İşıqlı təfəkkürlü, həssas duyumlu insan

 

Ömrümün ixtiyar çağını yaşayıram. Dünyanın hər üzünü, həyatın çox sevinc-kədərini görmüşəm. Bəzən aylarla, illərlə üzünə həsrət qaldığım dostumun, həmkarımın səsini belə, eşitməyə mənəvi ehtiyac duymuşam. Bəzən də obyektiv, subyektiv səbəblərdən kimlərdənsə yan keçmişəm. Bu mənim qəbahətim deyil. Sadəcə olaraq, bəşər boyu məhəbbətlə nifrət qoşa yol gəlir... Baxır kimin taleyinə hansı qismət nə vaxt, necə çıxır. Şükür edirəm ki, amalım, əqidəm saf-sağlam olduğundan ömrüm boyu bəxtim üzümə gülüb. ürcahıma sadiq, sədaqətli insanlar çıxıb. Bunun üçün də həmişə iftixar, qürur hissi keçirmişəm.

Ürəkdən bağlandığım, xatirini əziz tutduğum insanların obrazları heç vaxt, heç zaman gözüm önündən çəkilmir, yaddaşımdan silinmir. Onlardan biri də həmkarım, alnının təri, gərgin axtarışları, elmi kəşfləri ilə müdriklik zirvəsinə ucalmış, şöhrət qazanmış Bakı Dövlət Universitetinin "Neft kimyası və kimya texnologiyası" kafedrasının professoru, "Gənc istedadlar" liseyinin direktoru Qasım Hüseynovdur. Eşidəndə ki, hörmətli həmkarımın ad günüdür, yaşının ixtiyar çağına çatıb, onun haqqında bildiklərimi hörmətli oxucularla bölüşmək istədim.

Q.Hüseynov 70 il əvvəl Şahbuz rayonunda anadan olub. Orta təhsilini Kükü kənd orta məktəbində alıb. Sonra Azərbaycan Dövlət Universitetinn kimya fakültəsinə daxil olub. Ali təhsilini fərqlənmə diplomu ilə bitirib və təyinatla Azərbaycan EA-nın Neft-Kimya Prosesləri İnstitutuna göndərilib. O, həmin il aspiranturaya daxil olub. 1968-ci ildə dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi alıb.

Qasım müəllim sonra Azərbaycan MEA-nın Aşqarlar Kimyası İnstitutunda elmi işçi, baş mühəndis, laboratoriya müdirinin müavini, baş elmi işçi vəzifələrində işləyib. Bu müddət ərzində xalq təsərrüfatı əhəmiyyəti olan problemlərin həllində yaxından iştirak edib. 1977-ci ildən müsabiqə yolu ilə pedaqoji işə keçərək, akademik Y.H.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (1990-cı ildən Naxçıvan Dövlət Universitetində) baş müəllim, dosent, kafedra müdiri, 1989-1996-cı illərdə isə rektor vəzifələrində işləyib. Sonra M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin "Neft kimyası və kimya texnologiyası" kafedrasının professoru vəzifəsində fəaliyyət göstərir. Gərgin əməyi, elmi axtarışları sayəsində 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, həmin il professor elmi dərəcə alıb.

Görkəmli alim Q.Hüseynov neft kimyası sahəsində tanınan mütəxəssislərdən biridir. Onun elmi-tədqiqat işləri başlıca olaraq tərkibində kükürd, azot və oksigen atomu olan yeni üzvi maddələrin alınma üsullarına, həmin maddələrin aşqar, ingibitor və analitik reagent kimi tədqiqinə həsr olunmuşdur.

Qasım müəllim elmi araşdırmaları sayəsində üzvi kimyanın çox az tədqiq edilmiş sahələrindən biri olan tiofenollar və merkaptokarbon turşularının reaksiya qabiliyyətləri, kimyəvi xassələri öyrənmiş, kükürdlü birləşmələrin sintezinin yeni prinsipləri işlənib hazırlanmışdır. Onun tərəfindən ilk dəfə olaraq bəzi kükürdlü üzvi maddələrin (sulfid, disulfid və aminosulfidlərin, fenolların tərkibində kükürd atomu olan törəmələrinin), həmçinin heterotsiklik birləşmələrin sintezinin sadə, effektli üsulları tədqiq edilib. O, ilk dəfə kəşf etmişdi ki, merkaptokəhrəba turşusu efirlərinin etileniminlə reaksiyası zamanı molekuldaxili tsiklləşmə nəticəsində altıüzvlü, azometinlərlə qarşılıqlı təsirində isə beşüzvlü heterotsiklik birləşmələr əmələ gəlir.

