Ağdamsız 17 il
Təqvimində qara günü qırmızısından, faciə günləri bayram günlərindən çox olan bu məmləkətin bir qara bayramını da, işğal gününü də yaşamalı olduq. Yaşamaq məcburiyyəti ilə üz-üzə qaldıq. Xeyirdən daha çox yasda, işğal günündə bir-biri ilə görüşən, tapışan bu insanlar "inşallah, gələn il Ağdamda görüşərik" deyib, Şəhidlər Xiyabanından ayrılacaqlar yenə. Ağdamdan bir daha ayrılırmış kimi.
Bu da hamımızın qürur yeri olan, adını çəkib öyündüyümüz, ermənilərin həmişə adından və hər bir adamından qorxub-çəkindiyi Qarabağın mənəviyyat və iqtisadi mərkəzi olan Ağdamın bizsiz qalan 17 ili. Artıq Ağdamsız doğulan uşaqlar ünvanı Ağdam yazılan şəxsiyyət vəsiqələri alırlar. Orta məktəbi qurtarıb müstəqil həyata qədəm qoyan, Ağdamı görməyən nə qədər ağdamlı var bu məmləkətdə. Xasiyyət və davranışlarında müəyyən fərqlərin yer aldığı, müxtəlif yerlərdə doğulan-çadırlarda, vaqonlarda, yataqxanalarda böyüyən bu uşaqların içində Ağdamı görmək istəyi var. İstəkləri var.
O Ağdamı ki...
Azərbaycanın
qədim, füsunkar Qarabağının
mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində,
Kür-Araz ovalığının qərbində
yerləşir. Ərazisində 50-ci illərdən başlayaraq aparılan arxeoloji
tədqiqatlar zamanı məlum olmuşdur
ki, Ağdamın ərazisi qədim
insanların yaşayış məskənlərindən biridir.
Arxeoloji qazıntılarda Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edilib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur.
Mənbələrə görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri, yüksək mədəniyyətə malik olan Qarqarlar, Ağdam ərazisindəki Qarqar çayı boyunca məskunlaşmışlar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığına bir daha əyani sübutdur.
Ağdam rayonunun ərazisində tarixin bütün dövrlərini əhatə edən çoxlu tarixi memarlıq və incəsənət abidələri vardır. Ağdam şəhərində üzərlik Təpə abidəsi, Ağdam-Ağcabədi şosesinin 1,5 km-də yerləşən Vəlixantəpə yaşayış yeri (eniolit dövr), Ağdam-Xankəndi yolunun sağ tərəfindəki Qarağacı yaşayış yeri (ilk tunc dövr), Ağdam şəhərindəki çiraqtəpə yaşayış yeri (tunc dövr), rayonun Poladlı kəndindəki yaşayış yeri (antik dövr), Seyidli kəndindəki Nekropol (antik dövr), Boyəhmədli kəndinin cənubunda- Sofulu kəndindəki Gavurqala yaşayış yeri (ilk orta əsrlər), Mərzili kəndindəkiYaşayış yeri ( e.ə.V-II minilliklər), Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu günbəzi (1314-cü il), Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki türbələr, məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. tarixi və memarlıq abidələri vardı. Eneolit, ilk tunc, son tunc-ilk dəmir dövrü, antik dövr, ilk orta əsrlər, orta və s. əsrlərə aid çoxlu sayda abidələr.
Ağdam "Qarabağ düzlərinin yaraşığı" sayılan kurqanlarla zəngin idi. Elə təkcə Boyəhmədli, Sofulu, Qızıllı Kəngərli, Salahlı Kəngərli kəndləri arasında 80-nə qədər kurqan vardır.
Ona görə vardı deyirəm ki, bu abidələr erməni işğılında olan ərazilərdə yerləşir. Ermənilər özününküləşdirə bildiklərini özününküləşdirirlər, özününküləşdirə bilmədiklərini dağıdıb məhv edirlər.
Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından ermənilərin başladığı müharibəyə ilk olaraq cəlb olunan Ağdam rayonu olduğundan, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar məhz Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.
1993-cü il iyulun 23-də Ağdam işğal edidi.
