Gəncə üsyanı...

 

(Gəncə üsyanının 90 illiyinə həsr olunur)

 

Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən bir diyardır, gözəl şəhərdir. Biz hamımız - harada yaşamağımızdan asılı olmayaraq, hər bir azərbaycanlı Gəncə ilə, onun qədim və zəngin, şanlı tarixi ilə fəxr etməlidir. Gəncənin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə görə gəncəlilər əbədi minnətdarlığa layiqdirlər.

Heydər Əliyev

Tarix millətin ona olan sevgisi boyda olur. Ona dəyər verməyəndə xalq özü dəyərsizləşir.

Bizim tarixçilərin, tətqiqatçıların işi çox ağırdır. Çünki nə zəngin arxivlər var, nə doğru-dürüst yazılı mənbələr qalıb, nə də bir çox dövrlərə aid ciddi araşdırmalar tapmaq mümkündür.

Tarixin olduğu kimi yazılmamasının ən başlıca səbəblərindən biri bəlkə də elə budur.

Gəncə üsyanı XX əsr Azərbaycan tarixinin yaralı səhifələrindən biridir. Zəfər və faciəmiz baş-başa verdiyi məqamlardandır. Orada bizim mübarizə əzmimiz, qürur və ləyaqətimiz, yadelli işğalçılara qarşı nifrətimiz qorunur.

Öz yerini, haqqını tanıyan, boyun əyməyə, tabe olmağa nifrət edən fərdlər və xalqlar tarixən üsyana qalxıb.

Üsyan böyük gücün qarşısına kiçik güclə çıxmaqdır. üsyançıların amalı - ölüm-qalım savaşı təkcə yaşadığı vaxtda deyil, gələcəyə hesablanır.

Gəncə üsyanı"nın mahiyyətində xalqın dar gündə birləşə bilmək nümunəsi də qabarıq görünür. Dövlət adamları, hərbçilər, sahibkarlar, qaçaqlar, ziyalılar, qadınlar, uşaqlar - hamı eyni səngərdədir.

Qarşı tərəfdə isə - quduz və yabançı işğalçılar, böyür-başında satqın və xəyanətkar, hiyləgər, milli olmayanlardır.

"Gəncə üsyanı" - 1920" kitabı mürəkkəb və ziddiyyətli hadisələri özündə əks etdrir. Ayrı-ayrı fərdlərin və üsyana rəhbərlik edən Cahangir bəyin xatirələri, Gəncə üsyanına qədərki və üsyandan sonrakı proseslər, nəsllərin ömür yolu, taleyi, əzabları spesifik bir üslubda nəql olunmuşdur. Rəsmi sənədlər də, fotomateriallar da öz sözünü deyir, üsyançıların sonrakı taleyi də hətta unudulmuşdur.

XI Qızıl ordunun müxtəlif illərdə Şərqi Avropada, Qazaxıstanda, Pribaltikada, Gürcüstanda, Bakıda, çeçenistanda törətdiyi cinayətlərin qanlı ləpirləri əsasən 1920-ci ildə Gəncədən başlamışdır.

Bu da tarixin bizə verdiyi bir dərsdir. Yaxşı öyrənməsək, zaman bizi imtahana çəkəcək. Belə imtahanlarda isə tapşırığa baxılmır.

Bu kitabı yazıb ərsəyə gətirən Xanlar Bayramov 17 il həyatının ən ümdə düşüncələrinin bir hissəsinə çevrilmiş yaşantılarını, ayrı-ayrı məqalələri, televiziya, radio verilişləri, müsahibələri toplayaraq kitab məcmuəsi halına gətirərək mənəvi rahatlıq tapmaq haqqını qazandı.

Gəncə üsyanının 90 illiyinə təqdim edilən bu kitab iki onilliyin süzgəcindən keçmiş fikirlərindən qaynaqlanan və müəllifin bu gün üçün bitirdiyi tarixi əsərdir.

Bu əsər Azərbaycanın tanınmış ictimai-siyasi xadimi Tofik Bağırovun əziz xatirəsinə həsr edilmişdir. Bu da bir tarixdir. Tarix barədə isə Tofik müəllim belə demişdi: "Tarix ən böyük müəllimdir. Onu dərk etmək lazımdır. Tarixi saxtalaşdırmaq olar, lakin o, gec-tez öz sözünü deyib ləkəsini təmizləyəcəkdir".

Müəllif xatirələrində deyir: "1992-ci ilin yayında İstanbula ilk səfərim ərəfəsində Gəncənin fəxri vətəndaşı, görkəmli ictimai-siyasi xadim Tofik Bağırovla görüşüb ondan bəzi məsləhətlər aldım. O, məndən ilk növbədə Gəncə üsyanının başçısı, polkovnik Cahangir bəy Kazımbəylinin 1920-ci ilin 4 iyunundan sonrakı taleyilə maraqlanmağı xahiş etdi: Mən:

- Tofik müəllim, axı Cahangir bəyin məlum hadisələrdən sonrakı taleyi barədə heç bir məlumat yoxdur, -deyə cavab verdim. O dedi:

- 1554-cü ilin sonunda Münhendən "Azadlıq" radiosunun Azərbaycanca yayımlanan verilişlərindən onun "Gəncə üsyanı" barədə xatirələrini öz dilindən eşitmişəm.