Q.Hüseynov bir sıra üzvi maddələrin elektronodonor xassələrini, momentlərini və istiliyə davamlılığını geniş tədqiq edib, həmin maddələrin quruluşları ilə aşqar kimi effektləri arasındakı asılılığı öyrənib, nəticədə əvvəllər məlum olmayan qanunauyğunluq müəyyən edib: sulfidlərdə kükürd atomuna görə?-vəziyyətdə mürəkkəb efir qrupunun olması maddənin antikorroziya xassəsini kəskin surətdə yaxşılaşdırır. Qazandığı elmi nəticələrin bu gün də xalq təsərrüfatında tətbiq olunmasına xüsusi diqqət yetirir. Onun tərəfindən dizel mühərriklərinin işlənmiş qazlarının tüstülüyünü azaldan və sürtkü yağlarının korroxiyaya qarşı davamlılığını xeyli artıran səmərəli aşkarların sintezi üçün elmi prinsiplər müəyyənləşdirilib, yeni perspektiv istiqamət göstərilib. O, dizel mühərriklərinin işlənmiş qazlarının tüstülüyünü azaldan, keçmiş SSRİ-də ilk dəfə alınan və tətbiqinə dair 1977-ci ildə SSRİ Dövlət Standartlaşdırma Komitəsi tərəfindən qərar verilən İXP-706 aşqarının əsas müəlliflərindən biridir. Göstərilən aşqar 0,5 faiz, qatılıqda dizel yanacağı ilə işləyən avtomobillərin işlənmiş qazlarının tüstülüyünü 50 faiz azaltmaqla yanaşı, qaz qarışığında kanserogen maddələrin, habelə karbon 2-oksid, formaldehid və akrolein kimi insan orqanizmi üçün çox zərərli olan maddələrin miqdarını kəskin surətdə azaldır. Bəzi xassələrinə görə mövcud xarici aşqarlardan üstün olan və ekoloji baxımdan mühüm əhəmiyyət kəsb edən İXP-706 aşqarının tətbiqi həm də külli miqdarda iqtisadi səmərə verir.

Alimin təklif etdiyi çoxfunksiyalı İXP-401 aşqarı öz effektinə görə hal-hazırda sürtkü yağlarının keyfiyyətini yaxşılaşdırmaq üçün tətbiq olunan aşqarların çoxundan üstündür. "Kobaltın fotometrik üsulla təyini" barədəki ixtirası 1987-cı ildə Ukraynanın Xarkov şəhərindəki zavoda tətbiq olunmuşdur. Bütün bu elmi-tədqiqat işlərinin nəticələri 180 elmi əsərdə, o cümlədən 16 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Q.Hüseynovun elmi rəhbərliyi və yaxından iştirakı ilə 7 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir; hazırda bir dissertanta elmi rəhbərlik edir.

Onun elmi məqalələri respublikamızın və xarici ölkələrin nüfuzlu elmi jurnallarında nəşr olunur. O, dəfələrlə beynəlxalq elmi sessiyalarda və simpoziumlarda məruzələrə çıxışlar etmiş,  dinlənilmiş, Azərbaycan elmini xarici ölkələrdə sevdimrmişdir. O, Türkiyənin Ankara Universitetinin xatirə medalı ilə təltif olunmuşdur. Görkəmli alimin əldə etdiyi elmi nəticələrdən (üzvi maddələrin dipol momentləri, elektronodonor xassələri, hidrogen rabitəsi əmələ gətirmək qabiliyyətləri, sürtkü yağlarının və yanacaqlarının keyfiyyətini yaxşılaşdırmaq xassələri və s.) ali məktəblərdə tədris prosesində əlavə mənbə kimi istifadə edilir.

Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, Q.Hüseynov tədris-tərbiyə işlərinin yaxşı təşkilatçısı kimi də tanınıb. Ağır blokada şəraitində fəaliyyət göstərməsinə baxmayaraq, rektor işlədiyi dövrdə Q.Hüseynovun rəhbərliyi və fəal iştirakı ilə Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinə qayğı, maddi-texniki bazasının genişləndirilməsi, kadr hazırlığının keyfiyyətniin yüksəldilməsi, nəzəri və praktiki əhəmiyyəti kəsb edən elmi tədqiqatların aparılması, Türkiyə və İranın ali məktəbləri ilə sıx elmi əlaqələr yaradılması sahəsində mühüm uğurlar qazanılmışdı. 1990-cı ildə pedaqoji institut bazasında Naxçıvan Dövlət Universiteti yaradılıb, üç il sonra universitetə ikinci kateqoriyalı ali məktəb statusu verilib; müstəqil "İqtisad" fakültəsi, 9 yeni kafedra, o cümlədən "Azərbaycan tarixi", "Azərbaycan dilçiliyi" kafedraları, beynəlxalq əlaqələr və aspirantura şöbələri, "Regionun inkişaf problemləri" elmi-tədqiqat laboratoriyası yaradılıb, muxtar respublikanın tələbatı nəzərə alınmaqla bir neçə yeni ixtisas, o cümlədən "İbtidai hərbi-fiziki təlim ixtisası" açılıb. 1991-ci ildən universitetin müstəqil "Fikir" qəzeti nəşrə başlayıb, 1995-ci ildə universitetin tarixi muzeyi yaradılıb.

Q.Hüseynov Bakı Dövlət Universitetində də işlədiyi müddətdə özünü savadlı, qayğıkeş və tələbkar müəllim kimi göstərib. O, mühazirələrini yüksək elmi-metodiki səviyyədə aparmaqla yanaşı, tədəbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasına xüsusi diqqət yetirir. Onun elmi və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. O, "Şərəf nişanı" ordeninə (1986-cı ildə), həmçinin əməkdar müəllim fəxri adına layiq görülüb. D.İ.Mendeleyev adına ümumittifaq Kimya Cəmiyyətnin fəxri fərmanı və həmin cəmiyyətin Azərbaycan filialının diplomu ilə təltif olunub, 1990-cı ildə Naxçıvanın şəhər sovetinə deputat seçilib.

Dostum, qədirbilən insan, 50 ildən artıq varlığı qədər sevdiyi elmi sahədə şərəf-şöhrət qazanmış həmkarımla ad günündə, əlamətdar yubiley təntənəsində görüşdük. Ovqatı olduqca şən idi. Həmin gün ondan eşitdiklərim yaddaşıma yazıldı:

- Ümummilli lider Heydər Əliyevin parlaq, milli dəyərlərə layiq ideyaları bu gün də yaşayır, inkişaf edir. Ulu öndər gənclərin hərtərəfli, ahəngdar inkişafında təhsilin imkanlarını yüksək qiymətləndirir, millətin, müstəqil dövlətin təməli olan təhsilə xüsusi qayğı göstərərdi. Onun siyasi kursunu bu gün ləyaqətlə davam etdirən cənab Prezident İlham Əliyev də yeniyetmələrdə vətəndaşlıq mövqeyinin formalaşmasında, istedadı olan gənclərin üzə çıxarılmasında təhsilə xüsusi önəm verir. Cənab Prezident 17 aprel 2006-cı il tarixli sərəncamı ilə "Xüsusi istedada malik olan şagirdlərin (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" qəbul edilmişdir. Bu tarixi sənədə uyğun olaraq görkəmli kimyaçı-alim, millət vəkili, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun təşəbbüsü və səyi, həmçinin Respublika Təhsil Nazirliyinin razılığı ilə 2007-ci ildən BDU-nun nəzdində "Gənc istedadlar" liseyi fəaliyyət göstərir. Bu təhsil ocağına maraq çox böyükdür. 2008-2009-cu tədris ilində bu təhsil müəssisəsinin V-VII siniflərinə 160 şagirdin qəbulu nəzərdə tutulduğu halda, 1330 ərizə verilmişdir. Hazırda liseyin V-XI siniflərində 403 nəfər şagird təhsil alır. Onların 287 nəfəri Azərbaycan, 116 nəfəri isə rus bölməsində oxuyur. Şagirdlərin təlim-tərbiyəsi ilə 66 müəllim məşğul olur. Bunların arasında bir elmlər doktoru, 15 elmlər namizədi, ali kateqoriyalı müəllimlər, müxtəlif vaxtlarda ilin ən yaxşı müəllimi adını alanlar, həm də Təhsil Nazirliyinin Fəxri fərmanı ilə mükafatlandırılan layiqli təhsil işçiləri var.

