Dünya sənin, dünya mənim, dünya heç kimin

 

(Ruhun şad olsun, Məmməd Araz)

 

Talelər, ömürlər

 

Arifi çoxdan - qırx ilə yaxındır tanıyıram. ötən əsrin 70-ci illərində işlədiyim Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsindən (indi QSC-dir) Mingəçevirə ezam olunmuşdum. Dövlət teatrının kollektivi haqqında veriliş hazırlamalıydım. Həmin vaxt Arifi gördüm, süfrə arxasında çörək yedik, çay içdik. Acılı-şirinli xatirələrini dinlədim. Məhz həmin gün bildim, anladım ki, adamın bir gözü gülər, digəri ağlayar. O, əbədi obraz kimi yaddaşıma hopdu. Sonralar onu unuda bilmədim, indi də bilmirəm. özündən eşitdiyim xatirələri daim xəyalımda canlanır. Biləndə ki, onun əziz, mübarək ad günüdür, onun xatirələrindən bəzi məqamları oxuculara çatdırmaq həvəsinə düşdüm.

Onun xatirələrindən: "Hərdən mənə deyirlər ki, sən ulu Tanrının övladısan, əl çatmaz, ün yetməz ənginliklərdən düşmüsən... Körpəliyim, ayaq açıb yeriməyim, dil açıb danışmağım barədə heç nə bilmirəm. İndi görürəm ki, ilk qədəm açan uşağın valideynləri necə qürur hissi keçirir, nəzir verir, qurban kəsirlər. Bu olaylar mənə doğma olduğu qədər də ögeydir. çünki görməmişəm. Saçıma tumar çəkilməyib, üzümdən, alnımdan öpülməyib. Ayaqlarım büdrəyib yıxılanda, ağrıdan ağlayanda heç göz yaşlarımı silən də olmayıb... İmdadıma kimlər çatıb, əlimdən tutub mənə yeriş öyrədib, yadımda qalmayıb. Ancaq üzümə qapılar açıq olub. Adamlardan atalıq, analıq qayğı-diqqəti görmüşəm. Onların da heç biri yadımda deyil. Amma eşidəndə ki, kimsəsiz kişi-qadın dünyalarını dəyişiblər, tezcə özümü yetirirəm həmin mərasimə. Gücüm, imkanım daxilində maddi-fiziki köməyimi əsirgəmirəm... Küçədə əl açıb dilənən uşaq görəndə özümü saxlaya bilmirəm, ağlayıram. Cibimdə olan-qalanımdan onlara pay verirəm. Uşaqlar da qismət payından sevinirlər. Yox, xoşbəxtlik, səadət bir saatlıq deyil, həmişəlik olmalıdır..."

Şəxsiyyəti, sənəti ilə yaxından tanış olduğum Arifin fıkirləri ilə tam razıyam. Mən də körpə görmüşəm ki, gözlərindən, sifətindən nur yağır, di gəl ki, kövrəkdir. Qəlbi sınıqdır. ürəyi təpərli deyil. Dil açmaq, danışmaq istəyir, amma elə bil hansısa qüvvə onu boğur, susdurur. Ata-ana nəvazişi ilə boya-başa çatanlar yetimliklə böyüyənlərdən çox-çox fərqlənirlər. Ona görə ki, arxalanırlar, güvənirlər - arzularını ürəklərində düyünləyib saxlamırlar. Ana nəvazişi kimi, bəzən ata qəzəbi də onun gələcək taleyinin üstünə işıq salır...

Xatirəmin davamı: "Bir gün mənə kitab-dəftər verib, məktəbə göndərdilər. Kimlər, harda? Tanımadığım mərhəmətli insanlar, Əli Bayramlı (indi Şirvandır) şəhərin də. İnsan heç vaxt, heç zaman yaxşılığı unutmur. Mənim də yaddaşım möhkəmdir. Bundan sonra yüz il yaşasam da o internat məktəbində duyduğum, hiss etdiyim, gördüyüm qayğını, nəvazişi unutmaram. Həmin məktəbdə alicənab insanlar vardı. Dünyalarını dəyişənlərin yas mərasimində olmuşam. Yaşayanların bayramlarını təbrik edir, şadlıqlarına qoşuluram...

