Yeni reallıqlar və inkişaf naminə həmrəylik

 

Gənclər Dünya Azərbaycanlı Gənclərinin Birinci Konqresindən nə gözləyir?

 

Diaspor üzvləri də Azərbaycanın elçiləridir. Sizin fəaliyyətinizdən çox şey asılıdır. Siz Azərbaycana dəstəksiniz, Azərbaycanın da hökuməti və dövləti sizə dəstəkdir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız, xüsusilə də azərbaycanlı gənclər yaşadıqları cəmiyyətə uğurla inteqrasiya olunurlar. Dünyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclərin Avropa, Amerika və digər ölkələrdə fəaliyyətləri onların həm də fərqli cəmiyyətlərdə Azərbaycanı təmsil etmələri deməkdir. Çünki hər bir əcnəbi Azərbaycanı onların simasında tanıyır, bu ölkənin mədəniyyəti, milli dəyərləri haqqında fikirləri də məhz soydaşlarımızın fəaliyyəti əsasında formalaşır. Odur ki, xarici ölkələrə mütəmadi səfərlər edən və ölkəmizdən kənarda yaşayan gənclərimizin üzərinə bir sıra vəzifələr düşür.

 

Bu vəzifələr təkcə mənsub olduğun xalqın tarixi keçmişini, adət-ənənələrini, mədəniyyətini bilmək və onu tanıtmaqla bitmir. Bu sıraya azərbaycanlı gənclərin təşkilatlanması, yaşadıqları cəmiyyətə fəal şəkildə inteqrasiyası, müxtəlif qurumlarda təmsili, lobbiçilik və diaspor sahəsində fəallıq göstərməsi, lazımi anda ölkə və xalqın maraqları baxımından həmrəylik nümayiş etdirmələri, ölkəmizlə sıx əlaqələrin saxlanılması və sair daxildir.

Bu baxımdan bu ilin noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək Dünya Azərbaycanlı Gənclərinin Birinci Konqresi xüsusi önəm kəsb edir. Azərbaycan dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, Nazirlər Kabinetinin əməkdaşının, Azərbaycan Respublikasının Rusiya, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, İsveçrə və Türkiyədəki fövqəladə və səlahiyyətli səfirlərinin, ölkəmizin Avropa Şurası, TürkPA, İKT Gənclər Forumundakı nümayəndələrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təmsilçilərinin, respublikadakı gənclər təşkilatları rəhbərlərinin, xarici ölkələrdəki diaspor təşkilatları sədrlərinin və fəal gənclərin, eləcə də xaricdə təhsil alan tələbələrin iştirak edəcəyi tədbir Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilir.

Məqsəd xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, Vətənlə əlaqələrinin möhkəmləndirilməsinə xidmət etməkdir. Bununla yanaşı, konqresə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının - RAGT-nin qatılması da nəzərdə tutulub. Azərbaycan diasporunun mədəni həyatının inkişafında keyfiyyətcə yeni mərhələ hesab edilən və bir sıra əhəmiyyətli layihələr ilə seçilən RAGT Leyla Əliyevanın rəhbərliyi ilə Rusiyada yaşayan və təhsil alan gənclərin təşkilatlanmasında, onların Azərbaycan mədəniyyətinin, irsinin və ölkə həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında mühüm addımlar atmaqdadır.

RAGT -ın konqresdə bir qrup nümayəndə ilə təmsil edilməsi, onların öz təcrübələrini digər həmkarları ilə bölüşmələrinə zəmin yaradacağı gözlənilir. Konqresin artıq dünya birliyinə inteqrasiya edən azərbaycanlı gənclərin təşkilatlanması işinin gücləndirilməsi və onların bundan sonraki dövrdə əlaqəli fəaliyyət göstərmələri üçün mexanizmlərin axtarılmasında vasitəçi olacağı da şübhəsizdir. Azərbaycanlı gənclərin ictimai həyatında mühüm əhəmiyyət daşıyan bu tədbir Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir.

Konqresdə Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğunda gənclərin fəaliyyəti, mədəniyyətlərarası dialoqun inkişafında gəncliyin rolu, xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası, gənclər təşkilatlarının fəaliyyətində insan hüquq və azadlıqlarının müdafiəsi və s. mövzular müzakirə olunacaq. Konqresin yekununda həmçinin Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması da nəzərdə tutulub. Bu fakt bir daha onu göstərir ki, Azərbaycan gəncləri harada yaşamalarından asılı olmayaraq, bundan sonra da fəaliyyətlərini həmrəylik şəraitində, vahid bir ideologiya və mərkəzləşmiş qurum əsasında quracaqlar. Cəmiyyətin aparıcı qüvvəsini təşkil edən gənclərin bu Konqresin onların bundan sonraki fəaliyyətinin daha da gücləndirilməsinə təkan verəcəyinə ümidləri böyükdür. Bu baxımdan bu mühüm tədbirə qatılmağa hazırlaşan bir neçə təşkilatın nümayəndələrinin fikirlərini öyrəndik.

