Quduz səslər
Hekayə
Dəhlizə açılan qapıdan sol tərəfdə öz otağı ilə üzbəüz qoyulmuş kiçik stolun arxasında oturub mürgü vururdu. Səhərdən ayağının sızıltısı kələyini kəsmişdi. Köhnə dəmir çarpayıda uzanan kimi ara vermədən zoqquldayır, ağrı əzalarına yayılaraq beynini sarırdı. Naəlac qalıb stulda çimir edirdi. Təki onu zinhara gətirən, əsəblərini korşaldan sızıltıqarışıq gizilti olmayaydı. Axır vaxtlar ağrı şiddətləndikcə onun əziyyətinə dözmək, tab gətirmək çətinləşirdi; dəhşətdən ağzı açıla qalırdı. Onda yazıqcasına ölümünü gözləyirdi. Hər şeydən əlini üzəndən sonra qıvrılaraq bədənini, başını divara çırpır, qəliz sözlər işlədərək kiminsə qarasına söyürdü. Hərdənbir də intihar etmək fıkrinə düşürdü...
Axırıncı
dəfə bir ay qabaq xəstəxanadan çıxmışdı.
Tək adam üçün evdə ayaqlarını uzadaraq
müxtəlif dərmanları sürtüb-ovxalamaqdansa,
hövsələsini basıb həkim müalicəsini tam
keçmək sərfəli idi. Bu, həm də onu qəfil
ölməkdən xilas edərdi.
Ancaq xəstəxana həyatına
dözə bilmədi, cürbəcür dərmanların iyi,
tam sərbəstliyin olmaması onu usandırdı. üstəlik,
deyingənliyi, yersiz dava-dalaşı hamını boğaza
yığmışdı. üst-üstə on altı il məhkumluq
həyatı yaşamış qoca qalan ömrünün
axır günlərini yataqxanada keçirirdi: buna da min
şükür. Altı ay əvvəl müddətini başa
vurandan sonra yataqxananın birinci mərtəbəsində
kiçik bir otağa sığınmışdı.
Axır vaxlar kəşf eləmişdi ki, qışqırdıqca, lazımlı-lazımsız ətrafdakıları sancdıqca öz ağrılarını unudur, əhvalı da yaxşılaşırdı. Belə hallarda nə etdiyinin, hansı səbəbdən etdiyinin fərqinə varmırdı. Ancaq gün ərzində yata bilirdisə, ayılandan sonra baş verənlər onda özünə qarşı ikrah hissi, pərtlik doğururdu. İndiki kimi tənha olduğu hallarda isə əngi ağrıyana kimi donquldanırdı. Keçmişini hərdənbir xatırlayanda, nədənsə, ancaq tutduğu pis əməllərini, xəbis hərəkətlərini daha çox çək-çevir edirdi. Hər dəfə də məhz bu və ya digər əməllərinə görə Allahın qəzəbinə tuş gəldiyi qənaətinə gəlirdi.
İndi o, stolun üstünə
uzatdığı damarları çıxmış, əprimiş
əllərini tənbəl-tənbəl havada yellədir, bədəninin
açıq yerlərini sancan milçəkləri qovurdu. Arabir
də çiyninə atdığı yaş dəsmalla
boyun-boğazının tərini silir, dişsiz
ağzını əcayib şəkildə
marçıldadırdı.
Kimsə ona demişdi ki, yaxın qonşu rayonda məşhur türkəçarə həkim var, özünü göstərsin, mütləq xeyir tapar; amma di gəl, qoca qarının bu gen dünyada kimi vardı ki, qabağa düşsün, halına yansın. Bu dünyada yaxınlarından bircə keçmiş ərini xatırlayırdı, ondan da uzun müddətdi ki xəbər yox idi.
***
Bu gün yataqxanada sakitlik
idi. Bazar günü olduğundan uzaq rayondan gəlib tikintidə
işləyənlər getmişdilər. Birinci mərtəbədə
yuxulu Kərimdən başqa kimsə yox idi. İkinci mərtəbədə
isə əsasən ailəlilər olurdu. Onların
çığır-bağırını eşitməkdən
usanmışdı. Bütün günü müxtəlif
ağızlar oxşar sözləri bezikmədən çeynəyirdi:
- Ramilə, Samirə! Ay Ramilə,
ay Samirə, ay qırılmışlar hardasınız?!
- Sevil, ay Sevil huyyy, köpəyin
qızı, öldürəjəm səni, görərsən...
- Məntiq, ay Məntiq, it
balası, evə gəl...
