Zərif və kövrək duyğular

 

Qadın poeziyası öz səmimiliyi, kövrəkliyi, zərifliyi ilə seçilir. Vaxtaşırı şeirlərini oxuduğum Xatirə Əzizin poetik duyğuları da mənim diqqətimi çəkdi. Bir dəfə "Ədəbiyyat" qəzetində Xatirənin şeirləri çap olunmuşdu. Bu şeirlərin içərisində bəzi bəndlərə işarə qoymuşdum ki, bu barədə lazım gələndə söz deyim. Etiraf edim ki, vədimə vaxtında əməl edə bilməmişəm. Vaxtdan, zamandan giley hamı kimi, Xatirədə də az deyil. Xatirənin zamana, dövrə öz münasibətində bu aydın görünür. O, zamanın axarında ömrünü əridən, xəlvətcə keçən, lakin insanı yandıran məqamlara öz qiymətini verməyə çalışır:

 

Haqqımız, muzdumuz batır xəlvətcə,

Alan aşkar alır, satır xəlvətcə.

Eşqimiz, bəxtimiz yatır xəlvətcə,

Fələk bildiyini üzə çıxarmır.

 

("Çıxarmır". Ədəbiyyat qəzeti, 24 avqust 2007)

 

Təbii ki, şairin başqalarından fərqli olan, duyğu ilə, hisslə dərk olunan bildiyi şeylər çoxdur. Şairlər çox şeyləri daha tez, daha aydın görür, hər kəsə bəlli olmayanları bilir, hiss edir. Bu hisslər poeziyada öz əksini daha aydın tapır. Bu, bədii həqiqətin gerçəkliyi kimi diqqəti cəlb edir. Xatirənin şeirlərində qadın şairələrə məxsus qadın zərifliyi, qüruru, həyata və insana fərdi münasibəti özünü əks etdirir:

 

Nə salam verəcəm, nə baş əyəcəm,

Nə dinib-danışıb, bir söz deyəcəm.

Nə də zəng eləyib, qapı döyəcəm,

Hər gecə yuxuna girəcəm sənin.

 

Demə ki, kül oldu eşq adlı ocaq,

Özün də bilmədən, yenə yanacaq.

Eh... çıxıb getmişəm ömründən, ancaq

Hər gecə yuxuna girəcəm sənin. 

 

("Hər gecə")

 

Xatirənin şeirlərində məhəbbət lirikası üstünlük təşkil edir. Onun şeirlərinin mövzusunda həyat çətinlikləri, sosial problemlər, bugünkü insanın rastlaşdığı  ağrı-acılar, insana laqeydlik, qayğısızlıq, biganəlik qınağa çəkilir. O, həytda gördüyü bəzi kəm-kəsiri, neqativ halları şeirə gətirir, bir fəal vətəndaş kimi öz sözünü demək istəyir. Düzdür, şair sözü ilə dünya düzəlmir, ancaq şair sözü insana həyatı düzgün dərk etməyə imkan yaradır, həyat haqqında yeni fikir formalaşdırır.

Xatirənin şeirlərində bir niskilsosial həyatdan doğan bir kədər duyulur. Düzdür, bu nöqsanların, çatışmazlıqların bəzi hallarda konkret ünvanı olmasa da, şair ümumi formada, naxələf insanlara qarşı fikrini bildirir:

 

Namərdin əli altda,

Kəsilir mərdin əli.

Vətənin yaxasından,

Əl çəkmir dərdin əli.

 

Göründüyü kimi, buradakı namərd yad deyil, içimizdə yaşayan, vətəndaşlıq məramına qarşı çıxan, vətənə, torpağa düşmən kəsilən adamlardır, "sapı özümüzdən olan baltalardır". Şair belə şeyləri, belə adamları görüb bədbinləşmir, həyat yolunu davam etdirir, qürurla yaşayır, sağında-solunda onu narahat edən çox şey olsa belə...

 

Dar yolları ölçə-ölçə,

Göz yaşımı içə-içə,

Od-ocaqdan keçə-keçə

...Gedirəm.

 

Silməyəcəm göz yaşımı,

Gözüm bu yolda naşımı?!

Alıb əlimə başımı

...Gedirəm.

 

("Barışmağa gedirəm")

 

Şairlərin bəzən dünyadan bezdikləri hallar olur  Bu, elə şairlərə xas olan cəhətlərdən biridir. Belə bezikmə halları Xatirədə də var. Lakin o, beziksə də, çox şeyə nigarançılıqla baxsa da, yenə də ümidlə yazır. O, elə bilir ki, hansısa bir nadana, namərdə yalnız bu yolla təsir edə bilər. Təəssüf ki, tarix boyu bu sözlər deyilir, namərd də, nadan da öz yolu ilə gedir, şairə isə yalnız öz yolundan, inadından dönmüşlərə söz demək qalır.

Nakam məhəbbətdən giley Xatirənin şeirlərinin mövzusunda xüsusu yer tutur. Bu cəhətdən həqiqi məhəbbətin qiyməti, sevən qəlbin genişliyi, qarşı tərəfin susqunluğu, dönüklüyü poetik formada təsirli misralarla öz bədii əksini tapır:

 

Yanan könlümü yenə,

Qayıdıb oda saldın,

Ürək həmdəmim olan,

Şəklini geri aldın.

