Sözdən doğan
nur
Bədii ədəbiyyat, söz sənəti bir ümmandır. Bu ümmana yalnız söz dənizində üzməyi bacaranlar, söz xiridarları baş vurmalıdır. Ədəbiyyat dənizi yalnız ona məxsusları qoynuna alır. Zorən özünə bu dəryada yer görənləri isə ya dalğalar sahilə atır, ya da söz dənizi onu dibsiz ənginliklərində batıraraq yox edir. Bir qədər bədii dillə desək, çağdaş ədəbiyyatımızda lövbər salan söz adamlarından biri də Ağarəhim Rəhimovdur.
Ağarəhim Rəhimovun yaradıcılığı ilə ilk tanışlığım onun Qarabağ mövzusunda qələmə aldığı əsərləri ilə başladı. Sözə bağlı bir ömür yaşayan A.Rəhimov "Qoşa qanad", "İkili dünyam", "Ovlaq keçidi", "Girdab", "Səfalət" kimi romanların, onlarla povest, hekayə, kinossenarilərin, 46 pedaqoji kitabın müəllifidir. Zəngin yaradıcılığı yazıçının xalq üçün yaşadığının, əsl vətən oğlu olduğunun isbatıdır.
Kiçik münaqişədən başlasa da kökləri tarixin dərinliklərinə gedən və asta-asta alovlanaraq bu gün pik həddinə çatan və artıq illərdir dünya siyasətçiləri səviyyəsində müzakirə olunan Qarabağ problemi çağdaş ədəbiyyatımıza yeni mahiyyət verdi. Qarabağ təkcə tariximizdən deyil, həm də bədii ədəbiyyatımızdan qara xətlə keçdi. Qarabağda mənfur qonşumuz ermənilər tərəfindən törədilən məlum vəhşiliklər, amansızlıqlar əli qələm tutan hər kəsi nə isə yazmağa vadar etdi. Faciələrin bilavasitə içində olan Ağarəhim Rəhimovun yazdıqlarını qələmi deyil, ürəyi yazırdı. 90-cı illərdən bu yana əsərlərini məzmunca yeni məcraya yönləndirən yazıçıya Qarabağın bütöv dərdi və daha konkret, bacısı oğlunun ermənılər tərəfindən amansızlıqla öldürülməsi səbəb olmuşdu. Əsasən epik-analtik, mühakiməli-didaktik üslubda yazan nasir bu üslubu Qarabağ mövzusunda yazdığı əsərlərinə də şamil etmişdir. Bu əsərlərin özəlliyi həm də burada pedaqoji-pisxologizmin qabarıq olmasıdır.
A.Rəhimov Qarabağ müharibəsi mövzusunda yazmış olduğu "Qoşa qanad" romanında nə qədər müharibə zonasından, döyüş səhnələrindən, qaçqın və məcburi köçkünlərin düçar olduqları acınacaqlı vəziyyətin təhlilindən yan ötsə də, hər halda, mövzu yeni bir aspektdə əhatə olunmuşdur. Yazıçının tətbiq etdiyi bu metod mövzuya yeni bir yanaşma tərzi kimi dəyərləndirilməlidir. Sözügedən romanda yazıçı ürəyinin yanğısını, təlatümlərini, firtınalarını sıradan bir oxucunun belə hiss etməməsi mümkünsüzdü. Əgər yazıçının qələmi ürəyindən od alıb yanırsa, demək, o, oxucunu da yandırmağa qadirdir. Bax, bu zaman əsər içimizdə pas atıb yatmış üsyankarlığı, mübarizə əzmini, döyüşkən ruhu oyatmaq iqtidarında ola bilər.
A.Rəhimovun əsərlərində döyüş səhnələrinin, müharibənin nəfəsi duyulur. Sanki müəllif özü də qurban qədiroğlular, isgəndərlər kimi ("Ovlaq keçidi") əlində silah Murovun soyuq səngərlərində düşmənlə bir addımlıqda duraraq vətən torpağının, ana-bacılarımızın keşiyini çəkir. Ağarəhim Rəhimov Qarabağ mövzusunda qələmə aldığı əsərlərini sanki kənarda sakit bir guşədə deyil, güllələrin yağış kimi yağdığı döyüş bölgələrində mərmi, top-tüfəng səsləri altında yazıb. Əsərləri oxuyarkən bu müdhiş səslər sanki oxucunun qulaqlarında əks-səda verir. Hətta oxucu belə hiss edir ki, A.Rəhimov sanki burda qələmdən və mürəkkəbdən yox, mərmidən, axan şəhid qanından istifadə edərək bu əsərləri yazmışdır.
A.Rəhimov istedadlı yazıçı olmaqla bərabər, həm də vətəninin, xalqının tarixini dərindən bilən bir vətən oğludur. Onun əsərlərində axar-baxarlı Azərbaycanımızın görən gözü, vuran ürəyi Qarabağ elə inandırıcı boyalarla canlandırılmışdır kı, həmin yerləri nə vaxtsa qarış-qarış dolaşmış, oxucu səhifələri bir-bir ötürdükcə sanki yenidən o günlərə qayıdır, müəllif qələmin qüdrətiylə oxucunu hər daşına-kəsəyinə bələd olduğu yurd yerindən bir də keçırir.