***
O, evdə oturub ancaq ev
işləri ilə məşğul olan qadınlara həsəd
aparmazdı. Bekarçılıqdan, işsizlikdən tənbəlləşən,
vecsiz qışqırıqları ilə baş aparan
qonşu qadınlar bir-birinə bənd imişlər kimi eyni
vaxtlarda səslənirdilər. Bu vaxtı qulaqlarına
pambıq tıxayır, rahatlıqla söylənirdi:
- Allah, özün kəs
bunların səsini!.. Mən bilirəm, arvadların
harınnamışı yava olur, onları gərək elə
işlədəsən ki, götürüm düşsünlər,
onda anlayarlar uşaq nədi, indidən söyüşə
öyrətmək nədi...
Əslində onun
uşağı olmamışdı, bu səbəbdən məsləhət
verirmiş kimi söylənməsi özünə də təəccüblü
gəlirdi. Hər halda, onun nə uşaqları, nə də
analarını görməyə gözü vardı.
Kişilərinin qarasına həmişə eyni sözləri
söylərdi:
- Onlara kişi deyənin
ağzı əyilər!
Onun özü də deyingən
idi, ətrafda olan qonşular buna görə ondan aralı gəzirdi,
hal-əhval tutmurdular, əyərini-əskiyini soruşmurdular.
Görürdün,
yataqxananın komendantı tüklü əllərini ensiz,
azca irəli çıxan qarnının üstündə
çarpazlayıb əsdirərək, salamsız-kalamsız
giriş qapısında peyda olurdu, birbaşa öz
otağına keçirdi, arxasınca qapını zərblə
çırpırdı. çox zaman üzü tüklü
olardı, əzgin görkəmi vardı, deyilənə
görə, bir il öncə zavoda yeni təyin edilmiş
direktorun arvad qohumu idi; iki qaşının arasındakı
iri xalı olan komendant ona, nədənsə, yekə quru
qurbağasını xatırladırdı. Elə bil həyatda
hər şeydən bezmişdi, uzaqlara dikilən küt nəzərləri
heç nə ifadə eləmirdi. Onun nə vaxtsa
güldüyünü, hətta gülümsədiyini
görməmişdi.
Məhbəsdən
çıxandan bir ay sonra yataqxanaya xadiməliyə düzəlmişdi,
işi də əsasən birinci mərtəbəyə baxmaq
idi, o bu mərtəbənin
yır-yığışını edirdi.
***
Vızıltıyla burnuna
soxulan milçək onu diksindirdi; burnunun içi
qıcıqlandı, gözləri yaşardı. Yan-yörəsində
uçuşan milçəklərə baxaraq əsəbiliklə
ucadan donquldandı. Sonra hər iki əllərini stolun
üstünə uzadıb bu həyasız həşəratların
qonmasını gözlədi. Qəribə hərisliklə
göstərmək istəyirdi ki, qocalsa da, öz
hayıfını almağa qadirdir. Amma nə qədər əlləşdisə,
axır vaxtlar içəridə çoxalan milçəklərdən
ovcuna sala bilmədi. Xatırladı ki, komendant bu işi məharətlə
görürdü: sağ əlinin kəskin hərəkətiylə
milçəyi ovcuna salırdı, sonra bir müddət ovcunu
yekə qulağına yaxınlaşdırıb nəyisə
dinləyirdi. Bu zaman onun alt dodağı sallanır, uzun burnu
ağzına tərəf əyilirdi. Sonra milçəyi
ovcundan iki barmağının arasına salıb
sıxırdı. Canı çıxmış həşərat
şəhadət barmağına yapışıb
qalırdı və o, ölü milçək yerə
düşənədək tələsmədən həmin əlini
endirib-qaldırırdı.
Komendantın dərisində
yapışıb qalan ağ zılıq gözləri
önünə gələndə çimçəşdi...
