Xalqımın qəhrəmanı...
O, həm də ən böyük arzumun qəhrəmanıdır
Əlinə qələm alıb Çingiz Mustafayev haqqında yazmağın o qədər böyük məsuliyyəti var ki, bir anlıq tərəddüd etdim. Çünki çingiz düşüncəsiylə düşünə bilmədinsə, qəlbin çingizin qəlbi kimi vətən məhəbbətilə döyünmədisə, xalqın ağrı-acılarını Çingiz kimi qavraya bilmədinsə, onun haqqında yazmaq çətindir. Mənim fikrimcə, ilk növbədə çingiz haqqında yazmağa layiq olmaq lazımdır. Sözsüz ki, xalqımızın qəhrəmanlarımız haqqında söz deməyə layiq, qəlbi vətən məhəbbətilə döyünən övladları çoxdur. Ancaq tərəddüd etdiyimiz anlar da olur. Çünki biz Çingiz kimi qəhrəmanların canlarını fəda etdikləri vətən torpaqlarını hələ də işğaldan azad etməmişik. Buna görə də qəhrəmanlarımız haqqında danışarkən, yaxud yazarkən hansısa fikrimiz deyilməmiş, hansısa sözlərimiz yazılmamış qalır. "Biz sizin qisasınızı aldıq. Ruhunuz şad olsun, vətən oğulları!" cümləsini hələ ki nə deyə bilirik, nə də yaza bilirik. Elə bu səbəbdən də qəhrəmanlarımız haqqında danışarkən və yazarkən tərəddüd edirik.
Qeyd etdim ki, bu yazını yazmağa başlarkən mən də tərəddüd etdim və bu tərəddüdlər içində mənə bir həqiqət aydın idi ki, Çingiz öz yenilməzliyi, qəhrəmanlığı ilə hələ uşaqlıqdan mənim qəlbimə yazılı idi və mən tərəddüdləri bir kənara qoyub, qəlbimin yazısını vərəqlərə köçürməyə başladım.
Mənim ruhumda Çingizin yeri tamam başqadır. Yəni o həm mənim vətənimin, yurdumun qəhrəmanıdır, həm də mənim həyatımın ən böyük arzusunun qəhrəmanı.
Tarixdə elə qəhrəmanlar var ki, biz onlar
haqqında kitablardan oxuyub öyrənirik. Mən xoşbəxtəm
ki, Çingiz haqqında kitablardan oxuyub öyrənmədim.
Çingiz hələ
həyatda ikən tanıdım onu. Xoşbəxtəm ki, ömrümün
müəyyən hissəsini
onunla eyni dövrdə yaşadım.
Çingiz cəbhə
bölgələrini addım-addımı
gəzib ən qaynar nöqtələrdən
hazırladığı odlu-alovlu
çəkilişləri televiziyada
yayınlamamışdan, Azərbaycanın
bir çox bölgələrində hələ
xalq belə qəhrəman bir jurnalistin müstəsna fəaliyyətindən xəbərsiz
olduğu bir dövrdə Çingizin adı Qarabağda dillər əzbəri idi və Çingiz bizim-qarabağlıların qəhrəmanı
idi. Bakıda
başı kreslo davasına qarışan
rəhbərlərin düşmən qarşısında aciz, çıxılmaz duruma
saldıqları qarabağlıların məhrumiyyətlərini
ölüm saçan
güllələr altında lentə köçürən Cingiz onların haqq səsi,
harayı idi. O yenilməz
qəhrəman ölümün
üzünə baxa-baxa lentə
aldığı həqiqətlərlə, verdiyi
dəqiq məlumatlarla Bakıda yumşaq
kreslolarında oturmuş manqurt
başlılara Qarabağın dünyadan
böyük dərdini anlatmağa,
xalqı necə böyük fəlakətə
apardıqlarını başa salmağa, onların vicdanını oyatmağa çalışırdı. Təəssüf
ki, Çingizin
çatdırdığı acı həqiqətlər
vicdanı buz bağlayanların
vicdanının buzunu əritmədi. Ancaq Çingiz usanmadı, bezmədi, geri
dönmədi. Son nəfəsinədək
bizimlə - qarabağlılarla və Qarabağın müdafiəsinə
Azərbaycanın nıüxtəlif bölgələrindən
könüllü gələn qəhrəman
oğullarla bir yerdə
oldu. O, zirvə idi,
zirvələrdə gözünü yumdu.
