Yaşamağı yanmaqda görən insan

 

İnsan həyata ona verilən ömür yolundan başlanğıc götürüb onu qət etmək üçün gəlir. Deməli, yaşamaq insanın var olmasının sübutudur. ömür adlanan yolda neçə-neçə zaman kəsimlərində saya-hesaba gəlməyəcək qədər çox insanlar yol alıb yürüyüb.

Hərənin öz tale yolu, öz ürəyi, öz sevgisi olub. Sirli bir aləmdə yaşadığını dərk edən insan oğlu bəşəriyyətin sirrindən agah olmaq üçün çox çalışıb, çox vuruşub. özü öz şüuru idrakı ilə qələbəyə nail olan varlıq beyninin gücü çatan hər bir məsələnin həllində özünü aciz göstərməyərək zəfər qazanmağa çalışıb. Mükəmməlliyini, tamlığını daha yaxşı anlayan insan bəşəriyyətin fövqündə durur. İnsanlığın fövqünə yüksəlmək ondan ayrılmaq demək deyil, əksinə, bu yüksəlişdə ucalığa bir enmədir. Bəli, cəmiyyətin ən dərin qatlarına enərək hər kəsin sevincini, kədərini, arzu istəklərini özününküləşdirərək yaşamaqdır. Bu seçilmiş insanlara məxsusdur.

 

Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır. 

 

- misralarını özünün həyat prinsipinə çevirərək ömrünü-gününü yuxusuz gecələrdə masa arxasında şam kimi əridərək, yana-yana yaşamağı əsl insan ömrü sayan Bəxtiyar Vahabzadə məhz bu seçilmişlərdəndir.

B.Vahabzadə haqqında söz demək çətin, məsuliyyətli, həm şərəflidir. Yaradıcılığında müzakirə müqayisə olunası bir məqam olmayan Bəxtiyar elə öz adıyla fərqlidir - Azərbaycan poeziyasının Bəxtiyarı. Həyatın mənasını yanmaqda tapan şair bir ömür boyu yandı elə yana-yana da odlu-alovlu misraları bir-birinin ardınca düzdü. Şeirləri şairin qəlb yanğısından doğdu. Poeziyamızın fövqündə duran şairi düşündürən başlıca məsələ insan fenomenidir. Bəşər övladının bütün sevinci, kədəri, ağrı-acıları, təlatümləri, həyəcanları şairin qəlbindən keçərək orada cilalanır, sonra barmaqlarına süzülür bir-birinin ardınca vərəqlərə düzülərək od tutub yanan oxucunu da yandıran misralara çevrilir.

Bəxtiyar Vahabzadə düşüncələr şairidir. O, düşünür düşündürür. Şair təkcə özü üçün yaşamadı ömrünün son anlarına qədər həyatı "birtəhər" başa vurmaq istəyənlərlə heç cür barışa bilmədi. Şairə görə:

 

Yalnız başqasını düşünən zaman,

Qalxır insanlığın fövqünə insan.

 

Bəxtiyar Vahabzadə üçün rahatlıq yox idi. Yuxusuz, narahat gecələrdən saçına vaxtsız dən düşən şair insanlıq üçün qədər narahatlıq keçirirsə, yenə nikbindir. "Vaxtsız ağaran saçın özgə bir aləmi var" deyirdi şair. saç ucalıq, böyüklük əlamətidir. saçlarda yenilməz dağ məğrurluğu var.

Zəngin düşüncələr aləmi olan şairin poeziyası ümumbəşəridir, o, heç bir sərhəd tanımır. Heç bir qəlibə sığmayan Bəxtiyar poeziyası zamanın hissləri, fikirləri məngənə kimi sıxan dar çərçivəsini qıraraq insanlığın ülviyyətinə yüksəlmişdir. Həyatı elə həyat kimi yaşamaq istəyən şair daim axtarışlarda idi. Bu yaşamda miyanəliyə yer yoxdur. Şair həyatın sevinclərindən fərəhləndiyi kimi, qədər qəribə səslənsə belə, onun kədərindən zövq alır. Ona görə sevinclə kədərin çarpışmadığı təlatümsüz ürək boş mənasızdır.

