Kipriyindən qəm süzülən şairə
...Hərdən öz-özümdən soruşuram. Necə sevinəsən? Nəyə sevinəsən? Sevinməyə səbəb yoxdu axı. İçimiz dərd yuvasına dönüb. ürəyimiz qəmə, kədərə bələnib. çünki iç dünyamızı, eləcə də yaşadığımız bu dünyanı özlərini Allah sayan bəzi məmurlar, Azərbaycanı dədə malı kimi öz aralarında bölüb yağmalayanlar, xalqı, vətəni yox, ancaq özlərini düşünənlər bu yazıq vətənin anasını elə ağladıblar ki, dodaqlardan təbəssüm də birdəfəlik yoxa çıxıb.
Belə olan halda, sevinib
gülmək olarmı? Yox. Bəs
onda qarışqanın
da fəryadını
eşidən, quşun
da göz yaşlarını görən,
bir yetim uşağın qayğı
dolu baxışlarından
iç dünyası
lərzəyə gələn
şair neyləsin? İllah da ki,
bu şair ikiyə bölünmüş
vətənin yaralarına
məlhəm olmaq istəyən bir xanım ola.
Dünyanın hər
dərdini ürəyinə
yığan, dünyanın
qayğı və problemlərini zərif çiyinlərində daşıyan,
20 Yanvar faciəsini, Xocalı soyqırımını,
Daşaltı ağrısını...
bir an da olsa unuda bilməyən,
Gədəbəydə doğulsa
da Şuşa, Laçın, Zəngəzur,
Göyçə... həsrətindən
göyüm-göyüm göynəyən,
Azərbaycanı Kəlbəcərsiz,
Şuşasız, Laçınsız,
Borçalısız, İrəvansız,
Dərbəndsiz... təsəvvür
eləyə bilməyən
həssas qəlbli, incə duyğulu, kövrək ürəkli,
şairənin kipriklərindən
qəm süzülməzmi?
Məhz ona görə də tanınmış yazar, istedadlı qələm adamı Aybəniz Qafarlı sayca üçüncü
şeirlər kitabını
"Kipriyimdən qəm
süzülür" (Bakı,
"Adiloğlu" nəşriyyatı,
2010) adlandırıb. Kitabı yarpaq-yarpaq çevirib oxumazdan əvvəl Aybəniz xanımı düşündüm. Düşündüm
ki, kişi qeyrətli şairə bacım yenə də Sara Xatun bacarığıyla, Həcər
hünərilə, Nigar
qeyrətilə, Natəvan
ruhuyla, Məhsəti nəfəsilə, Mirvarid
Dilbazi, Nigar Rəfibəyli sevgisiylə
görüşümüzə gəlib. Və bu görüşün
də poeziyasevərlərin
ürəyinə dərin
izlər salacağına
Aybəniz xanımın
özünə və
halal sözünə
inandığım kimi
inandım. Elə bu
inamla da şairə bacımın
kitabıyla baş-başa
qaldım.
Köksü dağlı
vətən üçün,
Əlimdən nə gələsidir.
Uzaq başı
dərdləriylə,
Aybəniz də öləsidir.
Bu misralarda hər sözün öz rəngi, öz çəkisi var. Hər rəngin öz çaları, hər çəkinin öz məna yükü var. Və bir də
bu misraların hər birində şairənin ürəyi
döyünür. Bu kövrək ürəyin
səsini eşidirsinizmi?
Bu kövrək ürəyin hansı hisslərlə, arzularla, insanlara və dünyaya sevgi və məhəbbətlə
döyündüyünü hiss edirsinizmi? Əgər şairənin ürəyinin
səsini eşidirsinizsə,
onun ürəyinin hansı hisslərlə, duyğularla döyündüyünü
hiss edirsinizsə, deməli,
Aybəniz Qafarlı dünyasını da duyursunuz. Və həm də
deməli, dünyaya sözünü deyən,
ancaq dünyanın hələ tanımadığı
Aybəniz Qafarlının
bu kitabının işığıyla da ziyarətə getmək olar.
Gecə-gündüz yada salıb anırıq,
Bu diyarda bir qəriblik
sanırıq.
