Zəhməti üzünə gülüb

 

Halal əməyə - alın tərinə, əl qabarına, çəkilən cəfalara verilən qiymətin, edilən hörmətin təntənəsini, həmin insanların sevinc-fərəhlərini çox görmüşəm. Görmüşəm ki, mükafata layiq görülən, ömrünün ixtiyar çağını yaşayanlar azyaşlı uşaq kimi necə kövrəlirlərE Səmimi, sadiq, alnıaçıq, gözütox, sağlam, saf, xalqının işıqlı, xoşbəxt gələcəyi barədə düşünənlər, millətinə bəxtəvərlik arzulayanlar, bu amal uğrunda cəfalar çəkənlər bəşər boyu belə amalla qurub, yaradıblar. çağdaş dövrümüzdə də həmin ənənə yaşayır. Qürurlu, vüqarlı, həm sərt, həm də mülayim təbiətli insanların ümumiləşmiş obrazı kimi tanınan, xatiri əziz tutulanlandan birimahir idarəçilik qabiliyyətinə malik, yazıçı-dramaturq, rejissor, aktfor Əlfayım Əziz oğlu İsmayılovdur. O, artıq çatıb ömrünün ixtiyar vaxtına - uca dağın zirvəsindən dərələr, təpələr necə görünürsə, ötən günləri də onun gözləri önündə eləcə canlanır.

Onunla ömrümün gənclik çağlarında - az, çox - 40 il əvvəl tanış olmuşam. Zaman, mühit ötüb keçib, dövran dəyişib, amma Əlfayımla görüşüm heç xatirimdən silinmir. Doğrudur, qalmışam ömrümüzün bəxtəvər çağlarına boylana-boylana. Amma hər dəfə dostum, son dərəcə həssas duyumlu, mehriban insan, yaradıcı, işıqlı təfəkkürlü bu yazının qəhrəmanını görəndə özümdən asılı olmayaraq boyat xatirələr az əvvəl olubmuş kimi yaddaşımda oyanır

 

Ə.İsmayılov ötən əsrin 40-cı ilində dünyaya göz açıb. çox vaxt uşaq təbəssümü dodağında donub. Valideynlərindən, dayı-əmisindən heç bir qayğı görməyib. Neyləməli, dövr, dövran belə idi. Qayğı, hörmət, nəvaziş görmək, saçına tumar çəkilməsini istədiyi, arzuladığı çağlarında bir tikə halal çörək qazanmaq məcburiyyətində qalır. Tər tökür, oynaqları sızıldayır, əlləri qabar bağlayır. Lakin fəxr edir ki, kiminsə qarşısında gözükölgəli, başıaşağı deyil. Hətta elə olub ki, məktəbə getmək belə yadından çıxıb. Amma o, çörəyin qədir-qiymətini necə bilirdisə, mütaliə etməyi də eləcə sevərdi. Balışını klassiklərimizin, müasirlərimizin əsərləri, kitabları əvəz edərdi. Bu müsbət keyfiyyətinə görə müəllimləri ona əla qiymət verərdilər...

 

***

 

Orta məktəbi başa vurandan sonra hərbi xidmətə çağırılıb. Düz üç il layiqli, intizamlı, doğmalarına, el-obasına şərəf gətirən əsgər kimi tanınıb. Sonra Bakı Kitabxanaçılıq Texnikumunu, hazırkı Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Respublika Ali Partiya Məktəbinin sayılıb-seçilən tələbəsi kimi tanınıb. Əmək fəaliyyəti isə olduqca qəribə, həm də çətin keçib. Rabitə qovşağında, hava limanında komsomol təşkilatında, nəhayət, arzusuna yetişib - 1966-cı ildən mədəniyyət sisteminin müxtəlif sahələrində fəaliyyət göstərib. Elə həmin zamandan da onunla qardaşlıq, dostluq əlaqəm var.

