"Yanan qar" bizə nə deyir?

 

Tənqidin ədəbi prosesin müəyyən istiqamətə yönəlməsində, bədii ədəbiyyatın qiymətləndirilməsində xüsusi rolu var. Tənqid ictimai rəyin formalaşmasında təkanverici qüvvə kimi də dəyərlidir. Ədəbi proseslə ədəbi tənqidin vəhdəti, qarşılıqlı müdaxiləsi sonucda istənilən ədəbiyyat haqda ən sağlam fikrin formalaşmasında başlıca amildir. Azərbaycan ədəbiyyatında tənqidin tarixi çox qədim zamanlara bağlanır, tənqid hər bir zaman kəsimində müxtəlif adlarla mövcud olmuş, bədii ədəbiyyatla bir sırada inkişaf etmişdir. Ədəbiyyat olan yerdə tənqidin olması labüddür. Tənqid və ədəbiyyat bir-birinə münasibətdə açıqlanır, hərəkət edir və inkişaf prosesi keçirir.

Nədənsə, bir çox yazıçılar və onların "havadarları" tənqidə hədəf olmaqdan ehtiyat edirlər. Onlar unudurlar ki, sağlam obyektiv tənqidi qəbul etmək özü də sənətkarlıqdan, sağlam düşüncədən xəbər verir.

Filologiya elmləri namizədi Vaqif Yusifli və şair, publisist Əli Mahmuda görə, Hüseynbala Mirələmov romanının tənqidə ehtiyacı yoxdu. Onlar bu müştərək qənaətə Şkloviskinin "Tənqid yazıçını oxucuya yaxınlaşdırır" fikrinə əsaslanaraq gəlmişdilər. Bu iki şəxsə görə, H.Mirələmovun oxucuyla yaxınlaşması üçün tənqidçi şərhinə ehtiyac yoxdu. Bu fikrin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını bilmək üçün müəllifin əsərlərinə oxucu və tənqidci prizmasından ötəri nəzər salmaq kifayətdir.

-Öncə qeyd edək ki, Vaqif Yusifli və Əli Mahmudun gəldiyi ortaq nəticənin özündə müəyyən qüsurlar var. Birincisi, onlar şərhlə tənqid arasındakı fərqi görmürlər, əsəri şərh etməklə tənqid etməyin nə qədər fərqli proses olduğunu unudurlar. Ya da onlar üçün şərhlə tənqid eyni anlamdadır. İkincisi, V.Yusifli və Ə.Mahmud belə hesab edirlər ki, Hüseynbala Mirələmov Şklovskinin yazıçı adlandırdığı kəslərdən bir mərtəbə yuxarıdadır. O kəslər ki, Şklovski yazıçı adlandırmışdır, onların tənqidə ehtiyacı var, amma H.Mirələmovun tənqidə ehtiyacı yoxdur. Hüseynbala Mirələmovun hansı şedevrlər yaradaraq bu mərtəbəyə çatmasını aydınlaşdırmazdan öncə qeyd edək ki, onun yaradıcılığı haqqında (V.Yusifli və Ə.Mahmudun təbirincə desək, tənqidə ehtiyacı olmasa da) çağdaş nəsrimizin görkəmli tənqidçilərindən biri olan akademik Bəkir Nəbiyev fikir söyləmişdir. Hər halda, V.Yusifli və Ə.Mahmud yazıçının əsərlərindəki konkret hansı məqamlardan çıxış edərək onu tənqidolunmaz elan etmələrini açıqlasaydılar heç bir mübahisəyə yer qalmazdı.

Yazıçılıq fəaliyyətinin ən məhsuldar mərhələsində olan Hüseynbala Mirələmovun haqqında fikir söyləyəcəyimiz əsəri "Yanan qar" romanıdır. Həmin bu kitab şəklində çap olunmuş romana akademik Bəkir Nəbiyev geniş ön söz yazmışdır. Qanlı dövrün bədii səlnaməsini qələmə alanlar sırasında H.Mirələmovun da adı var. Deməli, Hüseynbala Mirələmov da günümüzün ən aktual mövzusu, ümummilli problemimiz, ən ağrılı yerimiz olan Qarabağ mövzusuna biganə qala bilməmiş, Qarabağdan yazmışdır. Məsələnin nə dərəcədə açıqlanması və hadisələrə, obrazlara müəllifin münasibətindəki bəzi anlaşılmazlıqlara baxmayaraq hər halda araya-ərsəyə Qarabağ mövzusunda yeni bir ədəbiyyat nümunəsi də gəldi. Bu çox təqdirəlayiq haldır. Hamı, istər ziyalı, elm adamı, siyasətlə məşğul olan, hərbçi, istərsə də gündəlik çörək pulu qazanmaq üçün min bir əziyyətə qatlaşan sadə zəhmət adamı Qarabağ azad olunmayanadək bir an da onu unutmamalıdır.

