Bir ömrün faciəsi
Kəlbəcərin və
ümumiyyətlə, tərəkəmə elinin əfsanəvi
qəhrəmanına çevrilən Telli Həsən
Murovdağın, Dəli dağın, Ceyran
bulağının, saymaqla qurtarmayan təbiətin gözəlliyindən
pərvazlanaraq təsərrüfatla məşğul olur, hələ
kiçik yaşlarından ata-baba sənətini, halal zəhmətlə
yaşamağı özünə bir amal, yol seçib.
Telli Həsənin şəxsi təşəbbüsü və iştirakı ilə (Məlillər, Orduxanlı, Hacılı, Səfərli, Albabalar, Keçəlli, İmamallar, Kosalar) tərəkəmə tirləri birləşdirilərək Kaqanoviç adına kolxoz yaradılır. Köçəri həyat tərzi keçirən bu tayfa əsasən maldarlıqla məşğul idi. Maraqlıdır ki, 1948-ci ildə ermənilər hiylə işlədərək tərəkəmələrin yaylaq yeri olan çalbayır, Xəlil bulağı, üçtəpə, Qara Kolun Gorus tərəfə olan torpaqları dövlət fondunun hesabına keçirirlər. Və orada qoyun-quzu otarılması qadağan edilir. Bizim o vaxtki uzaq görməyən rəhbərlər erməni hiylələrinə uyaraq bu dədə-baba torpaqların tərəkəmələrin əlindən alınmasına qarşı passiv mövqe tuturlar. Nəhayət, el ağsaqqalı olan Telli Həsən oturaq həyat keçirir, yaşadığı kəndin inkişafı üçün əlindən gələni edir, şoran çöllərdə insanların yaşaması üçün hər vasitəyə əl atır, torpaqlar yararlı hala salınır. Telli Həsənin sədrlik etdiyi Tatallar kolxozu keçmiş SSRİ məkanında ad-san qazanır. 400 baş qoyunla təşkil olunan kolxozun 1948-ci ildə 16 min baş qoyunu olub. 1950-ci ildə Həsən Yusifov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
Həmin il kiçik bir kənddən 6 nəfərə bu yüksək adın verilməsi Telli Həsənin qabiliyyətindən, yüksək təşkilatçılıq bacarığından irəli gəlirdi. Həmişə yaxşılığı özünə deviz seçən Telli Həsənin dostları da çox olub: Qara Hüseyn, Talıb kişi və Telli Həsən. Bu dostluq əbədi olub.
"Xatirəyə dönmüş anları" kitabımda qeyd olunur: "Qoca Gözəlova hamı çörəkli kişi deyərdi. Atam peşəkar jurnalist, nasir İlyas Qəmgin özü də çox mərhəmətli olmaqla yanaşı, belə kişiləri həmişə xatırlayır, onlara hörmətlə yanaşır və dostluq edərdi. Jdanovda (indiki Beyləqan) Sosialist Əməyi Qəhrəmanı, kolxoz sədri olan Telli Həsən kolxozun 3 min baş qoyununu 35 min başa çatdırmışdı. Xain, gözü götürməyən namərd qonşularımız Mir Cəfər Bağırova yazdılar ki, rayonda qolçomaqlar əmələ gəlib. Telli Həsən, Qara Hüseyn, Talıb kişi - hər üç kişini nahaqdan tutaraq günahsız olaraq cəzalandırdılar. 1951-ci illərdə guya yüngül əsassız maddə ilə tutulan və 2 ay türmədə qalan Telli Həsənin bağrı çatladı".
Onu da qeyd edək
ki, əvvəl Qara Hüseyn və Talıb kişini, sonra isə
Telli Həsəni aradan götürürlər.
M.C.Bağırovun iclasında "bir dənə də qoyun
ölməməlidir" sözünə dözə bilməyən
Telli Həsənin cəsarətlə etdiyi bir neçə kəlmə
ağsaqqal sözü rəhbəri
qıcıqlandırmış və Telli Həsənin
ömrünə fərman vermişdi. Telli Həsənin
oğlu Hidayət müəllim evin böyüyü olsa da,
çox əziyyətlər, işgəncələr çəkmişdir.
