Səsi Anar Şuşalının...

 

Mat qoyubdur bülbülləri,

Səsi Anar Şuşalının!

Qoxlayıbdır tər gülləri,

Səsi Anar Şuşalının!

 

O, Rəşidin Əsgər rolun

Seçib keçib zil səs yolun,

Qazanıbdır el sağolun,

Səsi Anar Şuşalının!

 

Zövqün oxşar yorğun kəsin,

Nəğməsinə vurğun kəsin.

Andırır dağ şəlaləsin,

Səsi Anar Şuşalının!

 

Səs ziyası, səs aləmi,

Könüllərdən silər qəmi.

Səs sevənin can məlhəmi,

Səsi Anar Şuşalının!

 

Dönər sözün söz qoruna,

Ürəklərin qüruruna

Ömrü bələr səs nuruna,

Səsi Anar Şuşalının!

 

Sorağı hər eldən gələr,

Səsin dinlər dost ölkələr

Arzuya səs nuru çilər

Səsi Anar Şuşalının!

 

Yurdsuzların ağrısıdır,

Anaların ağısıdır

Şuşanın qəlb yanğısıdır, 

Səsi Anar Şuşalının! 

 

İstər quş tək qanad aça,

Şuşasına sarı uça

Ona həsrət yurdu quca

Səsi Anar Şuşalının!

 

Enə "İsa bulağı"na

Hopa "Turşsu" yaylağına,

Yolun sala gül bağına

Səsi Anar Şuşalının! 

 

Fəxri Odlar ölkəsidir,

Səsi tanrı vergisidir

Səs dünyası sərgisidir  

Səsi Anar Şuşalının! 

 

Qəmli könül möhtacındır

Təsəllin dərd əlacındır,

Vaqif müəllim, səs tacındır

Səsi Anar Şuşalının!  

 

Dönüb eşqi qönçə gülə,

Nəğmə kimi düşüb dilə,

Gətiribdir şöhrət elə, 

Səsi Anar Şuşalının!

 

Dönər ümid çırağına,

Uca zəfər bayrağına

Kaş sancıla Kirs dağına,

Səsi Anar Şuşalının! 

 

 

İsa Şuşalı,

şair-puplisist,

Azərbaycan YazıçılarBirliyinin üzvü

 

Təzadlar.- 2010.- 6 iyul.- S.15.