Dədə Qorqudun izi ilə...
Bu iz bizi tariximizdən qoparıb gələcəyə
aparır...
Kamal Abdulla - bu ad mənə
çox yaxındır. Bir vətəndaş kimi sevirəm bu
adı, bir tələbə kimi dinləyirəm, bir oxucu kimi
oxuyuram bu adı, bir dost kimi dəstəkləyirəm bu
adı. Bəli, bir dost kimi. çünki Kamal Abdulla mənim ən
yaxın dostumdur. Onu mənə dost etdirən onun
ziyalılığı, sadəliyi və səmimiyyətidir.
Kamal Abdulla ilk növbədə
bir azərbaycanlıdır. Vətənini, xalqını,
dövlətini və dilini sevən bir vətəndaşdır.
ömrünün böyük bir hissəsini Azərbaycan dilinə,
ümumiyyətlə, dilçiliyə sərf etmiş bir
alimdir. Uzun müddət Xarici Dillər İnstitutunun
"ümumi və Azərbaycan dilçiliyi"
kafedrasının müdiri, professoru olmuş, Türkiyənin
Uludağ Universitetinin "Türk dili və ədəbiyyatı"
bölümünün professoru olaraq
çalışmışdır. Bu insanın nüvəsində
Azərbaycan dili durur. O dil ki, insanına əsl vətəndaş
olmağı, vətənini sevməyi, tarixini
unutmamağı, ədəbiyyatını öyrənməyi,
ümumiyyətlə, həyatda yaxşı olan hər
şeyi sevməyi öyrədir həyatda. Kamal müəllim
ömrü boyu məhz bu missiyaları təbliğ edib tələbələrinə.
Dahilərdən birinin
gözəl bir sözü var: "Elm qurban tələb edəndə
mədəniyyətə çevrilir". Bu kəlamı
Kamal Abdulla yaradıcılığında açıq şəkildə
duymaq olur. Çünki Kamal müəllim elmi ilə həm də
mədəniyyət yarada bilmişdir. Onun həyat və
yaradıcılığı sanki zəncirvari bir
ardıcıllıqdır. Azərbaycan dilini mükəmməl
bilən alim bu dilin incəliklərindən məharətlə
istifadə edərək, ədəbiyyata atılır. Onun
bütün əsərlərində, istər roman, pyes, esse
olsun, istərsə də şeir və hekayələrində
Azərbaycan dilinin zənginliyini sezmək mümkündür.
Və həmin əsərləri oxuculara sevdirən də məhz
bu cəhətdir. Kamal Abdulla qələmə
aldığı əsərlərilə təkcə ədəbiyyat
deyil, eyni zamanda dilçilik missiyasını da öz üzərinə
götürmüş olur. Çünki Azərbaycan dilindən
xəbəri olmayan hər hansı ədibin şedevr əsər
yaratması heç də inandırıcı
görünmür. Gərək Azərbaycan dilinin xüsusiyyətlərini,
dialektləri, ləhcələri, bənzətmələri və
dilin digər incə məqamlarını səlist biləsən.
Və bunlardan məharətlə istifadə edib oxucunun qəlbinə
yol tapasan.
Bu yolun sorağıyla yola
çıxan Kamal Abdulla "Dilçiliyə səyahət"
kitabını yazdı. Bu kitabda müəllif sözlə həmsöhbət
oldu. Gah özü sözə danışdı, gah da söz
danışdı, özü susdu. ümumiyyətlə, dillə
bağlı sıx-sıx eşitdiyimiz bir ifadə var:
"Dil canlı varlıqdır". Bu, bir qayda olaraq dilin zəngin
təbiətini, əsrarəngiz dil dünyasının həyatımızdakı
önəmli rolunu göstərmək naminə işlədilən
yalnız metaforik bir deyim kimi qəbul edilir. "Dilçiliyə
səyahət" kitabını oxuduqdan sonra isə dilin
bizimlə iç-içə yaşayan gerçək
canlı olduğuna məndə zərrə qədər də
şübhə yeri qalmadı... Kamal Abdulla bu kitabı
"Dilçi olmayanlar üçün dilçilik"
adlandırır. Amma mən onu tam ciddiyyətlə, həm də
dilçilər üçün stolüstü kitab
adlandırardım. Oxuculara təqdim olunan bu kitab ali məktəblərin
bakalavr və magistr pillələrində 6 il müddətində
tədris olunan dilçilik kursunu tam əhatə edir -
anlaşıqlı, sadə, aydın və cəlbedici bir
üslubda, orijinal maneralarda, yerində olan haşiyələrlə.
