Sabir Ağdama dönəcəyimizə hamıdan çox inanırdı

 

Sabir Hüseyn oğlu Hüseynov 1947-ci ildə dünyanın ən varlı şəhəri - Ağdamda anadan olmuşdu. Atası Həşim oğlu Abdal Hüseyin Qarabağın Qılınc Qurbanı idi. Zəhmli, sözü kəsərli, haqq-ədalətin tərəfdarı olub ömrü boyu. O vaxt rayona gələn birinci katiblərin hesablaşdığı kişilərdən olub. Ağdamda bütün idarələrdə müdir işləyib, səhiyyə şöbəsindən başqa. El malının bir qəpiyində də gözü olmayıb. Məhkəmə sədri olarkən məhkumun "Hüseyn əmi, sən öl bu işdən mənim xəbərim yoxdur" sözünə görə onu azadlığa buraxıb. Deyib ki, "o, mənə yalandan sən öl deyə bilməz". Həqiqətən məlum olub ki, o işdən onun xəbəri olmayıb. Abdal Hüseynin küçədə görünməsi kifayət idi ki, hamı özünü yığışdırsın, hətta ağlayan uşaq da onu görən kimi səsini kəsərdi. Sözü qılıncdan kəsərli kişilərdən olub Abdal Hüseyn. 

Sabir belə bir ailədə böyüyüb tərbiyə almışdı. Allah bu ailəyə dörd oğlan, bir qız verdi. Hər biri də Tanrı tərəfindən verilmiş böyük istedad sahibi oldu. Ailənin ikinci oğlu Rəmiş (əsl adı Rafiqdir) nəinki Azərbaycanın, bütün yer kürəsinin ən məhşur gitara ifaçısıdır. Bənzərsiz ifaları ilə bu sənətə möhrünü vurub. O biri övladların da hərəsi bir sahədə hamıdan seçilib.

Ailənin üçüncü oğlu Sabir qardaşı Rəmiş gitara ifaçısı kimi hamıdan seçildiyi kimi, insanlıqda, vətənə, torpağa, dosta sədaqətdə hamıdan seçilən bir insan idi. Atası Abdal Hüseynin bütün düzlük xarakteri onda vardı.

Sabir orta məktəbi əvvəlcə Ağdam şəhərindəki internat məktəbində oxumuş, sonra 1 saylı orta məktəbi bitirmişdi. Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirmiş, Bakı şəhərində müxtəlif işlərdə çalışmış, Ağdamda ilk dəfə olaraq kondisioner təmiri emalatxanası yaratmışdı. Emalatxananın müdiri olsa da, bütün işi işçilərlə birlikdə görərdi. Sonradan yaratdığı elektrik avadanlıqları zavodunda olduğu kimi. Zavoda nə vaxt gedərdinsə, onu dəzgah arxasında görərdin. İşinə məsuliyyətlə yanaşı, böyük maraq və həvəs də var idi. İşi nə qədər çox olsa da, doğma Abdal-Gülablı kəndlərinin xeyir, şər məclislərindən qalmazdı. Tez-tez bizi də o kəndlərə aparardı. Kəndin hər bir qapısını doğma oğul kimi ərklə açar, hamı ilə səmimi münasibət yaradardı. Hamıda da ona qarşı bir doğmalıq hiss edirdik. İki kəndin qayğıkeş, səmimi oğlu idi.

1988-ci ildə ermənilər Qarabağ torpaqlarına göz dikən dövrün ilk günlərindən Abdal-Gülablı kəndləri Dağlıq Qarabağın erməni kəndləri ilə sərhəd olduğu üçün kəndlərdə özünümüdafiə batalyonu yaradanlardan birincisi oldu Sabir. Hər gün işdən sonra özünümüdafiə dəstələrinin yanına gedərdi. Tez-tez bizi də özü ilə aparardı. Deyərdi ki, "kəndin çörəyini yemisiniz, indi də gedək kəndi qoruyun".

Bir dəfə kəndə gedirdik. Şəhərdən çıxanda molla Məmmədbağırı görüb maşını  saxladı. Onu da maşına mindirib dedi: "Kənddə yas yeri var, gedək onu yola ver". Maşını düz səngər olan yerə sürüb mollanı maşından düşürüb əlinə silah verib dedi: "Kənddə çoxlu yaslarda olub pul qazanmısan, bir gecə də kəndi qoru".

