Qəlbin qəm notları  

 

KİMLƏRƏ  QALDIN,  AĞDAM?

 

"Kimlərə qaldı dünya" mahnısına xitabən

 

Əlfi vardı, Famil vardı bir zaman,

Xudu vardı, Zeynal vardı bir zaman,

Əfsuslar ki, tez getdilər dünyadan,

O dünya şöhrətin necoldu, Ağdam?!

Kimlərə qaldın, Ağdam?!

 

Heç birinə verilmədi fəxri ad,

Gen dünyaya açılmadı qol-qanad,

Hər birini yaman sıxdı bu həyat...

O xətir-hörmətin necoldu, Ağdam?!

Kimlərə qaldın, Ağdam?!

 

Nəsirdə Əlfiydi, şeirdə Famil,

Şahmar da məclisdə ötərdi dil-dil,

Canlı əfsanəydi Xudu elə bil...

O şanın-şöhrətin necoldu, Ağdam?

Kimlərə qaldın, Ağdam?!

 

Şimşək kimi Fred işıq saçardı,

Qatır Məmməd qırğı təki uçardı,

Şirini görən tək yağı qaçardı,

Yenilməz qüdrətin necoldu, Ağdam?!

Kimlərə qaldın, Ağdam?!

 

Sadıqov soyadda deputatın var,

İndi tamam başqa bir həyatın var,

Axı Mikayıl tək qeyrət qatın var,

Söylə, o qeyrətin necoldu, Ağdam?!

Kimlərə qaldın, Ağdam?!

 

Bu gün "Azərbaycan" onundu tamam,

O da odlu-odlu danışır yaman,

Necə dəyişərmiş deyirəm insan,

Yaltağa nifrətin necoldu, Ağdam?!

Kimlərə qaldın, Ağdam?!

 

Ona nə, el-oba hansı gündədi,

Dərd-səri, qayğısı kündə-kündədi...

Özü kef-damaqda, toy-düyündədi,

 

Namərdə hiddətin necoldu, Ağdam?!

 

Kimlərə qaldın, Ağdam?!

 

 

15 iyul, 2010

 

 

DARANIR  ÖMÜR

 

Diqqətlə bax üfüqlərə səhərlər,

Qənirsizdi, ecazkardı nə qədər.

Əlvan rəngli butalara bənzəyir,

Bizdən uzaq bir aləmi bəzəyir.

Ha getsən də, yetəmməzsən sən ona,

Qovuşmağı heç gətirmə ağlına.

Sən getdikcə, o da səndən qaçır hey,

İlğım təki göz önündən uçur hey.

Bu ömürdü, bu həyatdı uzanır,

Aylar ilə, illər ilə daranır.

Cəhd edirsən onu ötüb-keçəsən,

Bu istəyə yetişəsən necə sən?!

Nə sehr var, nə əfsus var üfüqdə?

Sən getdikcə uzaqlaşır üfüq də.

İstək belə, arzu belə, hal belə,

Bu sehrdə mat-məəttəl qall belə.

Bu həvəs, bu istək olmasa əgər,

Həyatın qədrini yoxsa kim bilər?!

Yarpaqlar payızda tökülməsəydi,

Yazağzı fidanlar əkilməsəydi,

Baharda qönçələr açılardımı?

Anamız təbitə var olardımı?!

Ömür də belədi, həyat da belə,

Çox zaman çox mətləb gəlməyir dilə.

Ay İlqar, olmaya bəxtdən küsmüsən?

Bunu yaxşı-yaxşı yadda saxla sən.

Beşikdən son evə yol gedən qatar,

Üfüq arxasında dincini tapar.

 

10 iyun, 2010

 

 

ƏLLƏRİM İŞIĞA UZALI QALIB

 

42 - illərin ən ağır ili,

20 mart - günlərin əfsun gözəli.

Bu ildə, bu gündə doğulmuşam mən,

Zülmətdən işığa qovulmuşam mən,

İşıqlı zülmətə qovuşmuşam mən...

