- Kilosu əlli qrivna... - dedi. Yəni bizim pulla təxminən 5 şirvan. Narın belə baha olması məni çox təəccübləndirdi. özü də lap xırda, ovuc içi boyda narlar idi. Qiymətini bi az aşağı salmaq üçün şirin dilimi işə saldım:

- Qardaş, haralısan? Ləhcəndən bizim zonanın adamına oxşayırsan, - dedim. O isə üzünü turşrudub bir cavab vermədi. - Narları od qiymətinə satırsan... Heç olmasa, bir az qiymətini endir, - deyə xahiş elədim.

Sanki birdən dili açıldı. Elə bil bayaqdan bəri susub üz-gözünü əyən adam bu deyildi:

- Ay qardaş, qaçqınam, - deyib ağlamsındı. Utanmasaydı, ağlayardı da. - Beş-on qəpik pul qazanırıq, onu da yer haqqı veririk, - deyə carəsizcə əllərini açdı. Mən onunla sövdələşməyin mənasız olduğunu görüb, sadəcə, bunu dedim:

- Bu gün ayın neçəsidi, bilirsən? O çiynini çəkib matdım-matdım üzümə baxdı. - Fevralın 26-sı, - mən kinayəylə dedim.

- Hoolsun ki? - O heç nə başa düşməyibmiş kimi gözlərini bərəltdi.

- Necə yəni noolsun? - deyib əsəbləşdim. - Qaçqın olduğunu deyirsən, özün də bilmirsən ki, bu gün Xocalı faciəsinin 17-ci ildönümüdü, - dedim.

O isə:

- Ay qardaş, nar alırsan al, almırsansa, qoy işimizi görək. Məni sorğu-suala çəkmə,- deyib piştaxtadakı narlarını əlindəki əskiylə silməyə başladı. O biri piştaxtalara göz gəzdirdim. Heç bir yerdə azərbaycanlı gözümə dəymədi. Odur ki, lənət şeytana, - deyib, əlacsız şəkildə cibimdən 100 qrivna çıxarıb:

- İki kilo çək, - dedim.

Narı alıb evə gəldim. Yolboyu öz-özümə düşündüm ki, elə belə əclafların ucbatından adımız bədnam olub. özün qaçqın olasan, özün də xalqımızın ən ağır gününü, ermənilərin başımıza açdığı o faciəni xatırlamayasan. Amma narın birini açıb içinə baxanda duyduğum ikrah hissi ikiqat artdı. Narın içi başdan-ayağa çürük idi, içinə elə bil su doldurmuşdular. Sonra o biri narları bölüb dəhşətə gəldim. Hamsı eyni kökdə idi. Nə verdiyim pul, nə də narlar məni yandırmadı. Bir o əclafın 26 fevralın hansı gün olduğunu bilməməsi və bir də həyat yoldaşımın nara həsrətlə baxan gözləri indiyə qədər yadımdan çıxmır...

O bu sözləri deyib sözünü qurtardı. üçümüz də təsirlənmişdik. Nə deyəcəyimizi bilmədən susub qalmışdıq. Bayaqdan gözümdən tökülən yuxum hara isə qaçıb ilim-ilim itmişdi. Pəncərədən baxırdım. çiskin yağış yağırdı.

- Bu da həmin o Lukyanivsk bazarı, - deyib qardaşımın dostu yenə araya çökmüş sükutu pozdu.

Mən diqqətlə ətrafa baxdım. Gözümə üstünə 20 qrivna, 10 qrivna, 5 qrivna yazılan balaca budka tipli dükanlar sataşdı. Onların nə demək olduğunu qardaşımdan soruşdum. O mənə başa saldı ki, bu dükanda satılan hər bir şey dükanın şüşəsinə yazılan qiymətə satılır. Qardaşımın dostu qəfildən maşını üstünə 10 qrivna yazılan dükanın qarşısında saxlayıb, həyəcanqarışıq kinayəli bir səslə ucadan:

- Baxın, baxın, bu həmin o nar satıcısıdı,- deyib, 10 qrivna dükanının qarşısında növbəyə düzülmüş, əksəriyyəti yaşlı olan adamları basa-basa dükana girmək istəyən başı kepkalı, qalın kürk geymiş həmin o əclafı göstərdi.

Mən diksinib yuxumu xatırladım. Bu üz mənə çox tanış idi. Bayaq xatırlamaq istəyib xatırlaya bilmədiyim, ancaq ağır bir hissiyyat kimi çiyinlərimdən sallanıb məni aşağıya çəkən o pis duyğu elə o nar satıcısının pırpız saçlarının üstünə basdığı kepkasının altından civə kimi parıldayan gözlərinin içimdə yaratdığı o sıxıcı duyğu idi. Mən bu nar satıcısını passaj bazarında çox görmüşdüm.  

 

 

Aysel Qarabəyli

 

Təzadlar.- 2010.- 27 fevral.- S.15.