O tayda qalan günlər

 

O zaman (neçənci il olmağı dəqiq yadımda deyil) əmim Düşəri Mehdiyev Köçərinin sağmal mal fermasında naxırçı işləyirdi. Xalam Güleyxa isə fermanın sağıcısı idi. Məktəblilərin yay tətili olduğuna görə məni yaylağa aparmışdılar.

Həmin ili Nizami yaylağa getmişdi. Onun atası Bəylər Şükürov (digər) sağmal mal fermasının briqadiri idi. Nizami ilə mənim aramda yaş fərqi olmağına baxmayaraq, yoldaşlığımız tuturdu. Qardaşı Asif nadinc olsa da, onun da yaxşı yoldaşlığı vardı.

Biz Qaranlığın sərt yamaclarındakı sıldırım qayalarına dırmaşardıq. Oradakı bulaqlardan içər, yamaclardan kəkotu yığıb evə gətirərdik. Hər gün gəzə-gəzə "Mıxtökən"in ətəyinə gedib çıxırdıq. Nizami özü ilə yaylağa maraqlı kitablar aparmışdı. Məni ona yaxınlaşdıran səbəblərdən biri həmin kitablar olmuşdu. Aramızdakı bu yaxınlıq sonradan dostluğa çevrildi...

Nizami orta məktəbi Mərzilidə oxuyub qurtarandan sonra Azərbaycan Tibb İnstitutuna daxil oldu. Oftolmoloq fakültəsində oxuduğu müddətdə müəllimlərinin sevimlisinə çevrildi. öz fəallığı ilə hamının hörmətini qazandı.

Təyinatını o vaxtkı DQMV-nın (Dağlıq Qarabağ Muxtar Vilayəti) Martuni (indiki Xocavənd) rayonunun xəstəxanasına verdilər. Təyinatı üzrə orada çalışmağa başladı...

Nizami 2 il orada işləyəndən sonra Ağdam Mərkəzi Göz Xəstəxanasına gəldi. O, burada işlədiyi müddətdə itstedadlı həkim kimi ad qazandı. Onun yanına nəinki ətraf rayonlardan, hətta ermənilər müalicə almağa gəlirdilər. Ən ağır əməliyyata ehtiyacı olan belə Bakıya ya başqa şəhərlərə getmirdilər, gözündən şikayəti olan xəstələr onun yanına gəlirdilər.

...1988-ci il 22 fevral. Səhər hamı kimi biz işə çıxmışdıq. Mən o zaman Ağdam rayonunun Mərzili kəndindəki "Qoyunçuluq birliyi"ndə işləyirdim. Saat 9 radələrində bizə xəbər verdilər ki, rayonda nümayişdi.

Ermənilər Stepanakertdən (Xankəndindən) Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün Moskvaya müraciət etmişdilər. Onların yazılı müraciətini nümayişlərini nəzərə alan Sov.İKP MK-nın birinci katibi M.S.Qorbaçov Azərbaycana 3 nəfər nümayəndə göndərir ki, DQ-ı Ermənistana birləşdirsin.

Bu nümayəndələrin gəlişinə etiraz əlaməti olaraq Ağdam camaatını nümayişə  çağırdılar. Müəssisənin sədri Səhliman Muradov baş mexanik Qurbanov Allahverdini qaraj müdiri Abdullayev Alyoşanı çağırıb Azərin avtobusu ilə camaatı şəhərə aparmasına göstəriş verdi. Maşını olmayanlar avtobusla, maşını olanlar öz maşını ilə nümayişə çıxdıq.

Biz Ağdama çatanda saat 11-ə işləmişdi. Get-gedə nümayişə gələnlərin sayı artırdı. Ətraf rayonlardan - Ağcabədidən, Bərdədən, hətta Gəncədən avtobuslar dolu insanlar Ağdama gəlirdilər. Küçələrdə dayanmağa yer yox idi. Atalar belə yerdə deyir: İynə atsan yerə düşməzdi". İnsanlar dəniz kimi coşmuşdu. Hamı Stepanakertə doğru irəliləyirdi. Məqsəd oraya yürüş edib erməni nümayişçilərin cavabını vermək onları öz yerlərində oturtmaq idi. Həm gələn nümayəndələr görsün ki, biz ərazi bütövlüyümüzü qorumağa hazırıq.

Biz ancaq Əhmədavarın girəcəyindəki Ağdam-Laçın yolunun üstündəki "Ozan" povilyon-restoranına qədər gedə bildik. Orada dayanmalı olduq.

Nümayişə çıxanların qarşısını Əsgəranla "Qarağacı" qəbiristanlığının arasında milis işçiləri aldı. Onlar nümayişçiləri irəli buraxmırdılar.

Ağdam rayon Partiya Komitəsinin birinci katibi Sadıq Murtuzayev, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova, professor Xudu Məmmədov, professor Famil Mehdi başqa ziyalılar nümayişçiləri səbirli olmağa çağırırdılar. Onlar silahsız camaatın qırğınına yol vermək istəmirdilər. Çünki Stepanakertdəki 366-cı polkun silahlı əsgərləri tanklarla Əsgəranın girəcəyini, Ağdam-Laçın yolunu bağlamışdılar.

