Milli mətbuatımızın banisi

 

Zaman öz axarındadır. Bəşər boyu bu axar çoxlarını həyatdan aparıb. Amma "gedənlərin" arasında elələri də olub ki, sadəcə, dünyasını dəyişib. Müqəddəs ruhları, xidmətləri isə həmişəyaşarlıq qazanıb. Belələrindən biri də adı çəkiləndə qürur hissi duyduğumuz, milli mətbuatın öndəri Həsənbəy Səlimbəy oğlu Məlikov Zərdabidir. O, 1837-ci ildə Göyçay qəzasının Zərdabi kəndində dünyaya göz açmışdı.

İlk təhsilini əvvəl doğma kəndlərində və Şamaxıda almışdı. Sonra Tiflis gimnaziyasına qəbul olmuş, 1861-ci ildə orada təhsilini gümüş medalla bitirmiş, Moskva Universitetinin riyaziyyat fakültəsinin təbiyyət şöbəsində oxumuşdu. Ali təhsil aldığı müddət başa çatanda ona universitet elmi şurasının qərarı ilə professorluğa namizədlik dərəcəsi verilibxüsusi təyinatla Gürcüstana göndərilib. Lakin çar hökumətinin idarələrində işləyərkən sağlam ideyasına, amalına görə sıxışdırılıb, işdən çıxarılmışdı.

O, 1869-cu ildə Bakıya gəlib, gimnaziyada müəllim işləyib, azərbaycanlıların təhsil almalarına var gücü ilə çalışıb. Tələbələrə maddi yardım göstərmək üçün "Cəmiyyəti-xeyriyyə" qurumu yaratmışdı. Pedaqoji fəaliyyətlə yanaşı, doğma xalqının ictimai şüurunu formalaşdırmaq, maarifləndirmək məqsədilə Azərbaycan dilində qəzet nəşr etmək qərarına gəlib. Üç illik əziyyətlərdən sonra, nəhayət, 1875-ci ildə "Əkinçi"nin çapına icazə alıb. Amma yenə ürəkdən sevinməyib. Çünki özü yazdığı kimi: "Pul yox, yazıçı yoldaş yox, çapxana yox, hürüfat yox. Dövlət tərəfindən izn almaq da ki, bu, böyük bəladır".

Qəzet nəşr etmək üçün Həsən bəyə kömək edən insanlar da olmuşdu. A.Bakıxanovun Qubada yaşayan qardaşı Cəfərqulu xan Bakıxanov məktub yazaraq onu bu xeyirxah niyyəti münasibətilə təbrik etmiş və qəzetin çapı üçün maddi kömək göstərəcəyini bildirmişdi. Beləliklə, 1875-ci il iyulun 22-də "Əkinçi"nin ilk sayı işıq üzü gördü. Bu qeydlər Zərdabinin ömür-gün yoldaşı Hənifə xanımdan yadigar qalıb: "Həsən bəyin gözləri sevincdən yaşarmışdı. Olduqca həyəcanlı vəziyyətdə evə gəldi. Həmin gün onun həyatının ən xoşbəxt anları idi".

Doğma dildə ilk qəzetin nəşri H.Zərdabinin dostlarını, dövrün ziyalılarını fərəhləndirirdi. Onun maarifçilik, demokratik ideyalar haqqında yazdıqları rəğbətlə qarşılanırdı. Müxtəlif ünvanlardan -  Omskdan, Orenburqdan, Ufadan, Volqaboyu əyalətlərdən, Krımdan, Dağıstandan təbriklər, məqalələr, abunələr gəlməyə başladı. M.F.Axundov "Əkinçi"yə xüsusi qayğı göstərmişdi. Zərdabinin Rusiyada təhsil alan tələbələri N.Vəzirov və Ə.Gorani qəzetin nəşrini fərəhlə qarşılamışdı. Həsən bəyə böyük köməyi o zaman Bakının general-qubernatoru Staroselski etmişdi. O, qəzeti kənar hücumlardan qorumaq üçün özünü qəzetin senzoru elan etmişdi. Lakin qəzetin mövzu ilə bağlı fəaliyyət dairəsini daraltmışdı. Milli dirçəlişdən, vətən, yurd sevgisindən yazmaq olmazdı. Əkinçilik işlərindən başqa özgə mövzuda material dərc edilə bilməzdi. Təbii ki, belə bir qadağa ürəyi daim yenilik, tərəqqi həvəsi ilə döyünən naşiri qane etmirdi.

