Uğurlu və
sıçrayışlı yaradıcılıq
Mətanət Ulu Şirvanlının yaradıcılıq yolu sıçrayışlı inkişafı
ilə məni nəinki sevindirir, həm də heyrətləndirir. Onun ilk şeirlər kitabı və
sonrakıları məndə ona olan inamı daha da artırır. Mətanət şeirimizə
sıçrayışla gəldi - desəm, kimisə təəccübləndirmərəm.
Bu baxımdan, 2008-ci ildə çap olunan "Bir gecənin nağılı" kitabına
diqqəti yönəltmək istəyirəm.
Kitabda diqqəti cəlb edən bir də odur ki, şair bir çox mövzuları poeziya və nəsrin müşayiəti ilə tərənnüm edir. Bu zaman poeziya və nəsr elə çuğlaşır ki, yəni nəsir də poeziya dilinə elə çevrilir ki, həvəslə oxuyursan. Bu, ürək odunun, ilham selinin poetik nəticəsidir. "Mürgülü şəhərin mürgülü sakinləri"ndə Bakının gecəsi və bu gecənin saatbasaat əriməsi və səhərlərinin addım-addım gəlməsi, insanların oyanışı, insanların iş yolunda sellənməsi elə şirin dillə təsvir edilir ki, oxucu şairlə birgə yaşayır bu gecəni. Gəlin aşağıda bir necə obrazlı ifadəyə diqqət yetirək:
Axşamlar
şəhər yorulur,
Gözlərini yumur.
Gecələr şəhər lal olur,
Xəyala,
sükuta,
səssizliyə dalır.
Yaxud: "Südlə
qanın vəhdəti:
- Bakının səhəri
nə gözəl olurmuş".
Belə obrazlı nəsrli sətirlərdən sonra insanı qəfil sehrli misralar qarşılayır:
Şəhər ləpələnir
Xəzərin qoynunda.
Xəzərin dodağları
tərpənir.
Şəhərin öz qoxusu,
Öz çarxı, öz oxu var.
Bu şəhərin dəyirmanı
hey üyüdür zamanı.
Və ya:
Keçmişin səsi
Divarlarına hopan şəhərim.
Naləsi sinəsindən
qopan şəhərim
Fəryad qoparır.
Yığıb
boğazına
qəhərini, kədərini
Sürüyür,
aparır
hər səhər arxasınca.
"Nigaran ruh" nəsrli-poeziyalı yazı ata həsrətinin, ata-övlad məhəbbətinin ağrılarını dilləndirir. Oxucunu ataya olan məhəbbətin sonsuzluğuna inandırır.
Atanın qəbri üstə:
Gəlmişəm
ruhunla danışmaq üçün,
Gəlmişəm qədərlə
barışmaq üçün,
Gəlmişəm
yoxluğa alışmaq üçün,
Alışa bilmirəm, bilmirəm, ata.
Belə misralar tez-tez nəsrin sətirləri ilə əvəzlənir. Ata itkisinə dözməyən, xatirələrlə yatan övlad yuxuda onunla görüşür:
"Mənə elə gəldi ki, yanımdasan, ata. Paltarlarını üzümə sıxaraq hönkürtü vurdum. Elə zənn etdim ki, paltarların məni qucaqladı. Sağlığında özün məni köksünə alıb qucaqladığın kimi. Gözündən tökülən yaşlar paltarlarımı isladırdı".
Şairin
"Hər şey gözəl
olacaqdı", "Atılmış", "Sənə üsyan edirəm", "Ağzınız
yansın", "Gölməçə
qürbağaları", "Qara
boyalı yumurta", "Külək
qız" və sair poeziya-nəsr
vüsallı yazıları eyni ruhun, eşqin odu, sevgisi ilə
qaynayıb qarışmışıdı.
"Hər şey
gözəl olacaqdı" poeziya-nəsr vüsallı
yazıdakı ayrılığın dəhşəti,
ağrılı, göynərtili,
peşmançılığı görün necə də
ürək göynədən misralarla bitir:
İndi bir ah, bir nalə
Yaşla dolu piyalə!
İç!
İç mənim
sağlığıma:
Göz yaşımı şərab
kimi.
Ürəyim üzüldü
getdi...
Hər şey göz
əl olacaqdı;
Artıq gecdi,
məhəbbət keçdi.
Hər şey
gözəl olacaqdı.
Mətanət xanım xəyallar, fantaziyalar, həyatdan kənar qeyri-adiliklərdən
yox, həyatının
hər anında rastlaşdığı, gördüyü,
yaşadığı, qol-boyun
olduğu hadisələri
və bu hadisələrdəki poetik
duyğuları, əslində
özünü tərənnüm
edir. Yəni həyatı olduğu,
gördüyü, duyduğu
kimi şeirə gətirir. Elə buna görə
də kitablarındakı
şeirləri oxuduqca
yorulmursan. Heç də
təsadüfi deyil ki, Mətanət xanım ailə, ailədə gördüklərini,
atanı, ananı, nənəni, onların həyatını, özünün
onlarla münasibətini
obrazlı tapıntılarla,
hüznlə qələmə
alır.
