Turizm təhsili sahəsində Azərbaycan
- Almaniya əlaqələri genişlənir
Məlumdur ki, regionların sürətli
iqtisadi inkişafından danışarkən turizm sahəsindəki
irəliləyişlər barədə söz deməmək
mümkün deyil. Son illər ölkəmizdə turizmin
inkişafına verilən önəmli diqqətin sübutu
kimi təkcə bölgələrdə müxtəlif turizm
obyektlərinin inşa edilərək istifadəyə verilməsini
deyil, Azərbaycan Turizm İnstitutunun yaradılmasını və
bu sahədə çalışacaq kadrların səviyyəli
mütəxəssis kimi yetişməsinə xüsusi
qayğı və diqqət yetirilməsini demək yetərlidir.
Azərbaycan
Turizm İnstitutu ölkəmizdə turizm sənayesinin
inkişafına verilən önəmi, regionların turizm
imkanlarını, turizmin inkişaf etdirilməsində
müvafiq sahədəki potensialın tədqiq edilməsinin
vacibliyini nəzərə alaraq, ardıcıl şəkildə
silsilə layihələr həyata keçirir. İnstitut
hazırda da belə layhələri həyata keçirməyə
davam edərək müasir informasiya texnologiyalarının
turizmdə tətbiqi təcrübəsinin öyrənilməsi
məqsədilə Almaniyanın Jade Universiteti ilə əməkdaşlıq
əlaqələrinə böyük önəm verir.
Bu əməkdaşlıq
çərçivəsində Almaniyanın Təhsil və
Tədqiqat Nazirliyinin dəstəyi ilə "Azərbaycanda
sürətli regional inkişafın təminatı
üçün turizm informasiya texnologiyalarının
qurulması" layihəsinə daxil olan "Turizmdə
GİS texnologiyalarının tətbiqi" adlı simpozium
keçirilmişdir. Gədəbəy rayonunda baş tutan bu
simpozium silsilə xarakterlidir və növbəti tədbirdə
gələn ilin birinci yarısında Almaniyada keçirilməsi
nəzərdə tutulmuşdur.
Simpozium çərçivəsində Gədəbəy Rayon İcra Hakimiyyətində bir sıra görüşlər keçirilmiş, indiyədək görülmüş və bu simpozium çərçivəsində görüləcək işlər haqqında icra başçısına ətraflı məlumat verilmişdir. O, öz növbəsində xarici ölkədən gələn qonaqlara rayonun iqtisadi inkişafı, son vaxtlar görülmüş müxtəlif işlər və rayonun yerli xüsusiyyətləri ilə bağlı ətraflı məlumat vermişdir. Gədəbəy rayonu ilə almanlar arasındakı dostluq münasibətləri, yerli əhalinin onlara olan rəğbəti xüsusilə vurğulanmışdır. Görüşlərin sonunda icra başçısı Kamran Rzazadə Azərbaycan adət-ənənələrinə uyğun olaraq qonaqlara yerli mədəniyyəti əks etdirən hədiyyələr bağışlamışdır.
Rayon icra hakimiyyətinin başçısı ilə görüşdən sonra nəzərdə tutulmuş müzakirələrdən əvvəl qonaqlar yerli landşaft və Simenslərin Gədəbəydə tikdirdiyi müxtəlif təyinatlı binalar, inşa edilən 30-dək körpü və s. ilə tanış olmuşlar.
Daha sonra rayon icra hakimiyyəti, yerli turizm mərkəzi, mədəniyyət evinin nümayəndələri və digər səlahiyyətli şəxslərin iştirakı ilə tədbir keçirilmişdir. Bu toplantıda müasir informasiya texnologiyalarının turizmdə tətbiqi və xüsusilə də Gədəbəydəki Simens irsi abidələrinin rəqəmsal koordinatlarının alınmasının həm region üçün hazırlanan turistik xəritələr, həm də xüsusi maraq turizmi üçün turistlərin özlərinin həmin abidələri tapa bilmələrindən ötrü GİS cihazlarının yerləşdirilməsinin üstünlükləri barədə məruzələr dinlənilmiş və geniş müzakirələr aparılmışdır.
Gədəbəy rayonundan müsbət təəsüratlarla qayıdan qrup Bakıda alman səfirinin evində nahara dəvət edilmişlər. Naharda Azərbaycan Turizm İnstitutunun təmsilçiləri ilə yanaşı bu təhsil ocağının əməkdaşlıq etdiyi Jade Universitetinin, "Yaşıl velosipedçilər" klubunun və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun nümayəndələri də iştirak etmişlər. Nahar zamanı səfirə layihə haqqında ətraflı məlumat verilmişdir. Məlumatı diqqətlə dinləyən səfir bu rəqəmsal məlumatların hazırlanmasının Azərbaycanda turizmin daha geniş inkişafı üçün mühüm olduğunu qeyd etmiş və bu layihəni tamamailə dəstəklədiyini bildirmişdir.
Simpoziumun sonuncu günü Azərbaycan Turizm İnstitutunda son dəyərləndirilmə aparılmış və Almaniyada keçiriləcək növbəti simpoziuma hazırlıq işləri çərçivəsində tərəflərin öhdəlikləri və görməli olduqları işlər müəyyənləşdirilmişdir.
Həmçinin bu layihə çərçivəsində Azərbaycan Turizm İnstitutu rəhbərliyi ilə Jade Universiteti rəhbərliyi arasında ikili diplom üzrə əməkdaşlıq haqqında danışıqlar aparılmış və akademik işbirliyinin gücləndirilməsinə qərar verilmişdir. Məlumat üçün bildirək ki, layihə çərçivəsində növbəti seminarın 2011-ci ilin mart ayında Almaniyada və sonuncu seminarın aprel ayında Bakıda təşkil olunması planlaşdırılır.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2010.- 25 noyabr.- S. 6.