"Yanan qar" romanı Hüseynbala Mirələmovun yaradıcılığında yeni bir mərhələnin başlanğıcı hesab olunur. Müəllifin humanist yazıçı mövqeyi əsərə tamamilə fərqli cəhət vermişdir. Romanın mövzusu müharibə və xalqdır. Bəkir Nəbiyevə görə, "Yanan qar" romanı H.Mirələmovun öncə qələmə aldığı əsərlərin davamı və zirvəsidir. Bunun davam oldğuna irad tuta bilmərik. Amma doğrudanmı zirvəyə uyğun əsər olduğunu isə gəlin birlikdə araşdıraq. Əsərin əsas məzmununu Qarabağın işğal edilmiş ərazilərində erməni terrorçuları tərəfindən əliyalın azərbaycanlılara qarşı törədilmiş qanlı hadisələr, ələ keçən əsirlərə verilən ağlagəlməz işgəncələr, vəhşiliklərin təkcə insanlara qarşı deyil, həm də tarixi abidələrə, evlərə, hətta məzarlara qarşı törədilməsi təşkil edir.

Romanda hadisələrin əsas inkişaf mənbəyi köhnə dəyirmandır. Məkan təsadüfi seçilməmişdir. Dəyirman həyatdan, yaşayışdan xəbər verir. Bəy Kamran dəyirmanda vətəninin ocağını sönməyə qoymur. Dəyirmanda ocaq yanır, həyat var. Deməli, xain erməni məqsədinə çatmayıb. Bu ocaq viran qalmış, külü göyə sovrulmuş ocaq yerlərimizin son işartısıdır. Bəy Kamran bu işartını sönməyə qoymur ki, tezliklə işğal olunmuş torpaqlarımız azad ediləndə öz elinə dönən insanlar sönmüş ocaqlarımızı yandırmaq üçün dəyirmandakı bu ocaqdan od alıb sönən ocaqlarımızı yenidən yandırsınlar...

Dəyirmanda yaşayan, müxtəlif taleləri olan kiçik bir dəstəni çox maraqlı bir nüans birləşdirir. Onlar nə el-obalarından didərgin düşməyiblər, qaçqın deyillər, nə də öz ev-eşiklərində ocaqlarının başında deyillər. Onlar qaçqın, köçkün olmaqdansa, elə ömürlərinin sonuna kimi bu xaraba dəyirmanda qalmağı üstün tutublar. Ancaq bu kiçik insan dəstəsinin təcrihi oxucuya müsbət heç nə aşılamır. Bu olanlara boyun əyib, həyatla razılaşmaqdır. Oxucu isə yazıçıdan bu gün daha yüksək amalların ifadəsini gözləyir. çünki bu gün bizim döyüşkənliyi, vurub-yıxmağa, qırıb-dağıtmağa özünü təsdiqi təbliğ edən əsərlərə daha çox ehtiyac var. Sözün nə qədər böyük qüdrətə malik olduğunu bilən yazıçı əlinə qələm alarkən unutmamalıdır ki, o, haqsız müharibədə müvəqqəti də olsa uduzmuş bir xalq üçün yazır. Yazıçının silahı qələmdir, gülləsi sözdür. O sözün qüdrətiylə xalqın əyilmiş, ancaq sınmamış əzimkarlığını, vətənpərvərliyini, iradəsini sınmağa qoymamalı və onu daha uca amallara kökləməlidir.

