Gəncə üsyanı...
(Gəncə üsyanının
90 illiyinə həsr olunur)
Gəncə Azərbaycanın,
Azərbaycan xalqının qədim, zəngin tarixini
özündə əks etdirən bir diyardır, gözəl
şəhərdir. Biz hamımız - harada
yaşamağımızdan asılı olmayaraq, hər bir azərbaycanlı
Gəncə ilə, onun qədim və zəngin, şanlı
tarixi ilə fəxr etməlidir. Gəncənin Azərbaycan
xalqı qarşısında göstərdiyi xidmətlərə
görə gəncəlilər əbədi minnətdarlığa
layiqdirlər.
Heydər Əliyev
Tarix millətin ona olan sevgisi
boyda olur. Ona dəyər verməyəndə xalq özü dəyərsizləşir.
Bizim tarixçilərin, tətqiqatçıların
işi çox ağırdır. çünki nə zəngin
arxivlər var, nə doğru-dürüst yazılı mənbələr
qalıb, nə də bir çox dövrlərə aid ciddi
araşdırmalar tapmaq mümkündür.
Tarixin olduğu kimi
yazılmamasının ən başlıca səbəblərindən
biri bəlkə də elə budur.
Gəncə üsyanı XX əsr
Azərbaycan tarixinin yaralı səhifələrindən
biridir. Zəfər və faciəmiz baş-başa verdiyi məqamlardandır.
Orada bizim mübarizə əzmimiz, qürur və ləyaqətimiz,
yadelli işğalçılara qarşı nifrətimiz
qorunur.
Öz yerini, haqqını
tanıyan, boyun əyməyə, tabe olmağa nifrət edən
fərdlər və xalqlar tarixən üsyana qalxıb.
Üsyan böyük
gücün qarşısına kiçik güclə
çıxmaqdır. üsyançıların amalı -
ölüm-qalım savaşı təkcə
yaşadığı vaxtda deyil, gələcəyə
hesablanır.
(Əvvəli ötən sayda)
...1918-ci ilin dekabr ayından
Azərbaycan Xalq Cumhuriyyətinin Parlamenti çox ağır
şəraitdə işləməyə
başlamışdı. Hökümətin yeritdiyi daxili və
xarici siyasətin nəticələrindən asılı
olmayaraq Azərbaycanın müstəqil dövlət
halında yaşaması böyük təhlükə
altında idi.
Bakı neftinə sahib
olmağa çalışan Rusiya Denikini məğlub etdikdən
sonra yerli bolşevik təşkilatlarını səfərbərliyə
alaraq, Azərbaycan Xalq Cumhuriyyətini devirmək
üçün geniş pozuculuq işlərinə
başlamışdı. Buna görə də Azərbaycan
Kommunist (bolşeviklər) Partiyası hakimiyyət
çevrilişi həyata keçirmək üçün
xüsusi qərargah təşkil etmişdi. Azərbaycan Xalq
Cumhuriyyətinin parlamentinin tərkibindəki bir sıra
fraksiyalar, xüsusilə "daşnaksutyun", "sosialistlər",
"erməni fraksiyası", "slavyan rus cəmiyyəti"
əslində Rusiyanın xeyrinə işlər
görürdülər.
1920-ci il martın 17-də isə
Qafqaz cəbhəsinin hərbi inqilab şurasına
Bakının ələ keçirilməsi barədə
xüsusi göstəriş verildi.
Azərbaycan Xalq Cumhuriyyətini
devirmək üçün yaradılmış xüsusi qərargahın
sədri Əliheydər Qarayev idi. O, Dağıstandakı
sovet qoşunlarının komandanına tez-tez teleqramlar vurur,
çevrilişə başlamaq üçün hər an
hazır olduqlarını bildirirdi.
Nəhayət, 1920-ci il aprel
ayının 28-də səhər tezdən dəmir yolu ilə
gələn qoşun hissələri Bakı şəhərinə
daxil olur. Qoşunlardan qabaqda isə Yefremovun
komandanlığı altında zirehli qatarlar şəhərə
gəlir.
Mayın 1-də isə
"Mixail Ulyantsev" zirehli qatarı, arxasında Velikanovun
komandası, 20-ci vəhşi diviziya sakit tərzdə Gəncə
şəhərinə daxil olurlar.