***
Ayağa durdu, axsaya-axsaya birinci
mərtəbənin ümumi mətbəxinə keçdi, əllərini
sabunladı, sərinləmək üçün
üz-gözünü, boyun-boğazını yudu. Dəhlizin
axırına qədər gedib, yuxulu Kərimin
otağının qarşısında dayandı. Yataqxanada
olanda ancaq yatmaqla gününü keçirən Kərim
musiqi məktəbində dərs deyirdi, tez-tez el şənliklərinə
də gedirdi. Azca aralı qapını açıb içəri
girdi. Kərim paltarlı yatmışdı, dünən toydan
gec gədiyindən yəqin yorulmuşdu. Şabalıdı rəngli
saçları dar alnına tökülmüşdü;
çirkli köynəyindən, eyni rəngdə çirklənmiş
qalstukundan, corablarından kəsif pis qoxu adamı vururdu. Əyilib
pırtlaşıq saçlarının dibinə baxmaqdan
özünü saxlaya bilmədi: şabalıdı uzun
saçların dibi ağappaq idi; yuxulu Kərimin yuxulu sifətinə
qusmaqdan özünü güclə saxladı: o,
ağarmış saçlarını gizlətmək
üçün nədənsə, saçına rəng
qoyurdu.
Yuxulu Kərim az
danışan adam idi, ancaq təsirlənəndə yaddaqalan
bir hadisə danışıb otağına çəkilirdi.
Bir yerdə çox qərar
tuta bilmirdi, öz otağına qayıtdı, son vaxtlar
otağı kimsəsiz qoymurdu. Pərdəni çəkdi, pəncərənin
bir tayını açdı, havadan qəribə qoxu burnuna
vurdu. Ona elə gəldi ki, bu iy yuxulu Kərimdən gələn
iydən tamam fərqli iydir. Odur ki, tez də pəncərəni
bağladı, pərdəni yerinə qaytardı.
Onun otağı günortaya
qədər sərin olurdu, günortadan sonra gün qüruba əyiləndə
payızın əvvəli olmasına baxmayaraq, içəri
bürkü olurdu. Dəmir çarpayıya uzandı; lənət
şeytana, deyəsən, ağrı da azalmışdı. Əzablı-əziyyətli
mənasız ömrünün illərini, Allah bilir neçənci
kərə xatırlamağa çalışdı ki,
heç olmasa bir-iki saat yuxulaya bilsin. Son günlər xatirinə
keçmiş əri düşürdü, bunun da səbəbi
o idi ki, əgər dedikləri düz çıxsa idi, əri
artıq bu dünyada olmamalıydı. Keçmiş əri
düz bir həftə əvvəl gözləmədiyi bir
gündə yataqxanada peyda olmuşdu. Heç soruşmağa
da həvəs göstərməmişdi ki, nə əcəb
ondan və necə oldu ki, hayı getmiş qoca onun yerini-yurdunu
tapa bilib. Gəlibdisə, deməli, ortada nəsə var, yoxsa
məhbusluq həyatı yaşayan zaman son beş ili bir kimsə
ona dəyməmişdi, o cümlədən keçmiş əri
də. Əslində onun hesabıynan əri sağ olmamalı
idi, amma Əzrayıl onun hesabıynan otur-dur etmirdi axı... Əslində
ərini ona xatırladacaq bir şey qalmamışdı. Ərə
gedəndə ömür artıq yarıdan keçmişdi;
birinci arvadı dünyasını dəyişən əri
ondan iyirmi yaş böyük idi. Ərinin birinci nikahından
iki qız qalmışdı. Böyük qız ərə
gedəndən sonra tezliklə ikinci də nişanladı. Amma
o, nişandan sonra onun bəlası gəldi, toyuna bir ay
qalmış qızlığı müəmmalı şəkildə
dünyaya bir uşaq gətirdi. Onda əri qonşu rayona
mövsümi işə getmişdi. O zaman bərk
qorxmuşdu, səhərəcən yeni
doğulmıış körpə ilə nə edəcəyini
fıkirləşmişdi; qızlığı qeybə
çəkilmişdi, nəhayətdə sübh
çağı körpəni boğaraq ayaqyoluna
atmışdı.
Ondan sonra da uzun məhbusluq həyatı
başlamışdı, əvvəl-əvvəl tez-tez
qardaşı yanına gəlirdi, sonra onun da ayağı kəsildi;
deyirdilər bu dərdə tablaşmayaraq dünyasını
dəyişmişdi. Əri isə məhkəməyə qədər
gəlib-getdi, axırıncı dəfə isə beş i1
bundan əvvəl görünmüşdü.
Məhbəsdən
çıxandan sonra dədə-baba yurduna qayıtmaq istəməmişdi,
əyalət şəhərinə üz tutmuşdu. Şəhər
cavan idi, heç kəs də onu tanımırdı. Deməli,
sorğu-sual da az olacaqdı.