Bu gün erməninin bizimçün pisi, yaxşısı, günahkarı, günahsızı olmamalıdır. Əgər uduzan tərəf olduğumuz müharibədən qələbə ilə çıxmaq, Qarabağımızı geri almaq istəyiriksə, onda bir qədər insanpərvərliyimizi kənara qoyub erməniyə onun kimi olmasa da, onun layiq olduğu cəzanı verməliyik. Əlbəttə, mən demirəm ki, Azərbaycan oğlu da ermənilər kimi qəddarlığa, vandalizmə, bəşəri cinayətlərə qol qoysun. Ermənidən qisas alınmalıdır. Çünki erməni kim olsa da, ermənidir. Elə təkcə Xocalı faciəsini törədərkən qana susamış erməni quldurları günahsızların içində günahsız axtarmamış, dünyaya yenicə gəlmiş körpədən tutmuş, dünyada gününü görüb, dövranın sürmüş, həyatdan yeganə umacağı rahat, abırlı, urvatlı ölüm olan qocalara qədər hamını amansızlıqla qətlə yetirmişdilər. Qeyd edək ki, təkcə Xocalı qətliamı zamanı erməni faşistləri tərəfindən 613 nəfər şəhid edilmiş, 1275 nəfər əsir götürülmüş, 7 ailə büsbütün məhv edilmiş, 230 ailə başçısız qoyulmuş, 200 nəfər əlindən, ayağından, gözündən məhrum edilmiş, meyitlərin üzərində insanlığa yaraşmayan hərəkətlər törədilmişdir. Bu, bəşəriyyət tarixində görünməmiş bir cinayətdir. Bu faciənin belə detallı şəkildə göstərilməsi Hüseynbala Mirələmovun "Yanan qar" romanının davamında irəli sürdüyü fikirlərə giriş olmaq üçün verilmişdir.

Ancaq nədənsə, H.Mirələmovun öz humanizmindən, insanpərvərliyindən çıxış edərək gəldiyi qənaətdə ermənilərin içində suçsuzları da var. Yazıçının erməni Artaşın daxilindəki tərəddüdləri verməklə azərbaycanlı oxucuya hansı fikir aşılamaq istədiyi qaranlıq qalır. "...Artaş ustubca zirzəmiyə sarı yeridi, istədi Süleymanın sığınmağına rahat bir yer düzəltsin. Elə həmin anda saqqallılar gəlib durdular gözünün qabağında, canına vəlvələ düşdü. Amma yenə də ürəyi durmadı..."

Görəsən, ermənidən qisas alınacağı anı, tökülən şəhid qanlarının yerdə qalmayacağı günü səbrsizliklə gözləyən Azərbaycan döyüşçüsü bu sətirləri oxuyarsa onun fikirlərində qisas günü artaşları saqqallılardan ayırmaq kimi tərəddüdlər baş qaldırmazmı? Axı bu tərəddüdlər, fikir haçalanmaları Azərbaycan əsgərinin döyüş əzmini, qisas yanğısını soyuda bilər.

Bu gün hamımızın amalı Qarabağı azad edib, tökülən şəhid qanlarını yerdə qoymamaqkən, Hüseynbala Mirələmovun insanpərvərlikdən söz etməsi bir qədər yersiz görünə bilər. Əsərdə digər qaranlıq məqamlar yazıçının idealı olmasa da, hər halda, müsbət obraz kimi yaratdığı erməni əsirliyindən qaçmış Süleymanın üzərində cəmlənir. ümumiyyətlə, yazıçının hansı kriteriyalardan çıxış edərək Süleymanı müsbət obraz kimi təqdim etməsi oxucu üçün bir qədər anlaşılmazlıq yaradır. Əsərdə Bulaqlı kəndinin sovet sədri kimi qələmə alınan Süleymanın kəndi tərk edərkən kənd camaatı qarşısında söylədiyi nitq yazıçının işıqlı sabaha inamından doğur və oxucuya da nikbin əhval-ruhiyyə aşılayır. "...Qadınları, qızları qorumaq naminə lap ar da olsa kəndi tərk etməliyik. Alçaqlar dünən Dumanlını odlayıblar. Mənim son sözüm budu: bir halda ki, bu cür gedirik, onda heç bir kişi başının papağını götürməsin, qoy qalsın burda. Vaxt gələr dönərik, qeyrətimizi - papağımızı qoyarıq qafamıza..."

