Bir ömrün faciəsi
Telli Həsən: " Məni Dəlidağda
basdırın"
(Əvvəli ötən saylarda)
Öz obyektivliyi ilə tanınan rus müəllifi İ.Şopen yazırdı ki, "Əxlaq baxımından ermənilər heç də xoşagələn imic sahibi olmamışdılar".
İlyas Qəmginin (Allahverdiyevin) "Qara göl" romanının 142-ci səhifəsində (tərtibatçı-redaktor bu sətirlərin müəllifidir) göstərilən bu fikrə də diqqət yetirək: "Başqa bir müəllif, R.A.Açaryan isə qeyd edirdi ki, ermənilər sonralar 200-dən çox suriya sözünü əxz etmişdir. Erməni müəllifi R.A.Açaryanın hesablamalarına görə, erməni dilində 4.200-ə yaxın türk sözü vardır".
Sözü
gedən kitabın 143-cü səhifəsində oxuyuruq:
"Rusiya və Ermənistanın türklərə
qarşı etnik təmizləmədə məqsədi həm
geniş, həm də tarixidir:
1. Türk
xalqlarının geopolitik birliyini parçalamaq.
2. Türk
xalqlarının vahid tarixi yaddaşını
sındırmaq.
3. Türk
xalqlarının gələcəkdə ola biləcək
möhtəşəmliyinin qarşısını almaq.
4. Türk
xalqlarını parçalayaraq xırdalamaq və daha tez
assimilyasiyaya uğratmaq.
5. Türk
xalqlarının bir-birləri ilə bilavasitə ərazi əlaqələrini
pozmaq, vahid infrastruktur sisteminin yaranmasının
qarşısını almaq".
Ermənistan Respublikasının və Azərbaycan ərazilərinin azərbaycanlılardan etnik təmizləmə siyasətinin mahiyyəti, ermənilərin xeyrinə həll olunmaqla rus imperiyası tərəfindən istila olunduğu (XIX əsrin əvvəlləri) çar Rusiyası Cənubi Qafqazı istila etdiyi dövrdən başlayır.
Tarixi mənbələrə istinad olunan bu kitab haqqında xəbərim olmadan məqalə yazan qələm dostlarıma öz minnətdarlığımı bildirirəm. Eyni zamanda 30 illiyini qeyd etdiyim tələbəlik dostlarım, vətənpərvər ziyalımız - iqtisad elmləri namizədi Sabir Məmməd oğlu Həsənova, İlyas Surxay oğlu Səfərova dərin təşəkkürümü bildirirəm ki, kitablarımın çap olunmasında müəyyən köməkliyini əsirgəməyiblər.
II qrup əlil olduğum üçün aldığım təqaüdümü də kitablarımın çap olunmasına sərf etməklə ürəyimə yüklənmiş ağır yükdən azad olmaq, xalqıma, dövlətimə, millətimə xidmət etməyi özümə şərəf bilirəm.
Xarici banklarda kapital yatıranlar nəhayət ki, qəflət yuxusundan ayılmalı və yaradıcı insanlara təmənnasız kömək etməlidirlər.
"Sponsor kimi mənim şəkilimidə kitabda ver, kitabına kömək edim" deyən insanlara söz tapmıram.
Yazdıqlarımı isə xalqımdan əsirgəməməklə nə vaxtsa çap etdirəcəyəm. İstəkli oxucuları yormaq istəmirəm, bu mövzunu daha da artıra bilərəm. Məni bu məqaləni yazmağa məcbur edən Telli Həsənin ağır faciəsi, Hidayət müəllimin ata nisgili və yazdığı qiymətli əlyazmaların təsiri oldu.
Hər bir
valideyn övladını vətənpərvər
böyütməlidir. El bir olsa basılmaz vətən,
deyiblər. İnanıram və ümidlə yaşayıram ki,
doğma Qarabağımıza, Kəlbəcərimizə,
Laçınımıza, Şuşamıza, Cəbrayılımıza,
Zəngilanımıza, Ağdamımıza yenidən sahib
olacayıq. 20 ildən artıq yaylaq yerlərimiz olan Kəlbəcərin
füsunkar gözəlliyində alaçıq quraraq istirahət
etdiyimiz, təmiz havasını udduğumuz, gözyaşı
kimi dupduru bulaqlarından içdiyimiz, Gəlin qayasından
üzü aşağı qaçışaraq göbələk
yığıb elə oradaca, min bir ətirli göy otluqda
kabab etdiyimiz, Tatallar çayında qızıl balıq
tutduğumuz, qoyun-quzuların çəmənlikdə,
dağ-dərədə mələşməsini və
çobanın tütək səsindən qoyun-quzuların da
sakit dayanaraq bu ecazkar səsə qulaq asmalarını seyr etməsini,
iri qayalıqlar üzərindəki təbii xınaları
çeçələ dırnağımıza sürtməyimizi,
al yanaqlı Kəlbəcər gözəllərini görərkən
dırnaqlarımızı utanaraq gizlətməyimizi, göy
otlaqda oynayarkən parıldayan qaloşlarımızın nəmini
ətəklərimizə silməklə dizədöymə,
qayışvurdu oynamağımız yenidən göz
önümə gəlir.
