İnsan dünyaya ovcu sıxılmış halda gəlir

 

Zamanın ələyində ələnmişəm, çox sınaqlardan çıxmışam. Elə çağlarım olub ki, həftələrlə üzüm gülməyib, dilim söz tutmayıb. Taqətim kəsilib, nəfəsim tıncıxıb. Varlığıma titrətmə, üşütmə düşüb. Amma gözlərim görüb, dil açıb danışmaq istəyib. Mərhəm, halıma yanan dostlarımı axtarıb. Onlardan biri də hazırda ömrünün ixtiyar, nurlu-kəlamlı dövrünü yaşayan, Azərbaycanımızda tanınan, urvatı uca tutulan Səfər Süleyman oğlu Bayramovdur. Qisməti onu da dözülməz sınaqlara çəkib. Atası erkən, uşaqlıq çağlarında dünyasını dəyişib. Gözünün biri gülübsə, digəri ağlayıb. Çiyninə kitab çantası əvəzinə ot, odun şələsi alıb. Lakin məğrur, qürurlu, əyilməz, dönməz xarakterli olub. Başının altına balış yox, kitabxanadan, həmyaşıdlarından aldığı kitabları qoyub. Onları öpüb, sığallayıb, özü görmədiyi qayğını həmin kitablara göstərib. Çünki son ümidi, pənahı həmin dərs vəsaitləri, bədii ədəbiyyat nümunələri idi.

S.Bayramov Füzuli rayonunun Merdinli obasında dünyaya göz açıb. Uşaqlığı çətin, qanlı-qadalı illərə düşüb. Ərk etmək, demək-gülmək bəxtində olmayıb. Dəcəllik, şıltaqlıq etmək əvəzinə, İkinci Dünya müharibəsi döyüşlərində həlak olanların doğmaları ilə birgə ağlayıb, eyni açılmayıb. Kəndlərində ahıl bir qadından eşitdiyi "Oğul, səni ərgən yaşında ölmək üçün yox, xoşbəxt görmək üçün dünyaya gətirmişdim" sözlərin xatırlayanda o, indi də kövrəlir, ağlayır. Doğru deyiblər, müharibə dəhşətdir!

Orta məktəbi yüksək qiymətlərlə bitirən ili hazırkı Azərbaycan Dövlət Universitetinə imtahan zamanı müəllimlər onun bilgisindən, suallara ətraflı cavab verməsindən fərəhləndilər, gələcək tələbələrinin uğurlarından qürur hissi keçirdilər. Bax, beləcə, aylar, illər ötüb-keçdi, o, universitetdə - filologiya fakültəsində sayılıb-seçilən tələbə kimi tanındı. Unudulmaz şəxsiyyət, dövrün ən sevilən pedaqoqu Mir Cəlal Paşayev kitablarını ona bağışlardı. Görkəmli yazıçı, alim, professor Qulu Xəlilov "Yaşamaq istəyirəm" kitabına "Xatirini əziz tutduğum, gələcəyinə inandığım tələbəm Səfər Bayramova müəllifdən hədiyyə" sözlərini yazıb, hədiyyə etdi. O, eyni zamanda tələbə yoldaşlarının iftixarı kimi tanınırdı. Vaxtını kitabxanalarda keçirərdi. Sanki çətin keçən uşaqlıq, yeniyetməlik illərin acığına oxuyar, qeydlər edər, xatirələrini yazardı. Bu yazı üzərində işləyərkən həmin qeydlərə baxdım, heyrətləndim, həm də gələcəyə inam, ümid bəsləyən gəncin işıqlı təfəkküründən mənəvi zövq aldım: İnsan qəribə məxluqdur. Dünyaya ovcu sıxılmış halda gəlir, sanki demək istəyir ki, baxın, bütün dünya mənimdir - ovcumun içindədir. Elə ki, ömrünü başa vurur, işıqlı dünya ilə vidalaşanda əlləri açıq qalır. Sanki bildirir: baxın, özümlə axirət dünyama heç nə aparmıram. Yaxşım da, pisim də elə bu dünyada qalırE İnsanlar arasında qarşılıqlı məhəbbət, hörmət - insan həyatının unudulmaz yadigarlarıdır. Mənim aləmimdə əsil adam özünün mənfi-müsbət keyfiyyətlərini ətrafındakılardan yaxşı görür, duyur və nəticə çıxarır. Milli ədəbiyyatımızın nümunələri - istər klassik olsun, istərsə də müasir, mənim üçün Allah vergisidir - cənnətdir, saflıqdır, sadiqlik, sədaqətlikdir. Füzulini oxuyanda - Məcnun olmaq istəyirəm. Xəqanini oxuyanda - doğma el-obama qayıdıram. Nəsiminin yaradıcılığından mənəvi zövq alıram. üzeyir byin əsərlərini dinləyəndə azərbaycanlı olmağımdan qürur hissi keçirirəm. Səməd Vurğunun lirikası, bənzərsiz misraları elə bil mənə qanad verir, doğma diyarımın əlvanlığını, füsunkarlığını görməyə, tanış olmağa, daha artıq sevməyə uçuram. Müqəddəs ruhu şad, əbədi ünvanı behiştlik olsun Vurğunun, necə gözəl yazıb, ayna tutub tale qismətinə, həyat reallığına:

 

 

Həyat dediyimiz o gözəl məna,

Tale dediyimiz müqəddəs dünya

Yaranır insanın arzularından,

Hər təmiz vicdanın ilk baharından.