Bunlar təbii ki, bir zarafat idi. ümumiyyətlə, Sabir zarafatı, heç nədən əyləncə düzəltməyi çox sevirdi. O da ondakı həyat eşqindən irəli gəlirdi. Belə yüzlərlə əyləncələrin canlı şahidiyəm.

Bir dəfə axşam şəhərdə yasdan çıxan molla Məmmədbağır dedi ki, "Sabir, məni kəndimizə apar, düz evimizin qabağına qədər yol asfaltdır". Sabir dedi ki, "aparım, amma o asfalt yol harda qurtarsa, orda səni maşından düşürdəcəm". Razılaşdılar. Qarqar çayına çatanda asfalt yol qurtardı. Ordan mollagilin kəndinə - Yusifcanlıya xeyli yol qalırdı. Dedi, "Məmmədbağır, asfalt qurtardı, maşından düş, söz danışıqdan keçər".

Bütün sözündə, əməlində, işində düzünəqulu idi. Bütün dost-tanışlarının yolunda maşın sürməkdən yorulmazdı. Bir dəfə Ağdam məscidinin axundu gəlir ki, "Sabir, təcili Bakıya gedib qayıtmalıyıq". Üzünü evə tutub deyir: "Pencəyimi gətirin!" Niyə gedirik, nəyə gedirik, sorğu-sualı olmadı, getməliyik, deməli lazımdır.

Deyirlər ki, adamın iki-üç dostu olar. Bu deyim Sabir üçün yad idi. O, insanlığın, sədaqətin, mərdliyin dostu idi. Bütün dostları da bir-birinə bağlayan insan idi. Ağdamda da, Bakıda da hamını o, bir yerə toplayardı. Mütəmadi olaraq dostları da, yaşadıqları 9 mərtəbəli binanın sakinlərini də o, bir yerə cəm edərdi. Binanın bütün uşaqları ona baba deyərdi. Uşaqları görəndə özü də uşaqlaşardı. Onların topunu doldurar, sınmış oyun alətlərini təmir edər, bir sözlə, bir baba kimi onların həmişə nazı ilə oynayardı. Kimin evində işığında, suyunda, qazında bir nasazlıq olardısa, gedib təmir edərdi. El üçün yaşayan, elin işinə yarıyanlardan idi.

23 iyul 1993-cü ildə Sabir Ağdamın ən sonuncu dəfə şəhərə soxulan ermənilərlə vuruşa-vuruşa tərk etmiş bəlkə də ən sonuncu sakini idi. Hər tərəfdən yolun bağlandığını görüb, yanında da milli ordunun əsgəri həyətlərdən keçə-keçə ayağından yaralı şəhərdən uzaqlaşıblar. Danışardı ki, bir həyətdə it var idi. O bizi görüb sanki tanıdı, hürmədi. Hürsəydi, düşmən yerimizi bilib bəlkə də bizi girov götürərdi. 17 il ayağında olan bir neçə qəlpəni özündə gəzdirdi. çıxarmağa qoymurdu, deyirdi ki, "bunlar məndə Ağdamın sonuncu yadigarlarıdır"... O qəlpələri də özü ilə bərabər apardı...

Sabir bu dünyaya işləmək, qurub-yaratmaq üçün gəlmişdi. Əlindən hər iş gəlirdi. Təəssüf ki, bacarıqlı mütəxəssis, yüksək təşkilatçılıq qabliyyəti olan bir ziyalıya Bakı şəhərində iş qəhətə çəkilmişdi. İşə qəbul olunmaq üçün sənədlərini hara verirdisə bir mütəxəssis kimi bəyənilirdi, sonra müəmmalı səbəbdən sənədləri geri qaytarılırdı. Bu anamız vətəndə vətən torpaqları uğrunda müharibənin ilk günündən son gününə kimi döyüşmüş bir vətən oğluna adi bir iş tapılmırdı. Sabir bekarçılığın və biganəliyin qurbanına çevrildi. Özünü nə qədər şən, nikbin göstərsə də, içində bu biganəliyə qarşı bir üsyan tüğyan edib ürəyini zərrə-zərrə didirdi. Bir dəfə əsgər paltarında şəkil çəkdirənlər müharibə veteranı imtiyazlarından istifadə edənlər çoxdur. O isə heç müharibə veteranı, Ağdamda döyüşüb yaralanan kimi də qeydiyyata götürülməmişdi. Həmişə deyərdi ki, "mən Ağdamın düşmənə verilməsi uğrunda deyil, düşməndən geri alınması uğrunda gedəcək müharibənin veteranı olacam".