Uşaqlıq
xatirəm yenidən təzələnir. İnşallah,
öz dədə-baba ocaqlarımıza qayıtmaq ümidilə,
vətən həsrətilə
çırpına-çırpına istəkli oxucularıma
səbir, dözüm arzulayıram. Bu məqaləmi
yazdığım bir şeirlə tamamlayıram:
BAYRAĞIMIZ DƏLİDAĞDA UCALA
Laylay dünyam, Ağdam sənə
qovuşa,
Dərdli qəlbim intizardan
sovuşa,
Arzuların çiçək
aça, yovuşa,
Elim, obam Xocalıya yol sala,
Bayrağımız
Kirs dağında ucala.
İlham aldım qəlb
ovudan sözündən,
Nəğmə qoşsam
güc alaram özündən,
Şəfəq yağır
baxışından, üzündən,
Elim, obam Kəlbəcərə
yol sala,
Bayrağımız
Dəlidağda ucala.
Qədirbilən dost yolunda
yanaram,
Mərd oğulu hər an qəlbdə anaram,
Vətənimi darda arxa
sanaram,
Elim, obam Ağdamıma yol
sala,
Bayrağımız
Kirs dağında ucala.
Qeyrət çəkən vətən
oğlu çox olsa,
Hünəriylə qansız
yağı yox olsa,
Həsrətimiz sal qayaya
çaxılsa,
Elim, obam Zəngilana yol sala,
Bayrağımız
Kirs dağında ucala.
Ömür ötür,
saç ağarır, gün keçir,
Xoş arzular qəlbimizi yurd
seçir,
El həsrətli ürəyimiz
qəm içir,
Elim, obam Qubadlıya yol sala,
Bayrağımız
Kirs dağında ucala.
Füzulimiz dərd əlindən
alına,
Cəbrayılda nur
ocağı qalana,
Qarabağda bir
"Vağzalı" çalına,
Elim, obam Laçınıma
yol sala,
Bayrağımız
Kirs dağında ucala.
Xankəndim də keçdi
yağı əlinə,
Göz yaşları
döndü bir qan selinə,
Dağ basdılar baldan
şirin dilinə,
Elim, obam Zəngəzura yol
sala,
Bayrağımız
Kirs dağında ucala.
Vətən qəmin car edəndə
cahana,
Xain düşmən kaş alışa, kaş yana,
Rauf, dönə fərəh
yaşın ümmana,
Elim, obam Şuşamıza
yol sala,
Bayrağımız
Kirs dağında ucala.
DÖZMƏK OLMAZ
Yağı oda qalanmasa,
Can sarayı talanmasa,
Torpağımız
alınmasa,
Alnı açıq gəzmək
olmaz,
Yurd dərdinə
dözmək olmaz.
Qılıncların
sıyırdılar,
Elimizdən ayırdılar,
Oldu bizə gen dünya dar,
Alnı açıq gəzmək
olmaz,
Yurd dərdinə
dözmək olmaz.
Rauf, qeyrət biləyimiz,
Hava, sutək gərəyimiz,
Vətən vuran ürəyimiz,
Vətəndən əl
üzmək olmaz,
Yurd dərdinə
dözmək olmaz.
QOVUŞARAM TORPAĞINA
Atam İlyas Qəmginə
həsr etdiyim bu şeiri bütün ataların xatirəsinə
ünvanlayıram.
Yazdıqları bir yadigar,
Sinəsinə yağır
hey qar,
Buz bağlayıb soyuq məzar,
Gələrəm cənnət
bağına,
Qovuşaram
torpağına.
Məlahətli
gülüşüylə,
Asta, toxtaq yerişiylə,
Sevinərdim gəlişiylə,
Qalxıb o hicran
dağına,
Qovuşaram
torpağına.
Əzablı təmiz
keçmişi,
Səbirlə
görürdü işi,
Dünyanın acı gərdişi,
Çəkdi İlyası
bağrına,
Qovuşaram
torpağına.
İnşallah, torpaq
alınar,
Qələbə
marşı çalınar,
Xoş gün səninlə
anınar,
Çat Həkəri
yatağına,
Qovuşaram
torpağına.
Sən heç kimə
baş əymədin,
Özgə qapılar
döymədin,
Özünü heç vaxt
öymədin,
Körpü tikən o
çağına,
Qovuşaram
torpağına.
Dərdə dözmədin,
ay ana,
Dərd əlindən doydun cana,
Rauf qalıb yana-yana,
Yetərsənmi imdadına,
Qovuşaram
torpağına.
ANA DİLİM ŞİRİNDİ
Atamın
ayrılığına heç altı ayda dözməyən
anam Sərəncamın xatirəsinə həsr etdiyim təcnislə
qəlbimi soyutmaq istədim.
Qərib oldum öz elimdə
anasız,
Bu həyatın nə dəyəri
anasız,
İstəmərəm olsun
kimsə anasız,
Anaları
sağlığında anasız.
Dədlərimə gecə-gündüz
oyanan,
Fikrimdən alışıb
köztək o yanan,
Niyə məni qoyub getin,
oyan, an,
Səndən ayrı dözə
bilməm, oy, Ana!
Laylay deyən ana dilim
şirindi,
Fərhad deyil, dağı
çapan Şirindi,
Anam süzən
çayım mənə şirindi,
Ana görsə,
muma dönər şir indi.
Oynama gəl o dəhşətli
od ilə,
Bal-şəkər qat məlahətli
o dilə,
Qurban olum laylay deyən o dilə,
Allahımdan səbir,
xoşgünlər dilə.
Rauf, bil ki, ömür
keçdi yarıdan,
Səhvin duyan geri dönər
yarıdan,
Fərsiz oğul olmur
heç də yarıdan,
Ayılaydım
bu yuxudan yarıdan.
Rauf İLYASOĞLU
Təzadlar.- 2010.- 13 may.- S.15.