Cavid sorağıyla, Cavid
iziylə...
30-cu illərin əvvəllərində
adı dilində əzbər olanların, müxtəlif rəsmi və qeyri-rəsmi məclislərdə yaradıcılığını
göylərə qaldıran
və şəninə
ağız dolusu tərif deyənlərin bəziləri 1937-1956-cı illər
arası dahi sənətkar haqqında hədyanlar, böhtanlar, iftiralar söyləməkdən
və yazmaqdan belə utanmırdılar.
Həqiqətən də ümummilli lider Heydər Əliyevin imzası ilə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında verilən qərar Hüseyn Cavidin 2-ci və əsl bəraət sənədi olmuşdur. Qərardan sonra Naxçıvanda Cavidin vaxtilə yaşadığı evdə yaradılmış ev muzeyi bütün Cavidsevərlərin qibləgahına çevrildi.
Cavidin cənazəsinin qalıqları 1982-ci ildə Uzaq Sibirdən vətəninə gətirildikdən sonra bu sensasiyalı xəbər keçmiş Sovetlər Birliyində Cavid irisinə marağı daha da artırdı. Bu maraq hətta yaxın, uzaq xarici ölkələrdə də diqqət mərkəzində oldu.
Bu məqsədlə dəfələrlə şahidi və iştirakçısı olduğum bəzi xatirələri oxucularla bölüşürəm. Diqqətinizi
muzeyimizə ünvanlanmış ilk məktublardan
birinə yönəltmək istəyirəm.
"Hörmətli yoldaşlar!
Qəzetimizin
redaksiyası şair-dramaturq Hüseyn Cavidin həyat və
yaradıcılığı haqqında oxucularımıza ətraflı
məlumat vermək arzusundadır. Bu barədə
sizin köməyinizə
arxalanırıq. Bizim ünvana
öz muzeyiniz
haqqında bələdçinin, yaxud heç olmasa H.Cavidin həyat və
yaradıcılığı haqqında şəhərimizdə
onun xatirəsinin necə yad
edilməsi və muzeyinizdəki ən maraqlı eksponatiar barədə məlumatı göndərin.
Diqqətinizə və köməyinizə görə əvvəlcədən
minnətdarıq.
Ünvan:315210. Poltava vilayəti.
Novıye Sanjarı "Qızıl bayraq" qəzetinin redaksiyası
Pyotr Mixayloviç Jabotinskiyə.
Hörmətlə,
Qəzetin şöbə müdiri
P.Jabotinski
08.09.1983."
Qeyd edim ki, muzeyimizə bu cür məktublarla müraciət edənləri cavabsız qoymuruq. Yuxarıda göstərilən məktubda da arzu olunanları nəzərə alıb H.Cavidin 1982-1983-cü illərdə rus dilində nəşr edilmiş 2 cildlik "Seçilmiş əsərləri"ni, muzey ekspozisiyasında olan ən maraqlı eksponatlar haqqında məlumatları, müxtəlif fotoşəkilləri və Cavidin adı ilə bağlı yerlərin şəkillərini həmin ünvana göndərdik.
1988-ci ildə Moskva şəhərində mədəniyyət işilərinin ixtisasartırma institutunda muzey işi üzrə bir aylıq kursda iştirak edərkən Türkmənistanın Aşqabad şəhərindən gəlmiş, mənimlə bir qrupda təhsil alan SSRİ xalq artisti, rejissor və aktyor Altı Karlıyevin xatirə muzeyinin direktoru Altın Karyaqdıyevna Ovezova mənim Hüseyn Cavidin ev muzeyinin direktoru olduğumu bilib qeyd etdi ki, Türkmənistanın görkəmli sənətkarı, SSRİ xalq artisti Altı Karlıyev Bakıda teatr texnikumunda oxuyarkən Hüseyn Cavid ona dərs demişdir. O, hətta Türkmənistanın Aşqabad şəhərində 1982-ci ildə nəşr olunmuş Quvanç Keriminin "Altı Karlıyevin yaradıcılığı" adlı kitabını mənə göstərdi. Kitabın 16-17-ci səhifələrində Cavidlə bağlı bir bölümdə yazılırdı: "Teatr texnıkumunda oxuduğu vaxt keçirilən dərslər Altının xatirələrində xoş xatirə kimi qalırdı. Xüsusən Azərbaycanın şairi, həm də dramaturqu Hüseyn Cavidin Şərq ədəbiyyatından oxuduğu leksiyalar çox maraqlı idi. Cavid həm Şərq ədəbiyyatını, həm də Qərb əbədiyyatını çox gözəl bilirdi. Altının heyran qaldığı əsərlər Cavidin "İblis" və "Şeyx Sənan" əsərləri idi. Altı Hüseyn Cavidin ərəb və fars dilində səlis danışmağına valeh olmuşdur".
