Heç...

 

(Hekayə)

 

Ən böyük zərbəni alandan sonra Rusiyaya getmək barədə götür-qoy edirdi. Arada elə bir ciddi şey olmasa da, oğlu ilə onsuz da kövrək olan münasibətləri bu dəfə də onun tərəfindən pozulurdu. Oğlu bütün olanlarda ancaq onu günahlandırırdı. Əgər belədirsə, niyə yaşının bu çağında özgə diyara çörək pulundan ötrü getməlidir? Bu vaxta kimi elədiklərinə əcəb qiymət verildi. Anası da onu müdafıə edəcəkdi: bu vaxta kimi nə dəyişib ki, o da dəyişə? Yavaş-yavaş özünü ələ aldı, oğlunun bir gün əvvəl göndərdiyi mesajı xatırlamağa çalışdı: əsəbdən əlləri əsirdi, ona görə də telefondan oxuya bilməzdi. "Heç oğlan öz gücünə qabağa getmir, bir də mənə zəng vurmayın, unudun məni. Sənin öz zibillərindi çəkirsən. Hərəkətlərin heç kimi yox, bizi məhv etdi, əsasən məni. Bilirsən, indi mən haralarda idim? Mən babanın tərbiyəsini görmüşəm, o mədəniyyətin sahibi nə vaxtsa qabağa gedəcək, çünki mən dinimi bilən insanam, sənin kimi imansız yox, indi qal bayquş kimi tək, bil həyat nədir, bu sözləri yazmazdım, yandığımdan, çəkdiyim əziyyətimə görə yazdım, umutma! Allah bu sözlərimə görə məni bagışlayar."

 

- Ox-x-x əclaf, Allah səni bağışlasa da, mən səni necə bağışlayım?.. Mən sən olmayacağam, sənin səviyyənə enib cavab mesajı yazmayacağam, tərbiyəsiz... Yazdıqlarında məntiq də yoxdur. - Hər dəfə xatırladıqca od götürürdü, özünə yer tapa bilmirdi.

İndi evdə tək idi: həyat yoldaşı, kiçik oğlu məktəbdə idilər. Həyətdə keçən payız düzəltdirdiyi yeganə kölgənəcək yerdə oturmuşdu. Bu nə sərt ittihamlar idi oğlu yazmışdı, özünün həyatdan bildiyi bir şey vardı ki, ona dərs keçirdi. "Bu adamda həyasızlığa sən bir bax. İndiyə kimi axı sən neyləmisən, ağzına gələni yazırsan. Nə baş verib, özün arzuladığın işdir, bunun əziyyəti, çətinliyi olacaqdı, bəs nə bilirdin, yaşamaq sənə asan gəlir?! Sən getməmişdən təxmin etmişdim, indiki şəraitdə alacağın məvacib ancaq yola, yeməyə, yüngülvari əyin-başına çatacaqdı. Xırda bizneslə sonda artıracağın, irəli düşəcəyin bir şey olmayacaqdı, sənə demişdim. öyrənmişdin yedəkdə gedəsən. Sən haralarda ola bilərdin, axı hərbi xidmətdən gəldiyin yeddi aydır. Sən qulluq etdiyin bölükdən neçə əsgər yoldaşına on-on iki il "iş" verildiyini nə tez unutdun? Nə vaxtdan sən qabağa gedən olubsan, ay imanlı oğul? Hələ bir məni yalqız hesab edirsən, ay başıboş, sən başqasının felinə gedirsən. çox sağ ol ki, məni ayıltdın, qəbahətim olsaydı, ittihamın daha ağır olardı. Bir az çətinliyə düşən kimi bütün günahları valideynlərin üstünə tökürlər. Kimə deyəcəksən, cavablan bir olacaq: indi uşaqlar hamısı belədir, hələ səninkinə min şükür: içmir, çəkmir, başqa pis yollara qurşanmayıb..."