 

Müharibə illərində doğuldum,

Alov saçan dillərində qovruldum,

Qaranlığın zülmətində boğuldum,

Əllərim işığa uzalı qalıb

 

Çörək istəmişəm - çörək olmayıb,

Kömək istəmişəm - kömək olmayıb,

Ürək istəmişəm - ürək olmayıb,

Əllərim işığa uzalı qalıb.

 

İstəmişəm çırağımız alışsın,

Zülmətimlə aydınlığımız barışsın,

Açıq gözüm aydınlığa alışsın,

Əllərim işığa uzalı qalıb.

 

Tale-baxtım tuş gəlib top-tüfəngə,

Səsim-ünüm qarışıb bu ahəngə,

Mənim dünyam boyanıb qara rəngə,

Əllərim işığa uzalı qalıb.

 

Deyirlər o zaman başqa zamanmış,

Yerlər, göylər güllərlə daranmış,

Səhərlər də vaxtından gec oyanmış...

Əllərim işığa uzalı qalıb.

 

Əsr dəyişibdi, illər keçibdi,

Tarix sınağını zaman seçibdi,

Gələnlər - gəlibdi, köçən - köçübdü,

Əllərim işığa uzalı qalıb,

Əllərim o çağa uzalı qalıb...

 

İyul, 2010

 

 

KÖTƏK  YEMƏ

 

Əynində gen xalat, çalma başınada,

Bir qarış saqqalı, orta yaşında.

Əcənbi dilində nə isə deyir,

Elə bil bibərli qatıqlaş yeyir.

Onun nə dediyin dinləmir kimsə,

O da irad tutur yayılan səsə.

Odur ki, məclisdə mərəkə qopur,

Axtarıb "Quran"dan bir ayə tapır.

Üz tutub danışan o kəsə həmən,

Qəzəblə qışqırır heç düşünmədən:

- Cəhənnəm odunda sən yatacaqsan,

Qazanda qır təki qaynayacaqsan.

Qovun, bu kafiri məclisdən qovun!

Çıxarın bayıra, əngini ovun!

Mollanın küyünə kimsə getmədi,

Dediyi sözlərə əməl etmədi.

Molla özü qalxdı ayağa bu dəm,

Dərhal da gözündə qaraldı aləm.

Yumruğu havadan asılı qaldı,

Qəzəbi özünə bir əngəl oldu.

Məclisdən bayıra atdılar onu,

Beləcə, yetişdi məclisin sonu.

Kimsəyə qəzəbin tutubsa əgər,

Özünü ələ al, səbr et bir qədər.

Sonuncu sözünü öncədən demə,

Nə də ki kimsədən sən kötək yemə.

 

9 iyun, 2010

 

 

SONUNCU  YUXU

 

Deyirlər, sonuncu yuxudur ölüm,

Zamanı bilinmir, vaxtı bilinmir.

Onda son yuxunu mən necə bilim?

İnsanın taleyi, baxtı bilinmir.

 

Görəsən, beləmi, belə deyilmi?!

Nə zaman yatacam, ayılmayacam?!

Son yuxu qorxudur niyə aləmi?

Sualdan nə zaman agah olacam?

 

Ayaq tutub yeriyir yalanlar,

Deyirlər, bu dünya əbəsdir, əbəs!

Qəzalardan parça-parça olanlar

Cəhənnəmlə qorxudulur niyə bəs?!

 

Bu dünyaya yalan, fani deyənlər

Cidd-cəhdlə imarətlər hördürür.

Dünyaya beşgünlük, ani deyənlər

Bəs niyə min cürə əməl gördürür?!

 

Dünya fanidirsə, bu cəhdlər nədir?

Cəhənnəmlə qorxudurlar bizləri.

Hədələr, qorxular bir bəhanədir,

Gecə-gündüz kef-damaqda özləri.

 

Deyilənlər hər nə varsa - bəhanə,

O dünyanın cənnətini görün siz!