Tofik müəllimin dediyi bu fakt mənim üçün çox qiymətli idi.

İstanbulda Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanımla görüşüm zamanı Cahangir bəy barədə söhbət saldım. Ondan bu barədə məlumatı olub-olmadığını soruşdum. Zöhrə xanım bildirdi ki, onun oğlu Əlibəy sağdır və onların qonşuluğunda, "Taksim meydanı"nda yaşayır. Bunu eşidəndə elə bildim ki, bütün dünyanı mənə bağışladılar.

Ertəsi gün Gəncə üsyanının qəhrəmanı, Azərbaycan Milli Ordusunun alay komandiri polkovnik Cahangir bəy Kazımbəylinin böyük oğlu Əli bəyi soraqlayıb tapdım.

Bununla da polkovnikin 1920-ci il iyunun 4-dən sonrakı taleyi barədə müfəssəl məlumatları toplaya bildik.

İlk olaraq 1992-ci ildə "Xalq qəzeti"ndə Cahangir bəy barədə məqaləmi, 1993-cü ildə isə "Dünya" jurnalında bu üsyan barədə Cahangir bəyin xatirələrini dərc etmişdim".

Xanlar Bayramov İstanbula səfəri zamanı Gəncədə adı dillər əzbəri olmuş "Sarı Ələkbərin" qızı Brilyant xanımla da görüşmüşdür. Bu görüş də Xanlar müəllim üçün çox faydalı olmuş və üsyan barədə bir çox sənədləri tapıb götürmüşdür.

İstanbula səfərindən sonra etdiyi bütün cəhdlərə baxmayaraq, polkovnik Cahangir bəy Kazımbəylinin Gəncədə hansı binada yaşamasını dəqiqləşdirə bilməyən Xanlar müəllim Sarı Ələkbərin yaşadığı mərzili və bəzi qoşum-əqrabasını tapa bilir.

1992-ci ildə Sarı Ələkbərin vaxtilə yaşadığı binanın divarına xatirə lövhəsinin vurulmasına nail olunur, ancaq üsyan zamanı amansızcasına qətlə yetirilmiş 13 min günahsız soydaşımızın əziz xatirəsi isə bu günə qədər əbədiləşdirilməmişdir. Bu günədək hələ də o müqədəds ruhların qarşısında bizə düşən borcu qaytara bilməmişik.

Gəncə üsyanının tətqiqatçıları sırasında tarix elmləri doktoru Nəsib Nəsibzadə, Gəncənin fəxri vətəndaşı Tofik Bağırov, istedadlı yazıçımız Əhməd İsayev və Zakir Muradın adlarını xüsusi olaraq vurğulamaq lazımdır.

Hələ sovet höküməti dövründə böyük məclis və yığıncaqlarda Tofik müəllim saatlarla bu hadisələrdən çox böyük bir qürurla danışıb gəncəli olmağı ilə həmişə fəxr edərdi.

Ensiklopedik biliyə, dərin zəkaya malik olan görkəmli ziyalımız bu kitabın işıq üzü görməsini səbirsizliklə gözləyirdi. Heyif ki, ömür aman vermədi. 

Tofik müəllim 2001-ci ildə Azərbaycan istiqlalının 10 illiyi ilə bağlı "Bi-bi-si" radiosuna verdiyi müsahibədə deyirdi: "Biz bir qayda olaraq özümüzün cəsarətli addımlarımızı da heçə endiririk. Belə hərəkətlərimiz isə bizi ermənilər və başqa xalqlar qarşısında aciz kimi qələmə verir.  Guya Azərbaycan işğalçılara qarşı mübarizə aparmayıb. Guya Cavad xan, Hüseynqulu xan olmayıb, Gəncə üsyanı yaddan çıxıb. Qəhrəman qaçaqlarımız Dəli Alı, Qaçaq Məmmədqasım, Sarı Qafar, Ramazan oğulları barədə məlumatlar yoxdur. Əlbəttə, ənənə üzərində tərbiyə olunmayan xalq yadellilərə qarşı mübariz ola bilməz. Bu yolla heç zaman məqsədimizə çata bilmərik. Tarixdən ibrət dərsi götürməyənlərin məğlubiyyəti labüddür."

XX əsrin 90-cı illərində Gəncə üsyanı iştirakçılarından sağ qalanlar var idi. Bu üsyan barədə məlumatlara malik olan gəncə sakini Səfər İbrahimovun, görkəmli aktyorumuz Adil İsgəndərovun, 120 yaşlı Nadel kənd sakini Nəzir kişinin, bağbanlı Eyyub bəyin və başqalarının vasitəsilə xeyli memarial toplanmışdır. Məlum olmuşdur ki, elə bir yerli gəncəli ailəsi yoxdu ki, Gəncə üsyanı zamanı bir neçə şəhid verməsin.

