Bir ömrün faciəsi

 

(Əvvəli ötən sayda)

 

...Uzun müddət "Kommunist" (indiki "Xalq qəzeti") qəzetində xüsusi müxbir işləyən atam İlyas Qəmgin (Allahverdiyev) 1947-ci ildən Ağdamda ev tikdirmiş, güllü-çiçəkli bağçamızda, evimizdə çox hörmətli ziyalılar, şair və yazıçılar - Şamil Dəlidağ, Dəmirçi Abbas, Sücaət, Xəlil Rza, Xudu Məmmədov, Kamran Hüseynov və digərləri qonaq olmuşdur. Qonaqlı-qaralı evimizdə bir gün süfrə başında əyləşən Hidayət əmi ilə atamın söhbəti uşaq qəlbimi daha çox göynədirdi. çoban itlərinin hürüşməsi, qoyun sürülərinin mələşməsi, ilxının içindəki göy xallı atın şahə qalxıb kişnəməsi hələ də qulağımdan getməyib. Atamı tutmağa gələn yad qonaqların üzərinə göy xallı atımız dördnala qaçaraq adamların üstünə yeridi. Hərbçilər atı nişan alıb vurmaq istədilər. Prokuror onlara qışqırdı. Hamı tüfəngini endirdi və bu hadisənin nə ilə qurtaracağını gözlədilər. At qaça-qaça gəlib Telli Həsənin yanında dayandı. Sonra ayaqlarını yerə döyüb üzünü Həsən kişinin üzünə sürtdü. Atın gözlərindən yaş leysan yağışı kimi yağmağa başladı. Telli Həsən üzünü atın üzünə sürtüb vüqarını pozmadan dedi:

- Etibarlı dost, mən qayıdacağam, get.

Mir Cəfər Bağırovun qulağına nə deyilib...

Atın tərpənməsini əmr edən Telli Həsənə vəfalı dostu məzlum-məzlum baxaraq könülsüz də olsa, oranı tərk etdi. (Bu haqda yazıçı Famil Süleymanovun "Vətən torpağı çağırır məni" kitabından ətraflı oxuya bilərsiniz - R.İ.)

İstəkli oxuculara məlum olacaq ki, Telli Həsən və digər qeyrətli kişilərin tutulmasına qərarı Bakıda vəzifədə oturan ermənilər vermişdi. Hansı ki, Telli Həsən MK-da çıxışında 1948-ci ildə ermənilərə verilən yaylaq yerlərinin geri alınmasını tələb edir. Bu çıxışa Qara Hüseyn və Əlipənahlı Talıb kişi də qoşulur. Müşavirədə Jemelyanovun dözə bilməyib M.C.Bağırovun qulağına dediyi sözlər hər üç el ağsaqqalının ömür kitabını bağlayır.

Telli Həsən çıxışının əvvəlində M.C.Bağırovun qərarına qarşı cəsarətlə deyir:

- Yoldaş Bağırov, bütün canlılar ölümə məhkumdurlar, o cümlədən heyvanlar da. Biz Allah deyilik ki, onları ölməyə qoymayaq, onların ömürlərini uzadaq. Biz bunu heç zaman bacara bilmərik. Onların ömürlərinin uzadılması, qoyun-quzuların dağlarda otarılması və gül-çiçəklə qidalanmasından asılıdır. çünki o dağlarda min bir dərdə dərman olan otlar, müalicəvi bitkilər yetişir. Əgər o qoyunlar dağ otları ilə qidalansa, otların tərkibində olan vitaminlər heyvanların orqanizmində olan qurdları məhv edər. Ancaq biz indi qoyunları düzənliklərdə, aranda otarırıq. Əgər siz qoyun-quzunun məhv olmasını istəmirsinizsə, onda imkan yaradın, onları dağlarda otaraq.

Birinci şəxsin əmrinə tutarlı faktlarla söylənilən cəsarətli cavab, görünür, Telli Həsənin tutulmasına əsas səbəb olmuşdur. El içində atama deyərdilər ki, düşmənin də Telli Həsən olsun, dostun da. Nə isə... O vaxtlar Sosialist Əməyi Qəhramanı olan şəxsləri SSRİ Ali Sovetinin razılığı ilə tuta bilərdilər. Bu razılıq olmadan məkrli, hiyləgər, vəzifəpərəstlər bu işi sürətləndirmişdilər.

Respublika Prokurorluğunda lövbər salmış arutunyanların canfəşanlığı millətimin qaymaqlarının məhvinə səbəb olmuşdur.

Yenə də bir maraqlı məqama fikir verək.