Özündən müştəbeh, qəzet-kitab açmayan, maraq dairəsi kasad olan oğlunun iddiası bir müddət idi ki, ona yaman əziyyət verirdi. Ali təhsilli müəllim olmasına baxmayaraq, ixtisası üzrə işləmək istəməmişdi: "Neynirəm müəllimliyi, müəllimlər hamısı acından ölür..." Başlıcası o idi ki, heç kim onun səsinə səs verməyəcəkdi, heç kim özünü pis etmək istəməyəcəkdi, sonda da görürsən nələr olur. Hələ özünə haqq da qazandırır, Allahdan bağışlanmasını istəyir. "Başa düşür ey, başından çox böyük qələt edir. Nə bilim vallah, bu işlər necə olacaq, kimsəyə ürəyini boşaltmağa da xəcalət çəkirsən. Belə kortəbii sonluq yatsam yuxuma da girməzdi, adamın ürəyi partlamaqdan qalır. Mən ömrüm boyu hansı məhrumiyyətlərlə üzləşmişəm, haqsızlıqlara tuş gəlmişəm, amma hər zaman dözmüşəm, yaxınlarıma və ətrafdakılara büruzə verməmişəm, dərdimi başqasına yük eləməmişəm. Əslində son günlər başıma gətirilənlər, işdən nahaq çıxarılmağa məcbur edilməyim mənə əzab verdiyi bir vaxtda oğlum kimi yaxın adamın məni başa düşməməsinə səbr etmək çətin məsələdir". Onun işlədiyi idarədə də yaşca oğlundan beş-on yaş böyük işçilərin yeyinti faktlarına etiraz etdiyinə görə işləməyin mümkünsüz olduğunu görüb işdən çıxmaq barədə ərizəsini yazmışdı. Kim nə deyir-desin, kim onu qınayırsa qoy qınasın, işə, vəzifəyə görə gözgörəti özünü oda atası deyildi ki... Heç olmasa gecələr rahat yatacaq. Həyat yoldaşı da onu qınamışdı: "Başıva xeyir, indi iş tapmaq olur, düşün nə edirsən?" Cavabı qısa olmuşdu: "Bilmədiyin işə qarışma, sabah biabırçı bir şey olsa, mən dözə bümərəm!" Oğlu da bu məsələni eşitmişdi və guya bu hadisədən təsirlənib ona sarsıdıcı mesaj göndərmişdi.

Baş verənlər barədə ilk dəfə uzun müddət Moskvada yaşayan uşaqlıq dostuna ürəyini açmışdı, onun da son sözü bu olmuşdu ki, işini düz-qoş, yığış gəl yanıma, bəs biz nə günün dostlarıyıq? Yaşının bu çağında ailədən uzaq yaşamağın çətinliklərini başa düşsə də, hələ yaşamaq üçün işləmək lazım idi. Burda isə onunku alınmırdı. Kimlərsə vəzifədə qalmaq, bahalı maşınlarda gəzmək, mülklər salmaq üçün gözgörəti quldurluq edirsə, yuxarılar da onlar deyəni deyirsə, ərizəsini verib başı ağrımamış getməyi məsləhətdir. Onsuz da uzun illərin ən müxtəlif çək-çevirləri əsəblərini yetərincə korlamışdı. Amma oğlunun nataraz mesajı onu dostunun yanına getmək fıkrindən, deyəsən, əməlli-başlı daşındırırdı.

Stolun üstünə atılan, son günlər çox az-az səslənən mobil telefonu zəng çaldı.