Məhbusluq həyatını
boş keçirməmişdi, dinlə məşğul
olmuşdu, "Qurani-Kərim"i öyrənmişdi. Allahla
öz arasında rabitə qurmuşdu; namaz qılırdı,
dini ayinləri yerinə yetirirdi. Dərk elədiyi bir şey
vardı ki, ən böyük cəza Allah dərgahında
olacaqdır, o zaman lap tənha anlarında göz
yaşları axıdıb böyük yaradandan
bağışlanmasını istəyirdi. Çox əzablardan
keçmişdi, amma son körpü çətin, köməksiz
idi.
O, tutulandan sonra əri
üçüncü dəfə evlənmişdi, hər
halda, özü belə deyirdi. Amma arvadı bir neçə
il əvvəl evdən çıxıb getmişdi, vəlvələdən
və ya zəlzələdən... Heç səbəbinin də
fərqində olmamışdı: əri öz taleyini
özü bildiyi kimi qurmağa cəhd eləmişdi, indi
alınmamışdı, bu da alın yazısı idi...
"Gəldim, qarı, son nəfəsdə
sənə dəyim, mənim qeyrətli..." Dediklərini
güclə ayırd etmək olurdu. Ərinin əlləri-ayaqları
əsirdi, danışmağa heyi qalmamışdı.
Büsbütün arıqlamışdı, gözləri
çuxura düşmüşdü, üzünü tük
basmışdı; tanınası halı
qalmamışdı. Bilmirdi nə desin, nə
danışsın, hardan başlasın, ona görə susurdu.
Ərinin son dayanacağının ölüm olduğu şəksiz
idi.
"İndi mən də sənin
kimi tənhayam... Allaha şükür,
görüşdük, daha rahat ölə bilərəm..."
- o hıqqana-hıqqana davam eləmişdi. Onun nəzərində
əri kiçik qızı o pis işi tutanda
ölmüşdü. Əgər o şərəfsizliyi qəbul
edə bilməyib, bir neçə saatlıq körpənin
günahına batmışdısa, ərinin məsuliyyət
yükü daha ağır olmalı idi. çətin olsa da,
elə belə də dedi, o zaman deməyə vaxtı
olmamışdı.
"Sən o iş baş
tutanda ölməli idin, yaşamaqla əzaba batdın,
hansı yaxşıdır: günah, yoxsa ömrün boyu əzab
çəkmək, ayırd edə bilmədin, kaftar..."
"Düzdür, qarı, o
biabırçılıqdan sonra qızım arvad oldu, əri
də kişi, indi də bir yerdə yaşayırlar,
uşaqları..." İlahi, o nə əttökən
şeylər eşidirdi. Sağlam düşüncə deyir
ki, bu bəşərin binayi-qədimdən ləyaqəti
olmayıb. Onun günahı nəydi ki, bəxti-taleyi
qarğanmışdı, üst-üstə on altı il məhbusluq
həyatı yaşamışdı, tamam
sağlamlığını itirmişdi, pis-yaxşı bir
nişanəsi də qalmamışdı. Bəlkə də
Allah özü onu belə kişinin axıradək arvadı
olmaqdan xilas etmişdi. Demək çətindi.
"Nahaq gəlibsən, qoca
qarğa, indi mənim elə bir sağlamlığım da
qalmayıb ki, səninlə dərd bölüşüm... Yaradan
mənə qarşı çox amansız oldu, amma ölmədim,
quru nəfəsdir gedir-gəlir, məni arxaya baxmağa vadar
etmə..."
"Səni çox narahat
etmərəm, mən bu dünyada bir-iki günün
qonağıyam. Gəlməyimin səbəbi əmanətindir,
götür bunları, əl vurmamışam, qədərini
özün yaxşı bilirsən..." İşə bax
ha, tamam unutmuşdu, subay vaxtı sovxozda işlədiyi illər
uzunu yığdığı halal pullar qalırdı. Ondan nə
əcəb, bu illəri xərcləməyib,
düşünmək ki, "ehtiyacı olmayıb" bu da
inanılası deyildi.
Məhbəsdə dərk
etmişdi ki, kim nə deyir desin, pul ilahi bir şeydir. Bu pullar
vaxtında onun həyatında çox şeyi dəyişə
bilərdi, indi isə qoca vaxtında bilindisə düşmən
artıracaqdı...
"Açığı,
vaxtında bu pullara çox ehtiyacım olub, onda bəlkə də
nəsə eləmək olardı, amma indi taleyimi dəyişmək
gücündə ola bilməz ki... Mən artıq
böyük yaradanın yazdığı amansız bəxtimlə
barışıb, canımın rahat çıxmasmı
gözləyirəm". Nəsə demək lazım idi, amma
yaşamağa olduğu kimi, danışmağa da həvəsi
qalmamışdı. İndi arzuladığı ən
böyük şey ağrısız-acısız ölmək
idi. O da, qismət olacaqsa...