Müharibənin gedişində 5823 nəfər ağdamlı həlak oldu.
İndi Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 17 il ötür. İişğal nəticəsində ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi düşmənin əlinə keçib. Hazırda rayonun yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Həmin ərazilərin 882 kv. km. ermənilər tərəfindən işğal olunub. Işğala qədər Ağdam rayonunda 160 min nəfər əhali yaşamış, işğal nəticəsində 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb. Rayona 13 mlrd. 135 mln. ABŞ dolları həcmində ziyan dəyib. İşğala qədər Ağdamın 1 şəhər, 124 kəndi mövcud olub. Ermənilər tərəfindən şəhər, 80 kənd işğal olunub. Rayonda mövcud olan 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisənin, 16 sənaye müəssisəsinin hamısı, 17 məscidin 14-ü işğal altındadır. Ağdam rayonunun işğalı nəticəsində rayonun kənd təsərrüfatına 6 mlrd. 179 mln. dollar məbləğində ziyan dəyib. Qeyd edək ki, Ağdamdan olan məcburi köçkünlər Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşıb.
Ağdamın
27 tarixi, 40 memarlıq, 103 arxeoloji
abidəsi işğal altındadır.
"Ağdam" sözü qədim
türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu
ərazidə yaşamış türkdilli
qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik
qalalar tikirdilər. Zaman
keçdikcə bu şəhərin
adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli
xan bu şəhərdə
özü üçün
ağ daşdan imarət
tikdirmək barədə əmr verib. Həmin
imarət uzun müddət ətraf kəndlərin
sakinləri üçün bir növ səmt, istiqamət
göstərən rolu oynayıb. Bu mənada "Ağdam"
- günəş şüaları ilə nurlanmış
işıqlı, ağ ev
deməkdir.
2010-cu ilin avqustun 8-də
1930-cu ildə yaradılan Ağdam inzibati rayonunun 80
yaşı tamam olur.
17 km-lik yolu 17 ildə gedə bilmədik. Səsin, informasiyanın,
... və nələrin
inkişaf etdiyi XXI-ci əsrdə. Asiyadan, Latın Amerikasından, Afrika cəngəlliklərindən istənilən
an xəbər tuta, hər şeyi görə, izləyə bildiyimiz bu zamanda Ağdamdan
xəbər tuta bilmədik. Xəbər tuta bilmirik. Bu sürət əsrində
vaxtından çox tez qocalmış, taqətsiz, imkansız, ümidsiz adamlar kimi gedirik getməli
olduğumuz yerə. Bizi özünə çəkənə adekvat
cavab yoxdu, sanki bu ruhsuz
bədəndə. Xəyallar
uçuq divarlara dəyib qayıdır, istəklər kol basmış yollarda ilişib qalır. Cığırı, yolu itmiş qəbiristanlıqlarda,
əzan səsi eşitməyən
məscidlərdə oxunmayan
duaları kimdi eşidən.
Çox təəssüflər
ki, Ağdamın indiki taleyini, bu günkü gününü əcnəbilərdən
soruruq. Nəfəsimizi,
nəvazişimizi duymayan,
özgədən kobudluqlar
görən güllər
də yox olub. Xoş ətir qoxusu köçən buludlara qoşulub uçub o yerlərdən. Xiffətdən
quruyan, kölgə salmadığımız ağaclar
kötüklərinin kölgəsinə
qoyacaqlarmı bizi? Səsimiz yazılan məktəb divarlarının
daşları kim bilir hansı yad səsi köçürür
boğulan səsimizin
üstünə. Bizim
ağaclardan düzəldilən
mebelin səsi uşaqlıq xatirələrimizi
danışır özgələrə,
yadlara. Uşaqlığımızın
sevincli, gur səsiylə.
Qulaq yaddaşlarda
ilişib qalan hamını heyran edən müqəddəs
səslər...
Bu illər
ərzində bir uca, gur, ötkəmli
səsin sədasına,
çağrışına yığışa bilmədik.
özgə səsləri
daha tez eşitməyə öyrəşmiş
adam yaxınların səs tezliyini tuta bilmir. Ya
doğmalar daha efirə belə səslər buraxmırlar.
