Vətən həsrətilə
yaşayan Yusif Millətoğlu
Mayın 22-də
Bakının Suraxanı rayonundakı S.Abdullayev adına 290
saylı orta məktəbin tarix müəllimi, şair,
publisist, "Qızıl Qələm" mükafatı
laureatı Yusif Məmmədovun (Millətoğlunun)
yaradıcılıq gecəsi keçirildi.
Məktəbin akt zalında düzənlənmiş gecəyə müəllim və şagird kollektivi, həmçinin Yusif Millətoğlunun yaradıcılığına, şəxsiyyətinə sayğı bəsləyənlər qatılmışdılar. Tədbir başlamamışdan öncə akt zalında Y.Millətoğlunun yaradıcılığına həsr olunmuş guşədə yer alan kitabları ilə, eləcə də bədii yaradıcılığını və fəlsəfi düşüncələrini əks etdirən nümunələrlə tanışlıq bir anlıq onun həyat yoluna səyahətə çıxmağımıza, o gözəl insanı, dəyərli ziyalını bir daha yaxından tanımağımıza şərait yaratdı.
Məlum oldu ki, 1956-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olan Yusif Millətoğlu hələ orta məktəbdə oxuyarkən şeir, hekayə, mənsur şeirlər yazıb. İlk yazısı 1972-ci ildə "Pioner" jurnalında dərc olunub. 2004-cü ildə 290 saylı orta məktəbin 50 şagirdinin yaradıcılığından bəhs edən "Kiçik ürəklərin böyük duyğuları" adlı kitabın tərtibçilərindən olub. "Qərib duyğuların məngənəsində" (Bakı, 2001), "Mərzili - o kənd bizim kəndimizdir" (Bakı, 2003), "Bir ömür nağılı" (Bakı, 2006), "Haqqın dar ağacı" (Bakı, 2007), "Mərzilinin söz boğçası" (Bakı, 2008) kitablarının müəllifidir.
Bu kitablardakı əsərlərin ana xəttini vətənə, ana yurda, adət-ənənələrə bağlılıq, təbiətə məhəbbət, incə, munis duyğulara sədaqət hissləri təşkil edir. Bundan əlavə, Y.Millətoğlunun müntəzəm olaraq araşdırma yazıları dövri mətbuatda dərc olunur.
Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Allahverən Əzimov Yusif Millətoğlunun söz işığına yığışan qonaqları məktəbin direktoru Rahidə İsmixanovanın adından salamladı. Y.Millətoğlunun el-obaya, vətənə sevgisindən, torpağa bağlığından, dərs dediyi şagirdlərinə olan sonsuz məhəbbətindən danışan A.Əzimov sonra sözü gecənin aparıcılarına verdi.
Gecənin aparıcılığı məktəbin şagirdləri Mehriban Qarayeva və İdrak Qəfərova həvalə olunmuşdu. Səhnədən iştirakçıları salamlayan aparıcılar Yusif Millətoğlunun yaradıcılığından söhbət açaraq, şeirlərindən parçalar söylədilər. Musiqi sədaları altında açılışına başlayan tədbirdə qonaqların əhval-ruhiyyəsində bir canlanma yarandı.
Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Ayşad Musayeva və Zemfira Davudova Y.Millətoğlunun pedaqoji fəaliyyətindən və bədii, publisistik yaradıcılığının əsas məziyyətlərindən danışdılar. Qeyd olundu ki, hər bir yaradıcı insan kimi, Yusif müəllimin də əsərlərinin mövzusu geniş və rəngarəngdir. Məlum oldu ki, pedaqoq-şairin vətənlə bağlı şeirlərində yurd həsrəti, torpaq yanğısı daha güclüdür. Onun əsərlərində əsrlər boyu ən qüdrətli söz xiridarları tərəfindən tərənnüm olunan təmiz insani hisslər, saf sevgi duyğuları da əks olunmuşdur.
Hər zaman yetirmələrinin xoş sorağını eşidəndə ürəkdən sevinən Y.Millətoğlunun belə şagirdlərindən, "Avropa Şurasının Azərbaycanda jurnalistika təhsilinin inkişafına dəstək" layihəsinin assisenti, müstəqil jurnalist Səbinə Vaqifqızı sevimli müəllimi ilə bağlı ürək sözlərini çatdırdı, onun bir şəxsiyyət olaraq insani keyfiyyətlərindən danışdı.