Ötən ilin oktyabr ayında BDU-nun 90 illik yubileyi münasibətilə liseydə "Müasir şəraitdə orta ümumtəhsil məktəblərində fənlərin tədrisinin keyfiyyətini yüksəltmək yolları"na həsr olunmuş respublika konfransı keçirilmişdir. Konfransın işində respublikanın müxtəlif bölgələrindən müəllimlər, alimlər iştirak etdilər, Onlar konfransın işini çox yüksək qiymətləndirdilər. Təhsil sahəsində əlaqələri genişləndirib inkişaf etdirmək, qabaqcıl təcrübəni öyrənmək məqsədilə "ümumi Təhsil Mərkəzi - XXI əsr" və Nərimanov rayonundakı Bağça-Məktəb-Lisey Kompleksi ilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

Qısa müddət ərzində "Gənc istedadlar" liseyi beynəlxalq əlaqələrini qurmaq imkanı qazanmışdır. BDU-nun rektoru, akademik Abel Məhərrəmov Türkiyənin İsparta Gülkent Anadolu liseyinin müdiri Ramazan Topçudan məktub almışdır. O, "Gənc istedadlar"la təhsil əlaqələri qurmaqda maraqlı olduqlarını bildirmişdir. Etiraf edirəm ki, əldə etdiyimiz bu uğurlar məhz BDU-nun rektoru, akademik Abel Məhərrəmovun liseyə olan diqqət və qayğısı sayəsində qazanılmışdır. Abel müəllim 2008-ci il yanvar ayında X sinif şagirdlərinə "üzvi birləşmələrdə kimyəvi rabitələrin elektron təbiəti" mövzusunda nümunə dərsi keçmişdir. Nüfuzlu ali məktəb müəllimlərinin keçdiyi belə lazımlı dərslər şagirdlərin yaradıcı təfəkkürü və müstəqilliyinin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

Şagirdlərdə oxumağa həvəsi, xeyirxah rəqabəti daha da artırmaq, stimul yaratmaq məqsədi ilə ödənişli əsaslarla oxuyan şagird təhsil ilinin yekununa əsasən bütün fənlərdən əla qiymətlər alarsa, lisey Pedaqoji Şuranın qərarı ilə Nizamnaməyə əsasən ödənişdən qismən və ya tam azad edilir. Bundan başqa, liseyin IX-XI siniflərində oxuyan əlaçı və istedadlı şagirdlərə təqaüd verilir. ümummilli lider Heydər Əliyev demişdir: "Təhsil sahəsində çalışan bütün vətəndaşlar, müəllimlər, təhsil müəssisələrnin rəhbərləri təhsil sistemində işlərini müstəqil Azərbaycanın prinsipləri əsasında qurmalıdırlar". Kollektivimiz ulu öndərin bu göstərişini həmişə uğurla və məsuliyyətlə yerinə yetirməyə çalışır.

...Həmkarım, həmyaşıdım, qardaşdan artıq xatirini istədiyim, hörmətini uca tutduğum Qasım müəllim haqqında yazdığım bu qeydlər - ürək sözlərim fərəhimin, sevincimin təzahürüdür. Müdriklərimizin fikridir: "İnsan insanın gərək sağlığında qədrini bilə". İnanın, səmimi, varlığımdan süzülüb gələn fikrimdir: Qasım müəllim azərbaycanlı olduğundan necə qürur hissi keçirirsə, mən də onu tanıdığım gündən fərəhlənir, sevinirəm. çünki o, əyilməz, sınmaz, amalından dönməz, sabaha inamla, ümidlə baxan, doğma xalqının inkişafı, uğurları yolunda canını belə qurban verməyə hazır olan şəxsiyyətdir.

Onun vaxtilə dərs dediyi tələbələrin xoş, bəxtəvər sorağı indi uzaq-uzaq ellərdən, ölkələrdən gəlir. Bu, müəllim üçün ən böyük səadət, bəxt payıdır.

Əziz dostum, hörmətli həmkarım, ad günün - ömrünün müdriklik çağı mübarək! Sən onsuz da işıqlı təfəkkürlü, həssas duyumlu insansan, ən əsası, cəfakeş, daim elmi axtarışda olan alimsən. Sənə uzun ömür, cansağlığı, daha artıq elmi axtarışlar, tapıntılar, uğurlar arzulayıram.

 

 

Səfər BAYRAMLI

 

Təzadlar.- 2010.- 12 iyun.- S.15.