Arzum ürəyimdə qaldı...
Milli təsviri sənətimizin görkəmli nümayəndələrinin şərəfli yaradıcılıq ənənələrini uğurla davam etdirənlərdən biri də xalq rəssamı, Rəssamlar Birliyinin qrafika şöbəsinin sədri, professor Rafiq Mehdiyev olmuşdur. Onun əsərlərində vətən sevgisi, vətəndaş taleyi, işıqlı sabahlar haqqında arzuların təsviri əsas yer tutur.
R.Mehdiyev ziyalı ailəsində dünyaya göz açmışdı. Zamanın çətinliklərinə baxmayaraq, xoşbəxt ömür yaşamışdı. İkinci Dünya müharibəsinin başlanması onun da qamətini əydi, sevincini çöhrəsində, təbəssümünü dodağında dondurdu. Ürəyindəki arzuların vaxtında həyata keçməsinə əngəllər törətdi. Səmada təyyarələrin uçuşunu, bomba partlayışlarını, qara tabutları, ağlayan anaları, eyni zamanda qələbə uğrunda döyüşənlərin ümumiləşmiş obrazlarını uşaq düşüncəsi ilə adi kağız üzərində canlandırardı. Vaxt isə öz axarında idi. Nəhayət, istedadı, həvəsi onu böyük sənətin geniş yoluna gətirdi. V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul oldu. Dünya şöhrətli rəssam-pedaqoqlar B.Berteryov, H.Ponomaryov və digərlərindən dərs aldı, sevdiyi sənətin sirrini mükəmməl öyrəndi.
Peşəkarlığa kifayət qədər yiyələnmiş gənc rəssamın uğurunu şərtləndirən başqa məziyyətlərin də müşahidəçilik qabiliyyəti, naturaya sadiqliyi, əməksevərliyi az rol oynamadı. Görkəmli fırça ustası Mikayıl Abdullayev həmkarı haqqında deyib: "Sənət aləminə yenicə gəlmiş Rafiq üçün ən yaxşı müəllim həyatın özü olmuşdu. Elə bu səbəbdən də o, yaradıcılığını həyatda gördükləri əsasında inkişaf etdirmişdi".
İstedadlı rəssamın yaradıcılığında əsas yeri dəzgah qrafikası sahəsində yaratdığı əsərlər tutur. O, kənd mövzusunda bir sıra orijinal ofort işləmiş, "Axşam" və "Səhər" tablolarında gördüyü, duyduğu mənzərələri ustalıqla təsvir, tərənnüm etmişdir. "Səhər" ofortunda təbiətin canlanması, zəhmət adamlarının tarlaya çıxmaları, uşaqların məktəbə tələsməsi və başqa lövhələr, "Axşam" əsərində isə əməkçilərin işdən qayıtması, qürub çağı təsvir olunur. Hər iki mənzərədə kənd evləri, ağaclar var. Amma onların təsvirləri bir-birindən fərqlənir, ayrı-ayrılıqda orijinal əsər kimi baxılır.
Ötən əsrin 60-cı illərində respublikamızda sərbəst yaradıcılıq meylləri güclənmişdi və bu cəhət sənət aləmində müəyyən istiqamətlərdə özünü göstərirdi. İstedadlı, daim yaradıcılıq axtarışları aparan rəssam milli zəminə qayıtmanı Azərbaycanın klassik, demokratik ruhlu bədii ədəbiyyat yaradıcılarından Mirzə Cəlilin əsərlərində gördü. Yazıçının "Poçt qutusu" hekayəsinə, "Danabaş kəndinin əhvalatları" povestinə çəkdiyi illüstrasiyaları ilə o, yaradıcılığında yeni bir istiqaməti - qrafikanı inkişaf etdirməyə başladı. Onun linoqravur, ofort, litoqrafiya, qarışıq texnika ilə yaratdığı əsərlər o dövrdə Azərbaycan təsviri sənətində "təzə söz", yeni ədəbi hadisə kimi qiymətləndirilmişdir. Həmin nümunələr müasir dövrümüzdə də həvəslə baxılır, maraqla qarşılanır. Onlarda bədiilik, rəssam hissi, duyğusu yenə də ön planda qalmaqdadır.
H.Seyidbəylinin və İ.Qasımovun "Uzaq sahillərdə" povestinə çəkdiyi illüstrasiyalarda rəssam qarşısına qoyduğu məqsədə yüksək sənətkarlıqla nail olmuşdur. Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin obrazında onun hünəri, yenilməzliyi orijinal, obyektiv təsvir edilib. Rəssam milyonlarla insanın faşist işğalçılarına qarşı nifrətini, xalq hərəkatının qüdrətini, monolitliyini ustalıqla, məharətlə əks etdirmişdir. O, bu mövzuda kiçik detallar, epizodlar yox, daha geniş lövhələr, mənzərələr də çəkmişdir. 1968-ci ildə Kubada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə nümayiş etdirilən həmin illüstrasiyalar xarici tamaşaçıların rəğbətini qazanmışdır.