Bakıdan fərqli olaraq, Gəncə
vağzalında XI ordunu qarşılamağa heç kim
çıxmamışdı. Sənədlərdə qeyd
olunur ki, hətta XI ordu hissələri gəncəyə daxil
olanadək Bakıdakı çevrilişdən Gəncə
sakinlərinin heç bir xəbəri yox imiş.
Bütün bunlardan sonra Azərbaycan
Xalq Cumhuriyyəti hakimiyyətin bolşeviklərə təhvil
verilməsi barədə akt imzalayır.
Ancaq dağıdıcı,
pozucu missiya ilə Azərbaycana daxil olan bolşevik qüvvələri
parlament aktının müddəalarına heç bir gün
də əməl etmədilər.
Hər tərəfdə qarətlər,
talanlar geniş vüsət aldı. Ayrı-ayrı
tanınmış dövlət rəhbərlərini həbs
etməyə başladılar.
Həmin dövrdə Gəncəyə
fövqəladə komissar təyin olunmuş Həmid Sultanov
barədə də arxiv sənədlərində
toplanmış məlumatlar az deyil.
Gəncə
quberniyasının general-qubernatoru Xudadat bəy Rəfibəylinin
öz doğma şəhərində həbs olunması həmin
vaxta təsadüf edir.
Arxiv sənədlərində
"Gəncə üsyanının"
yatırılmasında qəhrəmanlığa görə Həmid
Sultanov 1920-ci ildə "Qırmızı bayraq" ordeni ilə
təltif olunması barədə rəsmi sənədlər də
vardır.
Hətta üsyan ərəfəsində
şəhərin II hissəsi deyilən ərazidə əsir
götürülmüş Qırmızı ordu hissələrini
bir neçə gündən sonra şəhərin mərkəzindəki
həbsxanadan Həmid Sultanov tərəfindən
azadlığa buraxdırılması yenidən düşmənlərin
gücünü xeyli artırmış və əsirlikdən
azad olunan qırmızı qvardiyaçılar
silahlandıqdan sonra vəhşicəsinə şəhərə
doğru hücuma keçmiş, günahsız insanlara divan
tutmuş, uşaqlara, qocalara belə rəhm etməmişlər.
Bu barədə Tofik
Bağırov "Gəncə üsyanmı, qiyammı?"
məqaləsində yazır:
- "Bakıdan xüsusi
missiya ilə Gəncəyə gələn Azərbaycan
Kommunist (bolşevik) Partiyasının fövqalədə
komissarı Həmid Sultanov və M.Əfəndiyev Gəncə
qalasında saxlanan 2000 nəfərədək soldat və
zabiti özləri ilə gələn bolşeviklərin
köməyi ilə azad etmişdir, təzədən
silahlandıqdan sonra şəhərin mərkəzində
müdafiəçilərə arxadan zərbə vurmaqla hadisələri
bolşeviklərin xeyrinə dəyişmişlər".
Tofik Bağırov qeyd edir
ki, bolşeviklər tərəfindən hərbi əməliyyatlar
Vəlikanovun komandanlığı altında həyata keçirilirdi.
Vəlikanov şəhər
həbsxanasında saxlanılan bolşevik qüvvələri
azadlığa çıxanadək demək olar ki,
üsyançılar qarşısında aciz
qalmışdı. Onların azadlığa buraxılması,
yeni diviziyaların və zirehli qatarların Gəncəyə
gətirilməsi döyüşləri bolşeviklərin
xeyrinə dəyişir. Beləliklə, üsyan ərəfəsində
şəhərdən çıxa bilməyən üç
mindən artıq uşaq, əlil və yaşlı insanlar bu
vəhşiliklərin qurbanı olur".
Azərbaycan Milli Ordusunun III
piyada alayının komandiri, üsyanın əsas təşkilatçısı
Cahangir bəy Kazımbəylinin xatirələri də son dərəcə
əhəmiyyətlidir. Ancaq çox əfsuslar olsun ki,
Cahangir bəy öz xatirələrində üsyan ərəfəsində
Gəncədə baş verən hadisələri tam təfərrüatı
ilə qələmə almayıb.
Xüsusilə şəhərin
general-qubernatoru Xudadat bəy Rəfibəylinin tutulub Bakıya
aparılması, vəhşicəsinə qətlə yetirilməsi
barədə lazımi qeydlər yoxdur. "Yalnız onu qeyd
edim ki, üsyan ərəfəsində gecələr qəbiristanlıqda
toplanan Gəncə ziyalıları və ağsaqalları
bizdən sərt tədbirlər görməyi tələb
edirdilər".
