Gənc ailələrə
stolüstü kitab
Şair İskəndər Etibarın "Gənc ailə üçün yaddaş" ("MBM", 2009) adlı kitabçası sevib-sevilənlərə dəyərli töhfədir. Belə ki, kitabda şairin mənzumələri ilə yanaşı, özünün müdriklik yaşınacan həyatda görüb-götürdüyü zəngin həyat təcrübəsi əsasında gənclərə öyüd-nəsihət, ailə dərsi verir. "Həyatda ailə qurmaq iki nəfərin bütün arzu və istəklərinin qoşalaşması, iki ömrün paralelləşməsidir. Bu paralel ömürlər ailə adlı qatarı işıqlı gələcəyə həvəslə, məhəbbətlə daşımalıdır. Bu qatarın sərnişinləri - övladlar həm qayğı, həm də məsuliyyət hissi ilə yaşamalı və gələcək adlı ünvana əsl kişi (ata), əsl qadın (ana) kimi çatmalıdırlar"
Yuxarıdakı üç cümlədə şairin ailə haqqında düşündükləri bir həyat devizi olaraq gənclərimizə tövsiyə olunur. Axı, doğrudan da, gənclik ilham, enerji mənbəyi, sevib-sevilmək çağıdır. Müqəddəs sevgi isə axırda müqəddəs ailə həyatı adlanan cütlük üçün bünövrədir, bü müqəddəs sevgi cütlüyü ilə dünyaya saf, məsum körpələr bəxş olunur, o körpələr isə bizim gələcəkdəki irsi-mənəvi varislərimiz olurlar.
Onu da qeyd edək ki, İ.Etibar təkcə öz bilib-gördükləri ilə yox, həkimlə söhbətlərindən alınan həyati əhəmiyyətli məsələləri də kitabına gətirir, yazır ki, "intim hisslərə toxunan həkim bildirdi ki, bu (yəni intim münasibət - Ş.A.) daxili həvəsdir, burada zor mümkün deyil. Beyin yarımkürəsinin qabıq maddəsində seksual mərkəzlər var və onların verdiyi impulslar intim əlaqəni təmin edir. Bu impulsları müxtəlif amillər, o cümlədən ailə problemi, bu və ya digər səbəbdən baş verən sarsıntılar həmin mərkəzdən gələn impulsları tormozlayır. Bu hal ötəri olsa da, bəzən uzunmüddətli və daimi ola bilər. Odur ki, bəy və gəlin ailədə dığ-dığa, bir-birləri üçün əsəbi şərait yaradılmasına yol verməməlidirlər. Bilmək lazımdır ki, əsəb orqanizmin zəlzələsidir. Zəlzələdən sonra hansı xoş əhval-ruhiyyədən danışmaq olar?!
Göründüyü kimi, şair İskəndər Etibar özünün düşüncələrinə həkim məsləhətlərini də əlavə edir ki, bu da kitabın, sadəcə, mütaliə üçün yox, həm də tibbi cəhətdən də əhəmiyyət daşıdığını göstərir.
"Həyatın mənası sevgidir. Bu maya yoxdursa, yaşamaq əbəsdir" sözlərini "Sevgi" adlandırdığı şerinə epiqraf seçən İskəndər müəllim sevgiyə belə qiymət veirir:
Sevgi,
Yermi, göymü
darda idi,
Sən gəldin.
Harda idin, hardan gəldin?!
Külək kimi, Tanrı kimi
Görünmürsən, varsan.
Oğru deyilsən,
doğrusan,
Gəlişin, gedişin
gizlidi
Şerinə bu misralarla start verir şair İ.Etibar. Elə bilirəm ki, kamil oxucu heç
şeirin gerisini oxumasa da, bu
misralar ətrafında
cərəyan edən
zəngin poetik fikirlərlə uzun müddət fikrini-xəyalını
məşğul edəcək,
sevgi məfhumu üzərində əməlli-başlı
düşüncələrə qərq olacaqdır. Əlbəttə ki, bu, bir şair kimi
İ.Etibarın misralarının
daşıdığı ağır
poetik yükə dəlalət edir. Elə şerin də gücü ondadır ki, onun texniki
ifadə vasitəsi olan misralarında həm də zəngin fikir yükü daşınsın.
Əlbəttə ki, özlüyündə
bədii söz qüdrəti daşımayan
misralar heç vaxt əsl şeir,
poeziya nümunəsi yarada bilməz. Bu mənada, hər
hansı poeziya örnəyinin, hər şeydən öncə, misra və beytlərində
fundamental fikir yükü
- poetik çəki daşınmalıdır. Şairin həmin şeirdə sevgiyə müraciətlə yazdığı
aşağıdakı misralarda
yatan poetik fikir ehtiyatlarının zənginliyinə qibtə
edirik:
Bəlkə şeytan
dərisisən,
ürəyimizə geyinib
dəli oluruq,
Gülməli oluruq!
Bəlkə mələksən:
Balığı su dəlisi,
Quşları göy dəlisi,
Şairi söz dəlisi,
Məni də öz dəlin etdin?!.