Hidayət müəllimin dediklərindən:

- 1951-ci il aprel ayının 15-də səhər adətim üzrə çəkmələrimi sildirmək üçün çəkməçinin yanına gəldim. Dilli-dilavər başqa bir ustanın oturduğunu gördüm. Universitetə bir tin qalmış çəkməçi butkasında çəkməçiyə 25 manat verərkən necə sevinər, ayaqqabılarımı par-par parıldadardı.

- Hidayət, başına pırlanım, bu butkanı mən almışam, köhnə usta rayona köçüb. Bundan sonra mən sizin qulluğunuzda canla-başla hazıram, -  deyə usta nəvaziş göstərməyə başladı.

Atasının həbsindən sonra Hidayətin də qara günləri başlayır. Bibisi Sürəyya xanımın göz yaşları qurumur. Həmin illərdə atasının dostu olan Ələkbər Abdullayevin qapısını döyərək tanışlıq verir. Ələkbər müəllim onun Bakıda qalmasının təhlükəli olduğunu deyib, Moskvaya getməyə şərait yaradır. Ələkbər müəllimin oğlu Əsgər Moskvada institutda oxuyurdu. Tez bir zamanda Əsgərlə dostlaşan Hidayətin bağrından qanlar axır, atasının xiffəti onu rahat buraxmır. Bir gün Ələkbər əmidən Bakıya qayıtmasını eşidən Hidayət müəllim vaqonla birbaşa Ələkbər Abdullayevgilə gəlir. Elə bil hamı onun yolunu gözləyirmiş.

Axı SSRİ üzrə Hidayət müəllim üçün axtarış elan olunmuş, onun isə xəbəri yox imiş.

Ələkbər müəllim deyir:

- Bala, istəmirəm səni qandalla aparsınlar. Özün könüllü gedərsən, məncə, bu, daha yaxşı olar, pis yerdə axşamladıq, Allah kərimdir.

Hidayət Ələkbər müəllimin bol süfrəsində doyunca yeyərək, bibisigilə yollanır. Bibisi doğma qardaşı oğlunu duz kimi yalayır, bu nə müsibətdir düşdük, - deyə göz yaşlarını saxlaya bilmir.

Onsuz da qardaş ayrılığı, bir tərəfdən də qardaş oğlunun itkin düşməsindən o qədər ağlayır ki, ağlamaqdan göz yaşları da quruyur. "Bəlkə Moskvaya qayıtdım, sizə xəbər göndərəcəyəm", - deyib Təhlükəsizlik Komitəsinə yollanan Hidayət müəllim meşin qapılardan birbaşa Ələkbər əminin verdiyi nömrəyə - Jemelyanova zəng edir. Zəng etməzdən əvvəl əlini qoltuq cibinə salır. Əlinə keçən sarı qızıl parçasını zibil qabına atır. Sonradan yadına düşür ki, atdığı o qızıl əşya anasının sırqası idi, qırılmışdı. Düzəltdirmək üçün tək sırqanı cibində gəzdirən Hidayət müəllimin faciədən başı açılırdımı?

Jemelyanov, istintaq idarəsinin rəisi Abdulla İbrahimovla Hidayət müəllimi sorğu-suala tutdular:

- De görüm, qızıllarınız hardadır?

- Nə qızıl, mənim heç bir qızıldan xəbərim yoxdur.

- Yalan deyirsən, onsuz da boynuna alacaqsan, - deyə məni soyuq, qaranlıq bir yerə saldılar. Düşündüm ki, atam da bəlkə qonşu divarda mənimlə yanaşı soyuq dəmir çarpayıda uzanaraq bizi - ailəsini düşünür.

Səhər dəmir qapının səsinə oyandım. Sorğu-suallardan cana doymuşdum. Müstəntiqin zəhimli baxışı mənə zillənmişdi:

- Özünü niyə öldürürsən, düzünü de, canın qurtarsın. Cavansan, yoxsa bu zirzəmidə çürümək istəyirsən?

Mən isə "qızılların yerini bilsəydim, gedib gətirərdim" desəm də, erməni, rus zabitlərinin işgəncələrinə dözürdüm.

Bir gün məni İbrahimovun yanına apardılar.

İbrahimov qovluğu vərəqləyərək dilləndi:

- Cavan oğlan, daha ayaqqablarını sildirmirsən ki?

Bunu eşidərkən sanki elə bil məni ildırım vurdu. İbrahimov bir nəfəri çağırtdırdı. "Onu tanıyırsan?" - deyə mənə tərəf baxdı. Kapitan formasında olan bu erməni mənə tanış gəldi. Sonradan çəkməçi işləyən, ayaqqablarımı silən erməni indi isə kapitan formasında idi.