Gəncə üsyanından sonra xalqımızın yaddaşına həkk olunan, hafizələrdə yaşanan ən qanlı-qadalı hadisələr bunlar idi:

- Bolşeviklərin üsyançılara və günahsız əhaliyə divan tutması, Gəncə üsyanı yatırılan zaman həbs olunmuş və şəhərin "İkinci hissə" deyilən ərazisində yaşayan ermənilərin zirzəmilərinə doldurulmuş zavallı insanların gecələr Libermanın və mazerist Sərkisin əlilə Quru qobuda və şəhərin kənarlarında kütləvi şəkildə güllələnməsi, üsyan zamanı leysan yağışların yağması, Gəncə və Quşqara çaylarının daşması, ermənilərin və bolşeviklərin əlindən canını qurtarmaq istəyən həyalı, ismətli qızların, gəlinlərin ələ keçməmək xatirinə özlərini dalğaların qoynuna atıb sulara qərq olması, gəncədəki arxlardan su yerinə qırmızı qan axması, gecə-gündüz şəhərin intensiv artilleriya atəşinə tutulması və bütün binaların dağıdılması, üsyandan əvvəl şəhərin general-qubernatoru Xudadat bəyin silahlı əsgərlərin müşayiətilə piyada dəmir yol vağzalına aparılması, onun xalqa müraciəti və s.

Gəncə tarixinin ciddi araşdırıcılarından olan hörmətli yazıçımız Əhməd İsayev 1920-ci ildə Gəncədə baş vermiş üsyanı tarixi baxımdan 4-cü "Gəncə üsyanı" adlandırır.

Əhməd müəllim "Gəncə və gəncəlilər" əsərində bu üsyanların başlanması və məğlub olması tarixlərini dəqiqləşdirməyə, məğlub olma səbəblərini araşdırmağa cəhd göstərək qeyd edir ki, bu şəhər Azərbaycanda daim işğallara qarşı müqavimət mərkəzi olmuş, əsarətə, köləliyə qarşı mübarizənin təşkilində mühüm rol oynamışdır.

1920-ci ildə Gəncə üsyanı barədə M.Əmin Rəsulzadənin "Cavad xanın Gəncəsi bu üsyanda zühur edib öz sözünü dedi" sözləri Əhməd İsayevin bu üsyan barədə dediyi fikirləri təsdiq edir.

Bu fikirlərə Sovet İttifaqı Qəhrəmanı, mərhum akademikimiz Ziya Bünyadov da şərik çıxır.

İstedadlı jurnalist Zakir Murad da Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətilə bağlı fikirlərində yazır: "Bu üsyan 1918-ci ilin mayında istiqlalını bəyan etmiş millətimizin bu istiqlalı boğmaq istəyənlərin niyyətinə qarşı öz qanı ilə yazdığı etiraz imzası idi. Tariximizdə həm ilk, həm də son söz Gəncəyə məxsus olub. Başlanğıcda Gəncə olduğu kimi, sonda da Gəncə olub".

Bəli, hərbi müdaxilə edən bolşeviklər Bakıdakı təntənəli qarşılanma mərasimindən sonra aldandılar. Onlar elə başa düşmüşdülər ki, Azərbaycanın hər yerində gül-çiçəklə qarşılanacaqlar. Elə bil ki, heç onların məğrur Cavad xanın "Düşmənlər yalnız meyitimin üstündən keçdikdən sonra Gəncəyə daxil ola bilərlər" xəbərdarlığından da xəbərsizmişlər.

Həqiqətən də belə oldu. Cavad xan düşmənlərə qarşı oğlu Hüseynqulu xanla birlikdə Gəncə qalası üstündə qəhrəmanlıqla müqavimət göstərib döyüş meydanında həlak olduqdan sonra düşmənlər şəhərə daxil ola bildilər.

Gəncə üsyanı Azərbaycan tarixinin ən qürurlu səhifələrindəndir. Heyif ki, bu üsyan barədə tarixi məlumatlar bizə yerli-yerində çatdırılmadı. Bu hadisələrə vaxtında tarixi qiymət verilsəydi, ondan ibrət dərsi götürsəydik, onda Dağlıq Qarabağda sovet dövlətinin Volski kimi məmurlarının düşmənçilik niyyətlərini əvvəlcədən başa düşüb, öz torpaqlarımızda qondarma qurumun yaradılmasına, idarəçilik sisteminin əlimizdən alınmasına yol verməzdik.

Gəncə üsyanı ərəfəsində bütün təzyiqlərə baxmayaraq, Gəncədə Milli Ordumuz tərksilah olunmaq məsələsinə haqlı olaraq etirazla yanaşdı. Hətta diviziya komandiri Cavad bəy Şıxlınski vəzifəsindən azad olunsa da, onun tabeliyindəki piyada alayından heç kim könüllü şəkildə silah-sursatını təhvil vermədi. Məhz buna görə də işğalçı ordunun yüzlərlə əsgər və zabiti Gəncə üsyanı zamanı məhv edildi. 

 

 

(Ardı var)

 

Eldar Əzizli,

 

Təzadlar.- 2010.- 22 may.- S.14.