- Eşidirəm, - dedi. - Şükürlər olsun, belə demək mümkünsə, dincəlirəm. Sən də zarafata salma, mən niyə dağıdıram, idarə yenidən qurulur, belə olmalıdır. Səni müfəttiş keçirirlər? Ərizə vermə, axı nədən çəkinirsən, orda üç-beş mütəxəssis varsa, biri də sənsən, sən savadlı mühəndissən, işini də qaydasında aparırsan. Seçimin olmasa da, səbəb yoxdursa, aşağı vəzifəyə keçməyə nədən sən keçməlisən?.. Səndən də söz çıxır: indi "ağ" başlar lazırndır, haqlısan, nə edəsən? Baş idarədən göndərmişdilər, şikayət ərizəni bağlamaq üçün, belə də... Otuz il sistemdə işləmiş adamdır, məni öyrənməyə gəlib, fakları araşdırmağa yox. Əlbəttə, onun dediyinə baxacaqlar, özü də bunu təsdiq edirdi. Məndən yazılı izahat istədi, mən də vermədim: şikayətçi mənəm, hansı araşdırma apardığını tələb etdim. Əşi, o boyda kişi olmağının nəyini deyirsən, söhbət əsnasında düz otuz dəfə "sənə qurban" dedi. İndi dağıdanları yaman sevirlər, əlbəttə, Səmədin müdafıəsiəsində durduğu şəksiz görünür. Nə başını ağrıdım, mənə sonuncu təklifi bu oldu ki, işimə yalnız bir şərtlə qayıda bilərəm, buna qədər və bundan sonrakı sənədlərə qol çəkim, təbii ki, mən də imtina etdim, bununla da söhbət bitdi. Bilirəm, həmin gün hər müfəttişdən yüz manat pul yığmaqlarını mən də eşitmişəm. Yaşlaşdıqca yaman cəsarətsizləşirəm, düz sözə nə deyəsən? Başımız onsuz da ağrının içindədir. çalış özünü qoru. Sağ ol, əzizim.

Keçmiş iş yoldaşı, otur-dur etdiyi işçi dostu idi. İdarəni yenidən qururdular, bu adla dostunu öz sahəsinin adamı olmasına baxmayaraq, vəzifəcə aşağı işə keçirirdilər, seçimi olmadığını bəhanə gətirib dözürdü. "Bu böhran da yaman bəhanə olub. öz xoşuna işdən getməklə kimi inandırmaq olar, o da indiki vaxtda. Bir tikə çörək daşdan çıxır. Kirndən xoşları gəlmirsə, açıq-açığına işləmək istəmirlər, ərizə istəyirlər. Neyləməli, səbrli olmaq lazımdır, həyat bu işlə bitmir, dözümlü ol..."

Üzbəüz qapı qonşusu Hacı xanım hicablı başını özünəxas tərzdə yırğalaya-yırğalaya darvazadan içəri girdi:

- Salam, ay qonşu, hər vaxtın xeyir olsun. Adam səni evdə görəndə təəccüb edir, ömrün boyu haralarda işləmədin, ancaq elə mənim kimi daxmada qalırsan, bu yaxşıdır, hamısı burda qalacaq. - Hacı xanım ərkyanalıqla təklif gözləmədən kölgəlikdə qoyulmuş boş taxta oturacaqda oturdu. - Müəllimə, deyəsən, hələ dərsdən gəlməyib. Yol üstəyəm deyə, yaman səbrsiz olmuşam. Hər adamla da oturub dərdləşə bilmirəm, qonşu. Hər şeyi mənə deyirlər, mən bilirəm, hələ keçən il deyirdim odun olmayacaq, ay qonşu, sən Allah televizora baxırsan, hər yeri də gəzirsən, gör heç odun var? Kəndçininki odundur, odun olmasa qırılarıq, bax, mən soyuqdan çox qorxuram, ac da, susuz da qalaram, amma odunsuz yox. Sən qala bilərsən? Sən də qala bilməzsən. Elə bilirsən belə qalacaq, hər şeyin sonu yaxınlaşır, mənə deyirlər. Axırı çox pis görsənir, ay qonşu... Görürsən, dövlətli-kasıb artıq ayrılıb, xeyir-şər məclisləri də bölünüb, adamlar da laqeydləşiblər... Amma sənə deyim, varlıların hüzürləri düşəndə gözləri dördgöz olur, say sarıdan yaman narahat olurlar, qəbiristanlığa gedənlərin sayını artırmaq üçün elə dəbdəbəli ehsanat verirlər, hüzür payı da yığmırlar. Yadındadır, qonşu kənddə fabrik sahibinin atası rəhmətə gedəndə orada çalışan növbənin işçilərini işdən buraxırdılar ki, hüzürə gəlsinlər, bunu saya görə edirdilər. Mərhumum "yeddisi"nə kimi qəbiristanlığa gedənlərin sayına nəzarət edərək adam sayını növbədəkilərin hesabına nizamlayırdılar. Açığını deyim, əvvəllər məni də saymazdılar, indi bir şey olanda arxamca bahalı maşınlar göndərirlər, ay qonşu, onlara da minib-düşmək olmur. Mən də nə var deyirəm, oğrun-oğrun qulaq asırlar. Elə şeylər olur, var da kömək eləmir, ay qonşu. Biz bilmirik, aldanırıq dünya malına, gözümüz doymur, heç bilmirik bizə nə lazımdır.

