Babanı şairə borclu edən kitab
"Leylaya məktublar" kitabını "Dövlətdə dəvə, övladda nəvə" deyiminin işığında oxuyuram. Vaqif İsaqoğlunun kitabıdı, təzəcə nəşr olunub.
Leylaya üç-dörd ildən sonra çatacaq bu kitab baba yaşına çatan oxucular üçün şirin kitabdı...
Vaqif istedadlı şairdi; duyumunu, duyğularını şeirə gətirə bilir.
Poeziyanın əzəli, özülü səmimilikdir; Vaqif nəvəsiylə o qədər səmimi, o qədər şirin kəlmələşir, nəvəsinin körpə dünyasını o qədər şirin təsvir edir ki, oxuduqca duyumun ipəkləşir, incələşir, hələ ayları yaşanan bir ömrün səyyarəsinə dönürsən. Şeir-şeir körpələşirsən və Vaqifin bu yaradıcılıq çalarına qibtə edirsən...
Körpə dünyasını şeirə gətirmək istəyən şair duyğularının sərhədsiz şıltaqlığına dözməlidi. çılğın anlarında "qanadlanıb uçmaq, gül-çiçəyə qonmaq istəyən" ("Ağ kəpənək") Leylanın bənzərsiz, şirin gülüşünün sehrinə düşən babanın - şair Vaqif İsaqoğlunun poetik yozumunda körpənin qığıltısı nəğmədir ("Ən böyük simfoniya körpə qığıltısıdı" deyiminin təsdiqi anlamında).
Sünbül qoxuyur,
Həm gül qoxuyur.
Qığıldamır
ki,
Nəğmə
oxuyur.
("Nəğmə oxuyur")
Körpənin ağlaması da duyana kövrək duyğular bəxş edir; öz gülüşünü gülür körpə, gözlərindən axan yaş deyil, kimsənin baş açmadığı, baş aça bilmədiyi, bilməyəcəyi sızıltılardı. O sızıltıların adını şairlərdən savayı kimsə bilməz. Bunu ancaq ürəyin gözü ilə baxanlar görə bilər - şairlər kimi. Gülən, göz yaşları yanağına düzülən Vaqifin özünün nəvəsi olmasaydı da, o, bu görüntünü şeirə gətirərdi - şairdi axı! Nəvəsinin yanağına süzülən, yanağına düzülən göz yaşlarını şehə, jaləyə, şəbnəmə bənzədən, şeh kimi, jalə kimi, şəbnəm kimi görən, görüb də bənzərsiz ovqat yaşayan, yaşadığı ovqatı şeirləşdirən Vaqif yazır:
Axdı göz yaşı
Al yanğından.
Şehdi,
süzülür
Gül yanağından.
("Şehdi, süzülür")
Maraqlı bir detal da diqqəti çəkir: Vaqifin yaradıcılığı el deyimlərindən də rişələnib (bu, hər şairə nəsib olan yaradıcılıq uğuru deyil). Laylalarımızın şirinliyini "Qızılgülün içində" şeirindən dadırıq. Şeirin məntiqi davamı poetik ovqat yaşayanlar üçün yeni misralar tələb edir. Və o misraları Vaqif özünəməxsus səmimiliklə verir:
Çiçəklərdən
seçilmir,
Elə bil ağ
çiçəkdi.
Çiçəklər
də söylədi:
"Leyla bizdən göyçəkdi".
("Ağ çiçək")
Poetik etiraf çaları qibtəediləndir; uşaq təfəkkürünə xas olan səviyyədə etirafdı bu. Həqiqətən Vaqif İsaqoğlu "Leylaya ünvanladığı şeirlərdə həyatın özünü, bir körpə dünyasını təsvir eləməyi gözəl bacarır" (İlyas Tapdıq). Belə olmasaydı "çiçək qoxuyan Leylanın quşları da vəcdə gətirməsi" ("çiçək qoxuyur") şairin diqqətini çəkməzdi. Bir şeir digərinin məntiqi davamıdır elə bil. Bu mənzərənin davamının poetik təsviri belə təqdim olunur:
"...Qara
teli var,
Şirin dili var" -
Dillər söylədi.
("Sutək
təmizdi")
...Vaqif İsaqoğlu "Leylaya məktub"unda deyir ki, "Dünya mənim olacaq". Şair niyə fərqinə varmır ki, bu istəyi
reallaşıb - dünya
onundu, Leyla balası var, Leyla balasına ad elədyi "Leylaya məktub"u var onun!..
Həm də baba İsaq oğlu Vaqif unutmasın ki, "Leylaya məktub"a görə şair Vaqif İsaqoğluna bir ömür borcludu və bu borcun ödənilməsi
mükünsüzdü...
Rəşid FAXRALI
Təzadlar.- 2010.- 3 iyul.- S.15.