 

Ağ ümidin üstünə.

Vurma qara xal, görüm.

Şəklini geri aldın,

Özünü ürəyimdən

Ala bilsən al, görüm.

 

("Şəklini geri aldın")

 

Bəzən, şair demişkən, rastlaşdığı insanın obrazı ürəkdə şəkil kimi qalır, yaşayır. Münasibət dəyişəndə şəkil geri alınır, ancaq ürəkdəki sevgi silinmir. ümumiyyətlə, nədənsə, son dövr qadın şairələrinin şeirlərində məhəbbətdən giley-güzar özünü qabarıq şəkildə büruzə verir. Bu giley-güzar bəzən nifrətə çevrilir. Xatirə də şeirlərində haqq səsini ucaldaraq öz  sözünü deyir:

 

Gün gələcək yanacaqsan oduma,

Həsrət nəymiş, görəcəksən gələndə.

Hər anında düşəcəyəm yadına

Gec olacaq, sən qədrimi biləndə. 

 

("Gec olacaq")

 

Zamanında dərk olunmayan məhəbbət, duyğular, əlbəttə, hər bir insana pis təsir edir. ömrün payız çağında ilk yazın duyğularını qələmə almaq xeyli çətin olur. çox şeyin artıq gec olduğunu hər iki tərəf dərk etsə də, zamanı dəyişdirmək mümkün olmur, insan ömrünü geri qaytara bilmir. Xatirənin şeirlərində qadın təxəyyülünə məxsus misralar diqqəti xüsusilə cəlb edir:

 

Qəlbimin səsindən qulağım batır,

Kor olur gözlərim odsuz tüstümə.

Əllərim havadan asılı qalıb,

Bu şəhər yeriyir, gəlir üstümə.

 

Bir təhər gözündən yayınım gedim,

Həsrətin böyrümdə, ürəyimdədir.

Ölüb-dirilirəm gündə yüz dəfə,

Mən indi bilirəm tənhalıq nədir.

 

("İndi bilirəm")

 

Qadın tənhalığı poeziyada xüsusi yer tutur. Təmiz eşqinə, saf məhəbbətinə vaxtında cavab almayan qadınların çoxu yavaş-yavaş tənhalaşmağa başlayır. Bu gur zamanda, adamların tünlüyündə, insanların qaynaşdığı bir məqamda tənha yaşamaq, tənhalaşmaq çox ağırdır. Bu duyğular Xatirənin şeirlərində öz əksini tapır:

 

Qapımı küləkdən başqa döyən yox,

Sözümü heç kəsə deyə bilmirəm.

Səbrim süfrəmdəki artıq tikədi,

Boğazdan ötməyir, yeyə bilmirəm.

 

Ayrılıq könlümü alıb aparır,

Susuram önündə, dinə bilmirəm.

Elə bil, dünyadan çıxıb getmişəm,

Göylər buraxmayır, dönə bilmirəm.

 

(" varaqlara")

 

yaxud:

 

Ümidim içimdə kül oldu, kül, bax,

Səni haraylayır, gözümə gül, bax.

Dilim qabar oldu, hardasan, gəl,  bax,

Ağlayır saçımın dəni, əzizim.

 

("Əzizim")

 

Saf məhəbbət duyğuları ilə yaşayan şairin saçında əmələ gələn bəyazlıq, telə düşən dən bir ömrün, bir məhəbbətin nişanəsi, bir ürəyin yanğısıdır.

 

Baxıram yan-yörəmə,

Baxıram görüş yerinə

Bitirəm, tükənirəm

Təklikdən

Səksənirəm.

 

("Sən yanımda olmasan da")

 

 

"Üzümə yollar açılır" adlı şeirində:

 

Məhəbəətimi çətir edirəm .

Özümü yağışdan,

Bəxtimi qarğışdan

Qoruyub gedirəm

 

-  Deyən şair duyğularını, nisgilini xüsusi vurğu ilə, ürək yanğısı ilə dilə gətirir. Qadın tənhalığının yaşatdığı yorucu həyat "Sənsizəm" adlı şeirində öz əksini tapmışdır:

 

İçimdəki tənhalığım

Yarpaq-yarpaq yellənməkdə

Ömrüm üstə.

Yaşayıram dünya adlı

bir qəfəsdə

Sənsizəm...

 

("Sənsizəm")

 

Bəlkə , qadın poeziyasında tənhalığın təsviri, insanın cəmiyyətdə fərdiləşməsi ilə bağlıdır. Bu fərdilik fərqli düşüncənin, həyata ayrıca, özünəməxsus  münasibətin timsalıdır. Qadın şeirini səciyyələndirən bu bədii həqiqətlər insanı daha çox düşünməyə, daha yaxşı yaşamağa vadar edir.

Xatirə Əzizin şeirində özünüifadə, özünütanıtma imkanı genişdir. Bu şeirlərdə o, təmiz, həlim, zərif, bəzən hamı içində tənha, lakin hamını, həmçinin  dünyanı yaşamağı sevən bir qadın kimi görünür. Ona görə belə "tənhalığın etirafı" onu tənha olmağa qoymur.

 

 

İsmayıl Vəliyev,

filologiya elmləri doktoru,

professor

 

Təzadlar.- 2010.- 26 iyun.- S.15.