Bir-birindən maraqlı əsərləriylə
təkcə Azərbaycanda deyil, hətta ölkəmizdən kənarda
da böyük coşqu ilə sevilən Kamal Abdulla təkcə
"Gizli Dədə Qorqud" əsərilə öz
adını tarixə qızıl hərflərlə
yazdırmağı bacarır. Bu əsər sanki bizi qəflət
yuxusundan ayıldır və tarixin əsiri olmaqdan qurtarır,
gələcəyə, daha xoşbəxt illərə səsləyir.
Ədibin digər kitabları da - "Sirr içində
dastan", "Əvvəl axır yazılanlar",
"Ruh", "Yarımçıq əlyazma",
"Tarixsiz gündəlik", "Sehrbazlar dərəsi",
"Dilçiliyə səyahət", "Mifdən
yazıya", "Unutmağa kimsə yox..." böyük
marağa və oxucu sevgisinə şahidlik etmişdir.
Mən Kamal Abdulla
yaradıcılığında ən çox onun şeirlərini
sevirəm və yaxından izləyirəm. çünki mənə
elə gəlir ki, şeir yeganə ədəbi vasitədir
ki, burada müəllif maksimum səmimi olur. Əgər yazıçı
hər hansı roman və ya povest yazanda yenidən əvvəlki
məqama qayıdıb, öz düzəlişlərini edə
bilirsə, məncə, şeirdə bunu etmək
qeyri-mümkün olur. Məncə, şeir müəllifin səmimilik
simvoludur. Şair öz şeirində yalan danışa,
maskalana bilmir. Odur ki, Kamal Abdullanı olduğu kimi görmək,
duymaq istəyən hər bir oxucu ilk növbədə onun
şeirlərinə müraciət etsin:
Yolla gedən olmasa, bilinməz,
Bilinməz gəlir bu yol, ya
gedir.
Yol var bütün
ömür boyu gəlinməz,
Yol var gəlir
çatır, yanında itir.
Biləmmədim gəlir,
gedir izlərin?
Biləmmədim
hansındasan yolların...
...Səni necə gizlədir
gözlərin,
Səni necə qoruyur
qolların...
"Yol" mövzusu mənim
həyatda ən çox sevdiyim bir mövzudur və bunu Kamal
Abdullanın da yaradıcılığında özümə
daha yaxın hiss edirəm. çünki yol bir fəlsəfədir,
yol bir dindir, yol Allahdır, aparır bizi, bilmirik hara gedirik,
amma yenə yola qoşulub gedirik.
Mən də öz müəllimimdən,
ustadımdan ilhamlanıb şeirlər yazmağa
başladım. çalışdım onun yolu ilə gedim,
bilmirəm nə dərəcədə bacardım, amma yola
çıxdım... şeir yazdım, adını da
"Yol" qoydum:
Uzun bir yol gedirəm, yolu
yoxdu bu yolun,
Yoxdu nə
başlanğıcı, yoxdu sonu bu yolun.
Yol məndən yol
soruşur, özü də çaşıb qalıb.
İkimiz də
azmışıq, yolda tənha qalmışıq,
Uzanıb dərdimiz də
yollar qədər uzanıb,
Yol yol üstdə uzanıb,
mən ayaqda, qalmışıq.
Yollar var ki, insanı düz
ölümə aparır,
Yol da var ki, insanı
ölümündən qurtarır.
Yol dalınca yol gəlir,
bizi yola aparır,
Yollar bizə dar gəlir, yenə
yola gəlmirik,
Yollar yola şərikdir, biz
də yolla əlbirik.
Yol bizi özümüzdən,
başlanğıcdan qoparır,
Aparır sona bizi,
ölümə pay aparır.