R.Mehdiyevin qrafika əsərlərində daxili dinamika, kolorit, etnoqrafik gerçəklik olduqca güclü, emosionaldır. Bənzərsiz illüstrator, tamaşaçıların rəğbətini qazanan rəssam "Gələcək gün", "Silahlı adam" və başqa bədii əsərlərə mənalı, zövq oxşayan, diqqəti cəlb edən rəsmlər işləyib. O, eyni zamanda dəzgah qrafikası sahəsində də xeyli yaradıcılıq işləri görüb. Ölkəmizin gözəl guşələrini bədii lövhələrdə canlandırıb, tarixi mövzuda baxımlı əsərlər yaradıb. Uşaq kitablarının tərtibatı sahəsində isə onun əməyi, yaradıcılığı bu gün də həvəslə baxılır, alqışlarla qarşılanır. İstedadlı rəssamın "Düyməcik", "Utancaq oğlan", "Qarışqa", "Sürəyya", "Yelləncək" və bir çox başqa uşaq kitablarına verdiyi tərtibatlar ədəbi hadisə kimi oxucularda maraq oyatmış, müəllifin ünvanına təriflər söylənmişdir.
R.Mehdiyev Azərbaycan təsviri incəsənətində lirik illüstrasiyanın, mənzərə janrının mahir yaradıcılarından biri idi. Respublikamızın bütün bölgələrində olan, müşahidələrini yaradıcılıq süzgəcindən keçirən fırça ustası bədiiliyə, fikrini əlvan rənglərlə təsirli təqdim etməyə əsas diqqət yetirərdi. Sərgilərdə nümayiş etdirilən "üzümyığanlar", "Təzə xəbər", "İstirahət", "Natürmort" adlı əsərləri maraqla qarşılanmışdır. "Çay yarpağı yığanlar" tablosunu o, Lənkərana ezamiyyətlərindən sonra yaratmışdı. Əsərdə kənd həyatı, əmək adamları olduqca təbii, inandırıcı təsvir olunmuşdur. ümumiyyətlə, Rafiq müəllim əmək mövzusunda onlarla əsər işləyib. Onların ən yaxşı məziyyəti ondadır ki, rəssam kənd mühitini, məişətini gözəl mənzərələri ətrafında təsvir etmişdir. O, müraciət etdiyi mövzunu lirik planda canlandıran mahir sənətkarlar kimi tanınmışdır.
Fırça ustası "Qadın portreti", "Senej gölü", "Briqadir", "Ana", "Nahar", "Günəşli gün" və digər baxımlı, yaddaqalan, gözəl rəngkarlıq əsərlərinin müəllifidir. Bu tablolar təsviri sənətimizin inkişaf mərhələləri ilə sıx bağlıdır. Ötən əsrdə 70-80-ci illərin sənət uğurları onun yaradıcılığından qırmızı xətt kimi keçir. Rəssam əsərlərində həmişə rəng çalarlarından, cizgilərin dinamikasından məharətlə istifadə etmişdir.
Rafiq Mahmud oğlu Mehdiyev uğurlu yaradıcılığı ilə yanaşı, uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub. Əvvəl Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, sonra hazırkı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdi. Son illər Rəssamlıq Akademiyasında çalışırdı. Professor elmi dərəcəsinə layiq görülmüşdü. Onun metodik üslubu aydın və tez qavranılırdı. Amalı, qənaəti isə belə idi: tələbələri - onların istedadı müqabilində anlaşıqlı öyrətmək. Elə etmək lazımdır ki, tələbə proqramı mükəmməl mənimsəsin, seçdiyi peşənin əzablarına tab gətirsin, gələcəyə ümidlə baxsın.
Rafiq müəllimin istər yaradıcılıq sahəsində əməyi, istərsə də pedaqoji xidmətləri yüksək qiymətləndirilmişdir. Orden və medallara, mükafatlara, xalq rəssamı fəxri adına layiq görülmüşdür. Sənətə, sənətkara daim qayğı göstərən dövlət başçısının sərəncamı ilə Prezident təqaüdçüsü idi. Bütün bunlarla yanaşı, onun ən böyük sevinci yetirmələrinin xoş sorağını, yaradıcılıq uğurlarını eşitmək, görmək olmuşdu.
Beləcə, aylar, illər ötüb keçdi, çoxlarının hörmət bəslədiyi rəssam, sevilən pedaqoq Rafiq Mehdiyev ömrünün ahıl çağına çatdı. İnanırdıq ki, o, bundan sonra da yaradıcılığını və pedaqoji fəaliyyətini yüksək səviyyədə, uğurla davam etdirəcək. Amma...
Telman MEHDİXANLI
Təzadlar.- 2010.- 25 noyabr.- S.13.