Qəlbin qəm notları

 

ÜFÜQDƏN  QÜRUBA

 

Hələ beşiyimdən - körpəliyimdən-

Üfüqdən qüruba yol gedirəm mən.

Heç zaman dönmərəm bu istəyimdən,

Üfüqdən qüruba yol gedirəm mən.

 

Qaldırıb başıma yulğun çətrini,

Çəkirəm ciyərə yovşan ətrini,

Naşı bilə bilməz bunun qədrini,

Üfüqdən qüruba yol gedirəm mən.

 

Ayağı yandıran qum istisindən,

Üzü qarsalayan qor tüstüsündən,

Ayrılıb doğmalar əhatəsindən-

Üfüqdən qüruba yol gedirəm mən.

 

Qumsallıq gecələr yorğanım olur,

Yovşanlıq loğmanım, dərmanım olur,

Sonsuz xəyallarım həyanım olur,

Üfüqdən qüruba yol gedirəm mən.

 

Üfüqün, qürubun öz ahəngi var,

Neçə çaları var, neçə rəngi var,

İstəyimin taleyimlə cəngi var,

Üfüqdən qüruba yol gedirəm mən.

 

İlqar, nədir bu həyəcan, bu təlaş?

Bil, əbəsdir öz-özüylə bu savaş.

Sevinc qəmlə gəlməsə də başa-baş,

Üfüqdən qüruba yol gedirəm mən.

 

 

SONUNCU  YUXU

 

Deyirlər sonuncu yuxudur ölüm,

Zamanı bilinmir, vaxtı bilinmir.

Onda son yuxunu mən necə bilim?

İnsanın taleyi, baxtı bilinmir.

 

Görəsən, beləmi, belə deyilmi?!

zaman yatacam, ayılmayacam?!

Son yuxu qorxudur niyə aləmi?

Sualdan zaman agah olacam?

 

Ayaq tutub yeriyir yalanlar,

Deyirlər, bu dünya əbəsdir, əbəs!

Qəzalardan parça-parça olanlar

Cəhənnəmlə qorxudulur niyə bəs?!

 

Bu dünyaya yalan, fani deyənlər

Cidd-cəhdlə imarətlər hördürür.

Dünyaya beşgünlük, ani deyənlər,

Bəs niyə min cürə əməl gördürür?!

 

Dünya fanidirsə, bu cəhdlər nədir?

Cəhənnəmlə qorxudurlar bizləri.

Hədələr, qorxular bir bəhanədir,

Gecə-gündüz kef-damaqda özləri.

 

Deyilənlər hər varsa - bəhanə,

O dünyanın cənnətini görün siz!

İnkir-minkir, qır qazanı - əfsanə,

Bu dünyanın halın bizə verin siz!

 

 

DAHA  SEVƏ  BİLMƏYƏCƏM

 

Arzulara çatan zaman,

Dərdi-səri atan zaman

Yolumuzu kəsdi hicran

Daha sevə bilməyəcəm.

 

Təkcə səndin qəlb həmdəmi,

Sən tənha qoydun məni.

Bundan sonra mən heç kimi

Daha sevə bilməyəcəm.

 

Bir səni görməyəcəm,

Saçlarını hörməyəcəm,

Eşqə könül verməyəcəm,

Daha sevə bilməyəcəm.

 

Unudulmaz ilk məhəbbət,

Unudulmaz o ülviyyət,

Unudulmaz o qüdsiyyət,

Daha sevə bilməyəcəm.

 

O yerlərə gəlməyəcəm,

Əvvəlki tək gülməyəcəm,

Mən dərdindən ölməyəcəm,

Daha sevə bilməyəcəm.

 

Qəmli ötər tənha ürək,

Vaxtsız solar yalqız çiçək.

Leylisizəm mən Məcnun tək,

Daha sevə bilməyəcəm,

Daha sevə bilməyəcəm

 

 

HƏRDƏN  AYRILIRAM  ÖZÜM-ÖZÜMDƏN

 

Ağılla hissimin döyüşündə mən

Hərdən ayrılıram özüm-özümdən.

Ağıla hər dəfə hiss qalib gəlir,

Zəif iradəmə hisslərim gülür.

 

Qanadlı xəyallar baş alıb gedir,

Acı düşüncələr beynimi didir.

Yağı kəsilirəm özümə özüm,

İçimdən yandırır özümü közüm.

 

Düşünür, düşünür, düşünürəm mən,

Çəkilib baxıram özümə gendən.

