Gəncə üsyanı...
(Gəncə üsyanının
90 illiyinə həsr olunur)
Gəncə Azərbaycanın,
Azərbaycan xalqının qədim, zəngin tarixini
özündə əks etdirən bir diyardır, gözəl
şəhərdir. Biz hamımız - harada
yaşamağımızdan asılı olmayaraq, hər bir azərbaycanlı
Gəncə ilə, onun qədim və zəngin, şanlı
tarixi ilə fəxr etməlidir. Gəncənin Azərbaycan
xalqı qarşısında göstərdiyi xidmətlərə
görə gəncəlilər əbədi minnətdarlığa
layiqdirlər.
Heydər Əliyev
Tarix millətin ona olan sevgisi
boyda olur. Ona dəyər verməyəndə xalq özü dəyərsizləşir.
Bizim tarixçilərin, tətqiqatçıların
işi çox ağırdır. Çünki nə zəngin
arxivlər var, nə doğru-dürüst yazılı mənbələr
qalıb, nə də bir çox dövrlərə aid ciddi
araşdırmalar tapmaq mümkündür.
Tarixin olduğu kimi
yazılmamasının ən başlıca səbəblərindən
biri bəlkə də elə budur.
Gəncə üsyanı XX əsr
Azərbaycan tarixinin yaralı səhifələrindən
biridir. Zəfər və faciəmiz baş-başa verdiyi məqamlardandır.
Orada bizim mübarizə əzmimiz, qürur və ləyaqətimiz,
yadelli işğalçılara qarşı nifrətimiz
qorunur.
Öz yerini, haqqını
tanıyan, boyun əyməyə, tabe olmağa nifrət edən
fərdlər və xalqlar tarixən üsyana qalxıb.
Üsyan böyük
gücün qarşısına kiçik güclə
çıxmaqdır. üsyançıların amalı -
ölüm-qalım savaşı təkcə
yaşadığı vaxtda deyil, gələcəyə
hesablanır.
Şükür, sular durulur.
Bəs hanı Gəncə üsyanı fədailərinin
layiqli xatirəsi? Niyə bircə yerdə onların
adlarını anmırıq? Hünərləri şərəfinə
bir abidə, bir nişanə qoymuruq? İndi əsl məqamdır.
Gec də olsa gəlin indi müstəqilliyimizin
işığında səhvimizi düzəldək.
(Əvvəli ötən sayda)
...Bolşeviklər çox
böyük həvəslə Bakıdakı yüksək
rütbəli zabitlərin Gəncə üsyanı ilə əlaqələrinin
olub-olmadıqlarını diqqətlə
araşdırırdılar. Burada ən şübhəli
faktlardan biri Gəncə üsyanının
başçılarından birinin, general Cavad bəy
Şıxlınskinin Əliağa Şıxlınski ilə
qohum olmasıydı.
Əliağa
Şıxlınskidən istintaq zamanı hərbi müstəntiqlər
heç bir fakt qopara bilmirlər.
Buna baxmayaraq, S.Mehmandarovla
birlikdə Əliağa Şıxlınskini də həbsxana
vaqonunda Moskvaya aparırlar.
İsmayıl Umudlunun "İki
general" adlı məqaləsində qeyd olunub ki,
Moskvanın "Butır" həbsxanasında Anastas Mikoyan
Mehmandarovun və Şıxlınskinin güllələnməsinə
çalışsa da, arzusuna çata bilmir, arzusu xain ürəyində
qalır.
O vaxt N.Nərimanovun sovet rəhbərləri
yanındakı yüksək avtoriteti bu işə mane olur və
Azərbaycan generalları azad olunaraq Bakıya
qayıdırlar. Onların azad olunmasında və
sağ-salamat Bakıya qayıtmalarında N.Nərimanovun Leninə
göndərdiyi məktubun da xüsusi rolu olmuşdur.
Tanınmış
tarixçi alim Firdovsiyyə Əhmədova yazılarında
belə qənaətə gəlir ki: "üsyanlar Azərbaycanda
sovetləşmə prosesində təsirsiz qalmadı, sovet
tarixçilərinin inkar etmədiyi bu üsyanlar, əsas
xalqın öz varlığını təsdiqləmək,
tanıtmaq, hüququnu xatırlatmaq və onun iradəsi ilə
hesablaşmaq əzmini daha da möhkəmlətdi".
...Gəncədə
ağır döyüşlər ara vermirdi. Mayın 29-da
Ruslar yenidən şəhərin bir neçə məhəlləsinə
hücuma keçdilər. Şəhərin hər yerində
qızğın küçə döyüşləri
gedirdi. üsyançılar həmlələri uğurla dəf
edir, bütün əhali isə onlara hər cürə
kömək edirdi.