Tarixi mənbədə qeyd olunur ki, H.Zərdabi hürufat olmaq üçün İstanbula gedir. Qəzetə kömək məqsədilə əldə edilən vəsait "Əkinçi"nin daha oxunaqlı olmasına, geniş yayılmasına xərclənir. Ana dilində yığıcı mürəttib olmadığından Həsən bəy mətbəədə işləmək üçün erməni Minasovu işə götürür. Az keçmiş həmin erməni bacısı oğlunu da yanına gətirir. Redaktordan asılı olmayaraq, texniki işlər ermənilərin əlinə keçir. Staroselski də vəzifəsindən uzaqlaşdırılır. Bakıya yeni qubernator təyin olunur. Vəziyyət günbəgün çətinləşir. Qəzetdə Nəcəf bəy Vəzirovun bir yazısı dərc edilir. Materialda vurğulanır ki, bir dərviş küçələrdə gəzib adamları maarifə, həmrəyliyə çağırır. Bu barədə Həsən bəy yazıb: "Qəzetin həmin nömrəsi çap olunub satışa gedəndən az keçmiş məni qubernatorun yanına apardılar. Gördüm ki, mənim Minasovum da ordadır. Qubernator buyurdu: "Minasov deyir ki, dərvişin sözlərinin qeyri mənası var. Ona görə nömrəni (qəzetin) bağlayıb sənə hökm edirəm ki, bir qeyri nömrə çap edəsən". Cavab verdim ki, qeyri nömrə çıxara bilmərəm... Mənə ilk zərbəni erməni vurdu. Doğrudan da erməni hər yerdə, hər zaman erməniymiş"1877-ci ildə başlayan rus-türk müharibəsinin qorxusu "Əkinçi"nin də başı üstünü aldı. Rusdilli qəzetlər müharibənin gedişi barədə ətraflı məlumatlar verdiyi halda, bu haqda yazmaq Həsən bəyə qəti qadağan edilmişdi. Senzura "Əkinçi"nin üzərində nəzarəti daha da gücləndirmişdi. Buya digər səbəblər qəzetin nəşrinə əngəl törədir, oxucuları tədricən uzaqlaşdırırdı. Nəhayət, "Əkinçi"nin bağlanması haqqında qərar verildi. Hakimiyyət Həsən bəydən yenə  əl çəkmədi. O, işlədiyi realnı məktəbdən də uzaqlaşdırıldı. Ona təklif olundu ki, gedib Rusiyanın hansısa bir əyalətində işləsin. Həsən bəy bu barədə yazıb: "Mən ərizə verib qulluqdan çıxdım. Çünki mən Bakıdan, müsəlman işlərindən ayrılmağı özümə ölüm hesab edirdim".

Haqsızlığa, ədalətsizliyə dözə bilməyən Həsən bəy çarəsiz qalmışdı. Şikayətini kimə etsin, başına nə çarə qılsın, bilmirdi. Son ümidi "Bakinskaya izvestiya" qəzetində dərc etdirdiyi elana çatdı: "Real məktəbin müəllimi Həsən bəy Məlikov 1878-ci il 20 noyabrdan istefaya çıxaraq xüsusi müəssisələrdə işlər müdiri, qantorçu, müəllim və s. bu kimi vəzifələrdə işləmək üçün yer axtarır".

Elanı oxuyanlar onun qayğısına qalmağa çalışırdı. Təəssüf ki, zəmanə zalımların, zülmkarların ixtiyarında idi. Necə istəyirdilər, eləcə də hökm verirdilər. Naəlac qalan, işsizlikdən bezən Zərdabi doğma obasına qayıdır. ömrünün 16 ilini orada yaşayır. Dostları, həmfikirləri mütəmadi olaraq onu yad edirdilər. Ancaq o, təskinlik tapa bilmirdi. O, "İşsizlik Allahın yox, eyni cinsdən olan insanların bilərəkdən törətdikləri bəladır. Mən də bu müsibətə düçar olmuşam" - yazıb.

H.Zərdabinin yenidən Bakıya qayıtması təsadüf nəticəsində mümkün olmuşdu. Bakı Dumasına növbəti seçkilər zamanı başçısını itirmiş varlı, imkanlı ailəyə qəyyum təyin edilməklə Dumaya üzv seçilir. İmkanı daxilində yetim uşaqlara, elmə, təhsilə marağı olanlara qayğı göstərmişdir.

H.Zərdabinin adı təkcə maarifpərvər, xeyriyyəçi kimi yox, həm də "Əkinçi" qəzetinin redaktoru, milli mətbuatımızın banisi kimi tarixə yazılıb. Bir əsrdən artıq dünyasını dəyişsə də, o, yenə bizimlədir. ümummilli lider Heydər Əliyev "Azərbaycanda milli mətbuatın yaranmasının 125 illiyi haqqında" 27 mart 2000-ci il tarixli fərmanında anadilli mətbuatımızın banisinin xidmətlərini yüksək qiymətləndirmişdir: "Milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maariflənmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması, Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı"

Başıqarlı dağlar uzaqdan diqqət çəkir. Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabi də zirvəyə ucalanlardan biridir. O, yox ikən var, var olduğu üçün də həmişə tərəqqipərvər, qədirbilən xalqımızla bir yerdədir.

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2010.- 1 iyul.- S.14.