Cahangir bəy qeyd edir ki, məhz
buna görə də biz hərbçilər mayın 23-dən
24-ə keçən gecə Bala bağban məscidində
partizan dəstələrinin rəhbərləri Sarı Ələsgər
və Qaçaq Qəmbərlə danışdıqdan sonra
mübarizəyə qalxdıq.
Cahangir bəy Kazımbəylinin
yazdığı xatirələrdən başqa, bolşeviklərə
məxsus sənədlərdə Gəncə
üsyanının başlanması 1920-ci il mayın 25-də,
üsyanın yatırılması isə mayın 31-i kimi
göstərilir.
Gəhangir bəyin isə
üsyanın 24-də başlanmasını və iyunun 3-dən
4-ə keçən gecə tam məğlub olmasını
öz xətti ilə yazıb və imzasını
atmışdır.
Əfsuslar olsun ki, Gəncə
üsyanında xalqımızın azadlıq və istiqlal
mübarizəsində 1804-cü ildə olduğu kimi
onları müdafiə edən bölgələrimiz
tapılmadı.
Onu da xüsusilə qeyd etmək
lazımdır ki, XX əsrin əvvəllərində
Rusiyanın Qafqazdakı işğalçılıq siyasətinə
qarşı XIX əsrin əvvəllərində olduğu
kimi, azərbaycanlılar qədər heç bir xalq mütəşəkkil
mübarizə aparmağa nail olmayıblar.
Xalq yazıçısı
Anar Şeyx Şamilin yubileyindəki
çıxışında deyir:
"1804-cü ildə Rusiya
imperiyasının işğalçılıq siyasəti ilə
barışmayan Gəncə xanı Cavad xan oğlu
Hüseynqulu xanla Gəncəni müdafiə edərkən Gəncə
qalası üstündə şəhid olanda Şeyx
Şamilin cəmisi 7 yaşı vardı.
Bu sözlərin də ki,
şərhə ehtiyacı yoxdur.
Ancaq sovet tarixçiləri
siyahısında ad-san qazanan tarixçi alimlər bu günədək
bu şanlı mübarizə tariximiz barədə bir cümlə
də olsun isti sözlər deməyiblər.
Hələ ki, Gəncə
üsyanı araşdırılmamış, əsaslı
şəkildə tədqiq olunmamış bir mövzu olaraq
qalır.
Bəs Gəncə
üsyanının başlanmasının səbəbi nə
idi?
Bu suala cavab tapmaq asan olmasa
da, Xanlar Bayramov öz şəxsi mülahizələrini belə
qeyd edir:
1-ci - Gəncədə Milli azadlıq
hissələrinin dərin kök salması, Bəndər
üsyanının, Cavad xan hərəkatının təsiri.
2-ci - May ayının 10-dan Gəncədə
həbslərin başlanması, ən görkəmli şəxsiyyətlər
Xudadat bəy Rəfibəylinin, İsmayılxan
Ziyadxanlının, Məmmədbağır
Şeyxzamanlının həbs olunması, Nəsif bəy
Yusifbəylinin müəmmalı şəkildə yoxa
çıxması, digər əslən Gəncədən
olan ictimai-siyasi xadimlərin - Həsən bəy Ağayevin, Xəlil
Xasməmmədovun, Fətəli xan Xoyskinin, Nağı
Şeyxzamanlının və başqalarının vətəndən
iraq düşməsi.
3-cü- Bakıda, Gəncədə və
digər ərazilərdə bolşeviklər tərəfindən
bəy, xan, mülkədar, müsavat adı ilə imkanlı
ailələrin var-yoxunun, mülklərinin talan edilməsi və
kütləvi həbslər və s.
Xalq arasında "Xudu bəy"
kimi adlanan böyük hörmətə sahib olan Xudadat bəyin
1920-ci il mayın 10-da tutulması və acınacaqlı halda
vağzala və oradan da Bakıya aparılması gəncəlilərin
səbr kasasını tamam doldurmuşdu. Gəncə
camaatı onu vağzaldan yola salanadək müşayiət
edib, silaha sarılıb onu azad etmək istəsələr də,
Xudadat bəy buna razılıq verməyib. Xalqa müraciətində
isə bunları bildirib:
"Mən bütün həyatımı
vicdanla yaşamışam, məni heç vaxt həbs edə
bilməzlər. çünki hərəkətlərimdə
heç bir cinayət tərkibi yoxdur. Xahiş edirəm ki,
artıq hərəkətlərə yol verməyin, sakitcə
evinizə gedin".