"Torpaq uğrunda ölən varsa, vətəndir", deyiblər. çingiz torpağı
vətən edən,
"Qaraca torpağı
qiymətləndirən" oğullardan idi.
Bilirik ki, Çingiz də çoxları kimi Bakıda rahat evində oturub, televiziyadakı işində işləyə bilərdi. Ancaq o, bunu etmədi. O, Qarabağda baş verən müsibətlərə, rəhbər vəzifə tutanların xalqı fəlakətə doğru aparmasına biganə qala bilmədi. Vətənpərvər ürəyi onu çəkib cəbhənin ən qaynar, ən təhlükəli yerlərinə apardı. Rahat evini odlu-alovlu səngərlərə, sakit işini cəbhə-cəbhə dolaşmağa dəyişdi. Onu savaş meydanlarına çəkib aparan qəlbindəki böyük vətən eşqi idi. Bu eşq qarşısında baş əyməmək mümkün deyil. Tarixən Oğuz igidlərinə düşmən üzərində qələbələr qazandıran, Babəki "Bir gün azad yaşamaq qırx il rəzil qul kimi yaşamaqdan üstündür" ideyasına gətirən, Ş.İ.Xətaini qələbədən-qələbəyə aparan, Həzini, Mehdini qəhrəmanlığa ucaldan bu eşq olmuşdur.
Əsrlər keçib, tarix dəyişib, ancaq bu eşq - xalqımın vətən eşqi uzun əsrlərin sınağında zərrə qədər də əskilməyib. Müxtəlif tarixi dövrlərdə müxtəlif qəhrəmanların simasında, əməllərində təzahür edib. XX əsrin sonlarında da Çingiz və Çingiz kimi qəhrəmanların hünərində, şücaətində təzahür etdi. Tarix səhnəsinə yeni qəhrəmanlar çıxdı. Çingiz Mustafayev və başqaları.
Yuxarıda da qeyd etdim, çingiz hələ Azərbaycanın Milli Qəhrəmanı adını almamışdan xalqın qəhrəmanı idi. O, cəbhədə güllələrlə, Bakıda Qarabağ müsibətlərinə qəsdən göz yuman məsul şəxslərlə döyüşürdü. Həmişə də təhlükənin başının üstündə olduğunu bilə-bilə. O, vətənin, millətin mənafeyini öz həyatından üstün tuturdu. Budur, insanın böyüklüyü dediyimiz. Budur, qeyrət dediyimiz, vətənpərvərlik dediyimiz. Əhsən, çingizi dünyaya gətirən anaya! Əhsən, çingizə tərbiyə verən ataya!
Yuxarıda qeyd etdim ki, Çingiz xalqımın qəhrəmanı olmaqla bərabər, həm də mənim ən böyük arzumun qəhrəmanıdır. Bunu təsadüfi yazmadım. Çingiz Qarabağın dərdlərini danışmağa başladığı dövrdə mən 6-cı sinif şagirdi idim və Çingiz haqqında dillərdə dolaşan təqdirəlayiq sözləri dinlədikcə, Çingizin qorxmadan düşmənin bir addımlığından çəkdiyi kadrları izlədikcə məndə belə bir arzu yaranmışdı: böyüyəndə mən də Çingiz Mustafayev kimi jurnalist olacağam. Bu arzu o vaxtdan mənim ən böyük arzum oldu. Çingizin qəhrəmanlığı, mübarizliyi ilə qəlbimdə baş qaldıran və həyat idealıma çevrilən arzumu bu günə qədər reallaşdıra bilməsəm də, bu arzu məni heç vaxt tərk etmədi...