İnkir-minkir, qır qazanı - əfsanə,

Bu dünyanın halın bizə verin siz!

 

05.06.2010  

 

 

QARA  MƏNİM,    MƏNİM

 

Halva-halva deməklə bil, ağız dada gəlməz,

Öz halına çatmasan, bəşər halı bilinməz.

Həqiqət yoxluğunda özünü tapan gərək,

Ləyaqət qıtlığında özünə çatan gərək.

 

Quru sözdən əmələ keçilməyən iş deyil,

Küləyin ağzındakı bir xəzəldir elə bil.

Gərək əməl görünsün, gərək surət görünsün,

Mənəviyyat, ülviyyət, gərək fitrət görünsün.

 

Əqidəyə, amala mənən vurulan gərək,

İdeya işığına içdən qurulan gərək!

Qaldırılmır aradan niyə həsrət pərdəsi?

Bəs nə zaman gələcək şirin vüsal vədəsi?!

 

Vurulubdur köksümə çalın-çarpaz dağ mənim,

Bu, dünya gərdişidir, qara mənim, mənim.

Tarix, əsrlər boyu cənublu, şimallıyam,

Yaman başı bəlalı, yaman qeylü-qallıyam.

 

Bəs nə zaman bitəcək deyin mənə bu qovğam,

Bunları düşünəndə hərdən çatışmır havam.

Yadlığın pəncəsindən nə zaman qurtulacam?

Əsilliyə qovuşub əslən özüm olacam?!

 

Yadçılıqdan sıyrıla özümlüyün məhvəri,

Qəlblərə işıq saça əqidənin cövhəri.

 

12.12.2009

 

 

BAYATILAR

 

Dağ yolu qulac-qulac,

Dağ başında Şuşa tac.

Şuşaya qovuşmağa

Görən yoxmu bir əlac?!

 

Əlim çatmır Ağdama,

Qalmışam yana-yana.

Məni Ağdamsız qoyan

Görüm boyansın qana!

 

El-obam dağım-dağım,

Sönüb sevinc çırağım.

Ürəyim qan ağlayır,

Yasa dönüb növrağım.

 

Bir günüm ilə dönər,

Ümidim telə dönər.

Ürəyim şan-şan olar,

Göz yaşım selə dönər.

 

Harayım var, ünüm yox,

Qarabağsız günüm yox.

O yerlərçün təşnəyəm,

O yerlərə dönüm yox.

 

Düşdüm yaman dərdə mən,

Qəm - mizrabdı, pərdə - mən.

Xoşbəxt ola bilərmi

Ömrü boyu dərd əmən?!

 

 

RÜBAİLƏR

 

Hərdən cilovlanmır hissim, düşüncəm,

Edə bilməyirəm fikirləri cəm.

Əgər bir-birinə olsaydı həmdəm.

Səbrim əsəbimə olardı məlhəm.

 

Qayğı ətək-ətək, dərd ətək-ətək,

Bu qədər ağrının hansını çəkək?

Dünyanı bürüyüb yalan bazarı,

Axı baş götürüb biz hara köçək?

 

Quş tək çırpınırıq yalan torunda,

Yanıb-yaxılırıq yalan qorunda.

Gecə də, gündüz də yol gedirik biz,

Şou aləminin qəm qatarında.

 

Bəxtimiz, taleyimiz gətirib belə,

Şükürlər edirik buna da hələ.

Başqa nə çarəmiz, nə əlacımız?

Bizlər bir şikarıq, dünyasa tələ.

 

Bir ümid çağırsa, gəlməyə nə var,

Bir sevinc tapılsa, bölməyə nə var.

Elə qamarlanıb torpağın üstü,

İlqar, gor tapılsa, ölməyə nə var.

 

24.05.2010

 

 

QƏŞƏM  İLQAR  RUHDAŞ

 

Təzadlar.- 2010.- 22 iyul.- S.15.