Ağdamın "Dörd yol"undan o tərəfə baxa bilməyən adam
Çoxdandı qulaqlarımı şirin, çox doğma bir səs döyür. Uzaqlardan gələn gülüş dolu cingiltili bir səs. Bütün səslərin içindən seçılən, sanki qərinələrdən gələn, qəriblikdə darıxan qəribə bir səs. Bu səs özünü xəzəllə basdırmış, izi itmiş arxın kənarıyla məni köhnə qəbiristanlığın yanından keçirərək məktəbə, ordan da asfalt yoldan adladıb Qaraman dağının döşünə qaldırır. Sökülmüş binaları, qurumuş ağacları, ot basmış yolları, itmiş cığırları salamlayaraq. Yanından ötüb keçdiyim sonradan xəstəxanaya çevrılən oxuduğumuz o, məktəbin səsimiz yazılan sökük divarları uşaq yaddaşımdakı tarix dərsinin müharibə səhnələrini xatırladır.
Hər ölən əsgərlə
ölürəm, Allah
(Dostum mayor Vitali Salamovun xatirəsinə)
Bir səngər uzanıb
yolumun üstə,
neçə baş qoyulub qolumun üstə,
daha yatammıram solumun üstə,
hər ölən əsgərlə
ölürəm, Allah.
İndi kim
duracaq bu gecə postda,
görən nə düşünür
postdakı dost da,
bir qara kağız da
atıldı poçta,
hər ölən əsgərlə
ölürəm, Allah.
Yuxumu görürəm yatan
yerinə,
günəşim yol gedir batan yerinə,
balam, sən uzanma atan yerinə,
hər ölən əsgərlə
ölürəm, Allah.
Ruhların
dolaşdığı bu kənddə köhnə xatirələrdən
başqa heç nə qalmayıb. Hər yer və hər
şey qaranlıqdı. Elə bil günəş
işığı düşmür bu yerlərə. Bütün qara buludlar yığılıb bu kəndin,
bu elin üstünə. Adamı vahiməyə
salan qapqara buludlar. Səsimi
batmışdı bu yerlərin, ya bütün olanlar kimi səsləri
də yığışdırıb aparmışdılar.
Bu gün bu boşluqda tüğyan eləyən
küləyin də səsi eşidilmirdi.
Böyrü
üstə düşmüş pilləkanların toz
basmış pillələrini kütləşmiş
barmaqlarımla silə-silə, yorğun ayaqlarıma yer edə-edə
addımlayıram. İllərin ağırlığı
ilə yüklənmiş köhnə xatirələri
oyatmağa. Sınıq rəfin kiflənmiş
siyirtməsində yatan uşaqlıq xatirələrimi bu zaman
qəfəsindən açıb buraxmağa.
Bu gecə uşaqlığım idi yol yoldaşım...
Nə qədər
yollar var bu məmləkətdə. Amma bu yolların
heç biri bizi o yerlərə aparmır. Apara bilmir. Aparmaq istəmir.
Bəlkə də "getmək istəyəni
apararıq"-deyə düşünür-bu yollar.
"Dünyanın
bütün kiçik və böyük şəhərlərinə
aparan yolların kəsişən yol ayrıclarına, el
arasında "DöRD YOL"
deyilən yerə çatan hər bir kəs-istər
sürücü olsun, istər sərnişin-bir anlığa
da olsa bu yollara diqqət kəsilir, hər üç tərəfə
baxır. Təkcə ağdamlılardan
başqa. Neçə illərdi istər Bərdədən,
istər Ağcabədidən, istərsə də Tərtərdən
gəlsin, "AĞDAMIN DöRD YOLU" deyilən yerə
çatanda tamam başqa bir səmtə çevirir
üzünü. Utanır Ağdam tərəfə
baxmağa. özünü
günahkar və nə bilim, nə bilir. ürək
eləmir, baxa bilmir o tərəflərə-qibləgahı
saydığı o yerlərə sarı." Hər
dəfə Ağdama tərəf gedəndə ağlıma gələn
ilk fikrim bu olur.
