"Könlümdən
keçənlər"
Xalq şairi Fikrət Qocanın şairliyi də, insanlığı da hamıya məlumdur. 2006-cı ildə "Fikrət Qoca" (yaradıcılığı əsasında) adlı kitabımda onun haqqında düşündüklərimi yazmışam. Mənə elə gəlirdi ki, bir də onun yaradıcılığına qayıtmayacağam. Amma onun kiçik şeirlərindən ibarət "Könlümdən keçənlər" adlı kitabçasını oxuyanda gördüm ki, yenidən ona qayıtmaq keçir könlümdən.
Kitab şairin oxuculara ünvanlanmış
"Əzizlərim" müraciəti
ilə açılır
və burada kitabın yaranma səbəbi açıqlanır.
Elə ilk "Xoşum gəlir" adlı şeirdən xoşum gəlir:
Göy güləndə xoşum gəlir,
Həya ilə üfüqdə dan
Söküləndə
xoşum gəlir.
Mən göz
yaşı sevməyirəm,
Yarpaqlardan şeh
damlası
Töküləndə xoşum
gəlir.
Bir-bir vərəqləri çevirirəm və bir-birindən maraqlı, yaddaşa süzülüb orda qalmaq istəyən misralar tutur məni: "Hər evin qapısını Roman cildi tək aç", "Gülün gözəlliyi öz qatilidir, Bülbülün qəfəsi şirin dilidir", "Ayağım altında kölgəm ağlayır", "Sözümdən kövrəlib "bəlkə"m ağlayır", "İnsan ən uca zirvə, -İnsan kimi yaşasa", "Mən hara baxdımsa, dönük üz gördüm, Səni görmək üçün yumdum gözümü", "Bütün bülbüllərin səsi gözəldir, Atası, anası sərçə deyilsə" və s. misralarda həm arzu var, həm təəssüf, həm ümüd, həm də hökm var. Kitabda diqqəti çəkən şüjetlərdən biri də bəlkə elə hamımızın əzbər bildiyimiz
"Babalarım"
şeiridir:
Biri qaçaq
olub, mərd olub,
Biri qoçaq olub, mərd olub.
Biri kasıb olub, mərd olub.
Bəs bu namərdlər hardandır,
Bax, bu mənə dərd olub...
Kitabda diqqəti
çəkən tərəflərdən
biri də budur ki, burada
hər mövzuda şeir var: vətən və vətənpərvərlik, müxtəlif
insanlar və insanlıq, keçmiş
və keçmişdəkilər,
bu gün və bu günü
görənlər, sabah və sabaha çıxmaq istəyənlər. Burada həyat
haqqında da söz tapırıq, ölüm haqqında da. Burada "Allah ağlımızı elə
düz bölüb, Heç kəs öz ağlından gileylənməyir" hikməti
də var, "Kişilərin xəlvət
axan göz yaşlarından yaranıb
dəniz" etirafı
da var, "Hər saqqalı ağaran el ağsaqqalı
olmur" hökmü
də var, "özümün özümlə
o qədər söhbətim
var, Əgər vaxt tapıb danışsam" gileyi də var, "Sənin əlin qabar-qabar, Mənim ürəyim, Onun beyni. Hamımız eyni cür fəhləyik, Qardaş, eyniyik, eyni!" fəlsəfəsi də.
Kitabda "Allah sənə rəhmət etsin, Rəsul Rza" adlı şeir də diqqəti çəkir. Burada şairin "Rənglər"ini
xatırlayan müəllifin
dünyadan gileyini, olanlara təəssüfünü
görürük:
Yenə sən çatırsan dadıma.
Bu rəngsiz
dünyada,
Rənglərin düşdü yadıma.
Dünyada ikicə
rəng qalıb-
Biri qan rəngi,
Biri də ağ yalan
rəngi.
Kitabı vərəqləməkdə davam
edirəm. Yenə də aforizmləşmiş
misralar, şairin fəlsəfi görüşləri,
dünyaya, həyata baxışı bizi tamam başqa bir aləmə aparır: "Kasıb arzularını göz yaşıyla göyərdir",
"Uzun şeydir ömür, Adamlar ölmür, yaddaşı
qurtarır. Əslində
aldığın qaytarır",
"Yaşamaq uğrunda
ölürük biz də",
"Qorxmuram ölməkdən,
Qorxuram ki, mən ölmək lazım gəlsə, ölə bilməyəm",
"Gəl verək şəhəri bu maşınlara, İnsanlar
yaşayan yerlərə
qaçaq", "Düşünən
beyni var bu kainatın", "Mənim məzarım da yer kürəsinə
Düşəcək bir
nida işarəsi tək", "Məsləkim
uğrunda bina tikilsə, Qoy məni hörsünlər
bünövrəsinə", "Ayaqqabı olmasa, yolları ayağıma geyərəm", "Mənim
keçmişimi kim söndürübdür, Hələ
də tüstüsü
başımdan çıxır",
"Bir mərd qovulanda namərd olursa, Sən bunu özünə bir dərd eləmə",
"Yığışıb köçürəm daha
öz çölümdən
öz içimə",
"Mənim şeir yazmağım da Yarın bir günahı oıdu".
Bu kitabdakı şeirlərdən
ayrı-ayrılıqda danışsaq,
gərək bir kitablıq söz deyək. Biz sadəcə, bizi
çəkən misraları
alqışladıq və
yazımızı ən
maraqlı şeirlərdən
biri "Dolanırıq"
ilə bitiririk:
Otlar torpağı
yeyir,
qoyunlar otları.
Biz qoyunları
yeyirik,
torpaq bizi.
Dolanırıq, yaşayırıq
Bir-birimizi yeyə-yeyə,
Allah, çox şükür deyə-deyə.
Sona Xəyal
Təzadlar.- 2010.- 8 may.- S.14.