BDU-nun hüquq fakultəsində əla qiymətlərlə
oxuduğu illərdə atasının nahaqdan tutulması
axırıncı kursda olan Hidayət Mehdiyevi yolundan döndərmiş,
prokuror olmaq, adam tutmaq, cəmiyyətdə olan iyrəncliklər
və eybəcərliklər nəticədə onun institutdan
çıxmasına səbəb olmuşdur. Atasının günahsız
olub-olmamasını sübut etmək üçün
üstündən 50 il keçsə də, Hidayət müəllim
çox qapılar döyür, çox yerlərə məktub
yazır.
Tahirə Həbiyevanın "Məni Dəlidağda basdırın" kitabında göstərilir: "1970-ci ildə atasının günahsız tutulması haqqında SSRİ Ali Sovetinə, Azərbaycanın rəhbər orqanlarına məktubla müraciət edərək Hidayət müəllim xahiş edir ki, onların üzərinə atılan bu haqsız damğanı götürsünlər. 1971-ci il sentyabr ayının 30-u 218 saylı məktubda göstərilib ki, Yusifov Həsən Mehdi oğlu Sosialist Əməyi Qəhrəmanı adından məhrum olunmayıb.
Bu məktubla nisbətən sakitləşən ailə yenidən 1987-ci ildə SSRİ Ali Sovetinin 221/ON saylı məktubunu alır və yenə də məlum olur ki, Telli Həsən günahsız tutulmuş və onun günahsızlığı sübuta yetirilmişdir.
Bəli, Telli Həsən günahsızcasına öldürülüb. İndi gəlin gedək onun məzarından günahsızcasına öldürüldüyü üçün üzr istəyək. Hara gedək, hansı qəbiristanlığa? Ancaq Telli Həsən bu üzrdən də məhrumdur. Çünki onun məzarı yoxdur, bir ovuc torpaqda yatmaq onun qismətinə yazılmayıb".
Bu kövrək xatirələrdən Hidayət müəllim dərin bir ah çəkdi, ürəyində olan gizilti şeir parçasına çevrildi və oğul dilindən atasının ruhuna hədiyyə edildi:
Çatmadı
kimsəyə hayın, harayın,
Bu dərdin önündə
enib diz çöküm.
Bir ovuc torpaq da olmadı
payın,
Gözümün suyunu qəbrinə
töküm.
Qəbrin dəryalarda
görünməz ada,
Ömrün zindanlarda verildi
bada,
İnan ki, ay ata, sənsiz
dünyada
Çiynimdə dərd oldu,
qəm oldu yüküm...
Qəribədir ki, bir
insanın üç ay Bayıl türməsində
yatmasına baxmayaraq, heç bir istintaq işi
aparılmayıb. Axı cəza sübut olunmayanda heç kəs
zindanda qala bilməz. Tutularkən var-dövləti talanan ailəsinə
haqsız yerə zülümlər, əzablar verilən bu ailənin
qarşısında vaxt gələcək günahkarlar
Tanrıya hesabat verəcəklər.
Hidayət Mehdiyev yazır:
"14 fevral 1989-cu ildə aldığım 13-10026 nömrəli
məktubda göstərilir ki, Yusifov Həsən Mehdi oğlu
3 iyul 1951-cı ildə həbs edilib, 16 sentyabr 1951-ci ildə
Azərbaycan SSRİ Daxili İşlər Nazirliyinin 1 nömrəli
həbsxanasında xərçəng xəstəliyindən vəfat
edib. Lakin onun haqqında qaldırılmış cinayət
işini tapa bilmədik".
Qəribədir ki, atam həbs
edilən zaman çox sağlam və gümrah idi. Onda
heç bir xəstəlik əlaməti hiss olunmurdu. Bəs
necə ola bilər ki, sağlam bir adam cəmi 2 ay 13 gün
müddətində xərçəng xəstəliyinə
tutulub vəfat etsin? Amma faktlar və atamla bir yerdə türmədə
yatan şahid Hacı kişinin söylədikləri başqa
şeylər deyir. Atam öldürüldükdən sonra
ağzındakı qızıl dişləri
çıxarılmış və deyilənə görə,
"dövlətə" təhvil verilmişdir.
Maraq doğuran fakt: "Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin 16-13-M-10 nömrəli
5 noyabr 1987-ci il tarixli cavab məktubunda bildirilir ki, Yusifov Həsən
Mehdi oğlunun həbs olunması barədə Nazirliyin Mərkəzi
Məlumat Bürosunda heç bir qeydiyyat yoxdur".