Kitabın başqa bir səhifəsində yazılırdı: "Bakıda olduğu dövrdə Altı hər gün teatroya gedərdi. Hazırkı M.Əzizəbyov adına Azərbaycan Dram Teatrının səhnəsində dəfələrlə Cavidin "Dəli Knyaz", "İblis", "Şeyx Sənan" tamaşalarına baxardı".
Mən həmin kitabda olan yazıların üzünü olduğu kimi köçürdüm. Sonralar Altı Karlıyevin Aşqabaddakı muzeyinə Cavidin 4 cildlik "Seçilmiş əsərləri"ni, müxtəlif illərdə çəkilmiş fotoşəkiləri göndərdim.
Həmin vaxt kurslarda dərslər keçiriləndə müxtəlif şəhərlərdən gəlmiş muzey əməkdaşları öz işlədikləri muzeylər haqqında qısaca olaraq məlumat verirdi. Növbə mənə çatanda, Cavidin ev muzeyi haqqında məlumat verdikdən sonra bir neçə kəlmə 1982-ci ildə Cavidin uzaq Sibirdən vətəninə gətirilməsi haqqında danışdım. Bu, institutun müəllimlərini, hətta rəhbərliyini çox maraqlandırdı. Bu barədə daha geniş məlumat verməyimi xahiş etdilər. Hətta bir aylıq təhsili başa vurub qayıtdıqdan sonra da kurs rəhbərləri Anna Konstantinovna Lomunova mənə məktub göndərərək H.Cavid haqqında, xüsusilə onun nəşinin Uzaq Sibirdən vətəninə gətirilməsi barədə geniş yazmağımı xahiş etdi. Mən yazı ilə bərabər Cavidin gətirilməsinə aid bir neçə maraqlı fotoşəkil və Yaşar Qarayevin 1982-ci ildə rus dilində nəşr edilmiş "Hüseyn Cavid" kitabını ona göndərdim.
Muzeyimiz keçmiş Sovetlər Birliyi zamanı, yəni 1991-ci illərə qədər demək olar ki, bütün müttəfiq respublikalarda olan ədəbiyyat profilli və ev muzeylərinin əksəriyyəti ilə əlaqələr saxlayırdı. Razılaşmalara görə, Belorusiyanın paytaxtı Minsk şəhərindəki Yakub Kolasın ev muzeyində və Litvanın Kaunas şəhərindəki ədəbiyyat muzeyində təcrübə mübadiləsində olmaq və həmin vaxt orada sərgi nümayiş etdirmək nəzərdə tutulmuşdu. Minsk və Kaunas şəhərlərində keçirəcəyimiz bu tədbirlər barədə "Yeni fikir" qəzetinin 23 mart 1990-cı il tarixli nömrəsində geniş məlumat verilmişdir.
1990-cı ilin əvvəllərində Belorusiyanın paytaxtı Minsk şəhərində 10 günlük təcrübə mübadiləsində olaraq bu müddət ərzində özümlə apardığım Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən 12 löhvədən ibarət səyyar sərgini orada nümayiş etdirdim. Bu sərginin 2 löhvəsi Hüseyn Cavidin cənazəsinin Uşaq Sibirdən vətəninə gətirilməsinə aid idi. Sərginin nümayişi böyük sensasiya yaratdı. Yakub Kolasın ev muzeyinin yaxınlığında yerləşən və çox böyük bir ərazini əhatə edən şəhər poliklinikası rəhbərliyinin xahişi ilə həmin sərgi 2 gün poliklinikanın geniş foyesində nümayiş olundu. Bu maraqlı tədbirə görə bizim işimiz Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırıldı.
Lakin 1991-ci ildə Sovetlər Birliyi
süquta uğradığından
Litvanın Kaunas şəhərindəki ədəbiyyat
muzeyində belə bir tədbirin
keçirilməsi baş tutmadı.
Dahi sənətkarımızın sorağıyla 1999-cu ildə Təbriz şəhərində təhsil aldığı "Talibiyyə" mədrəsəsində oldum. Həmin ərəfədə "Talibiyyə" mədrəsəsi yerləşən bina təmir və bərpa olunduğu üçün mədrəsənin dəftərxana və arxivi başqa yerə köçürüldüyündən axtardığımız - bizə lazım olan sənədləri, şəkilləri əldə edə bilmədim. Buna baxmayaraq, mədrəsə binasının şəkillərini bir neçə görüntüdən lentə köçürdüm.