Artıq həddi-buluq çağıma çatmışdım. Səhv etmirəmsə, yeddinci sinfı bitirmişdim. Qəfil ağlıma gəldi: mən burdan getməliyəm! Bəs hara? Suala cavab tapmadım. "Allah, Məhəmməd, ya Əli!" - deyib, mindim yük maşınının yük yerinə. O da gəlib Bakıda - "Qız qalası"nın yanında dayandı. Düşüb sahilə getdim. Artıq qaranlıq düşmüşdü. Hara gedim, necə gedim, bilmirdim. Beynimdə qəribə fikir canlandı: "Get o möhtəşəm binanın - "Hökumət evi"nin ətrafındakı bağda gecələ". özgə çarəm, imkanım da yox idi. Bəxt payımdan incimədim. Şirin yuxuya getdim. Səhər həmin binanın girəcəyində dayananda nurani, ağsaqqal bir kişi yanımda ayaq saxladı. Mənə diqqətlə baxıb soruşdu: "Burda niyə dayanmısan bala, kimi gözləyirsən?" Cavab verdim: "Mənə qayğı göstərəcək Allah adamını. Kimsəsizəm, yetiməm. Qalmışam küçələrdə".

Hündürboy, enlikürək kişini uçunma tutdu. Sanki lal-kar oldu, dinib-danışmadı, maddım-maddım üzümə baxdı. Handan-hana dilləndi: "Gəl ardımca" - dedi. Liftə minib hansısa mərtəbəyə qalxdıq. O, içəri keçdiyi qapının üstünə yazılmışdı: "Maarif naziri Mehdi Mehdizadə".

Kabinetində təxminən iyirmi dəqiqə var-gəl etdi. Pəncərəyə yaxınlaşıb dəniz səmtə baxdı. Qağayılar uçuşurdu. Qəfil soruşdu: "Sənin kimsən yoxdur?" Cavab verdim: "Varsa da bilmirəm..." O, daxili telefonla zəng edib dedi: "Gəl bura". İndi də adını, soyadını bilmədiyim şəxs gəldi. Mehdi müəllim: "Bu uşağı aparırsan Kitabxanaçılıq Texnikumuna. Direktora deyərsən ki, bu oğlanı nazir göndərib. Onu yataqxana, gündəlik yeməklə, təqaüdlə təmin etsin".

Neçə il orada oxudumsa, rəhmətlik Mehdi müəllimin hər gün, hər saat qayğısını hiss etdim. Təhsilimi başa vuranda təyinatla məni Mingəçevir Dövlət Dram Teatrına göndərdilər. Yenə hörmət, diqqət gördüm. "Hacı Qənbər", "Hacı Qara", "Od parçası", "Nəsrəddin" tamaşalarında səhnəyə çıxdım. O zamanlar respublikamızda intibah dövrü idi. Qüdrətli şəxsiyyət, həssas ürəkli rəhbər, sözə, sənətə, sənətkara qiymət verən dahi Heydər Əliyevə - ulu öndərə məktubla müraciət etdim ki, bəs ali təhsil almaq, özümə gün-güzəran yaratmaq istəyirəm. Qısa vaxt keçmiş müdrik insanın, rəhbərin sayəsində o zamankı İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil oldum. Məni mənzillə təmin etdilər. Ailə qurdum, övladlarım dünyaya göz açdı. Səhnədə oyunlarımla hörmət, rəğbət qazandım. Mən sənətimi sevdikcə, tamaşaçılar da məni sevdilər".