Tədbirdə məktəbin şagirdlərindən Leyla Məmiyeva, Jalə Həsənli, Turqanə Babayeva, Vahid Mirzəyev, Günel Quliyeva, Aysu Vəlixanova, Gülşən Novruzova, Əsmət Rzayeva, Ayşən Məmmədova, ülkər Məhəmmədəliyeva, Rəna Nağıyeva, Zümrüd Mustafazadə, Nərmin Məmmədova, Afərin Quliyeva, İsaq Həsənov, Sona Rzaquliyeva, Aydan Abdullazadə, Şahsənəm İsgəndərova, Nərmin Səlimova, Lalə Abbaszadə, Aynur Mustafayeva, Aygün Əkbərova və Nardan Əliyeva Yusif Millətoğlunun şerlərindən parçalar söylədilər və poemalarından səhnəciklər nümayiş etdirdilər.
Şagirdlərdən Məzmurə Zeynalova, Ramiz Aslanov və Vəfa Kamilovanın ifasında səslənən Y.Millətoğlunun sözlərinə yazılmış mahnılar tamaşaçıların uzun sürən alqışlarına səbəb oldu.
Tanınmış muğam ifaçısı Sevinc Sarıyevanın oxuduğu mahnılar gecəni daha da rövnəqləndirdi. Sevinc xanımın səsinin sehrinə düşən tədbir iştirakçıları sanki canlı olaraq Qarabağ təbiətilə təmasda oldular.
Gecədə qonaqlar da ürək sözlərini söylədilər. Şair Qəşəm İlqar Y.Millətoğlunun yaradıcılığından söhbət açdı. Bildirdi ki, "ləyaqətli ömür illərlə yox, əməllərlə ölçülür" deyən Yusif Millətoğlunun poeziyası da, nəsri də səmimilikdən, doğmalıqdan, xəlqilikdən qaynaqlanır.
"Nərgiz" nəşriyyatının direktoru, şair Hidayət Musabəyli Y.Millətoğlunu xeyli vaxtdır tanıdığını, onun yaradıcılığına dərindən bələd olduğunu, əsərlərinin əsas leymotivini vətən, torpaq təşkil etdiyini bildirdi.
Sonda Yusif Millətoğlu tədbiri təşkil etdiklərinə görə məktəbin rəhbərliyinə, pedaqoji və şagird kollektivinə, xüsusilə, Azərbaycan dili və ədəbiyyatı müəllimləri Ayşad Musayevaya, Zemfira Davudovaya və Səadət Seyidovaya minnətdarlıq etdi və yeni şeirlərini oxudu.
"Qərib duyğuların məngənəsində" sıxılan zaman "Mərzili - o kənd bizim kəndimizdir" yanğısıyla "Bir ömür nağılı"na bürünüb "Haqqın dar ağacı"nın altında "Mərzilinin söz boğçası"nı açan Yusif Millətoğlu həm də bir müəllim kimi Azərbaycan gəncliyini işıqlı sabaha hazırlayır. Bu sabaha salam deyəcək insanlar kimi onlara əzmkarlıq, qətiyyət, vətənpərvərlik öyrədir. Yusif müəllimin arzuları da ümman qədər sonsuzdur. Bu arzulara müstəqil respublikamızın dayaqlarının daha da möhkəmlənməsi, Azərbaycan xalqının milli yüksəlişi istəyi qol-qanad verir.
Bütün varlığı ilə bu istəyə bağlanan, arzularının reallaşması üçün "yoruldum" deməyən Yusif müəllimin elm sahəsində gərgin əməyi əsl hünər nümunəsi sayıla bilər.
Biz də öz növbəmizdə, ömrünün 55-ci baharını yaşayan, yaradıcılığının daha coşqun mərhələsinə qədəm qoyan Y.Millətoğluna möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.
Elbar ŞİRİNOV
Təzadlar.- 2010.- 25 may.- S.10.