 

***

 

ötən əsrin 70-ci ilindən o zamankı Azərbaycan Dövlət TeleviziyaRadio Verilişləri Komitəsində televiziyanın "Ədəbi-dram" verilişləri redaksiyasında əmək fəaliyyətinə başlamışdım. Günlərin birində olduqca qayğıkeş baş redaktorumuz Nahid Hacızadənin məsləhəti ilə Yevlax rayonuna ezam olundum. Məqsəd bölgədəki mədəniyyət sahəsini ekranda göstərmək idi. Orda bizi olduqca səmimi, mehriban qarşıladılar, hətta rayon mərkəzindəki mədəniyyət evində ilk dəfə oynanılan "Yeddi oğul istərəm" tamaşasına baxmağa dəvət etdilər. İlahi, o nə səhnə, quruluş, tərtibat idi - görürdüm?! Məlumdur ki, Gəray bəy təsadüfi şəxsiyyət olmayıb. Onu canlıymış kimi səhnədə görmək, vallah, mənim üçün möcüzə idi. Tamaşa sona çatanda öyrəndim ki, həmin rolun ifaçısı Əlfayım İsmayılovdur. Səmimi etirafımdır: hələ elə ifa - Həsənağa Turabovu çıxmaq şərti ilə - görməmişəm, bilmirəm, tanımıram. Aktyor, quruluşçu rejissor Əlfayım olduqca zərif, tünd, aqressiv mizan vermişdi. özü isə son dərəcə yumşaq, yeri gələndə hökmlü oynayırdı. O, qəddarlığı, şəxsi mənafeyi də, demək olar, oxşar, paralel şəkildə çatdıra bilirdi. Bu gün də Əlfayımı görəndə Gəray bəyin amalları, ideyaları xəyalımda canlanır

Ə.İsmayılov məhəbbət bəslədiyi, könül açdığı seçim sənətində addım-addım irəliləyirdi. Axır ki, etimadı, ona göstərilən ümidi, inamı doğrultdu. 1982-ci ildə onu Yevlax rayon mədəniyyət şöbəsinə müdir təyin etdilər. O bu vəzifədə 16 il fəaliyyət göstərdi. 12 ildir ki, artıq özünə doğma bildiyi diyardan aralı yaşayır, lakin yerli, qədirbilən insanlar yenə də onu hörmətlə, ehtiramla xatırlayırlar. Əməyinə, zəhmətinə görə onun qismətinə müxtəlif mükafatlar, təltifatlar çıxıb. Lakin o, heç vaxt, heç vədə həmkarlarına yuxarıdan-aşağı baxmayıb. Əksinə, quş olub uçmaq istəyibsə, dostları onu geri çağırıb. çünki o, mədəniyyəti, incəsənəti varlığı qədər sevib, yenə də sevir. Təəssüf ki, qisməti, alın yazısı onu bu sahədən ayırıb. Bir neçə ildir ki, Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteran Təşkilatında taleyüklü vəzifədə çalışır.

Aylar-illər ötüb keçib. Dostum, qardaşdan irəli bildiyim, milli teatrımızın cəfakeşi, həmkarları tərəfindən hörmətlə qarşılanan, tələbələrinin sevimli müəllimi Əlfayım İsmayılov ömrünün 70-ci çağına çatıb. Hazırda onun ən böyük niyyəti, istəyi doğma diyarımızın, torpaqlarımızın düşmən tapdağından azad olmasıdır.

 

***

 

Yaradanımız səni arzuna çatdırsın, qardaşım. Bir ki, ad günün mübarək! İlahi-Yarəbbim səni ailənə, onları da sənə çox görməsin. Sən böyük nüfuz sahibisən. Bu hörməti zəhmətinlə, işıqlı təfəkkürünlə, xalqsevərliyinlə qazanmısan.

 

Sənə uzun ömür, cansağlığı arzulayan:

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2010.- 19 iyun.- S.14.