Son vaxtlar yaradıcılığına böyük maraq istər qardaş Türkiyədə, istərsə də İranda geniş yayılmışdır. Bunlardan Türkiyədən "Azərbaycan dramları" (həmin kitaba Hüseyn Cavidin "İblis" faciəsi daxil edilmişdir) kitabını tərtib etmiş Zeynalabdin Makas, "Hüseny Cavid - ədəbi fəaliyyətləri və "Topal Teymur" pyesi" kitabının müəllifi Ərdoğan Uyğur, "Hüseyn Cavid və Türkiyə ədəbiyyatı" kitabının müəllifi Ənvər Uzun, Cavidin "Uçurum" əsəri üzərində tədqiqat işləri aparan yazıçı Yusif Gədikli, İran İslam Respublikasından Cavidin "Şeyx Sənan" əsəri üzərində tədqiqat işi aparan və həmin əsəri fars dilinə tərcümə etmiş doktor Rəhim Əkbəri çavuşi və Cavid haqqında silsilə şeirlər yazmış Məsud İbrahimi ilə yaxından əlaqə saxlayaraq, onların yaradıcılıqlarını muzey vasitəsilə təbliğ edirik və qoruyuruq. Bu yaxınlarda doktor Rəhim Əkbəri çavuşi Tehrandan muzeyimizə zəng edərək yaxın günlərdə bizimlə görüşmək istədiyini və Cavidlə bağlı yeni kitabını bizə göndərdiyini bildirdi.
2007-ci il may ayının 7-dən 13-dək Kazım Qarabəkir Paşa Vakfının başqanı, Kazım Qarabəkir Paşanın qızı Timsal xanım Qarabəkirin dəvətilə Hüseyn Cavidin və Kazım Qarabəkirin 125 illik yubileylərinə həsr olunmuş tədbirdə işttrak efmək məqsədilə 12 nəfərlik heyətlə mən də qardaş Türkiyənin İstanbul şəhərində oldum. Gedərkən özümlə 6 lövhədən ibarət "H.Cavid-125" adlı sərgi və nəfis şəkildə nəşr edilmiş "Hüseyn Cavid-Naxçıvan" kitablarını aparmışdım. Türkiyənin İstanbul şəhərində olduğumuz 5 gün ərzində "Yeddi Təpə" Universitetində, Cavidin vaxtilə təhsil aldığı qədim "İstanbul" Universitetində, "Hoca Ahmet Yasevi" Vakfında, Türkiyə Yazarlar Birliyinin İstanbul şöbəsində, "Kazım Qarabəkir Kültür Mərkəzi"ndə bir-birindən maraqlı tədbirlərdə və görüşdə iştirak etdim. Özümlə apardığım "H.Cavid-125" adlı sərgini keçirilən tədbirlərdə nümayiş etdirdim. "Hüseyn Cavid-Naxçıvan" kitabını və Cavidin 3 cildlik "Seçilmiş əsərləri"ni "Yeddi Təpə" Universitetinə, "İstanbul" Universitetinə və "Hoca Ahmet Yasevi" Vakfına hədiyyə etdim.
Türkiyə Yazarlar Birliyinin İstanbul şöbəsində keçirilən tədbirdə doktor Cemal Anadol, Türkiyə Yazarlar Birliyinin İstanbul şöbəsinin müdiri Resep Arslan və Cavid araşdırıcısı, yazıçı Yusif Gədikli ilə yaxından tanış oldum.
May ayının 12-də İstanbulun Eren Köy məhəlləsində yerləşən Kazım Qarabəkirin mənzil muzeyinə baxandan sonra Kazım Qarabəkir Kültür Mərkəzindəki tədbirdə iştirak etdik. Bu tədbirdə də əsasən H.Cavidlə Kazım Qarabəkirin Naxçıvandakı görüşlərindən və tarixi dostluqlarından söhbətlər açaraq bir daha xatırlandı.
İndi Cavidin ev muzeyinin əlaqələri, coğrafiyası daha da genişdir. Cavid sorağıyla, Cavid iziylə tədbirlərimizi, görüşlərimizi, axtarışlarımızı davam etdirərək, yazımın əvvəlində qeyd etdiyim kimi, ümummilli lider Heydər Əliyevin kommunist rejiminin tüğyan etdiyi bir vaxtda imzaladığı "Dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında"kı 21 iyul 1981-ci il tarixli qərarı və sonrakı illərdə H.Cavid ailəsinə, Cavid irsinə göstərdiyi qayğı və diqqət Cavidi daha da ucaltdı, yaşatdı.
Cavid özü demişkən:
Ben fəqət
hüsni-xuda şairiyim,
Yerə enməm də, səma şairiyim.
Bəhruz Axundov,
Hüseyn Cavidin
Xalq Cəbhəsi.- 2010.- 13 iyul.- S.11.