Bu illər ərzində
çox şeylərimizi itirmişik. Yurdu, yurd yerini,
xoşbəxt günləri. Bircə
yuxular qalıb bizə, bir də röyalar qarışıq
xatirələr. İtirmədiyimiz nələr
qaldı ki. Indiyədək qoruyub
saxladığımız özünəməxsus adət-ənənəmizi,
mədəniyyətimiz də unudulub, yaddan çıxıb
gedir. Nəinki o yerləri görməyən-müvəqqəti
yaşayış yerlərimiz sayılan çadırlarda,
vaqonlarda doğulanlar, hətta ömrünün çoxunu o
yerlərdə keçirənlər belə daha o müqəddəs
yerlərə-ocaqlara, pirlərə and içmirlər. Neçə illərdi "Qara Pirim",
"Hacışəfi baba haqqı"-deyib and içənimizi
görməmişəm. Elə başqa
ziyarətgahlarımıza da. Itirdiklərimizi
unuda-unuda gedirik. Torpaqlarımızı,
yurd yerlərimizi, bizlər üçün müqəddəs
nə varsa hamısını unuda-unuda.
Gündüzlər
qarşımı kəsən şlaqbaumu gecələr xəyallarla
birlikdə adlayıb keçirəm. Sorğusuz-filansız.
Hərdən düşünürəm ki, hər
gün o yurdun havasını alıb, suyunu içən
daş atdığımız quşlar qədər də cəsarətli
olmadıq. Uçulub tökülmüş
daşları üst-üstə yığaraq xəyallarda bir
ev qururam. Köhnə çərçivəli
bir ev. Qapısız, pəncərəsiz.
Qoyub gəldiyimiz bağlı qapıların
sındırılmış, atılmış
qıfıllarını yığa-yığa. Dartılıb cırılmış uşaqlıq şəkillərini
qurumuş dodağıma tutub birtəhər
yapışdıra-yapışdıra
uşaqlığımın itmiş günlərini
düzüb vərəqləmək istəyirəm. çözələnən xatirələrin
başlanğıcını, sonunu tapa bilmirəm. Əlimdə sonu oxuna bilinməyən ömür məktubunun
ilk və yarımşıq cümlələrinin nə vaxt
tamamlanacağı bilinmir. Adamı
özünə oxşadan boynu bükülü cavabsız
suallar qarışıq. Evdəkilərdən,
uşaqlardan, torpaqdan, daşdan, havadan, sudan,
özümüzdən və hamıdan utana-utana
dolaşırıq bu məmləkəti didərgin ayaqlarla.
Çoxdan
yazmaq istəyirdim içimdə dolaşan bu
ağrıları. Məni rahat buraxmayan bu nisgili,
acıları. Yurd itgisinin əzabları
ilə bərabər, insanların pərən-pərən
düşməsindən. Və bir də,
bu ailədən. Bu ailənin, bu uşaqların neçə-neçə
tanımadığı, uyuşa-uyğunlaşa bilmədiyi ev dediyimiz qalacaq yerlərinin dəyişməsini
qəbul edə bilmədiyimdən. Bu haqda
yazını başlaya bilmirdim. Bütün
bunlara həm də özüm hazır deyildim.
Bugünkü
uşaqlıq xatirələrim Vitali ilə
bağlıdır. Elə qurumuş, ağarmış
dodaqlarımla birtəhər
yapışdırdığım cırılmış,
doğranmış şəkillərimizdə bizim
güzgüsü sınıq
uşaqlığımızın xoşbəxt günləri
ağlayırdı. Boş gilizlərin sönük baxışları
cırıq döyüş şəkillərini
torpağa tapşırırdı. Içimizdən
keçib kəndimizə, elimizə, cümlə
Qarabağımıza düşən mərmilərin ürəyimizi
partladan qəlpələriylə. Bizi həm
də daha çox ağrıdan bu qədər
döyüşən, vuruşan Vitalinin doğma yurdla bərabər
özünün də cismən bizdən uzaq olmasıdı.