Bu xanımın
elə şeirlərinə
tuş oluram ki, o şeirlər siqlətinə, tutumuna görə məni heyrətləndirir, sevindirir
ki, bugünkü ədəbiyyatımızda belə
uğur var, belə istedadlı xanımımız var. Mətanət
xanımın şeirləri
xaraktercə, qaynarlığına,
narahatlığına görə
elə özüdürkü
var. "Üzüntülü gecə", "Səhəri
gözləyirəm", "Cavabsız məktub",
"Xəyanət" özünəməxsusluğu
ilə seçilən
şeirlər Mətanət
xanımın istedadını
göstərən işıqlı
nümunələrdir. Kitabın ilk səhifəsindən bələdçi
kimi əlimizdən tutan və səhifə-səhifə
çəmən, ölkə,
diyar, sevgi sevinci, kədər ağrıları ilə gəzdirən "Azərbaycan"
şeiri təzə deyim tərzi ilə diqqəti cəlb edir. Şeir belə bitir:
Rəssam, ürəyimə
Azərbaycan bayrağı
çək,
Azərbaycan heykəli
tək
uca
olsun ürəyimdə.
Sənə qurban ürəyim də
Azərbaycan!
Aşağıdakı bir parça şeri də daha gözəl bəlkə də kimsə deyəcək. Hələki Mətanət deyib. Orijinal və ürəyəyatımlı:
İstədim ölən
atama
...bir məktub yazam,
Ölən qonşumuz aparsın.
Düşündüm: - gərək
deyil.
Aparmağına aparar,
Cavabını kim qaytarsın?
Və ya "üzüntülü gecə"
şeirində ki, bir hissəyə qulaq kəsilək:
Relslər üzərində
səslə-küylə gələn
qatar,
Ya dərdimi
ayaqla,
ya
da özünlə apar,
Sürü qələmimi
arxanca,
Nəfəs alım asanca.
Kədərin əlindən
yorulmuşam
yamanca.
Tak...
tak...
tak...
Sürətlə ötür
qatar.
Üzüntü məni
yıxır...
Amandı!
Dərdimi apar, qatar.
Eləcə də şairin "Səhəri
gözləyirəm" şeirinə
diqqət edək:
Bu banlayan
xoruzun
səsində qəribəlik!...
İndidən niyə
banlayır,
Zamanımı qabaqlayır?
Səhərə çox
var hələ...
Gecədən daş asılır,
görünmür
dan üzü.
Kədərim içimə
süzülür,
Kirpiyimə şeh düzülür -
Dürr kimi,
gövhər kimi.
Xoruz yenə
banlayır...
O səhəri
vaxtsız çağırsa
da,
səhər vaxtında
açılır,
Lap dünya dağılsa da.
Şairin qısa
və məzmunlu, qəfil heyrətli, yarıyumor, yarıciddi səslənən "Amandı"
şeirinə nəzər
yetirək:
Dedin:
- Alım
qollarıma, kaş bircə dəfə
öpüm dodağlarından,
Sıxım ürəyimin başına
səni.
Deydim:
- Amandı!
Dolan buludam,
məndən gen dolan.
Tutaram gözümün yaşına
səni.
"Nə
salmısan dərdə
məni" şeirində
şair heyrətdən,
bəxtən, hətta
atadan belə, gileylənir və şeirdəki bir çox uğurlu misralarla yanaşı:
Başına dönüm
o bəxt sənin,
Ələyindən ələ məni.
Özümü qoyum uşaqlığa,
Sən təzədən bələ
məni.
Bənd insanda sevinc hissləri oyadır. çünki səmimi,
ilhamla mayalanan misralardır.
***
Bütünlüklə belə yoğrulmuş, süslənmiş şeirlərlə çuğlanmaq, bələnmək, ruhlanmaq istəyirsinizsə kitabdakı onlarla şeiri, o cümlədən "Bəs mən...", "Bu gecə öləcəm", "O məni atdı getdi", "Canavar uladı", "Yox olmusan", "Açılan səhər" və s. şeirləri oxuyun və oxuduqca şairin istedadına rəğbətim artır və elə hey daha çox marağa, sevincə səbəb olacaq nümunələrdən söz açmaq istəyirəm. Bunlar o qədərdi ki, onda gərək kitabdakı şeirlərin çoxunu bu məqaləyə əlavə edəm. Bu da ağ olar. Bir daha deyirəm: təbii ki, zövqlər müxtəlifdir. Bəlkə də kimsə başqa şeirlərə daha çox rəqabət bəsləyəcək. Ənənəsinə sadiq qalan şair son kitabı "Sevgi çələngimiz heç toxunmadı"da da mənsur (o həmən yazıları belə adlandırmayıb) şeirlərə yer verib. Nəsrlə şerin yoğrulmasından pərvazlanan bu yazılar elə ilhamla, məhəbbətlə yazılmışdır ki... Bunları oxuyarkən istər-istəməz dodaqlarında ürəkdən gələn bir - Əhəsən! - nidalanır. Mətanət xanımın son illər poeziyada qazandığı uğurlar məni çox sevindirir. üstəlik də ondan narahatam ki, ədəbi mühitimizdə hələ layiqli qiymətini almayıb. Əminəm ki, olacaq.
İskəndər Etibar
Təzadlar.- 2010.- 3 iyul.- S.15.