On günlük zindan həyatım Ələkbər Abdullayevin sayəsində sona çatdı. Artıq qış yaxınlaşır, soyuqlar düşürdü. Bibimlə birlikdə sərt Bakı küləyinə sinə gərərək Bayıl türməsinin qapısını kəsərək, heç olmasa gətirdiyimiz yeməyin atama çatdırılmasını xahiş edər və yalvarardıq. Bibimlə o qədər ağlayardıq ki...

Yenə də bir dəfə Bayıl həbsxanasına yollandıq. Həbsxanaya yaxınlaşmışdıq ki, erməni türmə işçisinin - ilan sifətli məxluqun bizə yaxınlaşaraq "adamınıza nə vaxt istəsəniz yemək gətirə bilərsiniz, bu gündən burada mən olacağam və sizə kömək edə bilərəm" deməsindən bibim necə də sevinir, mənim ürəyimdən isə qara qanlar axırdı. Bibim Kömürçü meydanından ən yaxşı ətdən alar, kababçıya verər və xahiş edərdi ki, lap yaxşı bişirsin. Bibimin məqsədi o idi ki, qardaşı heç olmasa yaxşı qidalansın, canı bütün ağrılara dözə bilsin.

Bir soyuq qış axşamı qara xəbər qapımızı döydü. Bayıl həbsxanasının rəisinin imzası ilə göndərilən məktub içimizi göyüm-göyüm göynətdi: "Həsən Mehdi oğlu Yusifov 1951-ci il sentyabr ayının 16-da vəfat etmişdir".

Atamın meyitinin bizə verilməməsi növbəti ərbələrdən biri oldu.

İki qardaş itirən, heç birinin məzarı məlum olmayan bibim dözə bilmədi. Çox yaşamadı atamdan sonra. Atamın ölümünü həbsxanada gizlətsələr də, bibimlə yenə əlidolu həbsxanaya gələr, erməni nadzorunun maneəsiz bizdən ərzaqları sevincək almasından ürəyimizdə sakitlik yaranar, heç olmasa gözəl yeməklərdən atamın dadmasına sevinərdik. Sən demə, bizi bu nankor erməni aldadıb, yeməyi özü yeyirmiş...

Bəlkə də ölümünə fərman verdikləri bir insanın günahının nə olduğunu fərman verənlər özləri də bilməyiblər. Kolxozun şöhrətini ittifaq səviyyəsinə qaldıran Sosialist Əməyi Qəhrəmanı adını hələ də ondan almayıblar. Hansı ki, o vaxtlar dövlət orqanlarındakı bərk qayda-qanundan "xalq düşməninə verilən adların hamısı geri alınardı. Telli Həsənə verilən ad isə hələ də qüvvədə qalıb - "Sosialist Əməyi Qəhrəmanı".

Dəhşətə bax! Sapsağlam bir kişi iynə vurulmaqla qətlə yetirilib.

Həbsxana rəisinin otağında atamın meyitinin verilməsini tələb etdim. Rəis Mədəd Həsənov bildirdi ki, xalq düşmənlərinin meyitləri heç kimə verilmir, yuxarıdan belə göstəriş veriblər.

- Heç olmasa, atama məxsus əşyaları verməyinizi xahiş edirəm.

Rəis gözətçini çağırıb atama məxsus əşyaları gətirməyi əmr etdi.

Heç olmasa, atamın iyini onun paltarlarından alardım, - deyə Hidayət müəllim köks ötürdü:

- Əlim əsə-əsə paltarları qucaqladım. Ürəkdən ağlamağın nə olduğunu onda bildim. Mənim gözlərimdən yox, ürəyimdən qara qanlar axırdı. Atamın pencəyini qucağımda köksümə sıxarkən qana bulaşmış dəsmalı cibindən yerə düşdü. Qana bulaşmış dəsmalı götürərək ürəyimin üstünə qoydum. Hönkürtüm bütün varlığımı silkələyirdi. Tez taksiyə əyləşib evə gəldiyimi hələ də düşünəndə, dəhşət bütün vücudumu bürüyür. Atama məxsus paltarı və qanlı dəsmalı taksidə qoymuşdum. Atamın əşyalarını itirdiyimə görə peşmançılıq hissi indi də bir an məni tərk etmir. Mənə elə gəlirdi ki, anamın yaşadığı evin həyətində o qanlı dəsmalı basdırsaydım, elə sanardım ki, atamı dəfn etmişəm və qəlbimə illərlə yığılmış qübarı atamın o balaca "məzarına" boşaltmaqla ürəyimi soyuda bilər, az da olsa, təskinlik tapardım. ömrümün 70-ci ilini arxada qoysam da, atamın dərdini çiyinlərimdə çəkirəm.

 

 

(Ardı var)

 

Rauf İLYASOĞLU

 

Təzadlar.- 2010.- 4 may.- S.14.