Arif Quliyev "qapalı" adam deyil, açıqürəkli, təmizqəlbli insandır. Fikrini keçdiyi, yaşadığı ömür yolu barədə sadiq, sədaqətli bildiyi dostlarına danışar. Onun xatirələrindən yadıma düşdü ki, onu tanımağımdan qürur hissi keçirirəm, vətənpərvər olduğu üçün ona sonsuz hörmətim var. O, Qarabağımız uğrunda şəhid olanların əksərinin ayrılıq mərasimlərində iştirak edib. Eşidəndə ki, şəhid övladının toyudur, nişanıdır, özünü ora çatdırar. İşi ili əlaqəli ən ucqar bölgələrə səfər etsə, geri qayıdanda ilk öncə Şəhidlər Xiyabanına gələr, onların məzarları önündə baş əyər, ruhlarına dualar oxuyar. Sonra da Ramiz Rövşənin "Qara paltarlı qadın" şeirinin bu misralarını pıçıldayır:

 

Yeri-yeri qara paltarlı qadın,

Kiri-kiri qara paltarlı qadın,

Bu qəbir də min qəbirdən biridir,

Baş daşımı bəsdir basdın bağrına,

Bütün məni ağlayanlar kiridi,

Sən də kiri, qəbrim damır, ağlama...

 

Arif torpaqlanmızın 20 faiz ermənilər tərəfindən işğal altında qalmasının, milyon nəfərdən çox soydaşımızın doğma el-obalarından didərgin düşmələrinin ağrısını, göynərtisini ürəyində çəkir, onların ağrı-acılannı canında hiss edər.

A.Quliyevin ifaçılıq qabiliyyətini milli teatr-kino sənətimizin klassiklərinə - Kazım Ziyaya, Ağadadaş Qurbanova, Əliağa Ağayevə, Səməndər Rzayevə, Hamlet Xanızadəyə, Hacıbaba Bağırova, Lütfəli Abdullayevə  bənzətmək niyyətindən uzağam. Lakin onun "Qaynana" tamaşasında oynadığı Əli rolu diqqətə, tərifə layiqdir. Milli teatrımızın korifeylərindən biri Nəsibə Zeynalova ilə tərəf müqabil olmaq təkcə böyük istedad, bacarıq yox, həm də misilsiz şüur, səriştə tələb edirdi. Şükürlər, Arif sənət sevgisini tamaşaçılara çatdıra bilmişdir.

Sevilən və ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanan Arif aktyorluq fəaliyyəti ərzində müxtəlif teatrlarda 60-a yaxın obrazlar yaradıb. O, neçə-neçə bədii filmə, "Mozalan" satirik jurnalının saylarına çəkilib. Onun "Bəyin oğurlanması" filmində oynadığı Miriş rolu, dediyi "Salam-sağ ol" sözləri dillər əzbəridir.

İllər boyu tanıdığım, xatirini əziz tutduğum sənətkar, teatr cəfakeşi Arif Quliyevin acınacaqlı taleyindən yazdım, insanpərvərliyindən danışdım. O, daha kimsəsiz deyil. Ali təhsil, əməkdar artist, xalq artisti fəxri adları alıb. İstedadına, səriştəsinə görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Söz, sənətkar, sənət qədri bilən dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb, yeni mənzil verilib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əmək fəaliyyətinə başlayıb. çox-çox uğurlar.

...Arif, bildiyin kimi, Ulu Tanrı yaratdığını, xəlq etdiyini sağlam əqidəsindən dönməzsə, heç vaxt darda qoymur. Sən xoşamallısan, gələcəyə ümidlə baxırsan, aldığın aylıq məvacibindən imkansızlara pay verirsən.  Bunun üçün də xalqımız səni sevir. Sən də sevgiyə hörmətli, ehtiramlı olursan. çatmısan ömrünün ahıl çağına, 60 yaşına. Bu  yazını da sənin ad gününə - yubileyinə həsr etdim. Səninlə Qarabağımızda, xüsusən Şuşada görüşmək arzusundayam. Boyat xatirələrini yenidən yadına saldığım üçün küsmə, incimə. Azərbaycan dahilər yurdudur. Onlardan biri də yaşaya-yaşaya əbədilik qazanmış Məmməd Arazdır. Mübarək ad günündə unudulmaz şairin bəşəri misrasını - əzəli və əbədi mənzərə yaratmış fikrini bir daha sənə xatırladıram: "Dünya sənin, dünya mənim, dünya heç kimin..." Dünya şərəflə yaşayanların, sevgi ilə xatırlananlarındır. Sən də bu şöhrətə layiqsən!

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2010.- 25 may.- S.11.