Kamal Abdullanın həyat və
yaradıcılığı o qədər çoxşaxəli
və zəngindir ki, birini qoyub, digərinə keçmək
məcburiyyətində qalıram. Kamal müəllim həm də
teatr xadimidir. Onun əsərləri nəinki Azərbaycanda, hətta
Rusiya və Türkiyənin ayrı-ayrı teatrlarında səhnələşdirilir.
Kamal müəllim həm də görkəmli mədəniyyət
xadimidir. Azərbaycan Yaradıcılıq Fondunun sədri kimi
ölkə mədəniyyətində misilsiz xidmətləri
olan bu insan bir çox atyor və aktrisaların, teatr
işçilərinin mənəvi atası kimi sevilir.
Kamal Abdulla həm də bir rəhbərdir.
Rektoru olduğu Bakı Slavyan Universitetinin yenidən
qurulmasında, inkişaf edib dünya universitetləri
sırasında layiqli yer tutmasında, o cümlədən Azərbaycan-Rusiya
münasibətlərinin möhkəmləndirilməsində
məhz Kamal Abdullanın danılmaz xidmətləri
olmuşdur. Yadımdadır ki, 1999-cu ildə ilk dəfə
Filologiya fakültəsinə daxil olanda universitetimiz hələ
M.F.Axundov adına Rus dili və ədəbiyaytı institutu
adlanırdı. 2000-ci ildə ölkə rəhbərliyinin qərarı
ilə rektor təyin olunan Kamal Abdulla sanki ölkənin təhsil
sistemində yeni səhifənin başlanğıcını
qoydu. BSU sürətlə inkişaf etməyə
başladı, yeni-yeni fakültələr, mədəniyyət
mərkəzləri açıldı. Artıq universitetimiz təhsil
müəssisəsi deyil, eyni zamanda Azərbaycanın strateji məkanına
çevrilmişdi. Kimlər gəlməyib bu universitetə?!
- Vladimiz Putin, Viktor Yuşenko, İvan Plyuş, II Aleksiy, Sergey
Mironov, Jelyu Jelyev, Konstantinos Stefanopulos, Giorgiy Pirvanov, Lex Kaçinski.
Bütün bu insanlar Azərbaycana rəsmi səfərləri
zamanı ilk növbədə Bakı Slavyan Universitetinə gəlməyi
özləri üçün prioritet hesab edirlər.
Kamal Abdulla barədə nəinki
bir məqalə, hətta kitablar da yazıla bilər. Onun həyat
və yaradıcılığı 60 ilə sığmadığı
kimi, onun barəsində deyilən fikirlər də bir məqaləyə
sığışmaz. Hələ çox deyiləcək,
müzakirə olunacaq müsbət cəhətləri var Kamal
müəllimin. Bütün cəhətlərdən ən
yüksəkdə duranı isə onun
insanlığıdır. Məncə, onun bu cəhətini məndən
yaxşı bilən, məndən yaxşı hiss edən
kimsə yoxdur. çünki mən ömrümün son 10
ilini məhz bu insanla birlikdə keçirmişəm. Onun hər
gününü, hər anını xatırlayıram. Onun nələrə
sevindiyini, nələrə kədərləndiyini
yaxşı bilirəm.
Bu günlərdə Kamal
müəllimin 60 yaşı tamam olur. Bu, bir
ömürdür, həm də örnək götürüləsi
bir ömür. Bu, bir fəlsəfədir, ömür fəlsəfəsi.
Bu, bir tarixdir, qorunulası, seviləsi və gələcək
nəsillərə ötürüləsi bir tarix, həm də
şərəfli bir tarix.
Bizə bu tarixi bəxş
etdiyiniz üçün sizə dərin təşəkkürümüzü
bildiririk, Kamal müəllim. çünki bu tarix sizin həyatınız
bahasına başa gəlib. Nə yaxşı ki, siz
varsınız, nə yaxşı ki, bu tarix var!
Hörmətlə,
fəlsəfə doktoru
Əhməd Şahidov
Təzadlar.- 2010.- 25 noyabr.- S.13.