Cavabsız suallar üstümə yağır,

Necə cavab tapım axı mən fağır?!

 

Haradan biləydim, necə biləydim,

Bu fikrə, xəyala necə gələydim,

Üzə gülümsəyən bu zalım fələk,

Açacaq başıma min cürə kələk.

 

Axı şeytana da daş atmamışam,

Ömrümdə bir kəsi aldatmamışam.

Dilimə dəyməyib haram bir tikə,

Bununçün qayğılar çoxalıb bəlkə?!

 

İndi neyləyim ki, qayğım azalsın,

Günahım, savabım özümün olsun.

Əzab, ağrı yükün üstümdən atım,

Mən layiq olduğum qismətə çatım.

 

 

YUXUDA  GÖRDÜM  ŞUŞANI

 

Burda hər bulağın öz səsi vardır,

Cabbarın, Seyidin nəfəsi vardır,

Vaqifin, Nəvvabın, Uzeyir bəyin

Sənət dünyamıza töhfəsi vardır.

 

Burda könül açır zirvəli dağlar,

Burda bulaq qaynar, çeşmələr çağlar.

Burda hər fəsilin öz novrağı var,

Burda göy kişnəyər, buludlar ağlar.

 

Gəl Şuşada sən qonaq qal bir gecə,

Bulaqları nəğmə deyir gör necə.

Çadır düzü lalələrdən don biçə,

Ərgünəşi ər oğluna yurd seçə.

 

Burda xof yaradır dərin dərələr,

Burda pusqudadır bəndlər, bərələr.

Burda ecazkardı aylı gecələr,

Burda qənirsizdi əlvan səhərlər.

 

Burda hər çiçəyin öz ətri vardır,

Burda hər ağacın öz çətri vardır.

Bura iqlimlərin qovuşduğu yer,

Burda qüzey qışdır, güney bahardır.

 

Gəzib-dolan başdan-başa dünyanı,

Şuşa kimi məkan hanı, yer hanı?!

Qarış-qarış əgər gəzsən Şuşanı,

Onda tanıyarsan Azərbaycanı.

 

 

GÜLLÜ  MUĞAM  OXUYUR

 

Kaman yaxşı, tar yaxşı,

Yağır rənglər yağışı.

Güllü muğam oxuyur,

Oyadır qan yaddaşı

 

Güllü mahnı oxuyur,

Səsdən çələng toxuyur.

Hər kəlməsi, hər sözü

Müşkü-ənbər qoxuyur.

 

Təsnif oxuyur Güllü,

Sözləri dürlü-dürlü.

Gözü - könlü oxşayır,

Güllünün təsnif dili.

 

Güllü oxuyur muğam,

Səsə bələnir axşam.

Bu muğam gecəsində

Görünməmiş ehtişam

 

Eldən gəlir bu ahəng,

Hər çeşnidə neçə rəng!

Güllünün şaqraq səsi

Çağlayır şəlalə tək.

 

Əsrlərdən gəlir bu səs,

Sehirlidir bu nəfəs.

Düşər sirli aləmə,

Bu səsi eşidən kəs.

 

Kaman yaxşı, tar yaxşı,

Yağır rənglər yağışı.

Güllü muğam oxuyur,

Oyadır qan yaddaşı

 

 

ÖMRÜN  NÖVRAĞI

 

Başıma gələnlər bilmirəm nədir,

Yoxsa ki, Tanrıdan bir "hədiyyə"dir?

Ürəyi ağrıdır, qəlbi göynədir,

Gəl vurma köksümə sən hicran dağı,

Başlasın ömrümün yeni növrağı.

 

Günəşi çıraq et, səni görüm mən,

Qulac saçlarına çələng hörüm mən,

Ala gözlərinə könül verim mən,

Çəkilsin ürəkdən hər ağrı-acı,

Başlasın ömrümün yeni növrağı.

 

Ey sevən qəlbimin nazlı mələyi,

Gör nədir könlümün arzu-diləyi.

Götür bəhanəni, itir gileyi,

Yersiz şübhələrin çatladır bağrı,

Başlasın ömrümün yeni növrağı.

 

Bu haray, bu nalə haradan gəlir?

Sonsuz səmalara, ərşə yüksəlir,

Nakam aşiqlərin bağrını didir.

Ey könül həmdəmim, yandır çırağı,

Başlasın ömrümün yeni növrağı.

 

Könül taxtım, ömür baxtım, hardasan?