 

Mən çıxmağa təpə yox, uca dağ istəyirəm,

Həyatı həyat kimi yaşamaq istəyirəm.

 

- deyərək ziqzaqlı bir ömür yaşayan B.Vahabzadənin ömür yolu enişli-yoxuşlu olmuş, hər anı çarpışmalarla, mübarizə ilə keçmişdir. Bu vuruşlar onun özünün öz fikirləri, öz düşüncələri, öz qəlbi, bir sözlə, öz dünyası ilədir. Yekunda bu çarpışmalar şairin daxili səsinin ifadəsi olan şeirlərində öz bədii əksini tapmışdır.

Bəxtiyar Vahabzadə yaradıcılığına belə canlı pafos verən, onu şöhrətləndirən onu sevdirən başlıca qayə xalqın sevgisindən aldığı ilhamdır. Vətənin əsl vətəndaşı olan şair qırılmaz tellərlə, canlı rişələrlə xalqına, elinə, obasına bağlıdır. Bəxtiyar şeiri xalqdan güc aldığı üçün, kökü xalqa bağlı olduğu üçün böyükdür, əzəmətlidir. Bəxtiyar Vahabzadə şeiri məna aləminin zənginliyi baxımından oxucuda təkrar-təkrar oxumaq həvəsi yaradır. Onun təkcə elə ana dili uğrunda apardığı mücadilə öz qanıyla, canıyla xalqa qədər yaxın olmasının bariz nümunəsidir. Bəxtiyar üçün xalq anlayışı daha geniş anlamda bütün türk dünyasının birliyidir. Şair bütün türk dünyası ədəbi mühitində sanki bir körpüdür.

Bəxtiyar Vahabzadə yaradıcılığı Azərbaycan ədəbiyyatında bir hadisədir, örnəkdir. O öz düşüncə tərzi, ideyalar aləminin zənginliyi, dünya, bəşəriyyət, yaradılış bu kimi məsələlərlə bağlı gəldiyi qənaətlər bunun lirikada təzahürü ilə poeziya xəzinəsinə yeni rəng, yeni nəfəs gətirmişdir. B.Vahabzadə şeiri oxucunu öz əqidəsi, məsləki, duyğu düşüncələriylə əsl insan olmağa səsləyir. Şairin düşüncələr aləmi bir ümmandır. Sonsuz, ucu-bucağı görünməyən bir ümman. özündə gizli dəfinələr yatıran bu ümmanın sirlərinə vaqif olmaq üçün şairin sənət dünyasına yaxından bələd olan qəvvas olmaq lazımdır.

Bəxtiyar Vahabzadə haqqında söz demək qədər məsuliyyətli çətindirsə, onun haqqında keçmiş zamanda danışmaq da o qədər ağırdır. Şair ömrün qışında bu dünyadan köç etdi. ömür adlanan bu yoldan neçə-neçə bəxtiyarlar keçdi. Hər kəs öz yolunu seçərək eyni mənzilə üz tutdu. Gəlimli-gedimli dünyadan bir Vahabzadə Bəxtiyar keçdi. Bu həmin Bəxtiyardır ki, özünü dərk elədiyi bir andan dünyadan köçdüyü son ana qədər qələmə sarılaraq haqq-ədalət uğrunda mücadilə etdi. Qədirbilən xalqımız onu elə öz şeirlərinin sədaları altında son mənzilə yola saldı. Bəxtiyar Vahabzadə hələ sağlığında ikən xalqımız tərəfindən layiq olduğu qiyməti almışdır. Xalqının şairi olan Bəxtiyarın böyüklüyü elə bundadır. Bəxtiyar yaradıcılığına ən böyük hörmətimiz bizim heyrətimiz bu heyrətdən doğan sükutumuzdur. Şairin əsərləri Azərbaycan ədəbiyyatı durduqca gənclərə bir stimul, yaradıcılıq dəryasında bir mayak olacaq.

 

 

Könül Heydərova

 

Təzadlar.-2010.- 4 may.- S.11.