Mən IX sinifdə oxuyanda Çingiz Mustafayev haqqında "Qəhrəman jurnalist" adlı inşa yazmışdım. İnşam məktəbdə çox bəyənilmişdi. Bir gün məktəbimizin rus dili müəllimi Cavanşir müəllim koridorda məni yanına çağırıb (o, bizə dərs demirdi) dedi ki, qızım, gələcəkdə sənət seçərkən tərəddüd etmə, səndən yaxşı jurnalist olar. Mən belə bir arzum olduğunu inşamda ifadə etməmişdim. Bu, müəllimin şəxsi qənaəti idi. Həmin an gözlərim doldu. Heç nə deyə bilmədim. Beynimdən yalnız bunlar keçdi: yenə Çingizin adı, mənim arzum və müəllimin qənaəti.
Həmin inşamda mən Çingiz haqqında bir şer də yazmışdım və həmin şeri bu məqalədə verməyi məqsədəuyğım bildim.
Çingiz Mustafayevə
Uca dağlar,
bildlnizmi
Sizin yaşıl
qoynunuzda hansı ürək dayandı?
Bildinizmi, köksünüzdə
bitən otlar
Hansı qana boyandı?
Bildinizmi
O qanla siz zirvələrdən-zirvələrə
ucaldınız?
Bildinizmi
Sizdə susan o ürəklə
əbədiyyət dünyasına
yol aldınız?
Nahaq sual etdim sizə,
Şahidsiniz siz çingizə.
Bilirsiniz,
Necə böyük
qəhrəmandır!
Nahaq sual etdim sizə,
O qəhrəman
öz qanıyla
Qeyrət dolu, qürur dolu
Tarix yazıb sinənizə.
Bilirsiniz,
O igidin ömür yolu
Çingiz adlı bir salnamə
verib bizə.
Fəxr edirik,
biz Çingizin
tarix yazan hünəriylə!
Fəxr edirik,
biz çingizin
vətənpərvər ürəyiylə!
Aman, dağlar!
Sizin geniş
köksünüzdə
Onun ayaq izləri var,
əmanətdir, itirməyin!
Zirvənizdə sakin olan küləklərdə
Onun kövrək
hissləri var,
Vətəninə sədaqətdir.
Vətəninin səmasından
başqa yerə
götürməyin!
Qəhrəmana xəyanətdir.
Baş əyirəm
o izlərə!
Baş əyirəm
o hisslərə!
Baş əyirəm
qəhrəmanlıq tarixinə
Şərəf dolu tarix yazan
O al qana!
Baş əyirəm
çingiz adlı qəhrəmana!
Çingiz Mustafayev - Milli Qəhrəmanımız, 50 yaşın olur. Vətən oğlu, 50 yaşın mübarək. Bilirəm, nə qədər ki, Qarabağ torpağı işğal altındadır, biz sənin ruhunu heç bir təbriklə şad edə bilmərik. Bilirəm ki, sənin zirvədə qərar tutan nigaran ruhunu yalnız bir təbriklə məmnun edə bilərik. Bu da bizim Qarabağ torpağını düşmən tapdağından azad etməyimiz ola bilər. İnşallah, Tanrının və sənin kimi hünərli vətən oğullarının sayəsində torpaqlarımızı düşməndən azad edərik və o zaman Qarabağda - sənin əbədiyyətə qovuşduğun, mübarək qanının axdığı o yerdə hörmətlə dayanıb, sevinc göz yaşları içində - gözün aydın, vətən oğlu, biz yurdumuzu yağılardan azad etdik. Ruhun şad olsun! Biz sənin haqqında söz deməyə, təbrik etməyə layiq ola bildik, deyə bilərik. İnşallah...
Naidə Şükürova
Təzadlar.- 2010.- 15 iyul.- S.10.