Bu əsərlərdə yazıçı təxəyyülü ilə, bədiiliklə paralel bir də statistikaya, tarixi faktlara söykənmə var. A.Rəhimov "Qoşa qanad" romanında el-oba, vətən, torpaq haqqında sevgilərini, istəklərini, arzularını, hətta ağrılarını İlham Elvüsalın simasında cəmləşdirərək, onun vasitəsilə oxucuyla paylaşır. Bu obraz bir növ yazıçının özüdür. İlham Elvüsal xalqımızın başına gətirilən fəlakətlərdən xəbərdardır. Torpaqlarımızın əldən getməsi, qız-gəlinlərimizin əsir düşməsi, Qarabağ dərdi onun ürəyində qövr edən yaradır. O, prorektor işlədiyi universitetdə bütün əməli fəaliyyətini Azərbaycanın haqq səsini bütün dünya ictimaiyyətinə tanıtmağa həsr edib. Əsərdə bir məqam da diqqətdən yayınmır. Xalqın bu ağır günündə İlham Elvüsal Azərbaycanda, Qarabağda bir vətən oğlu olaraq odun-alovun, yağış kimi yağdırılan güllələrin altında deyil, vətəndən çox uzaqda Sankt-Peterbuq torpağının sakit bir güşəsindədir. Bu məsələnin fərqli bir işıqlandırılması kimi təqdirəlayiqdir. İlham da qərib ellərdə vətəni üçün çarpışmalarda, döyüşlərdədir. Ancaq onun odlu silah-sursatı yoxdu. O, söz döyüşündədir. İlham Elvüsal Sankt-Peterburqda Azərbaycanı gözü götürməyən mənfur qonşularımızın bir çox alimləri və onların elə özləri kimi nankor xislətli havadarları ilə söz döyüşünə girib. Sözlə müharibə özü də odlu silahlarla aparılan müharibələr qədər ağır, məsuliyyətli, ölüm-dirimlidi.
Sözün qüdrətinə arxalanan yazıcı prototipi kimi yaratdığı İlham Elvüsalın da silahını sözdən yapdı kı, onun vasitəsilə düşmənləri söz divanına çəksin. Tarixən "söz var kəsdirər başı, söz var kəsər savaşı" deyən ulularımız onun qüdrətinə arxalanaraq düşməni bir həmlədə çökdürmüşlər. İlham da məhz həmin sələflərin xələfidir. "Sözlə insanlar onun yenilməz gücü ilə hiss, həyəcan və inam doğurmağa müvəffəq olmuşlar. Bu isə dirilik və hərəkət deməkdi. Söz hərəkətlə yaranır, eyni zamanda sözlə toplum hərəkətə gətirilir". (T.Hüseynoğlu).
Qarabağ müharibəsini əks etdirən əsərlərdə qəhrəmanı əlində odlu silah, soyuq səngərində düşmənlə üz-üzə ölüm-dirim savaşının tam ortasında gorməyə alışmış oxucu üçun yazıçının bu seçimi nə qədər qəribə görsənsə də, hər halda, bu bədii nəsrimizdə yeni nəfəs olaraq əhəmiyyətlidir. Ağarəhim Rəhimovun əsərlərində yazıçı sənətkarlığının ucalığı bir də oxucunu müəmmalı suallarla baş-başa buraxmasıdır. Yazıçıya görə hər kəs bu qaranlıq sualların cavabını öz düşüncə səviyyəsinə uyğun olaraq elə əsərlərin özündə tapacaq.
"...Kaş Azərbaycanda öləydim. Doğulduğum torpaqda uyuyaydım, vətənin qədrini adam qəriblikdə bilir. Vətəni olmayan insan, insan kimi ölə bilməz." ("Qoşa qanad")
Yazıçının son ümüdi vətəndən gələn bir ovuc torpağa olan 96 yaşlı nurani qoca Cavidin dilindən verdiyi bu sözlər qarşısında ən iradəli oxucu belə sarsılmaya bilmir. Bu sözlər qəfil gələn qara yellərin qurbanı olan, ömrünə qəriblik yazılmış bir insanın qəlb yanğısıdır. Əsər bəxtinə qəriblik, didərginlik yazılmış insanların yaşamlarının əksi baxımından nə qədər bədbin notlara köklənmiş olsa da, sonda yazıçı təxəyyülünün məhsulu olan proseslərin finalı oxucuya bir qədər yüksək ruh, nikbin əhval-ruhiyyə aşılayır. Yazıçının Səadət xanımın dilindən verdiyi "Böyüklüyünə şükür, İlahi. Torpaqlar da geri qayıdarmış!.. İnsanların üzərindən qacqın, köçkün sözü götürülərmiş" - ifadəsi yazıçının böyük arzusunun, intizarlı, narahat ümidlərinin ifadəsi kimi diqqəti cəlb edir.