Göyüm-göyüm göynəyirik,
yanırıq,
Susamışıq bulağına Göyçənin.
Aybənizin şeirlərindəki misraların
poetik çəkisi, məna tutumu, axıcılığı, bayatı
qədər həzinliyi,
dərd qədər doğmalığı... adamın
ruhuna hakim kəsilir, adamı elə sehrləyir ki, düşdüyün şok vəziyyətindən
uzun müddət çıxa bilmirsən.
Aybəniz xanım bir şairə kimi dünyada bütün yaxşılıqları, xeyirxahlığı,
təmizliyi, saflığı,
halallığı, gözəlliyi,
məhəbbəti... öz
şeirlərinə hopdurmağı
bacarır. Bu, Tanrının
ona verdiyi istedadın gücüdür.
Dünyaya heç kimin
gözüylə baxmayan
şairənin poeziya dünyasına boylanıram.
Bu dünyada nələr
yoxdur? Bu dünyada təmiz sevgi, ülvi məhəbbət var, halallıq və təmizlik var. çox şey var Aybəniz
xanımın yaradıcılıq
dünyasında. Onları görmək
və duymaq üçün gərək
sözün nə oluğunu yaxşı biləsən. Gəlin,
bu misralara diqqət yetirək:
Ormanına baxım
bir az,
Ələ xına
yaxım bir az.
Sıldırıma çıxım
bir az,
Dağlar, məni çağır gəlim.
Bu misraları oxuyan və duyan, mənə elə gəlir ki, ən dolaşıq labrintdə belə özünə yol tapa bilər.
Mən Aybəniz xanımın ədəbi zövqünə
yaxşı bələdəm. Şairə
nə qədər ağrı-acılardan, millətin
başına gələn
bəlalardan, həsrətdən,
əbədi ayrılıqdan,
dost itkisindən, ölümdən,
yaşanmış günlərin
nisgilindən yazsa da yenə də
onun şeirlərində
bir işıq, bir nur var. Bu səpkili şeirləri oxuyanda ürəyin dərddən qubar bağlasa da istər-istəməz işıq
selinə bürünürsən.
Məhz bu işıq seli adamı ruhdan düşməyə,
bədbinliyə qapılmağa
qoymur, əksinə, qəflət yuxusundan ayılmış kimi olursan, özünə qayıdırsan, keçmişinə
boylanırsan. Biz kim idik? İndi kim
olmuşuq? - deyə
öz-özünə pıçıldayır
və öz-özünə
verdiyin bu sualı cavablandırdıqca
içindən bir dəli hönkürmək
gəlib keçir.
Aybəniz Qafarlı işıqlı
adamdı. Təəssüf ki, indi işığı görmək
istəmirlər. Təəssüf ki, indi istedadlı
və vicdanlı söz adamları kölgədə qalıb,
çünki istedadsızlara,
ağlı yaşına
uyğun gəlməyənlərə,
məddahlara, yaltaqlara,
ədəbiyyata dəxli
olmayanlara... geniş meydan verilib. Bu meydanda Aybəniz xanım kimi halal söz yiyələrinə, sözlə
nəfəs alan,
sözlə yaşayan,
sözə nəfəs
verən qələm adamlarına yer yoxdur.
Amma bunu dərd eləməyə
dəyməz. Çünki zamandan zamana əsl şairlər
qalır. Vaxt, zaman hər şeyi yerbəyer eləyir. Gec-tez hər
kəs öz layiqli yerini tutur, öz halal haqqını, öz halal qiymətini
alır. Gün gələcək ki, Aybəniz Qafarlını da bir şairə
kimi bu dünya
tanıyacaq, onun özündən və sözündən böyük
məhəbbətlə söz
deyiləcək və
onun da adı
Məhsəti Gəncəvinin,
Heyran xanımın, Xurşudbanu Natəvanın,
Nigar Rəfibəylinin,
Mirvarid Dilbazinin... adlarıyla birgə çəkiləcək. Və
bu xalq kimin
kim olduğunu
anlayacaq, duyacaq, əsl sözə, əsl qələm adamına lazımi qiymət veriləcək...
Vaqif İSAQOĞLU,
yazıçı-publisist
Təzadlar.- 2010.- 25 may.- S.15.