Buna baxmayaraq, Qarqar çayının içi ilə Bəxtiyarla Əli qabaqda, arxalarınca da bir dəstə məktəbli irəliləyirdilər. Onların yaxınlaşdığını görən əsgərlər atəş açdılar.

Bəxtiyar Əli həmin gün torpaqlarımız uğrunda ilk şəhidlər oldular. Bunu eşidən nümayişçilər daha da hiddətlənməyə başladılar.

Təhlükəsizlik milis işçilərindən ibarət bir neçə dəstə mülki formada nümayişçilər arasında gəzirdilər. Onlar gizli şəkillər çəkir, nümayişçiləri danışdırıb diktofonlara yazırdılar. Hərə bir tərəfdən gəldiyinə görə çoxu bir-birini tanımırdı. İki gəncin həlak olması bizi məyus etmişdi...      

Əli silah tutan rayon camaatı ayağa qalxmışdı. Etiraz nümayişləri xalq hərəkatına çevrilirdi. Xalq hərəkatının rəhbərləri - Eldar Bağırov, Rüstəm, Əkbər başqaları Nizamini həm yaxın yoldaş, həm səmimi dost kimi çox istəyirdilər. çünki həddindən artıq səmimi sadə insan idi. Onun duzlu zarafatlarına baxmayaraq, düşmənə qarşı sonsuz nifrəti vardı.

...Nizami xəstəxanada işini qurtaran kimi döyüşçülərin yanına qaçırdı. O, yaralıların yarasını sarımaqla bərabər onlara təsəlli verir, zarafatla əhval-ruhiyyələrini qaldırırdı. Yeri gəldikcə öz silahı ilə düşmənin cavabını da verirdi. Harda şiddətli döyüş olsa, onu orda görmək olardı.

Nizami tibb elmində yeni-yeni nailiyyətlər əldə edə bilərdi. Lakin azğın düşmən ona arzusunu həyata keçirməyə imkan vermədi. Vətənin müstəqilliyi azadlığı uğrunda mübarizə onun həyat yolu oldu...

Dağlar Nizamidən küsmüşdü. Nizami o dağlardan ötəri darıxırdı. çoxdandı onlarla görüşə bilmirdi. Döyüşürdü ki, azğın düşməni  məğlub edib dağların yolunu açsın. Gedib həmin yaylaqların könlünü alsın, onlarla barışsın. Uşaqlıqda olduğu kimi sinəsini söykəyib bulaqların saf suyundan içsin. "Hül qaya"nı, "Mıxtökən"i, "Fərməş qaya"nı gəzsin. İndiyə qədər getmədiyinə görə istəyirdi onlardan üzr istəsin...

 

"Qaranlıq"da sərt yamaclar gəzərdik,

"Mıxtökən"də daşlara ad yazardıq.

Qatı duman gəldi yolu azardıq,

O günlərin xatirəsi yaşayır.

 

 ...12 aprel 1992-ci il. Naxçivanik, Aranzəmin istiqamətində hücuma keçən Milli ordumuz özünümüdafiə batalyonları düşməni geri çəkilməyə məcbur edərək, Pirəcamal, Aranzəmin Naxçivanik kəndlərini ələ keçirmişdilər, Dəhraza yaxınlaşırdılar. Düşmən geri çəkildikcə yolları, sahələri minalayaraq meşələrə, dağlara tərəf qaçırdılar...

Şiddətli döyüşlər gedirdi. Bizim döyüşçülər Naxçivanikə girmişdilər. Mərmilərin gurultusundan, güllələrin vıyıltısından qulaq tutulurdu. Tanklar, BMP-lər hərəkət elədikcə yer silkələnirdi. Hava günəşli olsa da, atılan mərmilərin tüstüsü, düşdükləri yerdən qalxan toz döyüş gedən kəndlərin üstünə duman kimi çökmüşdü. Aranzəmin, Pirəcamal, Naxçivanik kəndləri alışıb yanırdı. Kəndlərdən qalxan alovun şöləsi ərşə yüksəlirdi...

Nizami həkim yaralı döyüşçülərə ilkin yardım göstərdikdən sonra arxa cəbhəyə göndərirdi. Agır yaralıları isə təhlükəsiz yerə çıxaranadək özü müşayiət edirdi. Növbəti agır yaralını döyüş bölgəsindən çıxaran zaman özü düşmən minasına düşərək qəhrəmancasına həlak oldu...

Zalım fələk, aman vermədin ki, Nizami gedib o dağlardan üzr istəsin. Gedib "Dörbənd" bulağına dərdin söyləsin. "Xudu bulağı"nı ziyarət eləsin. "Soltan-Heydər" yoxucunun zirvəsindən "Dəlidağ"a, "Nəsir düzü"nə boylansın. O, "Qəhrəman bəy" təpəsindən "Pəri çınqılı"na baxmaq istəyirdi. Quzeylərdə qar əridikcə altından çıxan quzuqulağından dərib uşaqlarına gətirmək arzusundaydı.

Qəbrin nurla dolsun, ruhun şad olsun, Şəhid qardaşım! Sən daim bizim qəlbimizdəsən! Elin-oban səni unutmaz!.

 

 

Məmməd Gürşad

 

Təzadlar.- 2010.- 12 iyun.- S.9.