A.Rəhimov "Canavar balası" hekayəsində "Qarı düşmən dost olmaz" atalar sözünü çox gözəl bədii çalarlarla ifadə etməyi bacarmışdır. Hekayədə azərbaycanlılar tərəfindən tapılaraq böyüdülən, sonda onu böyüdənlərə nankor çıxan erməni-canavar balasından bəhs olunur. Erməni xisləti həmişə öz bədnamlığı ilə seçilib və onların xalqımıza zaman-zaman etdiyi xəyanətləri müəllif çox orijinal şəkildə bu hekayədə göstərməyə çalışmışdır. Bu bir daha sübut edir ki, Ağarəhim Rəhimov insanların psixologiyasını çox dərin araşdırmaq qabiliyyətinə malikdir.
Ağarəhim Rəhimovun real həqiqətləri əks etdirən digər bir əsəri "Ovlaq keçidi"dir. Gərgin bədii yaradıcılığın növbəti məhsulu olan roman qışın təsviri ilə başlayır ki, bu da təsadüfi seçilməmişdir. "Ovlaq keçidi"ndə müəllifin önə çəkdiyi əsas qayə eyni adlı keçiddə azğın erməni faşistlərinin vəhşiliyinin və eyni zamanda yerli vəzifə hərislərinin, siyasətbazların məkrli siyasətinin günahsız qurbanları olan bir qrup gənc əsgərin həyatının məhz bu dönəmindən-qəhrəmanlığa aparan yolun ən son döngəsindən bəhs etməsidir. Və elə bu yolun sonunda yetdikləri son mənzil zahirən qar uçurumu, əslində isə şəhidlik adlı müqəddəs bir zirvə olan bu enmədə yüksəlmə əsərin əsas məzmununu təşkil edir. Əsər Qarabağ hadisələrinin inikası baxımından aktualdır. Yazıçı romanda təhkiyəvi xırdalıqlara varmadan cəmiyyətdə baş verən naqisliklərlə yanaşı, ağrılı yerimiz olan Qarabağ müharibəsinin Azərbaycanın sosial-siyasi durumuna göstərdiyi mənfi təsirin işıqlandırılmasına xüsusi diqqət yetirmişdi. Romanda Qafar kişi bütöv bir xalqın obrazlaşdırılmış simasıdır.
Ağarəhim Rəhimovun haqqında söz açdığımız əsərlərinin hər birində başlıca qayə Qarabağdır. Onları bir araya gətirən ortaq cəhət hər birində ayrı-ayrılıqda ləyaqətli, qəhrəman oğul və qızlarımızın vətənə sonsuz məhəbbətindən, el-obaya bağlılığından, torpaq, yurd sevgisindən bəhs edilməsidir. Eyni zamanda əsərlərin hər birində ayrı-ayrılıqda erməni faşistlərinin Qarabağda apardıqları işğalçılıq siyasətindən, azğınlaşmış erməni quldur dəstələrinin müharibə bölgəsində xalqımıza qarşı törətdikləri cinayətlərdən və vətənimizin mərd, qorxmaz oğullarının torpaqlarımızın azad edilməsi uğrunda apardıqları fədakar mübarizəsindən bəhs edilir. Ağarəhim Rəhimovun cild-cild əsərləri xalqına, vətəninə sonsuz məhəbbətindən doğmuşdur. A.Rəhimovun daxilindən gələn millilik, dövlətçilik, vətənə, el-obaya bağlılıq, humanizm və s. bu kimi bir sıra keyfiyyətlər onun yaradıcılığına xəmiri vətənpərvərlikdən yoğrulmuş bir pafos verir. On illərdən üzü bu yana xalqımızın sağalmaz yarasına çevrilən Qarabağ problemi A.Rəhimov yaradıcılığının aparıcı, ana xəttidir. Ona görə yox ki, Qarabağdan əli qələm tutan hər kəs yazır, ona görə ki, o, əsl vətən oğlu, xalqının əsl vətəndaşıdır. Ağarəhim Rəhimov bunu təkcə qələmi ilə deyil, digər fəaliyyətləri ilə də sübüta yetirmişdi.
Erməni millətçıləri tərəfindən Azərbaycan xalqına, türk dünyasına qarşı soyqırım və təcavüz siyasəti neçə əsrlərdən üzü bu yana davam edir. Bu siyasət nə bu günün, nə də dünənin məsələsi deyil. Bədnam erməni siyasətinin bir qolu olan Qarabağ probleminin kökləri dünən də, bu gün də aranmamalı, məsələnin kökünə varmaq üçün ən azından ötən əsrlərə nəzər salınmalıdır. Ermənilərin işğalçılıq siyasəti cəmiyyətin bütün nöqtələrinə sirayət edib maddi və mənəvi aşınmalara səbəb olduğu kimi, bədii ədəbiyyata da təsirsiz ötüşməmişdi. Bu isə apardığımız mübarizənin ictimai-bədii dərki baxımından olduqca əhəmiyyətlidir.
Könül Heydərova
Təzadlar.- 2010.- 1 iyul.- S.15.