Sabir ağdamlı günlərinə qayıdacağına hamıdan çox inanıb həvəsiyirdi. Doğma yurd yerlərinin həsrətini həmişə ürəyində yaşadırdı. Vətən, sənə qurban olum! - deyənlərdən deyildi, qurban olmağa hazır olanlardan idi. Vətənin məmurları ona adi bir iş yerini qıymasa belə.

Sabirin bu dünyada itirdiklərimi çox idi, qazandıqlarımı? İtirdiyi Qarabağ boyda cənnətməkan idi, doğma yurd-yuvası, həvəslə tikdirib hələ içində yaşaya bilmədiyi ev-eşiyi, biganəliyə zərə-zərə qurban gedən sağlamlığı oldu. Qazandığı təmiz ad-sanı, hamının yanında alnıaçıq olmağı oldu. Tanrı ona oğul toyunun bir günlük sevincini də çox gördü, dostlarla o toyda ürəkdolusu qol qaldırıb oynamağı da. Bunu da itirdiyinin üstünə gəldi. özü bilən məsləhətdir.

 

Hər qış neçə dost azalar,

Adı daş üstə yazılar...

...Yoxsa bizsiz də yaz olur,

Gilənarlar çiçəkləyir?! 

 

...Hər gün mənə zəng edərdi. Qırx gündür hər dəfə telefonum zəng çalanda elə bilirəm Sabirdir. Onun nömrəsini ekranda görməyəndə təəssüflənirəm. Amma çox istəyirəm ki, növbəti zəng onun zəngi olsun. Nə vaxtsa hamımıza bir-bir zəng çalacaq...

Sabirin bu dünyada bir qazancı da çoxlu dostları olması idi. Bir də hamını birləşdirməsi. Bu qırx gündə elə bil təsbehin sapı qırılıb, dənələrinin hərəsi bir tərəfə dağılıb.

Natiq Cavadov: "Mən hələ də Sabirin bu dünyada yoxluğuna inana bilmirəm. Elə bilirəm harasa uzaq bir səfərə gedib, nə vaxtsa qayıdıb gələcək. İnanıram ki, nə vaxtsa Qarabağ düşməndən azad ediləcək, Ağdama gedənlərin arasında Sabir də olacaq".

İlhami Fətəliyev: "Mənim xəyalımda Sabir bir kişi kimi yaşayır. O bu dünyada heç kimə, hətta ehtiyaca da baş əymədi, getdi".

Adil Nadirov: "Bizim dost itirən vaxtımız deyil. Amma yox, yaman namərdcəsinə itirdik".

Fikrət Abbasov: "Sabir sözün həqiqi mənasında güvənməli, etibar etməli, inanmalı bir dost idi. Bütün mərd, kişi xüsusiyyətləri onda vardı".

Elgiz İsmayılov: "Nə vaxt dara düşürdünsə, adamın yadına birinci Sabir düşürdü. Qapımı və qapısını ərklə açdığım yeganə dost idi". 

Abdal Qəhrəman: "Biz bir nəsildən, kökdən idik. Sabir Abdal-Gülablı kəndlərinin güvənc yeri idi".

Sabir haqqında çoxlu xoş xatirələr var. Nə qədər həyat var, o xatirələr də yaşayacaq. Xüsusilə, Cavadxan küçəsi, 65 ünvanda yaşayan uşaqların xatirəsində. Onlar mehriban, qayğıkeş, səmimi bir baba itirdilər.

 

Allah rəhmət eləsin!

 

 

Surxay Əlibəyli

 

Təzadlar.- 2010.- 3 iyun.- S.15.