Gəncə od içində
idi.
Alay komandiri Kanora, bölmə
komandirləri Levin, Tolstoy və neçə-neçə
başqaları artıq cəzasına
çatmışdılar.
Gəncə vuruşur, gəncəliləri
əymək olmurdu. Mayın 30-da bolşeviklərə yenə
də çoxlu əlavə qüvvə gəldi. Həmid Sultanov
da onlara kömək eləmək üçün öz
başının dəstəsi ilə Qazax səmtindən gəlib
çıxmışdı. Bala Əfəndiyevin də milis dəstələri
rus əsgərlərinə qarışmışdı.
Bolşeviklərin əlində
5 atıcı, 5 süvari alay, yeddi əlahiddə hissə, 57
top, 2 zirehli maşın və bir neçə zirehli qatar var
idi. Gəncə yenə mərdanəliklə dözür,
ürəklə döyüşür, hünərlə tab gətirirdi.
Kimlər idi Gəncənin
bu qeyrətli oğulları? İllər boyu onların
adlarını dilə gətirmək yasaq edilmişdi. Odur ki,
çoxunu düz-əməlli tanımırıq. Biz bəzilərini
deyək, qalanlarını da tarix, inşallah,
yavaş-yavaş üzə çıxarar.
Başçılarla
tanış olun: Gəncə üsyanının
başında bax bu igidlər dururdu:
Birinci piyada
diviziyasının rəisi, general-mayor Cavad bəy
Şıxlınski (Ə.Şıxlınskinın
qardaşı oğlu), üçüncü süvari
alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyov,
sabiq Gəncə komendantı general-mayor Məmməd Mirzə
Qaçar, ilk islam cumhuriyyətinin fədailərindən Nəsif
bəy Yusifbəyli, Şəfi bəy Rüstəmbəyov,
İsmayılxan Ziyadxanov (Cavad xanın nəticəsi) Qafar
ağa Rəfiyev, Şəmil bəy İsgəndərov,
Qazax qəzasının sabiq general-qubernatoru Əmir xan Xoyski,
Gəncənin sabiq polis rəisi Bağmanlı Qəmbər
Tağı oğlu və bir də adı dillərdə gəzən
qaçaq Sarı Ələkbər İmamqulu oğlu.
Üsyana əsas 32
yaşlı polkovnik Cahangir Kazımbəyov rəhbərlik
etmişdir. Gəncəli Cahangir bəy Peterburqda hərbi
akademiyanı bitirmişdi. Tanınmış təyyarəçi
idi. Birinci dünya müharibəsində almanlara qarşı
vuruşmada qəhrəmanlıq göstərən neçə-neçə
orden və medallara layiq görülmüşdür.
1918-ci ildə Milli ordumuz yarananda
Gəncəyə gəlib polk komandiri olub. General Hüseynqulu
xan Xoyskinin qızı Valiyə xanımla ailə qurmuşdu.
Üsyan
yatırıldıqdan sonra ailəsi ilə birlikdə çətinliklə
də olsa Türkiyəyə köçərək
İstanbul şəhərində yaşayıb. Sonra
Polşada ruslara qarşı yaranmış "Protemey" cəmiyyətinə
işə dəvət olunub.
Rus-Alman müharibəsində
Polşa zabiti kimi əsir düşür. Təsadüfən
Xanlarda alman koloniyasında yaşamış köhnə
dostuna Emin Quta əsir düşərgəsində rast gəlir
və alman dostu onu azad etdirir.
Sonralar ömrünün
sonuna qədər "Azadlıq" radiosunda işləyib.
1995-ci ildə vəfat edib. İki oğlu qalıb, biri
İtaliyada, o biri oğlu isə İstanbulda yaşayır.
Gəncə üsyanı
amansızdlıqla yatırılsa da bu qanlı
döyüş səhnələri Gəncənin azadlıq
ruhunun nə dərəcədə yüksək olduğunu bir
daha sübut etdi. Təqribən 10 gün ərzində hər
iki tərəfdən 20 mindən artıq adam öldü. Minlərlə
gəncəli öz doğma yurdunu tərk etməli oldu.
Şəhər demək olar
ki, boşalmışdı. Əgər 1916-17-ci illərdə
Gəncədə 60291 nəfər əhali var idisə,
1923-cü ildə bu rəqəm 38880-ə enmişdi.
Hərdən
düşünürsən ki, lazım idimi bu qiyam, bu
qırğın?