Hidayət müəllim
atasının S.Vurğunla, Ələkbər Abdullayevlə,
Qoca Gözəlovla, İlyas Allahverdiyevlə xoş münasibətlərini
dəfələrlə Ağdamda yaşadığımız
evimizdə olarkən xatırlayardı. Telli Həsən mərdlik,
yaxşılıq simvolu olub.
Telli Həsənin yaxın
qohumu Sevdimalı kişi XIX əsrin əvvəllərində
Tərtər çayının üstündən
körpü saldırmışdı. Elə indinin
özündə də ona "Sevdimalı
körpüsü" deyirlər. İllər keçdikcə
körpü zədələnib uçmuşdu.
Telli Həsənin sədr
olduğu kolxozun camaatı yaylağa qalxarkən böyük
çətinliklə üzləşirdilər. Telli Həsən
Göyçə mahalından usta
çağırtdırıb həmin körpünü 55 il
bundan qabaq əsaslı təmir etdirmişdi.
Körpünün üstündəki daşa isə bu
sözlər yazılmışdı: "Dünyada bir igidlik
varsa, o da yaxşılıqdır".
İmişli rayonunda
yaşayan Əyyub Vəliyev söyləyirdi ki, bir dəfə
Telli Həsənlə Beyləqan şəhərində bir
dostumuzun evində gecələməli olduq. Təqribən gecə
saat 2 radələrində Telli Həsən məni yuxudan
oyadıb dedi ki, yaylağa köçən camaatımız
indi Ağdam şəhərinin
yaxınlığındakı yurd yerində olmalıdır.
Mənə elə gəlir ki, orada nəsə bir hadisə
baş verib. Dur gedək ora bir baş çəkək.
Sözündən
çıxmadım. Səhərə yaxın
köçün düşdüyü obaya çatdıq.
Bir neçə nəfərin 10 baş qoyunu
apardığını gördük. Əli adlı cavan
oğlan cəld tərpənib həmin adamlardan birini
saxladı, qalanları isə qaçıb gözdən itdilər.
Onu obaya apardıq. Həsən kişi oğurluğun
kişiyə yaraşmayan cəhət olduğunu həmin adama
başa salıb xeyli danladı, nəsihət verdi. Oğru
ehtiyac içində olduğunu bildirdi. Telli Həsən
qoyunlardan birini ona bağışlayıb deyir:
Ehtiyaca görə heç
vaxt alçalma, səni ona görə buraxıram ki, ibrət
götürəsən.
Bilmirəm, bu məqaləmdə
onun S.Vurğunla dostluğundanmı yazım? Səməd
Vurğun kimi şairin, Telli Həsən kimi igidin, mərdin nə
zaman yetişdirəcəyini nə biz bilə bilərik, nə
də tarix. Onu ancaq böyük Yaradanımız bilə bilər.
Telli Həsənin oğlu həqiqətən
də əsl şəxsiyyət idi. Çox təmiz, səliqəli
geyinər, danışığı dəqiq, söhbəti
maraqlı, məntiqli, hündürboy, yaraşıqlı,
diqqəti cəlb edən kişilərdən idi. Atam
Şuşada türmə rəisi işləyərkən Hidayətlə
birlikdə çəkdirdiyi şəkillər bizə yadigar
qalıb. Uzun müddət "Sumqayıt-Neftkimyaavtomat"
Elmi-Tədqiqat və Layihə İnstitutunda (direktor Ələkbər
Abdullayevin oğlu Əsgər Abdullayev idi), sonralar isə, Əsgər
müəllimin faciəli ölümündən sonra Hidayət
əmi M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun
Sumqayıt filialında şöbə müdiri vəzifəsində
işləmişdir.
Əsl el fədaisi, el
ağsaqqalı olan Telli Həsənin qara taleyi Hidayət
müəllimin qara şəvə saçlarını
vaxtsız ağartmış, ürəyini xəstə
salmış, ömrünün çiçəklənən
dövründə təqaüdə çıxmış,
ata nisgilini qəlbində yara etmiş və 2004-cü ildə
dünyasını dəyişərək ata-bala ruhu asimanda yəqin
ki, bir-birinə həsrətlə qovuşmuşdur.
Rauf İLYASOĞLU
Təzadlar.- 2010.- 1 may.- S.14.