Süleymanın erməni qadını Vartanuşa münasibəti də oxucuda tamam çaşqınlıq yaradır. Romanın əvvəlində qeyrətdən, papaqdan söz edən Süleyman Vartanuşun qayğısına qalarkən oxucunun gözündən düşür. Bu bir həqiqətdir ki, Süleyman qumqumanı Vartanuşun içməsi üçün paxır tamı verir deyə göz yaşı kimi dumduru bulaq suyunda yaxalayarkən əsirlikdə olmazın əzablara qatlaşan azərbaycanlı qadınlara, qızlara erməni cəlladları bir qaşıq kiflənmiş suyu min bir işgəncələr bahasına verirdilər. Süleymanın Vartanuşa münasibətiylə papağını Bulaqlıda qoyub çıxması arasında bir ziddiyyət var. Gərək Süleyman papağını - namusunu Bulaqlıda qoyub çıxmayaydı. Əgər onun daxilində azacıq da olsa vətən eşqi, vətənpərvərlik hissi varsa, elə papağı orada qalmasa da, qanları yerdə qalan şəhid ruhları, uluların kimsəsiz, düşmən tapdağına yer olmuş məzarları və ən əsası əsir qadınların, qızların göylərə bülənd olan ah-naləsi onu geri qaytaracaqdı.

Bəlkə də papağı başında olsaydı onun məsuliyyəti Süleymana erməni qadınıyla belə rahat danışmağa və günlərini bir yerdə keçirməyə imkan verməzdi. Yeganə umacağı bu odun-alovun içərisindən qaçıb canını qurtarmaq, bir də özünün və Vartanuşun acından ölməməsi üçün yeyəcək bir şeylər tapmaq olan Süleyman oxucuya heç bir vətənpərvərlik hissi aşılaya bilmir. Halbuki bu gün bizim buna daha çox ehtiyacımız var. Yazıçı Azərbaycan oğlunu belə aciz, cılız təsvir etməsə daha yaxşı olardı. Əgər yazıçı əsirlikdən qaçmış sağlam bir kişini geriyə yox, irəliyə hərəkət elətdirsəydi, hətta, anındaca erməni güllələrinə tuş olsaydı o, oxucunun yaddaşında daha tez həkk olardı. Amma qələmin ixtiyarı əlində olan yazıçı belə yazmadı, özü istədiyi kimi yazdı. Görəsən, Hüseynbala Mirələmov bilmirmi ki, erməninin əlinə fürsət düşsə bizə qarşı indiyə kimi etdiyinin on qatını bir də edəcək. Bu üzdən də adi oxucu üçün bir çox anlaşılmazlıqlar, cavabsız suallar doğur. Oxucu belə bir qənaətə gəlir ki, sanki Hüseynbala Mirələmov bu fikri təlqin etmək istəyir: erməni ermənidir. O nə etsə də, hansı alçaqlığa əl atsa da, yurdumuzu viran edib, istinadgahımız olan qəbristanları dağıtsa da biz öz insanpərvərliyimizi, alicənablığımızı itirməyib dünya ictimaiyyəti önündə göstərməliyik ki, onlara qarşı humanistik. Mənə elə gəlir ki, azərbaycanlı gənci belə "humanizm"lə zəhərləmək düzgün deyildir. Bütün dünya bilməlidir ki Azərbaycan oğlu vətənini azad edəcək.

Nə yaxşı ki, müəllif əsərdə Bəy Kamran obrazını da yaratmışdır. Oxucunun Süleymana münasibətdə öləziməkdə olan nikbinliyi Bəy Kamranda yenidən canlanır. Sonda hamı dəyirmanı tərk edir, ancaq Bəy Kamran qalır. Çünki bura onun vətəninin bir parçasıdır, çünki o tezliklə qayıdacağı yolu getməyi faydasız sayır. Yurdda bir kişi qalıb dəyirmanın sönməkdə olan ocağını yenidən alışdırmalıdır və bu kişi Bəy Kamran olmalıdır. "...Bəy Kamran ağrılarına məhəl qoymadan tələsirdi, dəyirmanda sönməkdə olan gur ocağı qalamağa tələsirdi. Öləziməkdə olan ocağı təzədən alışdırmaq üçün bir qucaq odun aparırdı..."

Beləliklə, güman edirəm ki, bütün ziddiyyətli fikirlərinə baxmayaraq, romanda müəyyən istedad işartıları, xüsusilə həyata yaxınlıq, gerçəkliyi qələmə almaq ehtiyacı mövcuddur.

 

 

Könül Heydərova

 

Təzadlar.- 2010.- 17 iyun.- S.15.