Bunu eşidən Gəncə
camaatı əlacsız qalaraq könülsüz halda evlərinə
gedirlər.
Bakıya aparılan Xudadat bəy
Rəfibəyli isə erməni müstəntiqlərinin və
bir neçə erməni şahidlərinin donoslarına əsasən
mayın 12-də Nargin adasına aparılır, yəqin ki,
orada da vəhşicəsinə güllələnib.
Xudadat bəy o dövrün
olduqca savadlı və bacarıqlı cərrahı idi.
Gəncənin
general-qubernatoru vəzifəsinə də bütün yerli əhalinin
xahişi ilə gəlmişdi.
Onun barəsində Milli Təhlükəsizlik
Nazirliyində saxlanılan qovluqda kimin sərəncamı əsasında
həbs olunması və nə vaxt, harada güllələnməsi
barədə məlumat yoxdur.
Xudadat bəy həbs
olunduqdan sonra hər gün gecələr Gəncənin yerli
camaatı qəbiristanlığa toplaşarıq, Milli Ordunun
zabitlərindən tədbir görməyi tələb edirdilər
və buna da nail oldular.
Gəncə üsyanı
1920-ci il mayın 24-də şəhərin ermənilər
yaşayan II hissəsində başladı. Şəhərdə
yerləşən bolşevik qərargahı ələ
keçirildi. üsyanı Şeyxli Cahangir bəy, Hacı Əsgər
oğlu Məhəmmədəli, Qaçaq Qəmbər,
Sarı Ələkbər, Tatoğlu Həsən idarə
edirdilər. Onların dəstələri nə qədər mərdliklə
mübarizə aparsalar da Gəncə üsyanı məğlubiyyətə
düçar oldu. Ancaq şərəfsizliyi qəbul etməyən
üsyançılar müqaviməti davam etdirmək
üçün dağlara çəkilib qaçaq dəstələri
düzəldərək bu qanı yerdə qoymamağa and
içdilər və mübarizəni davam etdirdilər.
Şəhərin qocaman
sakinləri Gəncə üsyanı barədə
danışarkən indi də xatırlayırlar ki:
"Rus qoşunları əsasən
dəmiryol vağzalı tərəfdən gəlsələr
də, güllələr başımıza ermənilər
yaşayan ikinci hissədən yağdırılırdı. Bu
sağalmaz yaraların izləri binalarda indi də
qalmaqdadır.
Mərhum arxitektor, şəhərin
keçmiş baş memarı Fərman İmamquliyev
1994-cü ildə "Gəncə üsyanı" barədə
göstərilən televiziya verilişində o zaman atılan
bir mərmini nümayiş etdirmişdi. Bu mərmi 1920-ci ildə
topdan atılıbmış və Şah Abbas məscidinin
minarəsinə dəysə də partlamamışdı. Minarə
nisbətən əyilmiş və bu indi də hiss edilməkdədir.
1991-ci ildə görkəmli
rejissor Adil İsgəndərovun birinci həyat yoldaşı Ədilə
xanım Xanlar Bayramova üsyan barədə xatirələrini
söyləyərkən deyib ki: "Əvəzsiz müğənni
Bülbül Məmmədov da üsyan zamanı tutulubmuş. Onu
gəncəlilər çox çətinliklə azad edib,
şəhərdən çıxarıblar".
Onun söylədiyinə
görə, xüsusilə, Sarı Ələkbərin və
Qaçaq Qəmbərin dəstəsindən əsir
düşən üsyançılara elə işgəncələr
vermişlər ki, onların
çığırtılarından qulaq tutulurmuş.
Gəncə üsyanı
zamanı köhnə Azərbaycan ordusunun bütün zabitləri
həbs olunmuşdu. Hətta XI ordunun siyasi şöbə
müdiri Pankratovun göstərişinə əsasən
üsyandan 2 gün sonra Azərbaycan Xalq Cumhuriyyətinin
müdafiə naziri S.Mehmandarov və onun müavini Əliağa
Şıxlınski də Bakıda saxlanılıb
sorğu-suala tutulublar.
(Ardı var)
Eldar Əzizli
Təzadlar.- 2010.- 25 may.- S.14.