Gecikirsən, niyə gəlib çıxmırsan?

Sən mənim kimi yoxsa dardasan?

Götür aradakı hər cürə dağı,

Başlasın ömrümün yeni növrağı.

 

 

DAĞLAR

 

Mənim bir zaman dağlarım vardı,

Qoynunda gəzdiyim çağlarım vardı,

Gəlin qayasında növrağım vardı

Zirvəniz bənzərdi bir saca, dağlar,

Tarixlər şahidi, ay qoca dağlar.

 

Hərdən üstünüzü duman alardı,

Şimşəklər çaxanda yaman olardı,

İzləri qayada, daşda qalardı

Göyə olardınız siz baca, dağlar,

Tarixlər şahidi, ay qoca dağlar.

 

Hərdən həlimdiniz, hərdən zalım,

Deyərdim qoy ölüb burada qalım.

İndi çox uzağam, qadanız alım,

Buluddan su içən, ay uca dağlar,

Tarixlər şahidi, ay qoca dağlar.

 

Sizləri tutubdu yağı vaxtdan,

Sinəmdədi dağlar dağı vaxtdan,

Qoşmamda da bitib ağı vaxtdan.

Baş-başa dayanan, ay haça dağlar,

Tarixlər şahidi, ay qoca dağlar.

 

Murovda, Taxtada izim qalıbdı,

Kəpəz, Dəlidağda gözüm qalıbdı,

Hələ Savalana sözüm qalıbdı,

Vüsal qəlbimizə nur saça, dağlar,

Tarixlər şahidi, ay qoca dağlar.

 

vaxtdan sizlərdən aralı düşən,

Asfaltın üstündə qovrulub bişən,

Damcılı bulaqçün dağlanıb şişən,

Bu İlqar sizləri bir quca, dağlar,

Tarixlər şahidi, ay qoca dağlar.

 

 

QAYITMAZ

 

Ha səsləsən, o, geriyə qayıtmaz,

Qızıl quş tək uçub getdi cavanlıq.

Əlçatmazdı, o soltanlıq, o şahlıq,

Qızılquş tək uçub getdi cavanlıq.

 

Qayğı nədi, bilməz idik dünyada,

Ağrı-acı düşməyirdi heç yada.

Elə bil ki, yaşayırdıq röyada,

Qızılquş tək uçub getdi cavanlıq.

 

Həyat bizə başdan-başa imtahan,

İnsaf-mürvət götürülüb aradan.

Heç bildikmi yaşa dolduq zaman,

Qızılquş tək uçub getdi cavanlıq?!

 

Baş açmırıq gərdişindən fələyin,

Müəmmadır, anlamırıq kələyin.

Ağzındayıq bir amansız küləyin,

Qızılquş tək uçub getdi cavanlıq.

 

Cavanlığın etibarı olmadı,

Deyiləni heç vecinə almadı,

Sağlamlığın o qeydinə qalmadı,

Qızılquş tək uçub getdi cavanlıq.

 

Ayı-ili boş-boşuna ötürdük,

Atalardan hansı ibrət götürdük?!

Əbəs yerə sevgimizi itirdik,

Qızılquş tək uçub getdi cavanlıq.

 

Bahar ömür elə yazda xərcləndi,

Saçımıza qışın qarı ələndi.

Ötən çağlar çətin ələ gələndi,

Qızılquş tək uçub getdi cavanlıq.

 

 

FƏRİDƏ

 

Tanrı səni xoş gündə yaradıb,

Yaradıban bizdə duyğu oyadıb.

Tək duyğu yox, həm sayğı oyadıb,

Necə zərif, mehribansan, Fəridə.

 

Qarşımıza bir-bir badə düzəndə,

Sən onlara "ceyran südü" süzəndə,

Baxışınla canımızı üzəndə,

Biz içirik sanki dərman, Fəridə.

 

Tanrı səni qorusun hər bəladan,

Zövq alasan hər cür şövqi-səfadan.

Bizlərə imkan versin yaradan,

Tez-tez sənə olaq mehman, Fəridə.

 

Xoş təbəssüm yaraşır gül çöhrənə,

Yemək-içmək görüşünə bəhanə.

Aşiq-şair söyləyir gör sənə:

Baxışına olub heyran, Fəridə,

Vüsalına yoxmu güman, Fəridə?!

 

 

Qəşəm İlqar RUHDAŞ

 

Təzadlar.- 2010.- 8 iyun.- S.15.