Hamının ürəyindən
keçən bu suala Hacıbəyli 1952-ci ildə Parisdə
çıxan "Azərbaycan" dərgisinin ikinci
sayında çox gözəl cavab verir:
"Gəncə
üsyanı millətimizin şərəf və namusunun
özündə əks etdirən, qazandıran bir
dastandır. Gəncədə üsyan zamanı
axıdılan türk qanları 27 aprel hadisəsi hərəkatında
millətimizə atılan ləkəni silib təmizlədi".
Şükür, sular durulur.
Bəs hanı Gəncə üsyanı fədailərinin
layiqli xatirəsi? Niyə bircə yerdə onların
adlarını anmırıq? Hünərləri şərəfinə
bir abidə, bir nişanə qoymuruq? İndi əsl məqamdır.
Gec də olsa gəlin indi müstəqilliyimizin
işığında səhvimizi düzəldək.
Gələcəkdə Gəncə
qisasçılarının şərəfinə müvafiq
abidənin ucaldılması imkanları yəqin ki, nəzərdən
keçiriləcək. ölənlərə ehtiram, qalanlara dərsdir
bu. Mustafa Kamal Atatürk demişkən, "türk cocuğu əcdadını
tanıdıqca özündə daha böyük işlər
üçün qüvvə tapır".
2006-cı ildə YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban Əliyevanın dəstəyi ilə "Cavad Xan
adına Tarix və Mədəniyyət fondu"
yaradıldı. Bu təşkilatın məqsəd və məramı
öz adında ehtiva olunmuşdur. Şərəf və namus
tariximizi, qeyrət və milli birlik gücümüzü
toparlamağa, onu tətbiq etməyə, Azərbaycanımızın
müstəqilliyinin möhkəmləndirilməsi, milli
dövlətçiliyimizin göz bəbəyi tək
qorunması naminə xidmət göstərmək və bu ali
məqsədi vətənimizin hər bir insanına
aşılamaq.
Cavad xanın adını
daşıyan bu ocağın işığını
artıran fondun prezidenti Valid Ziyadlı, Məşədi
Xanım Nemətova, çingiz Qaçar, Fərhad Bədəlbəyli,
Yüksəl Bağırov və başqa
ziyalılarımızdır.
Fondun gördüyü
işləri bütövlüdə sadalamaqla qurtaran deyil. Amma
bəzi məqamları vurğulamaq zəruridir.
Hər il yanvar ayının
4-ü Cavad Xanın və oğlu Hüseynqulu xanın şəhid
olduğu gün anım mərasiminin keçirilməsinin qeyd
olunmasını xatırlatmaq məncə kifayətdir.
Fondun ekspertlər
şurasının rəhbəri, ictimai-siyasi xadim Tofik
Bağırovun oğlu Yüksəl Bağırovun təşəbbüsü
və köməkliyi ilə rəsam Arif Məmmədovun
"Azərbaycan Cumhuriyyət xadimlərinin Gəncədə
qarşılanması" adlı möhtəşəm rəsm
əsəri də görülən qiymətli işlərdən
biridir.
"Gəncə
üsyanı - 1920" kitabının da ərsəyə gəlməsində
fondun, Gəncə ziyalılarının, şəhər
sakinlərinin, mərhum ziyalımız, sabiq millət vəkili
Tofik Bağırovun və onun övladlarının zəhməti
əvəzsizdir.
Bu tarixi kitab da uzun illərin
zəhmətindən sonra ərsəyə gəldi, bu
yaxınlarda onun təqdimat mərasimi də keçirildi və
qovuşdu bir tarixə. Azərbaycan tarixinin şanlı bir səhifəsinə.
Qalır üsyan nəticəsində
bolşeviklər tərəfindən amansızlıqla qətlə
yetirilmiş on beş minə yaxın insanın xatirəsini əbədiləşdirmək.
Ona görə də qədim
Gəncənin, Nizami yurdunun, Məhsəti elinin, Bəndərin,
Cavad xanın, İsrafilin vətəni, gəncəlilər
demiş, İmam Hüseyn şəhərinin bütün
sakinləri və Cavad xan adına Tarix və Mədəniyyət
fondunun ziyalıları YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, milət vəkili Mehriban xanım Əliyevaya
müraciət edir, Gəncənin və Bakının möhtəşəm
bir yenində 1920-ci ildə Gəncə üsyanında şəhid
olanların xatirəsinin əbədiləşdirilməsində
köməklik göstərilməsini xahiş edir.
Eldar Əzizli
Təzadlar.- 2010.- 26 may.- S.14.