Bu səpkidə olan güclü poeziya qarşısında baş
əyməmək olarmı? Elə bu
məqamda fikrimə bir maraqlı müqayisə obyekti gəlir. Şair İ.Etibar ixtisasca
zootexnikdir, yəni baytar həkim. Dünya şöhrətli qırğız
yazıçısı çingiz
Aytmatov da ixtisasca elə baytar həkim olub. çingiz
Torequloviç Aytmatovun
nəsri oxucu ruhunda coşğun bir təlatüm yaradır, oxucunun daxili-mənəvi aləmini
yatmış olduğu
qəflət uyqusundan
silkələdib-oyadır, bir
sıra sirli-gizli mətləbləri andırır.
Elə İskəndər Etibar da bir sıra
şerlərində - konkret
olaraq, yuxarıdakı
"sevgi" şerində
də ruhumuzu silkələməyə. az sözdə böyük fikirlər ifadə etməyə nail olub. Bu baxımdan,
ixtisasları etibarilə
eyni kökdən rişələnən sənətkarların
yaradıcılığında da - mövzuları və həm də ifadə tərzləri bambaşqa olsalar da - ruhları
silkələyən mənəvi
tellər bir-birinə
çox doğmadır.
ç.Aytımatov nəsri ilə İ.Etibar poeziyası - iki böyük türk yazarı arasında ruhi-mənəvi
doğmalıqlar görürəm.
Bu doğmalıq nisbətində şair İskəndər Etibarı
Azərbaycan poeziyasının
çingiz Aytmatovu adlandırıram.
Elə haqqında
bəhs açdığımız
bu kitabda - "Sevgi" şeirindən sonra gələn "Ailə nədir?" başlıqlı yazısında
maraqlı məsələlərə
toxunan İ.Etibar bəlkə də peşə mənsubiyyəti
ilə bağlı olaraq, daha doğrusu,
heyvanat aləminin sirlərini az-çox dərəcədə öyrənmiş
olduğundan, yazır:
"Qəribə budur ki, ailə psixologiyası
təbiətin bəzi
heyvan və quşlarında instinkt olaraq olub və
var. Bilmək olmur ki, bu necə
yaranıb. Məsələn, qu quşlarının
ailə prinsipi daha ibrətamizdir. Bu
ailə başçılarından biri
öldümü, digəri
də özünü
öldürür. Heç də
uzağa getməyək.
Hər gün gözümüzün
qabağında civildəşən
sərçələr ailə
prinsipi ilə yaşamırmı? Ata və ana sərçənin
balaları üçün
necə cani-dillə çalışdıqlarını azmı görmüşük?
Quşların əksəriyyətində, demək olar ki, bu hal
var. İnsanlardan fərqi
nədir? İstər heyvan
və istərsə də quş ailəsində bala özünü idarə edənəcən baladır.
İnsanlarda olduğu
kimi balanın (övladın) boya-başa
çatması, təhsili,
evlənməsi, nəvə,
nəticə, kötücə
və s. prinsiplər quş və heyvanlarda yoxdur. Canavar və şirlər də ailəcanlıdır.
Məsələn, canavar ailəsində
ailə başçısından
biri öldümü,
digəri bütün
canavarlardan ayrılıb
tənha yaşayır.
O, təkrarən ailə
qurmur. Belə canavarlara yalquzaq
deyirlər" (s.6).
Beləliklə, şair
İ.Etibar "Gənc
ailə üçün
yaddaş" kitabçasında
gənclərimizə - oğlan
və qızlarımıza
vermək istədiyi həyat dərsində təkcə sosial amillərlə bağlı
məsələlrdən söhbət
açmayıb, həm
də təbii-bioloji amillər üstündə
də dayanıb, heyvanat və quşlar aləmindəki ailəçilik prinsiplərindən
də sözarası bəhs etməklə insanların özü üçün bir ibrətamiz nəticə götürmələrini arzulayır.
Müəllifin canavarla
bağlı yazdığı
da maraq doğurur: demək, canavar ikinci dəfə ailə qurmur. Türklərin totem, əcdad kultu
kimi, yol göstərən, himayədar
kimi yanaşdıqları
qurd - bozqurd obrazı bir anlığa xatırlanır.
Bəlkə qurdun - canavarın bu ailə sədaqəti - ömürlərində bircə
yol ailə qurmaq məsələsi ilə türklərin ta qədimdən - kökdən, əcdaddan gəlmə təkarvadlılıq
ailə prinsipi arasında bir zahiri də olsa, bağlılıq - görüb-götürmə, təqlid
etmə prinsipi var. Bəlkə, yırtıcı
heyvanın bu əməlini türklər
özləri üçün
deviz götürmüşlər
- ömründə bir
dəfə "evlənən"
qurd-canavar öz cütlüyündən ayrılandan
sonra tənha-yalquzaq yaşayırsa, bu özü də heyvanın qəmgin həyat tərzi yaşamasına işarədir.
Elə biz türklərdə
də belədir: həyat yoldaşından ayrılan, ömür-gün
yoldaşını itirən
insan da ömrünün sonunadək
qəmli - yarsız, havadarsız həyat keçirməli olur.
Beləcə, şair İskəndər
Etibar sədaqətli ailə tipinə heyvanat aləmindən də misallar gətirməklə gənc
ailənin yaddaş kitabçasında bir-birlərinə
vəfalı, sədaqətli
olmalı tövsiyəsini
verir. "Gənc ailə üçün yaddaş"ı oxuyun, gənclər!
Şakir Albalıyev,
filologiya elmləri namizədi
Təzadlar.- 2010.- 16 mart.- S.15.