 

- Hacı xanım, sizə nə lazımdır?

- Mənə heç nə. Mənə bu dünyadan heç nə lazım deyil, əgər bilmək istəyirsən sənə də deyim: mənə o dünya lazımdır, hə, o dünya... üç gündən sonra ziyarətə gedirəm, qurban olduqlarımın yanına. Qürbətdə olan Hacıya, övladlarıma, nəvələrimə ağalarımdan kömək diləyəcəyəın. On beş gün dedi-qodudan, qayğılardan uzaq olacağam, amma yenə qayıtmağım yadıma düşəndə pis oluram. On dəfə Məşhəddə, iki dəfə Kərbəlada, bir dəfə Suriyada, bir dəfə də Səudiyyə Ərəbistanında olmuşam, Kərbəlaya üçüncü dəfə gedirəm. Qonşu, sən savadlı adamsan, heç soruşmursan niyə tez-tez gedirsən, bir köpük tapmaq olmur, Hacı o pulları qürbətdə hansı zülmlə qazanır, dubinkaların yeri hələ də başında qalır, sən ki yaxşı bilirsən, həyy? - Ah çəkdi, özü də cavabını verdi: - Əslində, həmişə arzum olub ki, o torpaqlarda ölüm, düz sözümdür. Deyirəm, inşaallah, arzuma çataram, necə bilirsən? Keçən il gedəcəkdim, balaca xeyir işimiz oldu, onunçun qaldı. İndi nəyim var eyy?.. Evi müəlliməyə tapşırıb gedirəm, uça-uça...

- İnşallah, təyyarə ilə uçursunuz? - əlüstü sevincək soruşdu.