Vitali o yerləri bizlərdən daha çox
sevdiyindən, oralardan uzaqlarda yaşaya bilməyəcəyini
bilərəkdən o yerləri tərk etmədi. Tərk edə bilmədi.
Adətən yaxşı
tanıdığın adam haqqında
yazmaq çox çətin olur. Bilmirsən
bildiklərinin hansından yazasan, haradan başlayasan. Vitali ilə biz Ağdam rayonunun Boyəhmədli kənd
orta məktəbində də, institutda da bir yerdə
oxumuşuq. Ona gorə də onu çox
yaxşı tanıyırdım. İnstitutu
qurtardıqdan sonra mən Bakıda qalıb işləməli
oldum. Vitali isə əvvəlcə Xankəndində,
sonra isə Ağdamda, Ağdərədə polis sistemində
çalışdı. Ağdam polis
alayında qərargah rəisi vəzifəsinə kimi yüksəldi.
Vitalinin
özü, zarafatları üçün çox
darıxırdım. Elə indi də. Bəlkə
də indi daha çox darıxıram. Zarafatı,
gülüşü yadırğadımız bu zamanda. Onun üzündə qəribə bir sevinc vardı.
Adam onu görəndə bütün qəmini
unudardı. Onda hər şey fərqli idi.
Danışığı da, təbəssümü
də, gülüşü də, zarafatı da. çünki təbii idi. özüydü.
Vətənə, elə, insanlara Sevgisiylə, Təmizliyiylə,
Düzlüyüylə, Mehribanlığıyla,
Mübarizliyiylə. Onu hamıya sevdirən,
hamı üçün əziz, doğma edən, həm də
səmimi olmasıydı. Ən çətin
anlarında da onun üzündə qəm görməzdin.
Qəm ondan uzaq idi. Sonradan nə
qədər yaxın olsa da.
Vitali çox
savadlı oğlan idi. 1973-cü ilin sazaqlı bir qış
günü idi. Ağdamın 1 saylı
orta məktəbində fizikadan olimpiada
keçirilirdi.Olimpiadada məktəbdən ikimiz iştirak
edirdik. Vitali ilə yanaşı
oturmuşduq. Vərəqin üz
qabığını dolduranda gördüm Boyəhmədli kənd
orta məktəbinin 9a sinif şagirdi Salamov Vitali Məhəmməd
oğlu yazıb. Amma Məhəmməd
oğlu məni bir qədər çaş-baş saldı.
Soruşanda "atamın adı Məhəmməddi,
Məti deyirlər"-deyib, güldü. Həmin Məti
dayı bizi bayırda "Jiquli"sində
gözləyirdi.
Atası Məti
dayı, anası Qumru xala lap cavanlığından onunla
qürur duyurdular. Qürur duyulası Vitaliylə.
Vitali
savadlı olduğu qədər də istedadlı idi. Radioda ifa
olunan mahnını bir dəfə eşitməklə pianinoda,
ya da qarmonda onu o dəqiqə təkrarlayardı. Vitalinin şeir yazmağı da vardı. özü kimi zarafat dolu şeirlərindən
xırda parçalar qalıb ailəsinin özləri ilə
götürə bildikləri şəkillərin arasında.
Vitali
Qarabağ müharibəsinin elə ilk günlərindən
döyüşə atıldı. Daima öndə oldu.
Bir əsgər kimi. Bir
arteleriya zabiti kimi son gününə qədər düşmənlə
döyüşdü. İdarə etdiyi
"UAZ"maşını deşik-deşik idi. Ermənilər Vitalinin əlindən çox
yanıqlı idilər. Onu ailəsi ilə
hədələyirdilər, qorxuzmağa
çalışırdılar. O isə qorxunu
çoxdan unutmuşdu. Təkcə qorxduğu
bir şey vardı. Vətən, torpaq
itkisi. Vitali torpaqların
işğalınına, insanların öz yurdlarından didərgin
düşmələrinə dözə bilmirdi. Vətən üçün, Qarabağ
üçün son damla qanına kimi vuruşdu. Canından çox sevdiyi torpaq üçün
canından keçdi. Onun son
baxışlarında çox da uzaqda olmayan, əl uzatsan
çatacaq qədər yaxın olan-onu, bizləri gözləyən
dağlar qaldı. Tənhalıqda, kimsəsizlikdə
darıxan dağlar. Bir də
böyüyüb başa çatdığı, doğma Boyəhmədli
kəndinin Qaraman dağının döşündəki
sökük binaları, xiffətdən quruyan ağacları.