 

Gülsel Səfərova, Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiyası Təşkilatının sədri:

 

- Gənclərə münasibət və onlara qayğı Azərbaycan dövlətinin gənclər siyasətində öz əksini tapıb. Son zamanlar gənclərin cəmiyyətdə fəallığı, onların təşəbbüsləri artmaqdadır və gənclərlə çalışan qeyri-hökümət təşkilatlarının sayının artması da bunu göstərir. Biz Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiyası Təşkilatı olaraq, Avropa təsisatları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlı gənclərlə əlaqəli şəkildə çalışırıq. Təşkilatımızın üzvlərinin bir çoxu Avropanın nüfuzlu universitetlərində təhsil alırlar. Həmin gənclər Azərbaycan tarixi, mədəniyyəti, dəyərlərini tanıtmaqla yanaşı, Azərbaycanın həqiqətlərinin çatdırılması baxımından fəallıq göstərirlər. Bu proses təxminən on beş ilə yaxındır ki, gedir. Çoxdan vaxt gəlib ki, bu fəal gəncləri ümumi məqsəd və amal uğrunda toplayıb, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə daha yaxşı tanıdılması istiqamətində işlər aparılsın.

Dünya Azərbaycanlı Gənclərinin Birinci Konqresi bu baxımdan çox önəmlidir. Düşünürəm ki, bu nüfuzlu tədbirdə vacib məsələlər müzakirə ediləcək, zəruri qərarlar qəbul ediləcək. Tədbirin əhəmiyyətli cəhəti odur ki, fəal gənclərimizin bu konqresdə toplanması bizə imkan verəcək ki, onlarla fikir mübadiləsi aparaq. Birgə, əlaqəli fəaliyyət göstərsək, biz daha çox uğurlara nail ola bilərik. Bu baxımdan düşünürəm ki, ən böyük vəzifələr gənclərin, QHT-lərin üzərinə düşür. Bizim də AGAT olaraq, öz təklif və fikirlərimiz var.

 

Anar Süleymanov, Azərbaycan Tələbələr Birliyinin idarə heyətinin sədri:

 

- Konqresin ən yüksək səviyyədə keçəcəyinə ümid edirəm. Bu təkcə ölkəmizdə fəaliyyət götərən gənclər üçün deyil, həm də xaricdə yaşayan gənclərimiz üçün böyük əhəmiyyət daşıyır. Mənə elə gəlir ki, konqresin bir məqsədi də dövlətimizin ölkədən kənarda yaşayan gənclərin fəaliyyətinə diqqətin göstərilməsi və onlarla ölkəmizdə yaşayan gənclər arasında əlaqələrin səmərəli şəkildə qurulmasına şəraitin yaradılmasıdır. Azərbaycanlı gənclər olaraq, belə bir devizimiz var: "Biz birlikdə daha güclüyük. " Elə gənclər var ki, xaricdə təhsil alandan sonra elə həmin ölkədə qalıb karyeralarını qurmağa üstünlük verirlər. İstəyimiz və təklifimiz odur ki, həmin gənclər Avropada, Amerika və digər ölkələrdə təhsil alan tələbələrimizə bələdçilik etsinlər, onların yeni mühitə uyğunlaşmasına kömək etsinlər, tələbələrimizə qarşılaşdıqları problemlərin həllində yol göstərsinlər.

Xaricdə təhsil alıb gəlmiş gənclərlə əcnəbi ölkələrdə oxumağa hazırlaşan tələbələr arasında dialoq yarada biləcək treninqlər həyata keçirməyi düşünürük. Əsas məqsəd odur ki, həmin gənclər yaşadıqları ölkənin təhsil sistemi, onun fərqli cəhətləri ilə bağlı ətraflı məlumat versinlər. Çalışırıq ki, tələbələrimiz nüfuzlu universitetlərdə beynəlxalq təcrübə keçsinlər. Bu yaxınlarda təşkilatımızla Doğu Akdeniz Universiteti arasında memorandum imzalandı, memoranduma əsasən tələbələrimiz orada güzəştli şərtlərlə oxuya biləcəklər. Konqresdə dünyanın müxtəlif dövlətlərində təhsil alan və fəaliyyət göstərən gənclərlə görüşəcək, onlarla fikir mübadiləsi aparacağıq. Əsas məqsədimiz harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycana xidmət etmək, onu beynəlxalq ictimaiyyətdə layiqincə təmsil etmək, bunun üçün daha effektli yollar axtarmaqdır. Xaricdə təhsil alan gənclərlə görüşümüzdə çalışacağıq ki, təşkilatımızın xaricdə də qurumlarını yaradaq.

 

Vüqar Yaqublu, Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin sədri:

 

- Azərbaycanlı gənclər hansı ölkədə yaşamalarından asılı olmayaraq, ürəkləri Vətənlə döyünür. Bunu Almaniyada Heydelberq Universitetinin azərbaycanlı məzunu kimi söyləyə bilərəm. Həmin universitetin tibb fakültəsini bitirmişəm. Xaricdə təhsil alanyaşayan tələbələr dünyagörüş və adətlərin fərqli olduğu bir mühitə düşürlər. Mən Almaniyada oxuyanda azərbaycanlı tələbə yoldaşlarımızla tədbirlərdə, şənliklərdə alman mədəniyyəti ilə tanış olmaqla yanaşı, alman dostlarımıza da milli mədəniyyətimizi tanıdırdıq.