- Yox, avtobusla gedirik, gediş haqqını ödəmişik, qalır yol üçün yemək tədarükü görmək, qalanı bizlik deyil. Bilirsən də, dünya malında gözüm yoxdur, onunçün alacaq bir şeyim də yoxdur: xırda-para, təsbehdən-möhürdən savayı, ziyarətə gələnlərə paylamaq üçün... Hacı hər şeyin pulınu göndərib: yolun, ehsanın. Allah canına dəyməsin onun, bilir ki, mənimki ancaq onlardır - qurban olduqlarım. Neynirəm imarəti, hamısı burda qalacaq, dədəmiz-babamız nə aparıb eyy, ay qonşu. Sən də çox əlləşmə, hamısı boş şeydir, gördün iki həftə qabaq nə oldıı - mən bilirdim, o rəhmətlik keçən yay məni ziyarətə gəlmişdi, heç özümün də inanmağım gəlmirdi - bilirsən də, necə imkanlı idi, Rusiyada iki evi, Bakıda üç evi, burdakı imarəti... Sən onun içində olmazsan, anası bədbəxt o gün yalvar-yaxar məni apardı ki, gəl, rəhmətliyin həyətdəki güllərinə bax, hamısını da ordan gətirib, onda gördüm. Heç bir gecə də o evdə yatmaq qismət olmadı, ev deyildi, muzey idi, elə vurhay iş gedirdi, vay-vayy... Yazıq arvad, deyəsən, havalanıb, zülüm- zülüm ağlayır, ay Allah, iraq elə... Hə, onu deyirdim axı, onda mənə dedi ki, bu qədər imkanıma baxma, kəndin toz-torpağına, havasına qurban olum, adama elə gəlir dərd-səriniz yoxdur, əlləşirsiniz, dili qurddamış kimi ona dedim ki, sən də heç darıxma, gələn yaya kimi əbədənlik öz evinə gələcəksən, ağzımdan çıxdı, ya nətərsə dedim, özüm də pis oldum. Neynim ey, ay qonşu? Mən onun gözlərinə baxa bilmirdim, o görkəmdə adamın elə yazıq, köməksiz gözləri vardı... Qonşu, mən adama ilk dəfə baxanda sonrakı taleyini mənə deyirlər, özümdən asılı deyil, həmişə də yoxlamışam, düz çıxıb. Amma o bədbəxt güldü, uşaq kimi sadəlövh idi, hələ deyəsən, başa düşmədi, ya ciddi saymadı. Dedi ki, bu dəfə ən uzaq yerdə yaşayan qohumlarıma da baş çəkmişəm, imkanım daxilində köməklik etmişəm, amma nəsə narahatam. Dedi ki, həyatdır, hər şey ola bilər. Olmadı, ay qonşu, oldu da, heç qırxı da haqlamadı, ona görə heç nəyə, heç kimə etibar yoxdur. Kəndçininki birinci odundur, sən də odunu qabağa sal, onsuz da ucuzlaşmayacaq. - Hicablı başını yenə özünə xas tərzdə yırğaladı, nədənsə, - odun da peçə qədər odundur, - dedi, - yanandan sonra olur heç. Gedim, müəllimə gələndə gələrəm, sən iş-güc adamısan, mən heç... Amma sənə deyim, qonşu, arvad sarıdan çox yarıyıbsan, düz sözümdür, çünki hamı ilə dil tapır, hətta mənimlə də, bilir ey nahaqqam, di gəl, üzə vurmur, özün pis eləmir, çünki bilir ki, hamısı burda qalacaq... Allah tərəfı, mən qonşuluqda həmişə sizdən razı olmuşam, biz kimik ki, işimiz çətinə düşən kimi yalvarırıq, dil tökürük, amma yenə nəticə çıxarmırıq, ona görə bu gündəyik. Sən narahat olma... - Sağ əlini üç dəfə üzünə çəkərək nəsə pıçıldadı. - Sənə fıkir verirəm, qonşu, yaman fikirlisən, amma sirr dağarcığısan, heç kəsə ürəyini açmırsan. Sən bir az keçmişinə nəzər salsan, görərsən ki, böyük bacın rəhmətlik ayın doqquzunda dünyasını dəyişib, sonu doqquzla qurtaran illərdə həmişə işsizliklə üzləşibsən. Hələ bir fıkirləş, üç dəfə belə şey olub... - O, duruxdu, çək-çevir etdi və təəccübünü gizlədə bilmədi:

- Hacı xanım, dediklərin tamam düzdür... - özündən ixtiyarsız ayağa qalxdı.

- Qonşu, sən narahat olma, mən baxıcı-zad deyiləm, səbrli ol, ürəyinin hökmünə qulaq as, hər şey keçib-gedəcək. Allah səni çox istəyir, əziyyətlərin bol olsa da, o dünyada yerin yaxşı olacaq, səbrli ol, sən haqlısan, ancaq dözməlisən, darıxma. İnşallah, mən də orda ağalarımdan sənə kömək istəyəcəyəm...