Ya tezliklər dəyişib. Dəyişdirilib.
Çoxdu, lap çoxdu
Ağdama getmək, o qüruru, olanları geri qaytarmaq istəyənlər. Gedək
deyəni gözləyən
bu insanlara ümid gərəkdi. Bir də "mən səninləyəm",
deyən. O səsin biri mən. Növbəti sən olursanmı?
Getmək istədiyim
yer göz önündə
Ata yurdum
Ağdam! Hər dəfə səni
Uçuq, qaradinməz,
fağır görəndə,
Yiyəsiz, kimsəsiz,
yazıq görəndə,
Bu yer-göy
başıma fırlanır
mənim.
İçim içimdəki
içimi yeyir,
Əriyib-əriyib yox oluram mən
Torpaq yox vücudu götürmür
daha,
Qalmışam yer ilə göy arasında.
Mənim məkanım
yox, qalacağım yox,
Söykənib bir yerdə duracağım yox.
Qarqar da üzümə baxmaq istəmir,
Atıb bu canımı qurtarım daha.
Dağlara, düzlərə
baxa bilmirəm,
Od tutub, alışıb çaxa
bilmirəm,
Hələ də özümdən çıxa
bilmirəm,
Qalmışam sən ilə mən arasında.
Səndən uzaqlarda
olduğum üçün,
Hələ də yaşayıb qaldığım
üçün,
Tanrının yanında
gözüm kölgəli.
Hər gecə
yuxuda gördüyüm
yerə,
Torpağa bir addım ata bilmirəm.
Səngərin o üzü
mənim bilmirəm,
Çıxıb qayıdıram,
keçə bilmirəm.
Getmək istədiyim
yer göz önündə,
Gedib o yerlərə
çıxa bilmirəm.
Qarşımı atəşkəs,
kəsənlər kəsib,
Ayağım istəyin
yolunu kəsib.
Ölüb neçə
kərə girirəm
yerə,
Əsgərlər səngərdən
qazıb çıxarır.
BAKI - AĞDAM - XANKƏNDİ
Sığal çəkən
baxışlara,
Dağ döşündə
naxışlara,
Qəfil yağan
yağışlara,
həsrətəm
Gümanlar düşüb
düyünə,
Günlərim çatmaz
gününə,
Məhlənin itmiş
küyünə,
həsrətəm
Mənzilə həsrət
qatar
Dərdlərimə dərd
qatar,
Üstündə bir ünvan yatar
o ünvana
həsrətəm
23.07.1993.
Ağdam. 23 iyul
93-cü il.
Füzuli, Cəbrayıl.
23 avqust 93-cü il.
Süqut günü,
faciə günü.
Hardan baxıramsa,
ordan görünən
23, hər
yerdə gözümə
girir.
Tərslikdən mənzilimin
nömrəsi elə.
Hər gün
o qapını açmağa
möhtac.
Kandardan içimdə
yanğılar başlar,
Sən məni
torpaq bil, sən məni daş bil,
İlahi, üzümü
soyut bu gecə.
Köksümü yandıran
yandırıb daha.
Özü də dərdi tək bölünən deyil,
Böləm dəqiqəyə,
saata, günə,
Birtəhər yaşayam,
yaşayam belə.
Gündə əlli
kərə öldürür
məni.
23 iyul 93-cü il.
23 avqust 93-cü il.
Bəlkə də çoxları, çoxdan
unudub.
Korşalmış yaddaşlar
sabaha qalmır,
Bizim yaddaşımız
sevincə vərdiş.
Ötəri bayramlar
tarixi deyil,
Hamıya məcburi
əzbərlədələr.
Bu tarix, dərd-qəmlə, kədərlə
dolu,
Çoxuna bu yüklər ağırdan
ağır.
Toylarda oxunan
"Qarabağ" mahnısı,
Bir də
23... hər dərddən
ağır.
Özümü vüqarla
düzüb-qoşuram,
Könlümdə dolaşan
dərdi görən yox.
Qapımın üstündə
yazılan nömrə
Hər gün
o dərdləri yedirdir
mənə.
Rəfail Tağızadə
şair, publisist
Təzadlar.- 2010.- 24 iyul.- S.6.