 

Ömrüm boyu bu fikir yaddaşımdan silinməyəcək: "Həyat bizi kart kimi qarışdırır. Yalnız təsadüfən öz yerimizə düşürük". Mənim ən böyük arzum olmaq idi. Eşitmədiklərimi şagirdlərə danışmaq, təhsilimizin daha da inkişafı barədə onlara qayğı göstərmək istəyirdim. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin fikridir: "Əgər məndən soruşsalar ki, ən şərəfli sənət hansıdır, mən o zaman iftixarla, var gücümlə belə deyərdim: müəllimlik!" Elə bilirəm ki, mən də istəyimə çatmışam, arzuma qovuşmuşam. And içirəm, söz verirəm - müəllimlik şərəfini ömrümün sonuna kimi uca tutacağam.

Səfər müəllimi tanıdığım, bir-birimizin şadlığına şərik çıxdığımız gündən özümü həm şagird, həm tələbə, həm də həmkar hesab etmişəm, edirəm də. Hətta bəzən şübhələnmişəm, heyrətlənmişəm ki, o, milli ədəbiyyatımızın, bütövlükdə dünya klassikləri haqqında bu qədər informasiyaya necə nail olub? M.Qorkinin, Dostoyevskinin, Qoqolun, ümumiyyətlə, neçə-neçə ədiblərin əsərləri haqqında tam, dolğun məlumata malikdir. Ondan Belinskinin bu fikrini nə vaxt eşitmişəm, yadımda deyil: "Zəmanə məni məcbur etdi it kimi hürəm, vəhşi kimi ulayam". Amma həyat həqiqətini təsvir, tərənnüm edən müəllim fikri, düşüncəsi heç yadımdan çıxmır. Səfər müəllim həmin deyimi ona görə yaddaşında saxlayıb ki, zaman-zaman Azərbaycanımızın başına min bir bəlalar gəlib. Millətimizi işgəncələrə məruz qoyublar. Soy-kökümüzü kəsməyə çalışıblar. Lakin qeyrət, hünər, azərbaycançılıq zəfər çalıb. öləziyən inamlar, ümidlər yenidən dirçəlib, inkişaf, tərəqqi tapıb. Onun bu sözləri də yaddaşıma həkk olub: "Hər bir azərbaycanlı vaxt-bivaxt fəxr etməlidir ki, millətimizin söz-sənət dahilərini, korifeylərini dünya - dinindən, dilindən asılı olmayaraq millətlər, insanlar tanıyır. Azərbaycanımızın adı tarixə həm odlar yurdu, həm də dahi şəxsiyyətlərin vətəni kimi yazılıb. Bütün bunlar barədə şagirdlərə geniş, ətraflı məlumat vermək, onların gələcək həyat yolları üstünə işıq salmaq, arzuların ideallaşmasına xidmət etmək deməkdir".

S.Bayramov ömrünün bu çağında müəllim qarşısında yenə imtahan verməyə hazırdır. Çünki sevib-seçdiyi ixtisası, fənni, milli ədəbiyyatımızın dünənini, bu gününü əladan əla bilir. Onun üçün Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Mikayıl Müşfiq, Hüseyn Cavid, Səməd Vurğun hələ də yaşayır. Onların hər birinin adı, səsi eşidiləndə ehtiram əlaməti olaraq ayaq üstə durur, astadan pıçıldayır: "Siz - millətimizə şərəf gətirən yaradıcı şəxsiyyətlər - bu günümüzdə, arzuladığınız, yana-yana təsvir-tərənnüm etdiyiniz müstəqil Azərbaycanın hər bir vətəndaşının yaddaşında yaşayırsınız".

Uzun illər xalqımızın dünənini, bu gününü, sabahını təsvir, tərənnüm edən yazılarımla, televiziya verilişlərimlə bu mövqeyə, Səfər müəllimin ideyalarına münasibətimi bildirmişəm. Etiraf edirəm: onun ürəyindən keçən niyyətləri Qulu Xəlilovdan, Əli Fəhmidən, onların təlim-tərbiyə verdiyi dostumdan eşitmişəm. Səfər alicənab, işıqlı təfəkkür sahibi olmaqla yanaşı, həm də dünənini yaddaşında yaşadıb, sabahlara ümidlə, inamla baxan pedaqoq, şəxsiyyətdir. Təxminən 50 ildir ki, müəllim işləyir. Milli dəyərimiz sayılan ədəbiyyatdan minlərlə şagirdə dərs deyib. ömrü boyu təmənna ummayıb. Şagirdləri arzularına yetişəndə elə onlar qədər sevinib, əməyinin hədər getməməsindən qürur hissi keçirib. Bu baxımdan tarixi şəxsiyyət Həsən bəy Zərdabinin fikrini ümumiləşmiş formada yaddaşımda saxlayıram: müəllimlik gündüzlər Günəşə, gecələr Aya bənzəyir.