"İstəsək də,
istəməsək də, biz o dünyada görüşəcəyik,
sağkən görüşməyimiz mənə rahatlıq
gətirdi, səni bilmirəm... çox işlər oldu,
çox günaha batdıq, mən həmişə Allahdan sənin
bağışlanmağını istəmişəm,
inanırsan?.. Niyə işlər belə oldu, niyə həyatımıza
dərd üstündən dərd gəldi?.. Sənə deyim
ki, mənim yaşamağa həvəsim lap çoxdan
ölüb, mənasız bir ömür yaşadıq, bax belə...
Mən gedim, hiss edirəm Tanrıdan mənə ayrılan vaxt
bitmək üzrədir, özümü evə
çatdırım..."
Hər ikisi həyatlarını
dəyişə bilmədilər: bunun üçün ya
güc, ya da ağıl lazım idi, onlarda isə hər ikisi
yox idi, bəlkə heç binayi-qədimdən
olmamışdı; əks halda, bu həyatda görüşməzdilər.
İndi xəriflərniş qoca o dünyanın
sorağını verirdi, bu dünyası tamam mənasını
itirmişdi...
Qəfıl
tapıldığı kimi tələm-tələsik də
çıxıb getdi. Qalsa idi, xatası da gözlənilirdi,
ərinin o dünyalıq olduğunu görmək
üçün dərin uzaqgörənlik lazım deyildi. Deyəsən,
yanına gəlib-getdiyi müddətdə kimsənin nəzərini
də cəlb eləməmişdi.
***
- Ay Kərim kişi, xəbərin
var ha, Marusya xala, iki gündür ölübmüş, bilən
olmayıb, iyi aləmi başına gotürüb xəbər
tutublar, bu gün basdırıblar. Yazıq arvad torpağa
düşsə də, iyi hələ havadan çəkilmə\yib,
- kimliyini bilmədiyi adam dəhlizdə son günlər
narahatçılığını keçirdiyi şeylərdən
danışırdı.
- Ağzıvı yaxala, nə
kişi, indi kişi var? Denən canı qurtardı, hər nə
cür ölübsə-ölümdür, - yuxulu Kərimin
xırıltılı səsi gəldi. - Bir az əvvəl
ayılmışam, amma yenə yatmağım gəlir, bunun
harası yaşamaq oldu. Bir azdan da toya
yığışırıq, yaxşı ki, bizimkilər
toybazdı, yoxsa biz də elə ölü kimi bir şeyik. Amma
canım haqqı o "kişi" sözünü elə
şirin dedin, yadıma bir misalı saldın: deyir, bir gün
hökmdar məmləkətə car çəkdirir: sabah hər
evin kişisi palçıq ayaqlamağa
çıxmalıdır. Elə olur ki, bir evdən kişi xəstə
olur, amma icraçılar məcbur edir ki, belə olanda əvəzinə
evin xanımı çıxmalıdır, hökm
hökmdür! Xanım da qoşulur kişilərə,
başlayır palçıq ayaqlamağa. Görür ki,
tumanın balağı ayaqlarına maneçilik edir, ətəyini
qaldırır. Bir az keçir uzaqdan hökmdar
görünür. Onu görən xanım dərhal
tumanının balağını aşağı salır, bu
hərəkəti hökmdarın diqqətindən
yayınmır. Yaxınlaşıb xanımın bu hərəkətinin
səbəbini soruşur. Xanım cavabında
"Gördüm irəlidən kişi gəlir, belə
etdim", - deyir. Hökmdar cavabında "Məgər sən
elə bayaqdan kişilərlə palçıq
ayaqlamırsan?" - soruşur. Xanımsa
"Hökmdarım, onlar kişi olsaydılar, palçıq
ayaqlamazdılar ki! Kişi sənsən!" - cavabını
verir.
- İndi düz deyirsən,
sən də kişi, mən də kişi, amma üzbəüz
binada kimsəsiz Marusya xala iki gündür
ölübmüş, xəbərimiz yoxdur, day bunun harası
kişi oldu.
Gedim bir az da uzanım,
axşam yenə toydayam. Heç bilmirəm, mən də bu
pulları kim üçün qazanıram...
Aliq Nağıoğlu
Təzadlar.- 2010.- 22 may.- S15.