Deyirlər
portuqaliyalı balıqçılar hər dəfə dənizə
çıxanda ailəsi ilə vidalaşırlar. Döyüşə
gedənlər kimi. Bəlkə də bu
onların son görüşüdü, deyə. Vitali də hər səhər uşaqları, ailəsi
ilə vidalaşardı. Amma bunlardan hansının
sonuncu olacağını bilmirdi, inanmaq istəmirdi.
Nə qədər
insanlar gəlib-gedib bu dünyadan. Hərə bir
ömür sürdü. ... Kimi 30, kimi 50, kimi 100 il. Payızda dünyaya göz
açan Vitali, elə payızda da dünyayla
vidalaşmalı oldu. Həm də
Ağdamın payızında. Nə qədər
arzuları qaldı bu dünyada. Sizlərin,
bizlərin-hamımızın həyata keçirməlı
olduğu arzuları. Onun bütün
arzuları bizlərin arzuları idi. Yurdun,
vətənin, xalqın, millətin arzuları. O,
bacaracağından çox çalışdı, çox
vuruşdu. Bundan sonrakı vuruşlar bizlərin
vuruşudu, bizlərin döyüşüdü. Bu torpaq, bu millət savaşında Vitalinin o yerləri
dolaşan ruhu həmişə bizimlə olacaq. Müqəddəs Qələbə gününə
kimi. Qayıdacağıq o torpaqlara. Mütləq qayıdacağıq. O darıxan,
üzülən cığırlara, ot
basmış yollara yenidən iz salacağıq.
Vitali, bu 36 ildə vətəni
üçün, eli üçün, ailəsi,
övladları üçün baş ucalığı gətirən
nümunəvi bir ömür yaşadı. Bundan sonra da nə
qədər dostlar var, nə qədər həyat var, nə qədər
Qarabağ var, Vətən var, Vitali də var. Dostların,
döyüş yoldaşlarının qəlblərində
Vitalinin sevgisi, neçə-neçə gözəl xatirələri
qalır. ürəklərdə, qəlblərdə,
yaddaşlarda isə əsl vətəndaş, torpaq-vətən
üçün canından keçməyə hazır olan
bir döyüşçü, gözəl insan, mehriban ata,
ailə başçısı, yaxşı dost, məğrur
zabit kimi yaşayacaq-mayor Vitali Salamov Məhəmməd
oğlu.
Vitalinin iki
yadigarı var. Sima, Anar. Bir də ailəsi. üzündən,
gözündən həmişə sevinc yağan Vitalinin
ocağında bir Sevinc də var. Babasının səkillərini
seçib "Ba-ba" deyib, mənə bir-bir uzadan 3
yaşlı Sevinc nəvəsi.
Otaqda bir zabit
baxışı vardı. Əvvəlki
baxışlardan tam fərqli bir zabit baxışı. O
gülüşlü gözlərdən əsər-əlamət
yox idi. Mənə elə gəlirdi ki, o
baxışlar çox uzaqlara dikilmişdı. Bəlkə də bu mənə elə gəlirdi.
Amma nəvəsinə elə gəlirdi ki, babası
ancaq ona baxır. Hər halda uşaqlar daha
həssas olurlar.
Nədənsə
bu şəkillərə baxanda Salvador Dalinin
"Saatlar"ındakı Zaman yadıma düşür. Kiminçün
uzanan, kiminçün üzülən, kiminçün
dayanan Zaman. Hərənin yaddaşında
bir cür ilişib qalan Zaman.
Hər Zamanın Vitalisindən
yazmaq istədiyim yazı, ona olan xoş münasibətlər
kimi qurtarmaq bilmir...
Rəfail Tağızadə
Təzadlar.- 2010.- 26 iyun.- S.9.