- Hacı xanım, mən həmişə arzulamışam ki, müqəddəs yerlərə ziyarətə gedim, bu barədə sənə də demişəm, amma düzü, imkansızlıq üzündən hələ ki, arzumu gerçəkləşdirə bilmirəm. Allah qoysa, imkan olar...

- Ürəyinə gəlibsə, inşallah, niyyətinə çatarsan. Qonşu, ağaların bizim ziyarətimizə ehtiyacları yoxdur, nə edirik, özümüz-özümüzə edirik, xəstələnəndə dava-dərmana tez pul tapırıq, odur ki, Allah sənə bu yol üçün səbəb salar, görərsən... - Ayağa durdu, nəsə demək istəyirdi, ancaq ürək eləmirdi. - Qonşu, elə bilirəm səndən söz çıxmaz, qoy deyim, yüngülləşim, bu kəndə üç-dörd günə bir meyit də gələcək, üz vurma, kimliyini deyə biməyəcəyəm, bax belə, qanını qaraltdım, neynim, deməsəm - danışrnasam, qala bilmirəm... Gedim, müəllimə gələndə gələrəm.

Hacı xanım çadrasını yelləyə-yelləyə getdi. Onunla söhbətdən sonra həmişə heç nəyə həvəsi qalmırdı, amma əksinə, bu dəfə xeyli yüngülləşdi. Dedikləri də çox vaxt düz çıxdığından, əslində, hamı kimi ondan çəkinirdi. Rusiyada iki oğlu, bir qızı ilə çörək pulu qazanan ərinin qazancının böyük hissəsi ehsanlara xərclənirdi: bəziləri hətta deyirdi ki, kənd camaatının qarnını yırtsaydılar hacılar ailəsinin ehsanları tökülərdi. Ancaq özünü təsdiq edənə kimi başı nələr çəkmişdi, Allah bilir...

Ancaq Hacı ilə yüngülləşdirici söhbət də oğlunun mesajını tam unutdura bilməmişdi.

Hacı xanım evinə çatar-çatmaz dünən şikayət ərizəsini bağlamaq üçün baş idarədən gələn nümayəndə ilə təcili danışmaq fıkrinə düşdü. Mobil telefonunu götürüb nömrəni yığdı:

- Salam, Mikayıl müəllim, bağışlayın narahat etdiyimə görə, bəli, mənəm, düz tanımısınız... Şükürlər olsun ki, salamatlıqdır, hə də dincəlirəm. Dünənki söhbətimizdə qəlbinizə dəyən hərəkətim olmuşsa, məni bağışlayın. Bilirsiniz, sizdən bir də nəyi xahiş edəcəkdim, hə-ə, yox-yox, işə qayıtmaq barədə əziyyət çəkməyin, belə yaxşıdır, düz sözümdür, qərarım qətidir. Mənimki bundan sonra tutmaz, Səmədə işləyən lazım deyil, mənim saxta sənədlərə qol çəkməyimi gözləməyin. Maraqlı olan odur ki, siz yazılanları yoxlamaq əvəzinə mənim üç il qabaq işlədiyim müəssisəyə getmisiniz, amma mən sizinlə görüşə gələndə bilirdim ki, sevimli Səmədiniz müfəttişlərin hər birindən 100 manat pul yığırdı, təsəvvür edin ki, bu şikayət ərizəmlə altmış müfəttişin qınağına səbəb olmuşam, mənə bu lazım idi?!

Telefonu söndürdü, amma hiss elədi ki, Mikayıl müəllimin əzəmətli səsi bir anda necə öləzidi.

Heç ağlına gəlməzdi ki, bir anda insanın səsi bu dərəcədə sarsılarmış...

 

 

Nağıoğlu Aliq

 

Təzadlar.- 2010.- 20 mart.- S.15.