Sevimli milli bayramımız olan Novruz şənliyinə dəvət etdiyimiz alman dostlarımız Azərbaycan mədəniyyəti ilə bağlı xoş fikirlərini bildirirdilər. Ölkəmizdən kənarda fəaliyyət göstərən soydaşlarımızın, diaspor üzvlərinin mütəmadi olaraq Dünya azərbaycanlılarının qurultaylarında toplanması və gələcək fəaliyyət istiqamətləri haqda müzakirələr aparmalarını təqdir edirəm. Sevindirici haldır ki, artıq təşkilatlanma prosesi ölkəmizdən kənarda yaşayan gənclərimiz arasında da başlanıb. Buna görə də Dünya Azərbaycanlı Gənclərinin ilk Konqresinin təşkilinin əhəmiyyətini xüsusi vurğulmaq istərdim. Təhsildən sonra karyerasını ölkəmizdən kənarda qurmağı planlaşdıran gənclərin Vətəndən uzaqda ölkəmizi layiqincə təmsil etmələri də zəruridir. Çünki onların Azərbaycanı dolğun şəkildə tanıtmaq işində uğur qazanmaq imkanları daha çoxdur.

Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması ideyasına gəldikdə isə, bu təşəbbüsü dəstəkləyirəm. Belə bir qurumun yaranması istər ölkədaxili, istərsə də ölkədən kənarda fəaliyyət göstərən gənclərin fəaliyyətini əlaqələndirməkdə, əməkdaşlıq etməkdə və dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlı gənclərin Vətənlə əlaqələrinin möhkəmləndirilməsində mühüm addım olacaq. Prezident İlham Əliyevin Azərbaycan Gəncliyi Dövlət Proqramını təsdiq etməsi, daim fəal, istedadlı gənclərə diqqəti və bu sahədə görülən işlər dövlətimiz üçün gənclər siyasətinin prioritet olmasından xəbər verir. Ümid edirəm ki, bu Konqres faydalı müzakirələri, fikir mübadilələri ilə yadda qalacaq və növbəti illərdə də Konqreslərin keçirilməsi ənənə halını alacaq.

 

Vüsal Məmmədov, Almaniyanın Höttinqen Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantı:

 

- 2006-2008-ci illərdə Azərbaycan Gənclərinin Avropa Forumuna rəhbərlik etdiyim dövrlərdə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında bir sıra layihələr həyata keçirmişik. Azərbaycanlı gənclər Fransa senatında, Almaniya bundestaqında, İngiltərə parlamentində ölkəmizlə həmin dövlətlər arasında Dostluq Komissiyalarının üzvləri ilə görüşlər keçirmiş, onların Azərbaycanla qarşılıqlı münasibətləri və gələcək perspektivlərini müzakirə etmişlər. Xaricdəki diaspor təşkilatlarımızın ən çox fəallıq göstərən üzvləri məhz gənclərdir. Bu baxımdan bu konqresdən çox şeylər gözləyirəm. İnanıram ki, konqresdə diaspor sahəsində gənclərin imkanlarından düzgün istifadə edilməsi, onların bu işdə uğur qazanmaları üçün imkanlar qiymətləndiriləcək.

"Azərbaycan lobbiçiliyi və Azərbaycan gəncləri" mövzusunda çıxışım planlaşdırılır. Bu gün qloballaşan dünyada Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün lobbiçilik fəaliyyətinə ehtiyac var. Dünyanın müxtəlif ölkələrində güclü Azərbaycan lobbisini yaratmaq zəruridir. Bu sahədə gənclərimizin fəal olmasını arzulayıram. Çalışmalıyıq ki, lobbi qurarkən Azərbaycanı sevən, dəstəkləyən nüfuzlu əcnəbi dostlar; siyasətçilər, ictimai xadimlər qazanaq, onların dəstəyindən də yararlanaq. Ümid edirəm ki, konqresdə istər gənclərimizin diaspor sahəsində fəallığı, istərsə də xaricdə yaşayan, təhsil alan gənclərimizin Azərbaycanla əlaqələrinin səmərəli qurulması və digər mövzularda maraqlı müzakirələrdə iştirak edəcəyik.

İnanıram ki, Dünya Azərbaycanlı Gənclərinin bu konqresi bizə bundan sonra daha həvəslə çalışmağımıza stimul verəcək.

Gənclərin düşüncələrindən belə qənaətə gəlmək olar ki, Dünya Azərbaycanlı Gənclərinin Birinci Konqresinin keçiriləcəyi Frankfurt şəhəri iki gün ərzində qızğın müzakirələrin obyektinə çevriləcək və gənclərimizin diaspor quruculuğunda fəallığının artırılmasına, xaricdə Azərbaycanın daha yüksək səviyyədə təmsil etmələrinə xidmət edəcək.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2010.- 25 noyabr.- S. 6.