Səfər Süleyman oğlu barədə heç kimdən, heç vədə giley, inciklik, küskünlük eşitməmişəm. Alicənablığı ilə özünə şərəf, şöhrət qazanıb. İllərlə çalışdığı, bilgisini təlim, tədris etdiyi məktəbdə hamı, hər kəs ona etiqad, hörmət bəsləyir. Ona görə ki, o, həmkarlarının xatirini əziz tutur, dərs dediyi şagirdlərin önündə mövzuya uyğun şam kimi yanır, əriyir - həm işıq saçır, həm də xoş xatirə qoyur. O, qırx ildən artıqdır ki, kimya-biologiya təmayüllü (hazırda liseydir) respublika internat məktəbində sevib-seçdiyi fənndən - ədəbiyyatdan dərs deyir. Bu müddət ərzində onun yüzlərlə təlim verdiyi şagird elmi müdafiələr ediblər. Dünyanın neçə-neçə ölkəsində işləyiblər, şöhrət zirvəsinə ucalıblar. O bu və ya digər xoş, ürəkaçan xəbərlərdən soraq tutanda özü etiraf etdiyi kimi, quş olub uçmaq istəyir. Niyə? Ona görə ki, onların hər birinin yüksək səviyyədə təhsil almalarına can yandırıb, var gücü ilə çalışıb. Vaxtilə dərs dediyi məzunlardan aldığı məktubları tutiyə kimi öpür, sinəsi üstünə qoyub, "oxxay" - deyir. Axı bağban zəhmətinin bəhrəsi, müəllim isə verdiyi təhsilin nəticəsi ilə fərəhlənər, qürur hissi keçirər. Belə bir amal hər müəllimə şərəf, şöhrət gətirib, gətirir də!..

Səfər müəllimin ürəyi xoşbəxtliyimiz, səadətimiz naminə döyünsə də 18 ildir ki, əvvəlki gülərüzlüyünə, deyib-gülməyinə həsrət qalıb. Çünki doğma el-obasının intizarı bütün məcburi köçkünlər kimi onun da taqətini kəsib, baxışlarını, təbəssümünü dondurub. Həmişə də pıçıldayır: "Füzuli qürbətdən vətənə boylanır, mən də burdan-bura el-obamın üzünə tamarzı qalmışam. Aman, aman vətən ayrılığı.

-Ömrümün gənclik çağlarında oxuduğum bədii ədəbiyyatların birindən bu fikirlər yaddaşımda qalıb: insanın gənclik çağlarında məhəbbəti coşğun olur. Amma yaşa dolduqca tədricən zəifləyir. Çünki gənclikdə bədən sevir, arzulara hakimlik, hökmranlıq edir. Sonralar bu güc zəifləyəndə, qan damarlarda könülsüz dövran edəndə, bədən heydən düşəndə qəlb sevməyə başlayır. O, daha dərin, fövqəlbəşər şəkildə sevir... Səfər müəllim də yaşa dolub, ömrünün ixtiyar çağını yaşayır. Lakin həmişəki kimi yenə də tez-tez deyir: "Müəllim aynadır, şagird ona baxıb özünü düzəldir və ondan öyrənməyə çalışır. Xoşbəxt o müəllimdir ki, əvvəldən axıra kimi örnək, nümunə olsun". İnamla, əminliklə fikrimi bildirirəm: Səfər müəllim də örnəkdir, nümunə göstəriləsi pedaqoqdur.

Səfər Bayramov nümunəvi ailə başçısıdır. Üç övlad atasıdır. İndi də nəvələri onun qayğısına qalır, əlindən tutub gəzintilərə aparır. İşıqlı təfəkkür sahibi kimi deyir: "Dövlətdə dəvə, övladda nəvə". Dostum, dərs dediyin şagirdlərin əzizi, doğması Səfər müəllim, siz görkəmli pedaqoq kimi tanınırsınız, müqəddəs xislətli şəxsiyyət təki sevilir, qarşılanırsınız. Alın yazınızı, qismət payınızı yaşayırsınız. Sevinciniz, iftixarınız daha artıq olsun. Siz, Səfər müəllim, müqəddəs adamsınız. Özünüzlə nə isə aparmağa yox, bu dünyada xoş xatirə qoymağa gəlmisiniz. İstəyinizə də çatmısınız

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2010.- 15 may.- S.15.